Xəbər lenti

  • 2017-03-23
  • 10:00 İran neftinin ilk partiyası bu həftə Belarusa çatdırılacaq
    09:45 Kılıçdaroğlu Londondakı terror aktına münasibət bildirdi
    09:30 Azərbaycan məhsullarının Rusiyaya keçirilməsində problemlər yaranıb
    09:15 Ermənistan Milli Təhlükəsizlik Xidməti Samvel Babayanın həbsini təsdiqləyib
    09:00 Prezident Ərdoğan Tereza Meyə başsağlığı verdi
    03:04 Sevinc Fədai:“Mövlud həmin gün o binanın başına iki dəfə çıxıb...”
  • 2017-03-22
  • 23:50 Silahlı, Londondakı terror hücumunu tək törədib
    23:30 Suriya və İraqda İŞİD-in 180-dən çox lideri öldürülüb
    23:11 Boşanmaların 20-30 faizinin səbəbi: Sosial şəbəkələr
    22:50 "WhatsApp"da 4 yeni funksiya
    22:30 Azərbaycana qarşı amansız olacağıq
    22:10 Bu simptom təhlükəli xəstəlikdən xəbər verə bilər
    21:50 Koalisiya qüvvələri Suriyaya hücumlarını artırıb
    21:30 Londonda törədilən terror nəticəsində qadın ölüb
    21:10 “Naftogaz Ukraine” şirkəti müflis ola bilər
    20:50 Kürdlərə görə Türkiyə ilə dialoqu davam etdiririk
    20:36 Disney "Zveropolis" filmində plagiat edib?
    20:15 İlham Əliyev Pakistan prezidentini təbrik edib
    20:00 Prezidentin oğlu parlament komitəsinin sədri oldu
    19:45 Almaniyada doğulmuş şəxslərin ilk deportasiyası
    19:30 Britaniya parlamentində silahdan atəş açılıb
    19:15 Reks Tillerson tənqidlərlə qarşılaşıb
    19:00 Avropa ölkələri insan hüquqlarına hörmət etməlidir
    18:45 Azərbaycanın dövlət sərhəddini pozan şəxs saxlanılıb
    18:30 Çin Şimali Koreyaya qarşı yeni sanksiyaları dəstəkləmir
    18:15 Danimarkada hicablı işsizlərə müavinət verilməyəcək
    18:00 Xəzərdə meyiti tapılan şəxsin neftçi olduğu müəyyənləşib
    17:39 “DQR”-in sabiq “müdafiə naziri” Samvel Babayan saxlanıldı
    17:15 Mosulda bəşəri faciə baş verə bilər
    17:00 Ukrayna, rus müğənnisini “Eurovision”a buraxmayacaq
    16:45 AZAL - tam sürətlə müflisləşməyə doğru
    16:30 Türkiyə və Rusiya Dağlıq Qarabağ münaqişəsi üzərində birgə işləyir
    16:15 Qənirə Paşayeva Tovuzun ön cəbhədə ailələri ziyarət edib
    16:00 Kompüterlərə uçuş qadağası İŞİD təhlükəsinə görə tətbiq edilib
    15:45 Sabah Bakıda yağış yağacaq
    15:30 Almaniya millisinin futbolçularından qəfil dopinq-test götürülüb
    15:15 İlqar Məmmədovun səhhəti pisləşib
    15:00 BBC "Brexit"ə qərəzli yanaşdığına görə cərimə oluna bilər
    14:45 Serj Sarkisyan, Ter-Petrosyanla bağlı qərarını verdi
    14:30 Maqsud İbrahimbəyovu anım mərasimi keçirilib
    14:15 DYP taksi fəaliyyəti ilə məşğul olanlara müraciət edib
    14:00 Sevgi romanı həvəskarları üçün yeni kitab
    13:45 Qanazlığından əziyyət çəkirsinizsə...
    13:30 Almaniya, Türkiyəyə silah satışını məhdudlaşdırdı
    13:15 İsrail: Suriyaya hücum barədə Putinə bildirmişdik
    13:00 Özümü "Real"da görmürəm
    12:45 Bayram günlərində təcili yardıma daxil olan müraciətlərin sayı
    12:30 Bu il Azərbaycan dili" imtahanında 59 abituriyent imtahansız keçəcək
    12:15 "Yəqin, əllərində qalan köhnə bir nişanı veriblər"
    12:00 Dünya birjalarında neft ucuzlaşır
    11:45 Şimali Koreya raket buraxılışı həyata keçirdi
    11:35 Twitter yüzminlərlə hesabı dondurdu
    11:30 Rusiya türk malının idxalına qoyulan qadağanı götürməyəcək
    11:15 Ermənistan silahlı qüvvələri atəşkəsi 143 dəfə pozub
    11:00 Vaşinqtonda İŞİD-ə qarşı beynəlxalq koalisiyasının toplantısı oldu
    10:45 Azərbaycan-Almaniya matçının hakimləri məlum olub
    14
    14:12:38
    Oktyabr
    738 nəfər oxuyub

    Poeziyamızın Məmməd Araz yükü

     

    14 oktyabr Azərbaycanın xalq şairi Məmməd Arazın doğum günüdür... 

    ***

    Uzaq keçmişlərdə bir uşaq yol kənarında oturub ağlayır. Bu uşağın göz yaşları nə döyüldüyünə, nə də incidildiyinə görədir. Qonşusunun, yurddaşının dərdləridir göz yaşına dönüb yanaqlarından süzülən : Fatma nənənin inəyini sel aparıb, Pirqulu əminin xışı daşa ilişib, qonşunun zəmisinə od düşüb. “Müdrik ” babalardan biri nəsihət verir: ağlama, bala, ağlama, el üçün ağlayan gözsüz qalar. Hərdən qapaz yesə də, bu uşaq ağlamağına davam edir və zaman keçdikcə ağlamağını etirazla, çağırışla, mübarizə ilə əvəz edərək göz yaşlarını mürəkkəbə çevirib yurddaşının, paran-parça olmuş vətəninin dərdini yazır və “ Məndən ötdü, qardaşıma dəydi...” məsəlinə üsyan edir:

     

    Ey daşlaşan , torpaqlaşan

    ulu babam!

    Bu günümdən dünənimə uzaqlaşan

    ulu babam!

    Ayağa dur!

    Dəfn etdiyim məsəlinin başdaşına

    Bir təəssüf xatirəsi yazıb, yondur:

    Səndən ötən mənə dəydi.

    Məndən ötən sənə dəydi,

    Səndən , məndən ötən zərbə

    Vətən , Vətən sənə dəydi...

     

    Dünənini nə “döşdən asan”, nə də ona “qəbir qazan”, bu gününün pisini inkar, yaxşısını təqdir etməyi bacaran, sabahından nigaran olduğu qədər də nikbinliyini itirməyən, estetik idealı, həyat amalı uğrunda qələmi ilə döyüşən, ağlağan uşaqdan müdrik qocaya çevrilmiş bu insan şair Məmməd Arazdır. “Çiçəyindən ağacı”, “kişisindən papağı”, “köpəyindən yalağı”, “sevincindən qəmi ” çox olan dünyanın hər üzünə bələd şair vətəndaş yanğısı ilə Boz qurd ola bilməyib qoyun kimi yaşayan, dərd gələndə, daş atılanda, güllə açılanda sinəsini yana çəkib qardaşını, Vətənini güdaza verən yurddaşlarının biganəliyi ilə barışmır, şerin möcüzəli dili ilə onları mübarizəyə səsləyir. Ehtiraslı bir patetika ilə səslənən, gurluğu, coşqunluğu dağı-daşı titrədən bu çağırışa biganə qalmaq mümkün deyil:

    Nə yatmısan qoca vulkan , səninləyəm!

    Ayağa dur, Azərbaycan , səninləyəm!

    Dur , içində qorxunu boğ ,

    Ölümünlə qalımını ayırd elə.

    Dur , içindən qorxağı qov,

    Dur , özünü Boz qurd elə !

     

    M. Araz illər boyu qoca vulkan kimi püskürərək bədii sözün gücünü, daxili enerjisini Şərlə, naqisliklərlə, namərdlərlə mübarizəyə səfərbər edə bildi. O, əlinin qələm, dilinin söz tutmayan çağında, bədəninin sözə baxmayan, taqətinin tükəndiyi zamanda belə heyrətamiz bir söz iradəsi, vətəndaş mövqeyi ortaya qoymağı bacardı. Millətin ən ağır günlərində başqa mövzuları qəlbində boğub, qələmindən didərgin salıb oxucunu mübarizə ovqatına kökləyən “Ulu şahım, qılıncına söykənim”, “Əsgər oğul”, “Ata millət, ana millət, ağlama”, “Sərhəd çəpərləri” və onlarla digər şerləri ilə o bu gün də canlı və diridir.

    Keçən əsrin 70-ci illərinin tələbələri-mənim yaşıdlarım yaxşı xatırlayarlar. Zaman o zaman idi ki, Elçibəy, Asif Atanın siyasi görüşləri haqqında qırıq informasiyalardan başqa heç bir siyasi fəaliyyət yox idi. Cəmiyyəti bataqlığa sürükləyən əxlaqsızlıqlar, naqisliklər, səbəblər barədə açıq söhbət istəyi DTK xofunun əsarətində qalmışdı. Ona görə də bütün gözlər ədəbiyyat və incəsənət səhnəsinə, humanitar elmlərin vicdanlı alimlərinə dikilmişdi. M. Araz da daxil olmaqla cəmi bir neçə qələm əhli gəncliyin narahat ruhuna həmdəm və həmrəy ola bilirdi. M. Araz fevral ayının ani günəşinə aldanıb çiçəkləyən, sonra isə qəfil qasırğaya məruz qalıb quruyan badam ağacının faciəsini yazanda biz yalan vədlərlə aldadılmış, siyasi düşmən hesab edilərək dəlixanaya atılmış, sürgün edilmiş, qəfil ölümə tuş olmuş insanların taleyini düşünürdük. Şair deyəndə ki:

    Yekə-yekə xırdalanan “addılar ”

    Heç bilinməz çapardılar, atdılar;

    İki itə para sümük atdılar,

    Qarabaşda, Alabaşda nə günah.

    Biz para sümük üçün boğuşan o itlərin də, həmin şeytani əməli törədib xəlvətcə ləzzətlə qımışanların da real obrazlarını göz önünə gətirirdik. Barışmaz tənqidçilər deyə bilər ki, şair “nə günah” ifadəsi ilə sümük-mükafat uğrunda yarışa qoşulanları təmizə çıxarmışdır. Amma diqqətli olmaq kifayətdir ki, “iki it”, “para sümük” deyimləri ilə şairin onları da günahkar qismində bədii sözün və məntiqin mühakiməsinə verdiyini görəsən.

    Araşdırıcılar ictimai-siyasi düşüncəmizi formalaşdıran, qidalandıran mənbələr içərisində Azərbaycan ədəbiyyatına xüsusi yer ayırmaqda haqlıdırlar. Azərbaycan milli-azadlıq hərəkatını doğuran, ərsəyə gətirən kişilərdən biri də M. Arazdır.

    M. Araz etiraflarda bulunmağı bacaran şairdir. “ Hər şeydə hamı günahkardır” prinsipində qarşılaşdığımız faciələrə, cinayətlərə görə fərdin məsuliyyətini unutdurmaq təhlükəsi gizlənib. Hər an, hər yerdə bizi əhatəyə almış əxlaqsızlığı, yalanı aradan qaldırmaq üçün mütləq əksəriyyət özündən yox, başqasından başlamağa üstünlük verir. Cəmiyyətin saflaşması fərdlərin etirafından keçir. Etirafda bağışlanmaq arzusu, bundan sonra başqa cür yaşamaq istəyi var. M. Arazın lirik qəhrəmanı özünün məsuliyyətini dərk edir, toplumun günahlarında öz payını, rolunu gizlətmir, nəzəri-fəlsəfi görüşün ona ötürdüyü ideyanın bədii-estetik baxımdan təcəssümünə can atır. İnsanın nəinki təbiətə, eləcə də insana məhəbbətinin qəhətə çıxdığı zamanda şair dənizə etiraflarını pıçıldayır:

     

    Şəninə nə qədər şer yazmışam,

    Sahil qumlarına şüar yazmışam.

    Zəhər içirirkən balıqlarına

    Səltənət demişəm buruqlarına...

    Dəniz, göylüyünə bağışla məni,

    Bir də böyüklüyünə bağışla məni!

     

    M. Araz yaradıcılığının mövzu dairəsini, ideya axtarışlarını, estetik ideallarını əhatə edib aşkarlamaq bir məqalənin gücü deyil. Amma bəzi ümumi cəhətləri demək olar. Elə bir mövzu yoxdur ki, M . Araz ona toxunmasın, orada öz sözünü deməsin, bədii-estetik münasibətini açıqlamasın. O, bəhs etdiyi mövzulara dönə-dönə qayıdıb, amma heç zaman təkrarçılığa yol verməyib, yeni söz deyib. Mənə elə gəlirdi ki, “Dünya mənim, dünya sənin...”, “Dünya gözəl dünyadı” şerlərindən sonra şair, çətin ki, bu mövzuda təzə söz deyə bilər. Ancaq şairin fəlsəfi axtarışlara meylli bədii təfəkkürü insan-dünya münasibətlərinin mürəkkəb, dolaşıq məqamlarını yeni obrazlarda, fərqli düşüncələr axarında təqdim edə bildi:

     

    Çaydı dəhnəsində xırsız əjdaha,

    Gecəsi salamat çıxmaz sabaha.

    İti bazarında atından baha ,

    Mən belə dünyanın nəyindən küsüm?

     

    Xalqdan gələn bir ifadə ilə ( “ondan inciyənin beləsi belə ”) küsüb mübarizədən çəkilənləri damğaladı, insanı yaşamağa-Tanrının onun üzərinə qoyduğu missiyanı daşımağa, rastlaşdığı acı həqiqətlər önündən qaçmamağa çağırdı.

    M. Araz Azərbaycan poeziyasında deyilməmiş qafiyələrin , rast gəlmədiyimiz obrazların müəllifidir. O, Azərbaycan türkcəsinə ən dərin qatlarına qədər bələd olan və onun imkanlarını təsvir etdiyi mənzərənin, hadisənin, duyğuların dəqiq, aydın, konkret ifadəsinə səfərbər etməyi bacaran şairdir.

    Dilim dinməz , kirpiklərim səs elər,

    Necə xoşdu ürəyimi kəs elə .

    Qalan ömrə yarım ürək bəs elər ,

    Unut məni , aldat məni , at məni .

     

    Hamımız müşahidə eləmişik, insan heyrətdən danışa bilməyəndə göz qapaqlarını yumub açır və kirpikləri bir-birinə dəyir. Dözümünün, sədaqətinin təsdiqi üçün sevgilisinə amansız bir sınaq təklif edən aşiq əmin edir ki, kəsilmiş ürəyinin ağrısına görə onun etirazı ancaq bir-birinə dəyəcək kirpiklərinin səsi olacaq. M. Araz kirpiklərin səs eləməsini eşidəcək qədər həssas bir şairdir.

     

    Bəlalı başında, nə dövlət , nə quş

    Təbriz nə istəyir? Təbriz qurtuluş.

    Bax , indi pətəyi suya tutulmuş

    Arı topasından göynəyəm , bala!

     

    Şair tapıntısı olan “göynəyəm” sözü incidilmiş , qəzəblənmiş arıların vızıltısı ilə intizar, həsrət dolu insan qəlbi arasındakı oxşarlığı dəqiq ifadə edir. Yuvasına su calanmış arı topası necə göynəyirsə, Təbriz həsrətli, ona qovuşa bilməyən şair qəlbi də o cür göynəyir. Bölünüb Arazın o tayında qalan Vətənə qovuşmaq həsrəti, bütövlük yanğısı ilə dolu olan “Araz yadıma düşüb ”, “Araz üstə çinar gördüm”, “Bu gecə yuxumda Arazı gördüm”, “Şəhriyar gəlmədi”, “Oxuyan Təbriz” şeirlərində də M. Arazın lirik qəhrəmanının hansı amallara yaşadığının parlaq bədii təcəssümü ilə qarşılaşırıq.

    M. Araz sözə qarşı həssas olduğundan şerinə də həssas münasibət tələb olunur. Onun şerinə düzəliş vermək, onu istədiyin kimi söyləmək mahiyyətin təhrifinə, duyğuların zədələnməsinə gətirib çıxarır.

     

    Səndən mənə bir ömürlük xatirə,

    Məndən sənə nə qalacaq, nə bilim.

    Çətin bir də daş üstə daş bitirəm ,

    Niyə uçdu bu qalacıq, nə bilim...

     

    Bəzən bu şeri oxuyanda “ nə bilim ” əvəzinə “ bilmirəm ” deyirlər. Şerin məzmunu, lirik qəhrəmanın qərarsız əhvalı ilə qətiyyət bildirən “ bilmirəm ” sözü qətiyyən uyuşmur. Əgər bu sözləri hərəkətə çevirsək, “ bilmirəm ” sözünü biz başımızı yırğalamaqla, “ nə bilim ” sözünü isə çiyinlərimizi çəkməklə ifadə edərdik. Sualların cavabı özünə tam aydınlığı ilə bəlli olmadığından M. Araz “ nə bilim ” deyir və bu ifadə şerdə qəribə bir aura, sirr, sehr yaradır.

    M. Araz Azərbaycan poeziyasında sərbəst, bənzərsiz qafiyələr ustasıdır. Bəzilərinə elə gəlir ki, şerin texniki gözəlliyi 2-ci dərəcəli məsələdir, şerdə qafiyə artıqdır, ibtidailik nümunəsidir. Məncə, belə düşünənlər səhv edirlər. Qafiyə şerdə misraları bir-birinə bağlayan bənddir, ritmdir, musiqililikdir. Doğrudur ki, oxucu, M. Arazın özü demişkən, yalan-palan, ağ-yağ, köz-söz qafiyələrindən bezib. Lakin aşağıdakı qafiyələr yeniliyi, sərrastlığı ilə seirə gözəllik gətirir, oxucunun diqqətini mahiyyətə yönəldir:

    Öyünəsi bircəm idin, birimdin.

    Yön tutası qibləm idin, pirimdin,

    Taleyimə dan ulduzu bilirdim,

    Karvanqıran olmağın da olarmış.

     

    “Pirimdin”, “birimdin ”, “bilirdim ”, yaxud “ qal ayçam ”, “ qalayçan ”, “qol açan” sözlərini şerdə ilk dəfə M. Araz həmqafiyə şəklində işlədib.

     

    Bu dağlar qardaşım, bu çaylar bacım.

    Özündən gəlməyən özündən qaçır .

    Zaman qapımızda əlində qayçı…

    Hər adi ölçüyə , ülgüyə gəlsək,

    Sən kimə gərəksən, mən kimə gərək.

     

    Ayrı-ayrılıqda “bacım”, “qaçır”, “qayçı” sözləri qafiyə kimi səslənməzdi. M. Araz misralarında bu sözlər əvəzedilməz qafiyələrə çevrilib. Dağların qardaş, çayların bacı çağırılmasına mən birinci dəfə M. Araz şeirində rast gəlmişəm. Bu obraz şairin hansı düşüncələrinin , xatirələrinin təsiri altında yaranıb? Nədən şair dağı kişi (baba, qardaş), çayı qadın( bacı) cinsində təqdim edib? Bəlkə dağda qardaş – oğul vüqarı, əzəməti, arxa olmaq gücü görüb? Bəlkə çay-bacı qoşalaşması onun yadına qadın hörüklərini, ya qardaşdan ayrı göz yaşlarını çay kimi axıdan bacısını xatırladıb? Bəlkə ona görə ki, ənənələrimizdən gələn bir bağlılıqla şairin nəzərində dağ göy Atanın, çay yer Ananın rəmzidir? Ya bəlkə Tanrının göndərdiyi ilham pərisi bu sözləri şair qulağına pıçıldayıb ki, bəşər övladı ilkinliyi, təbiətlə birgəliyi unutmasın? Kim bilir, bu da poeziyanin bir sirridir.

    M. Araz yaradıcılığı ənənəyə möhkəm tellərlə bağlıdır. İstər ideya-məzmunda, istər obrazların qurulmasında, istər ifadə tərzində bu cəhət qabarıqdır. Misal üçün, klassik ədəbiyyatımızda işlək olan dəvə obrazına M. Araz yaradıcılığında bir neçə dəfə müraciət olunub. “ Bax donqar dəvənin səbət yükünə”, “ Bu get-gəllər bazarına dəvədi dünya” və s. Şerlərinin birində şair Arazı işıq yükü daşıyan dəvəyə bənzədib. İndiki nəslə dəvənin ağır yük daşıyan nəqliyyat vasitəsi kimi təqdimi ola bilsin ki, gülünc və arxaik görünsün. İndi yük söhbəti gələndə ədəbiyyat yəqin ki, ağır tonnajlı maşınlara, gəmilərə müraciət edir. Bilmirəm, həmin maşın və gəmilər həm də dözümlülük, səbir keyfiyyətlərini ifadə edə bilirmi? Bunu şerimizin yeni obrazlar axtarışına əngəl olmaq, etiraz etmək üçün demədim. Kim necə qiymətləndirsə də, min illik ənənəyə söykənən bu günkü şerimizdə dəvə obrazı öz poetik cazibəsini və gücünü saxlamaqdadır. M. Araz da poeziyamızın get-gəllər dünyasının sənət yükünü şərəflə, dözüm və səbirlə daşımış şair-dəvəsidir.

    Filologiya elmləri doktoru  Vurğun Əyyub