Xəbər lenti

  • 2017-03-24
  • 23:54 İranda 130 maşın toqquşdu: 59 yaralı
    23:40 Yıldırımdan Kılıçdaroğluna: Əyləci boşalmış avtomobil kimi...
    23:25 Anar Məmmədovun əmlakına həbs qoyuldu - Məhkəmə qərarı
    23:18 Türkiyəyə girmək istəyən 4 PKK-lı saxlanıldı
    22:57 Ərdoğan Türkiyə-Finlandiya matçını izlədi
    22:45 ABŞ-dan Səudiyyə Ərəbistanına növbəti məhkəmə şikayəti
    22:16 Nazirin biabırçı təqdimatı: Xaosun, terrorun memarı...
    21:48 Dünyanın 100 ən gözəl qadını seçildi - türklər də var
    21:36 ABŞ HİV-lə mübarizə üçün Ukraynaya 22 milyon dollar ayırdı
    21:12 İslamofobiçilərin gözlədiyi olmadı: London terrorçusunun əsl adı...
    20:57 Dəkkədə kamikadze özünü partlatdı
    20:43 Nalbandyanla Hoqland görüşdü: Qarabağdan danışdılar
    20:15 Türkiyədə yenə zəlzələ oldu
    20:00 Qırmızı iPhone 7 bu gün satışa çıxarılır
    19:45 "Bugatti" 39 min dollarlıq velosiped hazırladı
    19:23 İŞİD Çeçenistandakı hücumun məsuliyyətini üzərinə götürdü
    19:00 Türkiyə hökuməti “Mercedes”i araşdıracaq
    18:47 Serbiya NATO üzvü olmayacaq
    18:40 İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
    18:30 Putinlə Le Pen görüşdü
    18:09 Somali üçün SOS çağırışı: 100 mindən çox uşaq acından öləcək
    17:45 Kuşadasında miqrant qayığı batdı: 11 ölü
    17:30 London terroruna görə tutulanların sayı 9-a çatdı
    17:15 WikiLeaks-dən CİA ilə bağlı növbəti iddia
    17:00 Kiyevdə öldürülmüş sabiq millət vəkilinin qatili məlum oldu
    16:50 Angela Merkel: Türkiyədəki referendumu gözləyək
    16:37 Şimali Kipr referenduma erkən gedəcək
    16:17 Bolqarıstan türk jurnalistləri ölkəyə buraxmadı
    16:00 Kanadadan İslamofobiya əleyhinə qanun
    15:45 Berti Foqts Bakıya gəlib
    15:20 ABŞ-a gediş çətinləşir: yeni viza qaydaları
    15:05 İŞİD türkmən kəndinə basqın etdi: 5 nəfər güllələndi
    14:50 Venesuela əsgərləri Kolumbiyadan çıxdı
    14:40 Türkiyədə zəlzələ oldu
    14:26 Hüsnü Mübarək azadlığa buraxıldı
    14:06 Müdafiə naziri ön xətdə yoxlama apardı
    13:55 Ərdoğan britaniyalı nazirlə görüşəcək
    13:48 AFFA "Zirə" klubunu cərimələdi
    13:36 Lapşin anası ilə görüşdü
    13:25 SOCAR Ukraynaya aviasiya yanacağı satacaq
    13:15 "Sberbank"dan Dadaşeva bacıları haqda yazılanlara təkzib: Yalandır
    13:00 London terroruna görə Azərbaycan səfirliklərinin bayraqları endirildi
    12:55 Çeçenistanda toqquşma: 6 rus əsgəri öldürüldü
    12:44 Azərbaycanda yenilik: virtual laboratoriya yaradılır
    12:38 Qeyri-qanuni taksi sürənlər cərimələndi
    12:25 Sabah Bakıda 14 dərəcə isti olacaq
    12:18 Azərbaycan nefti bahalaşıb
    12:10 Bayram günləri yol qəzalarında ölən və yaralananların STATİSTİKASI
    11:55 Daha bir miqrant faciəsi: 250 nəfərin öldüyü deyilir
    11:45 3 mindən çox Rusiya vətəndaşı Ermənistana gedib
    30
    10:17:26
    Dekabr
    1049 nəfər oxuyub

    2016-cı ilin uğurlu filmi: “Pərdə”?

    2016-cı ilin bütünlüklə həyatımızdan çıxmasına iki gün qaldı. Bir il də başa çatdı. Ağır bir il.

    2016-cı il hüznlü, narahat başlamışdı: ötən ilin sonundan qalan “Günəşli”  neft yatağında baş verən faciənin əhval-ruhiyyəsi, manatın devalvasiyası, qəflətən ayaqlarının altında sabit bildikləri torpağın silkələnməsindən özünü itirən, kredit torlarında çabalayan insanlar, intiharlar, sonra yeni devalvasiyalar, yavaş-yavaş dərinləşən böhran və buna alışan insanlar... Və deyəsən, il boyu bu gərginlikdən, narahatlıqdan qurtula bilmədik.           

    Bütün baş verənlər, iqtisadi böhran, gərginlik kinomuzda öz təsirini hansı şəkildə göstərdi və göstərdimi?

    Ümumiyyətlə, 2016-cı il Azərbaycan kinosu hansı hadisələrlə xatirimizdə qaldı? Bir saniyəlik il ərzində bu  cameədə  baş verənləri kino lenti kimi  yaddaşımızın proyektorundan keçirməyə çalışsaq... qorxuram, hərəkət görməyəcəyik. Bunun üçün, nə az-nə çox, 24 kadr lazımdır. Əfsus ki, 2016-cı ildə milli kinematoqrafiyamızda bir əlimizin barmaqları sayda yaddaqalan hadisə güclə tapa bilərik.

    Zira 2016-cı ildə  uğurlu  müstəqil (bu sözü mütləq yazmaq lazımdır, çünki artıq rəsmi qurumlar olan Mədəniyyət və Turizm Nazirliyi, Kinostudiyanın simasında dövlət də kommersiya layihələrini maliyyələşdirir) kommersiya filmləri (“Pərdə”; rej.Emil Quliyev, “Oğlan evi 2”; rej.İlham Qasımov) və  dövlət sifarişi ilə çəkilən uğursuz filmlərdən (“Xeyirlə şərin rəqsi”;rej.Yavər Rzayev, “40-cı paraleldə” almanaxı,  “Həddən artıq uyğunluq”; rej.Ülviyyə Könül) başqa heç nə olmadı. Hə, bir də ölkə prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın müddətinin bitmək üzrə olduğu, lakin sözügedən sənəddə nəzərdə tutulan mühüm bəndlərin, demək olar ki, heç birinin yerinə yetirilmədiyi yenidən və dəfələrlə xatırlandı: kinoprokatı sistemi hələ də  bərpa olunmayıb, Azərbaycan kimi balaca kino bazarına sahib ölkələr üçün vacib əhəmiyyət kəsb eləyən, xüsusilə də müstəqil kinonun inkişafında böyük rolu olan “Eurimages”ə ( Avropa Kinematoqrafiyaya Dəstək Fondu) üzv olmamışıq, dövlət sifarişi ilə çəkilən filmlərin ssenarilərinin qəbulu zamanı şəffaflıq təmin edilməyib və s. Düzdü, Kino haqqında qanun Milli Məclisin mədəniyyət komissiyasında müzakirə olundu, MM-in plenumunda müzakirəsi tövsiyə edildi, ancaq hələ bir xəbər yoxdu...

    2016-cı il üçün Azərbaycan kinosunun ümumi mənzərəsi belədi. Üstəlik növbəti ildə də hansısa müsbət dəyişikliklərin baş verə biləcəyinə ümid yox dərəcəsindədi, çünki 2017-ci ilin dövlət büdcəsində hər il kino sahəsinə ayrılan məbləğ 50%-dən çox ixtisar olunub.

    Yaxşı bəs kino xadimləri, istehsalat prosesi ilə birbaşa bağlı olan şəxslər, rejissorlar 2016-cı ili necə dəyərləndirirlər?

     

    “Bu il də Azərbaycan kinosu üçün itirilmiş ildi”

     

    Rejissor Əli İsa Cabbarov hər zaman stəkanı yarıdolu görməyə üstünlük verdiyini söyləyir: “Bu il mənim yadımda qalan film “Pərdə” oldu. Bu filmin iki özəlliyi var: birinci, sosial problemi cəsarətlə qaldırması və kinoteatrlarda, prokatda uğur iddiası. “Pərdə” filmi bu iki cəhətinə görə rəğbətimi qazandı. Kinoteatrlarda belə filmlərin göstərilməsi və çox olması yaxşıdı. 2016-cı ildə yadımda qalan ikinci hadisə kino haqqında qanunun Milli Məclisin mədəniyyət komissiyasında müzakirəsidir. Millət vəkillərinin dilindən kinonun problemlərinin səslənməsi müsbət haldı, hələ bir nəticəsi olmasa belə. Mən həmişə “stəkan yarı doludur” deməyə üstünlük verirəm. Bir də manatın devalvasiyasına baxmayaraq, kommersiya filmlərinin sayı aşağı düşmədi. Hətta bu vaxta qədər heç bir kommersiya filminə baxmayan tamaşaçı olaraq bu il ilk dəfə “Oğlan evi 2” filmini izlədim. 2016-cı il bu üç nüansla yadımda qaldı”.

    Bununla belə, nə qədər optimist olsa da, rejissor keçməkdə olan ili itirilmiş zaman hesab eləyir: “Ümumilikdə isə, təbii ki, son illər olduğu kimi, bu il də Azərbaycan kinosu üçün itirilmiş ildi. O mənada ki, biz edə biləcəyimizin 30-40 %-ni  elədik. Kino bu aşağı effektivliklə  yaşayır son illər. Manatın devalvasiyasının bu il kinoya təsiri olmadı və bu daha çox kommersiya filmlərinin hesabına baş verdi. Amma çox güman ki, biz bu təsiri 2017-də hiss eləyəcəyik. Hərçənd, Amerikada Böyük Depressiya illərində insanlar iqtisadi və maliyyə problemləri ilə üzləşəndə “xəyallar aləminə” – kinoya üz tuturdular. Kino  həmin xəyalların istehsalçısı idi. Ona görə də ola bilsin ki, devalvasiyaya baxmayaraq, ən azından, kəmiyyət göstəriciləri baxımından növbəti ildə filmlərin, xüsusilə də kommersiya filmlərinin sayı artsın. Parasızlıq həmçinin müstəqil, azbüdcəli müəllif kinosu üçün də geniş imkanlar aça bilər”.

     

     

    “Kinematoqrafiyanın gələcəyi şübhə altındadır”

     

    Azərbaycan Professional Kinorejissorlar Gildiyasının katibi, rejissor Hüseyn Mehdiyev də 2016-cı ildə əvvəlki illərdən fərqli, müsbət  sayıla biləcək hər hansı bir hadisənin baş vermədiyini düşünür: “Mənə elə gəlir ki, bu il yaxşı bir şey olmadı. Bildiyim qədərilə gələn il üçün də kinoya büdcədən çox cüzi miqdarda vəsait ayrılıb. Bu isə Azərbaycan kinosunun şah damarını kəsməyə bərabərdir. Doğrudu, ölkədə kommersiya filmləri çəkilir, amma Azərbaycanda indiyə kimi kinoindustriya,  kino sənəti ilə bağlı normal bir mövqe və münasibət sərgilənməyib. Bütün dünyada belədi ki, dövlətin ayırdığı vəsait kinonun sənət kimi inkişafına yönəlməlidi, onun sənət kimi mövcudiyyətini dəstəkləməlidi. Sənət olmayan yerdə kommersiya da olmayacaq. Kommersiya isə şəxsi vəsait hesabına maliyyələşdirilməlidi, dövlətin ona aidiyyatı olmamalıdı. Kommersiya kinosu inkişaf eləməlidi və eləyəcək – normal iqtisadi şərait olsa.  Buna heç bir şübhəm yoxdu. Yaxşı, bəs sənət necə inkişaf eləyəcək? Mənə elə gəlir ki, kinematoqrafiyaya indiki münasibət olduğu kimi qalsa, bir ənənə, milli ruhu tərənnüm eləyən sənət kimi onun gələcəyi şübhə altındadı. Yenə qeyd eləyirəm: əgər hər şey belə davam eləsə...”

     

    Hüseyn Mehdiyev ümumi mənzərənin fonunda rəhbərlik etdiyi qurumun işini qənaətbəxş hesab eləyir: “Bu il Rejissorlar Gildiyası üçün yaxşı il oldu, çünki bizi məşhur Beynəlxalq Audiovizual Müəlliflər Assosiasiyasına müvəqqəti üzv qəbul elədilər – iki il müddətinə. Audivizual Müəlliflər Assosiasiya çox böyük və sanballı təşkilatdı, dünyanın 120 ölkəsini özündə birləşdirir. Bu təşkilata üzv olmaq bizim audio-vizual əsərlərin, filmlərimizin hamısını beynəlxalq film bazasına salmaq və bununla da kinomuzun dünya səviyyəsində müdafiəsini təmin eləmək, həm də informasiya baxımından dünyaya çıxış deməkdir. Bu çox vacibdi və bu təşkilata üzv olmağa çoxdan çalışırdıq. Sözügedən baza çox zəngin bir bazadı və bütün filmləri ora yerləşdirmək, informasiyanı təmin eləmək çox böyük əziyyət və maliyyə vəsaiti tələb eləyir. Düzdü, alınıb-alınmayacağı gələcəyin işidi, amma əsas odu ki, birinci addım atılıb və bizə bu şans verilib. Ondan necə istifadə eləyəcəyimizi zaman göstərəcək. Bir də 2017-ci ildə “Qızıl Pəri” Peşə Mükafatının ikinci təqdimatını keçirməyə hazırlaşırıq. Hərçənd, bu da maliyyədən asılıdır. Hər halda planımızda var. Artıq bunun üçün monitorinq aparılıb, yetərincə filmlər var. Rəqabət geniş olacaq”.

     

     

    “2016-cı il bizim üçün uğurlu il oldu”

     

    Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov  isə həmkarlarından fərqli olaraq, 2016-cı ilin kinomuz üçün uğurlu keçdiyini deyir: “2016-cı ildə bizim bir çox eksperimentlərimiz oldu. Bilirsiniz ki, bizdə səs rejissorundan tutmuş qrimçiyə qədər ciddi peşəkar problemi var idi. Ona görə də bu il çox sayda gəncləri çəkiliş prosesinə  cəlb elədik. Mirsadıq Ağazadə, Rüfət Həsənov, uzun müddətdi  meydançaya çıxmayan İlqar Nəcəfə film verildi. Yəni 2016-cı il, sözün əsl mənasında, bizim üçün uğurlu il oldu, istehsal prosesi getdi, ümumi industriyanın qurulması üçün hədəflərimizi müəyyənləşdirə bildik, problemlərimizi, uğurlarımızı və çatışmayan cəhətlərimizi öyrəndik. Bu da öz nəticəsini göstərdi: çoxlu festivallarda iştirak elədik, filmlərimiz satılmağa başladı. Ancaq bunlar son hədəf deyil, daha yüksək  uğurlar əldə eləməliyik. Bu baxımdan yanvar ayının 10-dan yaradıcı adamlarla görüşlərimiz başlayacaq. Gücümüzü toplayıb hədəfə doğru birlikdə addımlamaq istəyirik. 2016-cı ildə böhranı da hiss eləmədik. Çünki  bizim ən böyük problemimiz yaradıcı məsələlərlə bağlıdı, məsələn, ssenari problemi kimi. Gələn il üçün bir planımız da kinofestivalların keçirilməsidi. Hazırda bu layihə üzərində işləyirik”.

     

     

    “Müstəqil studiyalar öz gücləri hesabına maraqlı məhsullar ərsəyə gətirdi”

     

    “Cinema” Gənc Kinematoqrafçılar  mərkəzinin direktoru, prodüser Fehruz Şamıyev də  vəziyyətə nikbin baxanların sırasındadır və 2016-cı ilin durğunluq dövrü olmadığını bildirir:  “2016-cı ili kino sahəsində tam olaraq uğurlu il saymasam da, düşünürəm ki, durğunluq ili də olmadı. Nədənsə ölkəmizdə kinematoqrafiyanın durumu ancaq “Azərbaycanfilm” studiyasında istehsal edilən filmlərlə ölçülür. Ola bilsin ki, bu, sözügedən studiyada istehsal olunan filmlərin beynəlxalq festivallarda iştirak edib-etməməsiylə bağlıdır, amma yaddan çıxarmaq lazım deyil ki, ölkədə müstəqil studiyalar da var və onlar da, məhz, öz gücləri hesabına 2016-cı ildə maraqlı məhsullar ərsəyə gətirdilər. Bu il premyerası olan neçə-neçə kommersiya filmini nümunə göstərmək olar. Bundan başqa “Pərdə” filminin uğurunu xususi qeyd etmək lazımdır. Bizdə peşəkarlıqdan dəm vuranlar ancaq Mədəniyyət və Turizm Nazirliyinin hədiyyə payını gözləməklə məşğul olanda müstəqil şirkətlər öz gücləri hesabına ortaya ciddi tammetrajlı filmlər çıxardılar. Özlərini peşəkar adlandıranların əksəriyyəti orta və yuxarı yaşlılardır. Gənclərdən fərqli olaraq, onların əhatəsi daha genişdir. Bununla belə, onların heç biri ötən ildə dövlət dəstəyi olmadan ortaya kiçik bir iş qoya bilmədilər. Yeni formalaşan kino bazarımızın tələblərini nəzərə alaraq uşaq filmlərinin istehsalı dövlət tərəfindən dəstəklənməlidir. Bu baxımdan, bu ildə “Dərs” filmini də xüsusi vurğulamaq istərdim. İkinci bir layihə – “Azərbaycanfilm” kinostudiyasının gənclər üçün nəzərdə tutulan almanaxının ənənə halına düşməsi müsbət haldır. İlin sonunda dövlət sifarişi ilə ərsəyə gələn “Həddən artıq uyğunluq” filminin digər kommersiya filmləri ilə bərabər kinoteatrlarda nümayiş olunması da həmçinin. Çünki kinostudiyada əvvəllər istehsal olunan heç bir film kommersiya filmləri ilə ayaqlaşa bilməmişdi. Halbuki ötən illərdə komediya və melodrama janrında müxəlif filmlər çəkilmişdi”.

     

     

    “Kinonu dəyişikliklərə, yeniliklərə hazır olan adamlar idarə etməlidir”

     

    Müstəqil kinonun nümayəndəsi, rejissor Elvin Adıgözəl başa vurmaqda olduğumuz ildə öz filmindən və bir neçə müstəqil rejissorun işlərindən başqa heç nəyin yadında qalmadığını deyir: “Bu il mənim yadımda öz çəkdiyim filmlərlə və beynəlxalq əlaqələrimin bir qədər genişlənməsi ilə  qaldı. Bir də azad kino ilə məşğul olan bəzi dostlarımızın festival uğurları, məsələn, Teymur Hacıyevin “Şanxay, Bakı” filminin üç festivalda iştirakı. Həmçinin uzun müddətdi, maraqlandığım “Eurimages” məsələsi də aydınlaşdı. Azərbaycan tərəf həmişə “Eurimages”a üzv olmaq istədiyini, ancaq fondun bizdən imtina etdiyini deyirdi. Bu il “Eurimages”-ın rəhbəri şəxsən bildirdi ki,  Azərbaycan bizimlə danışıqlar aparmır, biz onlara dəfələrlə “hə” demişik, amma onlar üç ildi ki, bizə yazmırlar. Bu məktubun ortaya çıxması, “screenshot” olunması, ifşası mənim üçün son dərəcə yadda qalan hadisə oldu”.      

     

    Elvin Adıgözəl hesab eləyir ki, əgər rejissorlar birləşib birgə hərəkət eləməsələr, kino sahəsindəki problemlərə, onların səbəblərinə qarşı birlikdə mübarizə aparmasalar, yaxın gələcəkdə nəyinsə dəyişəcəyinə ümid eləmir: “Mən bu vaxta qədər filmlərimi ya öz hesabıma çəkmişəm, ya da kənardan müəyyən dəstəklə. Amma bu, Mədəniyyət Nazirliyinin, ya da kinostudiyanın dəstəyi olmayıb. Çünki Mədəniyyət Nazirliyi dövlətin kinoya ayırdığı vəsaiti öz istədiyi rejissorlara verir. Ki, mən də buna qarşıyam. Ümumiyyətlə, Mədəniyyət Nazirliyi kinoya ayrılan vəsaiti idarə etməməlidi, bütün dünyada olduğu kimi bu işlə fondlar, ya da  məxsusi bu məqsədlə yaradılmış qurum məşğul olmalıdı. Ona görə də mən Mədəniyyət Nazirliyinin büdcəni idarə eləməsini doğru saymıram. Qaldı ki, böhran məsələsinə. Onsuz da indiyə qədər dövlətin kinematoqrafiya üçün Mədəniyyət və Turizm Nazirliyinə ayırdığı vəsait heç bir beynəlxalq nəticəsi olmayan işlərə xərclənirdi. Əldə olunan cüzi nəticələr də o qədər böyük uğurlar deyildi. Hazırkı böhran isə o deməkdi ki, artıq sözügedən vəsait az olacaq və yəqin ki, bu sahəyə hər hansı bir dəstəkdən söz gedə bilməz. Ona görə də düşünürəm ki, vəziyyəti özümüz dəyişməyə çalışmalıyıq. Məsələn, dövlət sifarişi ilə film çəkməkdən imtina edə, bununla da Mədəniyyət Nazirliyinin işini boykot eləyə bilərik. Bu ölkədə nələrisə dəyişmək istəyiriksə, birləşib sözümüzü deməliyik... Bir ölkədə 6-8 rejissor etiraz eləyəndə, nəyinsə dəyişməyinə ümid ola bilər. Kinonu dəyişikliklərə, yeniliklərə hazır olan adamlar idarə eləməlidi. Təəssüf ki, bizdə birlik yoxdur. Odur ki, hazırkı vəziyyətdə nəyinsə dəyişəcəyinə inanmıram”.