Xəbər lenti

  • 2017-01-18
  • 15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    12:10 Qafqaz Universiteti bəyanat yayıb
    12:00 Ermənilər təlimə başladılar
    11:38 Uşaqların peyvənd edilməsi haqqında məlumat elektronlaşacaq
    11:25 Le Peni Krıma dəvət etdilər
    11:07 Dövlət departamenti Bakının tələbi ilə həbs edilən bloqqerdən danışıb
    10:55 Qafqaz Universiteti ləğv olunur
    10:46 Amerikalı siyasətçi Rusiyanı Yaxın Şərqdə əsas oyunçu adlandırıb
    10:28 Dollar bu gün neçəyədir?
    10:25 Elmar Məmmədyarov Malayziyaya səfər edib
    10:09 Tramp inauqurasiyanı boykot edənlərə səsləndi: Biletləri qaytarın!
    09:24 Prokurorluğa hücum - 4 nəfər ölüb
    09:12 Van bölgəsində iki terrorçu öldürülüb
    08:58 Ağ Ev: Obama Putini işgüzar adam hesab edir
    00:09 "Vicdanı olan hər kəs konstitusiya dəyişikliklərinə etiraz etməlidir"
    06
    15:27:58
    May
    1112 nəfər oxuyub

    Əkrəm Əylisli: Mən bütün varlığımla Azərbaycan xalqına bağlıyam

    Yazıçı Əkrəm Əylisli jurnalist Sevinc Fədainin suallarını cavablandırıb:

    – Əkrəm bəy, cinayət işinin açılması cəmiyyətdə belə bir fikir yaratdı ki, baş verənlər sizi Nobelə aparan yoldur… 

    – Bir neçə adamın fikri həqiqət demək deyil. Ona görə də bu yolun məni hara apardığını deməkdə çətinlik çəkirəm. Söhbət ondan gedir ki, bir yazıçını hava limanında saxlayıb, başqa ölkəyə getməyinə icazə verməyiblər. Bu mövzunu hərləyib-fırlayıb, “Daş yuxular”ın üstünə gətirməklə demək istəyirlər ki, məni məhz bu əsərə görə ölkədən buraxmayıblar. Bu, yanlış yanaşmadır və diqqəti əsas məsələdən yayındırır. Müzakirə mövzusu bu olmalıdır ki, yazıçını ölkədən buraxmamaq doğrudur, yoxsa yox? İnsanlar mövzudan yayınırlar. Vətənpərvər mövqe göstərməyə nə qədər həvəsli adam varsa, bu məsələdə ortaya atılıb, özlərini vətəni Əkrəm Əylislidən çox sevən kimi təqdim edirlər. Bu, sadəcə olaraq, murdarlıqdır. Siz buna cavab verin: məni düz eləyib hava limanında saxlayıblar, yoxsa yox? Onlar işlədikləri yerə də dürüst işləməyi bacarmayan adamlardır. Yəni kimə işləyirlərsə, düz işləsinlər. Vallah, mətbuatı oxuyuram, ətim tökülür. Görürəm yazırlar ki, Əkrəm istəyir Nobel alsın, mühacirətə getsin. Mən getmək istəsəm, hara desəm gedərdim. Bu yazıları yazan adamların bir məntiqi, düşüncəsi yoxdurmu? Bir fikirləşmirlərmi ki, bunu yazmaq olar, ya yox? Kim ağlına nə gəlir, onu da uydurur.

     

    “Əgər erməninin barmağı belə uzundursa...”

     

    – Yəni bu əsərlə Nobel almaq niyyətiniz olmayıb?

    – Nobel məsələsinə gəldikdə, mən 2014-cü ildə bu mükafata təqdim olunanda orda dünyanın məşhur, nüfuzlu alimlərinin imzası var idi. Mənəvi bütövlüyü olan, elm sahəsində ciddi işlər görmüş insanlarıydılar. Onlar heç nəyin altından elə-belə qol çəkməzlər. Bu alimlər gördüyüm işi sülhsevərlik, xalqları bir-birinə yaxınlaşdırmaq, humanizm nöqteyi-nəzərindən qəbul etmişdilər. Ancaq bu hadisəni təhrif edib deyirlər ki, orda erməni barmağı var idi. Əgər erməninin barmağı belə uzundursa, niyə öz problemlərinin heç birini dəf eləyə bilmir?

     

    “Mirzə Cəlil haqda da ölüm fətvası verilmişdi”

     

     – Deyirsiniz ki, məni tənqid edənlər vətəni məndən çox sevə bilməzlər. Bax bu qədər hadisə baş verdi; xalq yazıçısı adından məhrum edildiniz, kitablarınız yandırıldı, bir vaxtlar əsərlərinizi sevən insanlar sizə təhqirlər yağdırdı... Bütün bunlar vətənə, xalqa olan sevginizə təsir elədimi?

    – Mən bütün varlığımla Azərbaycan xalqına bağlıyam. Əlbəttə, əgər söhbət biləvasitə xalqdan gedirsə... Kütlə başqadı, xalq başqa. Xalq mənim içimdədi, mən onu içimdən çıxara bilmərəm axı. Ancaq məni söyənlərin içində nə xalq var, nə başqa şey. Onlar gündə sifətini dəyişən adamlardır. Bir şey deyim, hökumət desəydi ki, “Daş yuxular” lazımlı əsərdi, onda bu ortaya tökülüşən adamlar nə deyəcəkdi? Mən çox yaxşı bilirəm, nə deyəcəkdilər. Bu şeyləri görə-görə özümüzü görməzliyə vura bilmərik. Bizim ictimai həyatımızda özünü görməzliyə vurmaq kimi bir adət yaranıb. Hamı hər şeyi görməzdən gəlir. Ancaq vətən mənim içimin damarlarıdır. Bir var vətənə yazıçı məhəbbəti, bir də var küçə yazıçısının məhəbbəti. Bu ikisi bir-birindən çox fərqlidir. Yazıçı məhəbbəti çox dərindir. Üzdə, dildə olmur. Biz bunları ayıra bilməsək, ədəbiyyatımızın irəli getməsi də mümkün olmayacaq. Ədəbiyyat tariximizdə mənim başıma gələn əhvalatlara oxşayan hadisələr çox olub. Məsələn, Mirzə Cəlil haqqında şeyxülislam ölüm fətvası verib, deyib onun qanı halaldır. Mirzə Fətəli Axundovun başına nə işlər gətiriblər... Bütün bunları unudub danışan insanların ədəbi-mənəvi yaddaşı yoxdur. Ədəbiyyata bağlı olan insan heç vaxt fikrini dəyişmir. Ancaq özündən mədəni insan, yazıçı, siyasətçi fiquru yaratmaq istəyib oyun oynayanlar o qədərdir ki... Ölkəni onlardan hifz eləmək lazımdır.

     

    “Bizi sevən erməniylə azərbaycanlının mənim üçün fərqi yoxdur”

     

    – Bəs “Daş yuxular”ı yazmaqla məqsədinizə nə qədər nail ola bildiniz?

    – Mən Venesiyada bu barədə çıxış eləyəcəkdim, eləyə bilmədim. Çıxışımda da yazmışdım, mən bir şeyə nail oldum ki, bir qrup erməninin Azərbaycan xalqına olan nifrətini məhv elədim. İmkan vermədim ki, onlar bizim xalqımıza nifrət eləsin. Bəziləri deyir ki, bu əsər ermənilərin xeyrinə yazılıb. Mənim üçün özünü bizim millətə yaxın hesab edən, bunu şüara çevirən erməniylə azərbaycanlının fərqi yoxdur. Ermənistanda ciddi adamlar, ciddi yazıçılar, Azərbaycanla mədəni əlaqələrin kəsilməsinə ürək ağrısıyla yanaşır. Bu adamların sözü mənim üçün əhəmiyyətlidir. Mənim xalqıma nifrət üstə köklənməyən ermənilər bizə lazımdır. İstər-istəməz, nə qədər qan tökülsə də, müharibələr getsə də, axırda hər kəs bir yerdə yaşayacaq. Heç kəs öz yaşadığı yerdən köçüb getməyəcək.

     

    "Mən yaddaşıma bağlı adamam, peşman olmaram"

     

    – Bəs o vaxtdan bu günə kimi itirdiyiniz ad, itirdiyiniz oxucular, itirdiyiniz sevgiyə görə heç peşmanlıq duymusunuzmu ki, kaş bu əsəri yazmazdım?..
     
    – Mən daxilən yaddaşına bağlı adamam. Öz bədii yaradıcılığımda heç vaxt təmənna güdməmişəm. Kimdənsə nəsə umub bu əsəri yazdığımı düşünənlər nadan adamlardır. Ancaq söhbət bundan gedir ki, mən bu əsərimi bütün yazdıqlarımla bərabər tuturam, onlardan ayırmıram. Mənim “Kür qırağının meşələri” əsərim çıxanda hay-küy qopmuşdu. “Dağlara çən düşəndə”də kənd müəlliminin həyatından yazmışdım, o da xeyli mülahizələr yaratmışdı. “Mənim nəğməkar bibim” kimi müharibə dövrünün çətinliklərindən bəhs edən əsəri Moskva radiosu verəndən sonra məcbur qalıb bizdə də çap elədilər.Yəni yazıçı bir az qabağa gedirsə, bir az irəlini görüb yazırsa, heç vaxt bundan peşman ola bilməz. Çox sadə məntiq var.  Yəni yazıçı bir az qabağa gedirsə, bir az irəlini görüb yazırsa, heç vaxt bundan peşman ola bilməz. Çox sadə məntiqdir bu. “Daş yuxular” barədə bir rus jurnalist yazmışdı ki, mən onun digər əsərlərini oxudum, başa düşdüm ki, bu əsər mütləq yazılmalı idi. Bu əsər onun ruhi-mənəvi irsinin tərkib hissəsidir. Burda başqa bir şey yoxdur. Ancaq bizdə bu məsələni qəlizləşdirirlər. Əsərin təsiri yoxdursa, insanlarda fikir toqquşmaları yaratmır, hamıda eyni təəssüratı oyadır. Bir məşhur məsəl var, deyir bir ölkədə ki hamı eyni cür düşünür, o ölkə, ölkə deyil, qəbiristanlıqdır. Mən də belə düşünürəm ki, Azərbaycanda müxtəlif düşüncələr olsun. Ancaq sağlam olsun, konstruktiv olsun. Daha ara vurmaq, qızışdırmaq yox.

     

    – Əkrəm bəy, hazırda nə isə yazırsınızmı?

    – Mən hər an nə isə yazıram. Yazıçı hökm deyil ki, kağıza yazsın, o, öz ürəyində, beynində həmişə yazır. Əgər o proses dayanırsa, sonra ona qayıtmaq çox çətin olur. Özümü tanıyandan məndə eyni proses gedir. Yazmayanda elə bilirəm ki, boşluqdayam, mənasız bir mühitdə qalmışam. Yazıçı çox qəliz bir orqanizmdir. Musiqi aləti kimi bir şeydir, kökdən düşdüsə, yenidən kökləmək çox çətin olur…

     

    P.S. Müsahibin fikirlərinə görə redaksiya məsuliyyət daşımır.