Xəbər lenti

  • 2017-02-19
  • 16:00 Qərbi Mosulun iki yaşayış məntəqəsi İŞİD-dən azad olunub
    15:27 ABŞ Cənub Şərqi Çin dənizinə aviadaşıyıcı zərbə qrupu göndərib
    15:02 Əfqanıstanda 14 nəfər donvurma nəticəsində ölüb
    14:43 Azərbaycanda xəstəxana yandı
    14:03 ABŞ Polşaya daha minə yaxın hərbçi göndərir
    13:34 İran nüvə silahı istehsal etmək niyyətində deyil
    13:08 Bakıda Dünya Kubokunun finallarına start verildi
    12:19 Konqoda silahlılar 25 dinc sakini öldürüb
    12:05 Sabaha olan hava proqnozu
    11:42 Ermənilər atəşkəsi 37 dəfə pozdu
    11:26 Bu bazar Vurğun Əyyub tövsiyə edir...
    11:25 Tramp: "Mən NATO-nun fanatıyam"
    10:42 Zannier:Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş yoxdur
    10:26 Mosulun qərb hissəsinin azad olunmasına başlanıldı
    10:12 Çində 2020-ci ilədək 74 hava limanı inşa olunacaq
    09:46 Həmid Rza Bakai prezidentliyə namizəd oldu
    09:35 Qatar relsdən çıxdı: ölən və yaralananlar var
  • 2017-02-18
  • 23:57 Çilidə 6,4 bal gücündə zəlzələ olub
    23:46 Şahan Gökbakar "Receb İvedik 5" qərarını açıqladı
    23:26 Binali Yıldırım Mayk Penslə görüşdü
    23:13 Misir Qəzza ilə sərhəd qapısını açdı
    22:53 Prezident Münxendə panel-müzakirədə iştirak edib
    22:38 Poroşenko: "Putin beynəlxalq hüququ pozur"
    22:15 Ərdoğanı seçkilərdən əvvəl prezident elan etdilər
    22:00 İrəvanda etiraz aksiyası keçirilir
    21:42 Tarif Şurası: "Həqiqətə uyğun olmayan məlumatlar gəzir"
    21:33 Qənirə Paşayeva: "Azərbaycanın arxasında Türkiyə var"
    21:07 Binali Yıldırım: "Türkiyə ordusu Raqqaya girməyəcək"
    20:54 Rusiya "DXR" və "LXR"in verdiyi pasportları tanıdı
    20:49 Prosineçki iddialara cavab verdi
    20:31 AKP üzvünə Atatürkü təhqir etdiyi üçün cinayət işi açıldı
    20:06 Türkiyə hava limanında bomba həyəcanı
    19:56 "Azadlıq" qəzetinin müxbiri əfv olunmaq üçün prezidentə müraciət etdi
    19:38 Elmar Məmmədyarov Rumıniyanın xarici işlər naziri ilə görüşüb
    19:15 Cocuq Mərcanlıda minaatan mərmi aşkarlandı
    18:55 Belçikada qatar relsdən çıxıb, ölən və yaralananlar var
    18:40 Ziya Məmmədovun saytları Ramil Usubovu "vurur"?
    18:32 Bu il Novruz bayramı necə keçiriləcək?
    18:11 Tayvan sahillərində zəlzələ - 4,4 bal gücündə
    17:54 Çin Şimali Koreyadan kömür idxalını dayandıracaq
    17:45 Elmar Məmmədyarov ATƏT-in baş katibinə Yerevan ofisini şikayət etdi
    17:26 Hulusi Akar prokurorluğa çağrıldı
    17:10 MHP müxalifləri referenduma "Yox" dedi
    16:57 800 uşaq qidadan zəhərləndi - YAPONİYADA
    16:45 Prezident BMT-nin baş katibi ilə görüşdü
    16:33 Şanlıurfadakı terraktı PKK törədib
    16:08 Ceyms Ceffrey: "Suriyanı Rusiya və İrana peşkəş çəkə bilmərik"
    15:54 "Milan" klubu Çinə satılır
    15:39 SOCAR İrana beynəlxalq şirkət yaratmağı təklif etdi
    15:32 Bu kinoteatr dünyada bir ilk olacaq
    15:10 Həbsdə olan zabit erməni nazirə açıq məktub yazdı
    14:56 İlham Əliyev Türkiyənin baş naziri ilə görüşdü
    14:43 Bu, həmin dövlətlərin Azərbaycanla olan münasibətlərindən asılıdır - Vahid Əhmədov
    14:27 ABŞ İranın nüvə silahı əldə etməsinə mane olacaq
    14:12 Neft Fondunun aktivləri azalıb
    14:11 Daha bir itkin düşən neftçinin meyiti tapıldı
    13:54 Netanyahu Trampı İsrailə dəvət etdi
    13:48 Azərbaycanda kreditlər ucuzlaşıb
    13:26 İndoneziyada Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib
    13:09 Azərbaycan prezidenti Münhendə Binəli Yıldırımla görüşüb
    12:51 Azərbaycan hərbçiləri beynəlxalq tədbirdə iştirak edir
    12:45 Belarus İranla neft tədarükünə dair saziş imzalayıb
    12:33 Fələstin İsrail arasında yenidən gərginlik
    12:05 Binəli Yıldırım və Merkel görüşdü
    11:58 İran Qarabağda keçiriləcək referendumu tanımır
    11:53 İstirahət gününə olan hava proqnozu
    11:50 İtaliyanın iqtisadiyyat naziri Bakıya gəlir
    19
    10:02:25
    Aprel
    1060 nəfər oxuyub

    Yaradıcı”nın növbəti qonağı Orxan Məmmədli…

    Orxan Məmməd oğlu Məmmədli Bakıda doğulub. Bir il Xəzər Universitetində oxuyub, daha sonra Mədəniyyət və İncəsənət Universitetində “Ədəbi yaradıcılq və ekran dramaturgiyası” ixtisası üzrə təhsilini davam etdirib. Hərbi xidmət keçib. Musiqi və idmanla məşğul olub. Avtomobilləri xoşlayır. Niyə yazır? Çünki sözləri ruhun kardioqramması hesab eləyir.


    Bakının hər şeyə susan küçələrində
    Səni tapmaq çox çətindir,
    həm də asan
    Ahını küləklər gətirir çünki,
    buluddan bilərəm indi hardasan


    Sən də bu şəhər kimisən
    işıqlısan... bahalısan...  gözəlsən
    İçində nalələr var, haraylar var
    Kasıb daxmalara kölgəsi düşən
    Qara pullarla ağ saraylar var


    Sən də bu şəhər kimisən...
    Sevirəm səni, qaçıram səndən
    Sən də bu şəhər kimisən...
    Geri vermədin, aldığını məndən


    düşündüm...
    titrədim,
    üşüdüm.
    öz başımı sığalladım.
    susdum
    ...
    içimdəki hönkürtümə
    bir az da çöldə ağladım.
    özümə su gətirdim
    guya sol əlim o-dur
    sağla həmyət elədim.
    içdim, 
    doydum...
    deyəsən təkəm axı.
    ...yaxşı ki, yastığım var.
    bircə saçları yoxdur.
    yaxşı ki, yorğanım var

    bircə qolları yoxdur.
    sevgi elə bir ünvan
    dönən yolları yoxdur.
    durum həyətə çıxım
    durum həyata baxım
    qonşuluqda qadına...
    ax, necə paltar asır...
    yəqin sabahlar da var
    o paltarlar quruyub
    harasa gedəcəklər
    kiməsə baxacaqlar
    kimisə sevəcəklər
    bəs, sənin paltarların...?!
    quruyubsa, geyin gəl.
    dodağını boyama
    saçlarını darama
    intizardan öləcəm,
    bircə tələs, yeyin gəl.


    ***

    adam var adama hopur,
    sevir bütün varlığıyla
    ayrılanda göylər qopur
    yer qalır çılpaqlığıyla
    adam var adamdan qaçır
    heyvanlara salır myelin
    hər şeyi adıynan deyir
    axmaq Qeys, qancıq Leyli
    adam var adamdan uca
    alçaqlığı tülkü boyda
    varmı o məqamdan uca?!
    tülkü qalır kürkü boyda
    adam var adamlığı var
    hörməti var, izzəti var
    heyf, çiy süd tamlığı var
    xainliyi xəlvəti var

     

    ***

     

    bir sevgiyə
    bir duaya
    bir sağola
    Allah adamları o qədər bağışlayır ki
    sağ ola-ola
    sənin bağışlamağın məni öldürər
    bircə məni bağışlama.
    çaşıb bağrına basarsan
    bir də bu eşqi başlama

    danışaram, 
    sən susarsan...
    baxma ki, saçlarım dənsiz
    üzümdə 10 il sonranın qocalığı...
    necə yaşamışam sənsiz
    içimdəki tənhalığı
    uzaqlara aparan mahnılarda
    getmədiyim uzaqlığı...?!
    gözündən düşmək istədim
    yanaqdan düşdüm bilirəm
    adımı içində gömdün
    necə sevmişdin... bilirəm
    tanıdığın adamların ən qəribəsiydim
    sənə doğman qədər evinin içi
    sənə indin qədər qərib səsiydim
    bircə məni bağışlama
    hələ ölmək istəmirəm
    Allah məni bağışlasın.

     

    ***

     

    Bilmirəm, nənələrim, babalarım üçün darıxıram, yoxsa uşaqlığım üçün. Tez böyümək istəyirdim. Qapımızın ağzındakı şkafa qələmlə işarələr qoyurdum. Hər yaydan sonra uzanmağım və uzanmalar məni fərəhləndirirdi. Mən hər gün böyümək barədə düşünürdüm. Əvvəlcə 15-i , sonra 20-ni hədəf seçdim. İndi 29 yaşım var. Napoleonun 24 , Elçin Quliyevin 34 yaşında general olması məni daha hərbiyə rövnəqləndirmir. Heç Ceyhun Osmanlının 28, Zahid Orucun 29 yaşında deputat olması da məni daha narahat eləmir. Amma bilirəm, bilirəm ki, ata nənəm indi, o dünya mövcuddursa, mənə görə, çox məyusdur. O istəyirdi ki, mən "Bakının yiyəsi" olum. Südün qaymaqlı, qatığın yağlı yerini, hinin təzə yumurtasını, təndirin ilk çörəyini mənə saxlayan nənəm, Bakının öz yiyələri var indi. Plana düşmək adıyla camaatı şəhərdən kənara köçürürlər, ay nə. Bilirsən, ay nənə, əslində səninçün, uşaqlığımçün darıxmağımın təhtəlşüurumda bir adı da var - ATAM. Adam elə adamçün elə darıxır ki, elə bil ürəyi yerindən çıxacaq. Başqa cür adam üçün...Yadımdadır, bir dəfə televizorda atamı göstərirdilər. Deyindin ki, anası ölmüş Məhəmməd yenə əllərini qoynuna qoyub. Qəzetlərdə belə şikli azıydı, indi də televizorda əli qoynundadır. Dedim, ay nənə, əli qoynunda olanda nolur ki?! Dedin ki, adamın anası-atası ölür, yetim qalır. Sən istəyərsən, bavannan mən ölüm?! Dedim yox, ay nə, bəs mənə mokruşok şalvarı kim alar?! 
    Mən ki, əlimi heç qoynuma qoymazdım, bəs noldu, ay nə...?! 
    Atamı son mənzilə yola salmağa gedəndə bir mitinq adamın içində babam dedi ki, çox arsız adamlarıq, arvad da, mən də... Biz dura-dura apar o cür oğulu Aşağı Nəvətavanın torpağına tapşır gəl. Babam ağlaya bilmirdi. Arada özünü elə aparırdı ki, güya xərifləyib. Amma xərifləməmişdi. Babam sadəcə ağlaya bilmirdi. Bir dəfə, 11-12 yaşım olardı, ilan arxın qırağında nənəmin düz ayağının üstündən keçdi. Nənəmin vay-şüvən qışqırığına mən doqqazdan çatana qədər babam ilanı yabaya keçirmişdi. Açıq sarıya çalan qabıqsız ilan idi. Nənəm dedi ki, ay Şanım, bax gör, ilan dəqiq öldü?! “Ay Şanım” nəyiydisə, babamın adı Nazim ola-ola nənəm ovqatının xoş vaxtında babama Şanım deyirdi. Bu Şanım nə Şanımıydısa, burda bir sevgi, bir güvənlik, bir az da intim nəsə vardı. Bu fəlsəfəni indi başa düşürəm. Amma həmin gecə ulduzların çıxmasını gözləmişdim ki, ilan ölsün.
    Məmməd Nazimoğlu adına yığışanların içərisində deputat, yazıçı, jurnalist, məmur, müəllim, traktorçu, əkinçi, kəndli də vardı. Ancaq mənim fikrim o adamın üzündəydi. Üzü təbiətə oxşayan adamın. Düşünürdüm ki, o da nəsə şeir düşünür. Bu dəqiqə fatihənin yerinə mollanın sözünü kəsib, öz misralarını ucadan deyəcək. Buna görə bir az narahat da olurdum. 
    Babamgilin həyətində Musa Yaqubun da iştirak etdiyi atamın cənazə namazından 2 ildən bir az çox vaxt keçdi. Soyuq yanvar ayının əvvəli idi. Kənddən zəng gəldi... Getdik, nənəmi dəfn elədik. Atamın gələn dostları da sağ olsun, tək qoymadılar vasvası kişini. Babam onlarla bir xeyli söhbət elədi. Kommunizmdən, Əliyevdən, sovet sədrliyindən, Bəxtiyar Cavadovdan, partşkoladan, SSRİ-dən danışdılar. İndi olmasın, lap elə indi olsun, Əliyevi yaman çox istəyirdi. Deyirdi, ağızları isti yerdədir. Çox şux danışırdı kişi. İçimdə bir balaca qeyzləndim də. Nənəmin hüzüründə babamın bu əhvalına biganə qala bilmirdim. Onda indiki düşüncəm deyildi. Adətə görə hamı kədərli görünməliydi. Babam ağlaya bilmirdi. Arada özünü elə aparırdı ki, guya xərifləyib. Amma xərifləməmişdi. Babam sadəcə ağlaya bilmirdi. Bəs niyə o vaxt ilanı öldürmüşdü, babam ağlaya bilmirdisə?!
    Qayıtdıq... 25 gündən sonra bir də o kəndə qayıtdıq. Nənəmin yanında, babamı dəfn eləmək üçün. 
    Bilirəm, mən bir də uşaq olmayacam. Heç siz də olmayacaqsız. Amma mən məcburən ruhların, o dünyanın varlığına inanıram. Atam var, siz varsız, axı. 
    Böyüdükcə başa düşürəm ki, adamlar o dünyasız yaşaya bilməzlər. "O dünya" haradasa bir ümiddir. Amma gəlin, öz dünyamızı yaşayaq hələki...

     

    ***

     

    Müharibənin qızğın vaxtları idi. Məktəbdən tapşırmışdılar ki, kimin evdə köhnə paltarları, geyinmədiyi ayaqqabıları, paltosu, kurtkası, dəftər-kitabı varsa, gətirsin, qaçqın uşaqlarına göndərəcəyik. Hərə qulpundan çıxanı gətirdi. Məktəbin həyətində bir-iki yük maşını dayanmışdı. Çeşidləyib yüklədilər. 
    Üstündən bir az keçdi. Dedilər ki, kimin evdə yun corabları, böyüklər üçün poliveri, ülgücü, sabunu, əlcəyi, şərfi varsa, gətirsin, əsgərlərimizə göndərəcəyik. Hərə qulpundan çıxanı gətirdi. Məktəbin həyətində bir-iki yük maşını dayanmışdı. Çeşidləyib yüklədilər.
    Üstündən bir az keçdi. Sinfimizə saçını yenicə qırxdırmış, yanaqları qırmızı, üstü-başı bizdən də səliqəli bir uşaq gəldi. Danışığı, yazmağı, oxumağı da rəvan idi. Bufetdə hamımızdan çox xərcləyirdi. Oğlanın adı yadımdan çıxıb. Dedilər, qaçqındı. Baxışlarımızı görəydiniz... 
    Sonra daha bir uşaq gəldi. Saçı səliqəsiz, yanaqları solğun, üstü-başı kirli. Qəhərdən danışa bilmirdi. Oxumağı qırıq-qırıq. Yazısı da  milxətt dəftərdə sanki güllələrdən əyilən adamlar kimi görünürdü. Qızın adı yadımdan çıxıb. Dedilər, qaçqındı. "Ürəyimiz yerinə gəldi".
    O çox səliqəli uşaq yaddan çıxdı. Amma o solğun üzlü arıq qız hər şeyiylə bizə deyirdi ki... Yox, o heç nə deyə bilmirdi. Müəllimənin dolmuş gözləri deyirdi. Tənəffüslərdə onu danışdırmışdı. Sinfə qayıdanda otaqdan barıt iyi, şaxsey-vaxsey səsi, mərmi gurultusu gəlirdi.
    Sonra televizorda Füzulini, Qubadlını, Zəngilanı göstərdilər. Sinfimizə tez-tez təzə uşaqlar gəlirdi. Solğun və yorğun bənizli uşaqlar...Tənəffüs zənginə diksinən uşaqlar. Başlarını əyən uşaqlar. Bufetə getməyən uşaqlar.
    Sonra məhlə-məhləyə davaların sırasına daha biri qoşuldu: "Qaçqınların məhləsi".
    Əvvəl-əvvəl əkmirdilər. 1 il keçdi, 2 il keçdi. Sonra məskunlaşdıqları qazmaların, çadırların, vaqonların qarşısında ağaclar əkdilər, toyuq-cücə saxladılar, işıq çəkdilər, ocaq yandırdılar. Gərək etməzdilər bunu. Əkməzdilər o ağacları. 
    Siz heç qaçqın düşərgələrində olmusunuz?! Siz heç qazma iyi bilirsiz nədir?! Vaqonların arxa tərəfindəki açıq tualetlərin iyini necə?! Yaşanılası deyil. Gərək əkməzdilər o ağacları.

     

    ***

    İmkanlı oğlan olduğumdan Bakıda qalıram. Sosial, maddi qayğılar o qədərdir ki... Bilirəm  ki, mənim kimi qalanlar çoxdur, yaşayanlar az. Şükür həm ərəblərin, həm də öz Allahıma, belə üzdən hər şeyimiz var. Maaşın yarıdan çoxunu kreditə, yola, mayasından 2 dəfə baha ərzaqlara və kommunala xərcləməsək, maaşda qaytarmaq şərtiylə borc alıb ayda 2 dəfə toya, təbiət göstərməsin, 1-2 dəfə də yasa gedib, firavan yaşayırıq. İqtisadi hesabatlarda millətimizin adambaşına illik gəliri 10 min dollardan çox göstərilən ölkədə adam ancaq başına baxa bilir. Ayaqlarına, əllərinə, ürəyinə, arzularına, mədəsinə adam kimi baxa bilmir. Eləcə, səhər güzgüdə saçını darayıb başına baxır, gedir işə. 
    Yolda gördüklərim, dost-tanışdan eşitdiklərim, işdə, dükanda, bazarda sezdiklərim güzəranın günü-gündən heç də yaxşı olmadığını xəbər verir. Sanki 3-4 il əvvəlki pul dövriyyədə yoxdur. Sanki, hamı bir-birinə düşmən kəsilib. Hamının üzündən, sözündən aqressiya yağır. Düzdür, biz daxilən mərhəmətli, qayğıkeş, təəssübkeş, yeməkkeş, tənbəl, paxıl, xain və sülhsevər camaat olduğumuzdan hər şeyin üstündən tez adlayıb keçirik. Amma vallah ömür də keçir. Bəlkə Ziyad Səmədzadə və Hadı Rəcəbli sosial rifahımızı yaxşılaşdırmaq üçün camaata hər cür şərait yaradıblar, biz yaşaya bilmirik?! Bəlkə, doğrudan da, ölkədə rüşvət, süründürməçilik, haqsızlıq, harınlıq yoxdur, biz özümüz bunu şişirdirik?! Bir dəfə iqtisadçı başbilənlərimizdən biri dedi ki, təqaüdləri, məvacibləri qaldırmaq potensialımız böyükdür. Amma bunu etsək, ciddi inflyasiya ilə üzləşə bilərik. Yəni işləyib, hesablamalar aparıb yorulmaqdansa, biz artırmırıq, inflyasiya da baş vermir. 
    Arada özümlə salamlaşanda düşünürəm ki, bəlkə mən müxalifətçiyəm, özümdən gizlədirəm. Yox, a toba. Kölgəmə baxanda bunu bilmək çətin deyil. Yalnız öz kölgəm var, öz mənliyimin kölgəsi.
    Bilirsən, ay ürək, hər şeyi zarafata, ironiyaya da sala bilmirəm. İçimdəki ənginliklər məni elə çəkir ki, elə bil, içimdə özüm ağırlığında yaralı bir adam oturub, onu sürüyüb çıxa bilmirəm bu qapanmalardan. Dünənin, bu günün Allahına inanmaya-inanmaya halımı soruşana bu günümüzə şükür deyirəm, sabahın Allahına inanıb inşallahla bitirirəm. Bilmirəm, içimi kimin, nəyin, hansı qurumun üstünə yıxım, başımı hansı duaya döyüm, kimi vurum, kimi söyüm?! Özümü Padre kimi hiss etməkdən yorulmuşam. Öz qayğılarım azmış kimi üzü buz olan bəndəniz biganə qala bilmir gördüklərinə, bildiklərinə. Sarsılıram. Yaxşılığa doğru heç nə dəyişmir sanki. Arzularım hər gün ilğımlaşdıqca bu monoton həyatın səhrasında çırta-çırt qovruluram elə bil. 
    Kimsə qapını döysün, indiki iç halımı unudacaq xəbəri gətirsin, xoş xəbəri. Orada arzularım, istəklərim, planlarım olsun. Mən az paxılam, bəşəri və dövlətçi adamam. Məsələn, müjdəçi desin ki, cənab prezident 5-6 il əvvəl işıq pullarını sildiyi kimi, hamının kreditini, təhsil haqqlarını, kommunal borclarını silir. Məsələn, desin ki, Qarabağı almışıq. Girovları qaytarmışıq. Desin ki, ata kəndinə də, ana kəndinə də yol da çəkəcəyik, su da. Arvadına de, ətin hamısını çəksin, sən kotleti xoşlayırsan. Uşağına istədiyi və istədiyin arzuları yaşada biləcəksən. Tutsun çiyinlərimdən, məni silkələsin ki, "ay qa, sən təkcə Bakı sakini yox, təkcə Bakıda qalan deyilsən. Sən həm də yaşayırsan. Başa düşürsən, yaşayırsan". 
    Hələliksə hər şeyə "olsun... olsun..." deyib, çox dərinə getməyək. Məncə hər şey yaxşı olacaq. Yaşayacağıq. Bəlkə yaşamaq belə olur?! Tüpürüm Avropaya.

     

    ***
     

    W - hərfi (uayə)
    Bakı mənəvi, mədəni, ekoloji, sosioloji, morfoloji, sintaktik, "qramotnu", anatomik, kriminal, seksual, ədəbiyyat, nəqliyyat cəhətdən bir az özünə gəlib. Təəssüf ki, bu çox çəkməyəcək, iş günləri başlayana qədər davam edəcək. 
    Bundan əvvəl Bakıya gələnlər şəhərdir deyə hər hərəkətlərinə, oturuşuna-duruşuna, səs tonuna, insanlarla davranışına, hətta ləhcəsinə belə fikir verərdi. İndi tərsinədir. Düşünürlər ki, Bakıdırsa, hər çür tərbiyəsizlik, cinayətkarlıq, özbaşınalıq eləmək olar. "Nobelə layiq" ağıllarıyla ədəbiyyat adıyla, məqalə soyadıyla, status kimliyiylə ağlına və ağzına gələn hər töhür şeylər yazmaq olar. Bəzən dərs də deyirlər. Əkini-biçini, təbiəti-torpağı qayğısız qoyub, gəlib burada asfaltın üstündə bəşəri ideyalar "kaçat" eləyirlər. Bilirsiz, dərs də vermək olar, ideya formalaşdırmaq da olar. Amma əvvəlcə siluetinizə, nailiyyətlərinizə baxın. Mən burda bakılı və əyalət, şəhərli-kəndli münasibətlərindən danışmıram. Mənim anam rayondan, atam da kənddən gəlib. Oxumağa gəliblər. Oxuyub bitirəndən sonra təyinatla hara göndəriblərsə, orda da işləyiblər. Pambığa da gediblər, təcrübə üçün nəşriyyatlarda fəhləlik də ediblər. Hətta atam suçu da işləyib. Qabarlı əlləriylə belə söykənib axar suyun şırıltısında təzə yetişən çiyidlərə baxıb. Universitet xəyallarını da təsvir eləmişəm. Bir çoxumuzun valideynləri, məhz, bu cür formalaşıblar. Zəhmətin nə olduğunu biliblər. İşləyiblər, oxuyublar, sonra şəhərdə qalıblar və biz doğulmuşuq. 
    İndi klaviyatura arxasından bəzən elə bəyanatlar, elə çağırışlar, elə narazılıqlar, elə müştəbehliklərin şahidi olursan ki, dfikirləşirsən, görəsən, bu adamın dədəsi-nənəsi neçə kiloluq qızıl küpün üstündə çörək yeyir. Gəlib Bakını bəyənmir. Küçəsinə tüpürür, adamlarına söyür, havasını korlayır, nəqliyyatına mane olur, ədəbiyyatına paz olur. Başa düşmür ki, onun narazı qaldığı tərəfləri özü kimilər yaradır. Öz rayonunuzda, şəhərinizdə, küçənizdə ayıb və qəbahət saydığınız işləri böyük şəhərlərdə də etməyin. Şəhərlər ölkənin, millətin simasıdır. Sizdən yaşca kiçik qohum-əqrabanıza da Bakı deyəndə bilsin ki, ora mədəniyyət sahilidir, sivil yaşam əhatəsidir. 
    İnciməyin. Mən də kənd-kəsək görmüşəm. Odun peçində fındıq qovurmuşam, babamla, əmimlə ota getmişəm. Pambıqçıları aparan traktora minməkdən ötrü “lapedin” dalıyca yüyürürdüm... Tarlada ninzaya oxşayan kənd qızlarının zümzümə eləyərək, qara qabarlı əlləriylə ağappaq ayaqlarını ovxalayıb, arx suyunda sərinlədiklərini görəndə isə düşünürdüm ki, yox e, Sovet dağılmalıdır. Pambıq xaralı ağır gəlsin deyə içinə torpaq da doldurmuşam. Bəlkə də elə Soveti mən dağıtmışam .
    Taxıl səpinini görmüşəm, yağış düşəndə torpağın ətrini ciyərlərimə çəkmişəm. Səhər o başdan bitkilərin şehli vaxtı alçanı dərib, arxda yaxalayıb, yeyib qarın ağrısına da düşmüşəm. Pəyə kürümüşəm, qoyun güdmüşəm, naxırda olmuşam, at sürmüşəm, barama təmizləmişəm, alaq eləmişəm, dəryazla ot çalmışam, odun doğramışam. Təndirə çörək yapanda, yuxa yayanda nənələrimə çır-çırpı da gətirmişəm. Dağa qanqala getmişəm. Çayda, arxda, kanalda, qobuda çimmişəm. Yəni kənd həyatında bələd olduğum xeyli şeylər var. 
    Mən anlayıram: kənddə həyat çətindir, iş yoxdur, böyük arzular böyük şəhərlərə gətirir və sair. Gəlin, yaşayın, amma mədəni yaşayaq. Utanaq. Kompleksimiz olsun ki, birdən cəmiyyətdə təpənin bu başından o başına "Uayəəə, Abuzəəər" deyib, "vızov" atan sayaq, avtobusda, metroda, kafedə, işdə telefona ucadan "alooo" deyib, aşağılığımızı nümayiş etdirməyək.
    Hörmətlə, kökü kəndli Orxan Məmmədli.