Xəbər lenti

  • 2017-01-18
  • 15:51 Azərbaycanda nüvə xammalı ehtiyatları axtarılacaq
    15:35 Lavrova bəyanatla cavab verildi
    15:27 Nazir: "Avropanın ən böyük problemi Avropanın özüdür"
    14:57 Qubad İbadoğludan Lavrov açıqlaması: "Moskva buna göz yummayacaq"
    14:55 Azərbaycan və İslam İnkişaf Bankı arasında qrant sazişi imzalanıb
    14:23 CİA 11 milyondan çox gizli sənədi ictimaiyyətin istifadəsinə verib
    14:18 Kılıçdaroğlu və Baxçalı bir araya gəliblər
    14:06 Sabah havanın kəskin dəyişəcəyi gözlənilir
    13:51 İtaliyada zəlzələ baş verib
    13:45 Corc Buş xəstəxanaya yerləşdirilib
    13:30 "ASAN" xidmətin iş qrafiki dəyişdi
    13:20 BSU-nun yeni rektoru Kamal Abdulladan danışdı
    13:15 Çin ABŞ-a Tayvanla bağlı etiraz edib
    12:58 Böyük Britaniya turistlərini Qambiyadan təxliyyə edir
    12:37 Təhsil Nazirliyi “Qafqaz” Universitetinin bağlanmasına reaksiya verib
    12:25 Davosda Azərbaycan və İsveçrə prezidentləri arasında görüş olub
    12:10 Qafqaz Universiteti bəyanat yayıb
    12:00 Ermənilər təlimə başladılar
    11:38 Uşaqların peyvənd edilməsi haqqında məlumat elektronlaşacaq
    11:25 Le Peni Krıma dəvət etdilər
    11:07 Dövlət departamenti Bakının tələbi ilə həbs edilən bloqqerdən danışıb
    10:55 Qafqaz Universiteti ləğv olunur
    10:46 Amerikalı siyasətçi Rusiyanı Yaxın Şərqdə əsas oyunçu adlandırıb
    10:28 Dollar bu gün neçəyədir?
    10:25 Elmar Məmmədyarov Malayziyaya səfər edib
    10:09 Tramp inauqurasiyanı boykot edənlərə səsləndi: Biletləri qaytarın!
    09:24 Prokurorluğa hücum - 4 nəfər ölüb
    09:12 Van bölgəsində iki terrorçu öldürülüb
    08:58 Ağ Ev: Obama Putini işgüzar adam hesab edir
    00:09 "Vicdanı olan hər kəs konstitusiya dəyişikliklərinə etiraz etməlidir"
    03
    23:56:03
    Sentyabr
    1125 nəfər oxuyub

    Heç olmasa arxamca “peredaça” gətirərsiniz...

    Xeber365.com yazıçı-publisist Murad Köhnəqalanın təqdimatında "Həyat səhnələri" layihəsini təqdim edir:

     

    Layihənin birinci yazısı - "AYGÜNÜN ÜSYANI"

     

     



     

    “SƏHNƏLƏR” - 2

     

    KREDİT TOYU



    (Əhvalat oğul toyuna hazırlaşan ailədə baş verir)

    İştirak edirlər:

     

    Ata
    Ana
    Qız
    Oğul
    Bibi

     


        
     (Mənzil görüntüsü. Otaqda üç nəfər)

    Ana:
    - A kişi, toy yaxınlaşır, biz hələ şadlıq sarayı danışmamışıq.

     

    Ata:
    - Nə bilim e, qudamızı yola gətirə bilmirəm də! Deyir qızın toyu hökmən ayrı olmalıdı. Mən deyirəm, ikisini bir yerdə eləyək, xərcimiz yüngül olsun. Bu da deyir, yox e, mənim xüsusi qonaqlarım olacaq. Deyir, mənim adamım çoxdu, bir yerdə alınmayacaq.
    Ana:
    - Həə, yəqin pul yazdıranı çox olacaq, ona görə bizimlə qarışmaq istəmir.
    Ata:
    -Pulyazdıran deyəndə, guya bizimkilər yeyib-içib qaçacaq ki?  
    Ana:
    - Yox ay kişi! Sən başa düşmürsən. Qudanın varlı qohumları çoxdu, yaxşı pul xərcləyəcəklər, özlərini göstərəcəklər. Bizim onlarla nə işimiz? (Qılıqlı səslə)
    Yaxşısı budur, biz toyumuzu ayrıca eləyək. Onlara nə var ee, görmədin, nişanda apardığımız qır-qızıla ağız büzürdülər. (Kinayə ilə) Guya, haxcıx Mileylənin qızı göydən düşüb! Belə baxanda mənim oğlum nişanlısından da göyçəkdi...
    Ata:
    -Sənin də qaynanalıq damarın tutub deyəsən. İndidən gəlini pisləyirsən...
    Ana:
    -Haçan pislədim? Bir də mənim evimə gələn gəlin pis ola bilməz. Özüm pis gəlin olmamışam ki, ocağıma da pis gəlin gətirəm.
    Ata:
    - Hmm, çox “evim, evim” deyirsən, qorxuram, krediti gecikdirək, o nikolaydanqalma cer-cehizini bank çölə tökə, dalımıza bir təpik vurub, evi də əlimizdən ala...


    Qız (mehriban səslə):
    - Ata, bilirsəən, istəyirəm, qardaşımın toyu “Qızıl qapı” restoranında olsun, gündə televizorda reklamı gedir, əla saraydı! Özü də bəylə gəlini göydən yellənçəklə endirirlər, başlarına da qızılgül ləçəkləri səpirlər, elə gözəldi ki!

     

     


     

    Ata:
    - A bala, başa düş, elə restoranlar bizim kimilər üçün deyil, oralarda hər stolun qiyməti 60-70 manatdı, bizim toya gələnlərin cibindən uzağı 50 manat çıxacaq.

     

    Qız (inadla):
    - Yox e, ata, Samışgil də qardaşının toyunu orda eləmişdilər, onlar da bizim kimi çox imkanlı deyillər dəə...
    Ata:
    - Elə ona görə də bankrot olublar, əlli banka kredit ödəyirlər. Toydan sonra kişi üzülüb çöpə dönmüşdü, borcu olmaq çox pis şeydi, a bala. Ailə qayğısı çəkəndə görəcəksən.
    Ana:
    - Kişi, məsəl var e, deyir, borc elə, gəlin gətir, borc gedər, gəlin qalar. Sən də hər şeyi qaramata döndərmə. Hansı saray yaxşıdı, orada da toyumuzu eləyək. Həm də yeganə oğlumuzdu, maşallah, kimin uşağından əskikdi? El-oba var, dost-düşmən var...
    Ata:
    -Ay arvad, heç kim bilməsə də, sən  gözəl bilirsən ki, bu saat iki bankın əlində girovuq. Heç başa düşürsən, buna görə nə qədər, əsəb, stress, həyəcan keçirdirəm? Hər problemin də yükü təkcə mənim çiynimdədi, divana yayxanıb “zakaz” verməyə nə var? Mən kiməm? Adi bir santexnik! Vaxt var idi, təzə tikililərin usta işlərini biz görürdük, ağlını o vaxtlara vermə! İndi tikinti aparanlar adicə suvaqçı işini də öz qohum-əqrəbasına həvalə eləyir.
    Ana:
    -Əşi, indi bir az kasıblamışıq deyə, keçi sürüdən aralanıb dağa dırmaşan kimi, biz də camaatdan, el-obadan ayrılıb təzə hoqqa çıxarmayacağıq ki! Səndən olsa, komsomol toyu eləyərsən!
    (Kişinin yaralı yerinə toxunur)
    Ata:
    -Noolub komsomol toyuna? Nəyini bəyənmirsiniz? Heyif deyil, ən yaxın adamları başına yığıb, səmimi bir məclis düzəldəsən. Heç kimin cibini güdməyəsən, məclisinə gələnlər də masanın üstündə iyirmi növ salat axtarmayalar. Gəlin də min manatlıq toy paltarı geyinməkdən ötrü sevgilisini ata-anası ilə düşmən eləməyə!
    Hələ təkcə nişanda nə qədər xərcə düşmüşük, bilirsənmi?
    Toyqabağı o qədər həngamə çıxarırsınız ki! (Əsəbi tonda) Kiçik elçilik, böyük elçilik, qızgördü, nişantaxdı, qabqaytardı, nə bilim, güzgüyəbaxdı, hamamagetdi! Gəlin evə gəlincə, adamın dərisi boğazından çıxır!
    Ana:
    - Niyə qışqırırsan e? Elin adətindən çıxaq deyirsən? A balam, sən də qız verəndə belə olacaq da!
    Ata:
    -Mən demirəm, elin adətindən çıxaq. Deyirəm, bu işlər bir az yüngülləşsə yaxşıdı. Vallah, bu millət yazıqdı. Toy  edən də peşman olur, toya çağırılan da! İki gənci biri-birinə qovuşdurmaq əvəzinə, bütün qohum-əqrəba yığılıb yazıqların başına oyun açır. Biri deyir, gəlin çirkindi, o biri deyir, bəyin beli əyridi, biri deyir gətirdikləri üzük saxtadı, o birisi deyir, yaxşı yemək vermədilər, bir başqası deyir, mənim havamı çalmadılar, o biri deyir, tamada mənə söz vermədi! Mən bilmirəm, bu camaat təbrikə, şənlənməyə gəlir yoxsa mız qoymağa?! Ta, başımı itirmişəm, belə də adət-ənənə olar?
    (Ana başını bulayır, heç bir söz demədən o biri otağa keçir)

     

     

     


    Qız: (gərginliyi aradan qaldırmaq məqsədilə)
    - Yaxşı da ata, sən canın əsəbiləşmə.
    “Qızıl qapı” olmasın, “Sərin bulaq” olsun. O da yaxşı saraydı, qiymətləri də nisbətən ucuzdu.
    Ata: (qayğılı şəkildə çənəsini ovuşdurur)
    -Nə bilim əşşi... (Birdən yadına nə isə düşür, qonşu otağa səslənərək:)
    - Ay qız, bura bax, yaxşı yadıma düşdü, bizim eloğlu Arifin də restoranı var, axı! Bəlkə toyu elə oradaca eləyək? Arif də pis oğlan deyil, aramızda xətir-hörmət var. İşdi, borclu qalsaq, pul düzələnə kimi gözləyə bilər...
    Qız: (ağlamsınaraq):
    - Ee, ay ata, orada yas məclisləri keçirirlər. Sən allah, bizi biabır eləmə!

    Ata:

    - Qızım, indi hamı belə eləyir, yası da, toyu da eyni yerdə yola verirlər. Nə fərqi var, xeyir məclisi ya şər məclisi! Mən kreditlə toy eləyirəm, siz kral sarayından dəm vurursunuz!
    Ana:
    - Bayaqdan bir-birimizi qırırıq, uşağın fikrini heç soruşmuruq. Bəlkə gədənin öz arzusu var?
    Həə, bir də onu deyəcəkdim axı, pulun üstündən beş yüz manat da götürmüşəm. Salon-malon, pal-paltar üçün. Üz-gözünü turşutma, Səbişlə ikimizə güclə çatacaq...
    Ata: (səsini qaldırır):
    - Necə əsəbiləşməyim? Gərək elə hökmən bahalı salona gedəsiniz? Buludlardan aşağı enə bilməzsiniz?! Mən bilmirəm, siz nə fikirləşirsiniz, ay müsəlman, birdəfəlik başa düşün ki, siz kommersant arvad-uşağı deyilsiz, adi bir santexnik ailəsisiniz!
    Oğul: (yan otaqdan çıxır, xeyli əsəbidi):
    -Vallah, bu evə ağıllı girən dəli çıxar! Az qalıram başımı götürüb qaçam. Nə qədər dığ-dığ olar? İndi ki biri-birinizi qırırsınız, mən də gedib qızı qaçıracam. Toy-moy olmayacaq, hamı da dincələcək!
    Ata:
    -Hə, sənə nə var, ailə yox, uşaq yox. Hamınızın dərd-səri mənim üstümdədi eey! Anan Aygün Kazımovanın getdiyi salonda saç düzəltdirmək istəyir, ta, xəbəri yoxdu ki, bank sabah üstümüzə dirənəcək. Ya bu saat pulu, faizi ilə qaytarırsan, ya da evi boşaldırsan! Mən də deyirəm, ayağınızı yorğanınıza görə uzadın da!
    Oğlan:

     

     

     

     

    Mən bilmirəm, evlənən sizsiniz, el-obadı, xalqımızdı, yoxsa mən? Dillənəniniz deyir, dost-düşmən var,  ayıbdı. Ancaq evlənən bədbəxtin gələcəyini düşünən yoxdu. Biz onsuz da bu evdə biraz yaşayandan sonra  kirayə mənzilə köçəcəyik. Onda heç kim maraqlanmayacaq ki, ay gənc ailə, ev kirayəsini verə bilirsənmi, nə  yeyib nə içirsən? İş yeri tapmısanmı özünə?

    Ata:

    Hə, oğul, mən də bayaqdan ondan danışıram, deyirəm, yəni, bir günlük dəbdəbədən ötrü, özümüzü pis günə salmayaq. Elə varlı adamlar deyilik ki, nəsə əskik olanda utanaq? Deyir, kasıbın olanından!

    (Bu zaman qapının zəngi çalınır, nişanlı oğlanın bibisi içəri daxil olur. Evdəkilərin hamısı ilə şən şəkildə öpüşüb görüşür.)

    Bibi:

    Qurban olaram təzə bəyimizə! Deyirəm, maşallah, uşaqlar necə  böyüyür e! Allah haqqı, bunun iməkləməyi hələ də gözümün qabağından getmir. İndi bəydi ee, bəy! Boyuna bibin qurban!
    (Oğlan bibisi ilə görüşdükdən sonra evdən çıxıb harasa gedir).
    Bibi: (üzünü qardaşına tutur):
    - A Mürsəl, bilirəm, sən köhnənin xəsisisən, səndən olsa uşağın toyunu çayxanada eləyərsən. Gördün də, aldığınız qızılı da bəyənmədilər, biabır olduq! Baax, indicə kişi ilə “Çaloynasın” restoranından gəlirik, tarixini də yazdırdım, behini də verdik. Əla yerdi, belə super ee, super! Özü də zaddı, plovu sehirli sandıqda pəhləvanlar gətirir, sandığın içindən bir alışdımyandım qız çıxıb, oynaya-oynaya stollara plov paylayır. Həə, qapının ağzında da nizəli-qalxanlı kişilər durur. Əsl mənim balama yaraşan saraydı!

    Ata: (həyəcanla)

    Ağız, sən nə danışırsan? Nizəni neynirəm, qarnıma soxacam? Sənə kim dedi axı, özbaşına saray danış?

    Bibi: (kəskin tonla)

    Əə, bilirsən nə var? Toy “Çaloynasın”da olacaq, qurtardı getdi!

    Ata:

    Ay allah! Ağız, sən nə danışırsan? Heç bilirsənmi orda stol neçəyədi?

    Bibi:

    Yaxşı bilirəm, hər stolun qiyməti 80 manatdı! Noolub əə, özünü niyə öldürürsən? Qonaqların gələcək, pulun da yığılacaq daa! Bax elə mən indidən yazdırdım, verdiyim behi nəmərə yazarsınız! (çırtıq çala-çala) Balama toy eləyəcəm ee, toy!!!

    Ata: (qəzəblə)

     Gedirsən bu saat o behi də qaytarırsan, adımızı da sildirirsən!!!

    Bibi: (əsəbi halda)

    O qorxaq, xəsis dayına oxşadığını  bilirdim, elə! Bax, qulağını aç, eşit! Mən beh qaytarası olsam, nə toyunuza gələcəm, nə də yengəlik eləyəcəm!

    (Ana, qız,  hərəsi bir tərəfdən atanı razı salmağa girişirlər.)

    Ata: (halsız vəziyyətdə divana sərilərək)

    Qoy olsun, ancaq toydan sonra hansı kolona düşsəm, heç olmasa arxamca “peredaça” gətirərsiniz...

    (son)