Müsahibimiz Azərbaycanın Türkiyədəki səfirliyinin Kayseridəki tələbə təmsilçisi, Erciyəs Universitetinin magistrı Elşən Qəmbərovdur.
- Elşən bəy, Erciyəs Universitetinin cəlbediciliyi nədədir?
- Erciyəs Universiteti Kayserinin gözəl bir yerində qurulub, burda istənilən fakültə var. Tibb, mühəndislik, ədəbiyyat, Şərq, Qərb dilləri, astronomiya, atom mühəndisliyi, biokimya, bioelektrik mühəndisliyi və sair. Bir sözlə, Erciyəzi XXI əsrə xitab edən bir universitet adlandıra bilərik. Hətta Türkiyədə 15-ci sıradadır. Tibb, mühəndislik və dil sahələrində ilk üçlükdədir, hətta bəzi dil bölümlərində birinci sıradadır. Məsələn, yapon dili fakültəsi bu il birinci oldu. İqtisadiyyat fakültəsində mənim müəllimlərimin hamısı Amerikada professorluq dərəcəsi alıblar. Universitetin fakültələrini xeyriyyəçi kayserililər tikib. Hətta rektorluq binasını da xeyriyyəçi inşa edib.
- Universitetin idman zalları, otelləri, istirahət mərkəzləri, hətta tramvay xətti də var. Bu sistem necə qurulub?
- Çox uzun planlı sistem işləyir və daha çox gənclərə xitab edir. Çünki universitetdə gənc beyinlər yetişdirilir və onların rahat edilməsi üçün hər cür şərait yaradılıb. Dediyiniz kimi, idman zalları, üzgüçülük hovuzları, tennis kortları, futbol, voleybol meydançaları, yəni idman üçün hər şey var. Türkiyədə iki-üç universitetdə tələbələrə xidmət edən tramvay xətti var. Məsələ ondadır ki, tələbələr yalnız yataqxanalarda qalmırlar, həm də kirayə tutduqları özəl mənzillərdə yaşayırlar. Universitetə gəlib-gedəndə çətinlik olmasın deyə avtobusla bərabər tramvay da istifadəyə verilib. Universitetin müəllimləri üçün “lojmanlar”-villalar ayrılıb, xarici və azərbaycanlı müəllimlər orda qalırlar. Tələbələr də yataqxanalarla bərabər lojmanlarda qala bilirlər.
- Tələbələr nəqliyyatdan pulsuz istifadə edirlər?
- Xarici tələbələr pulsuz istifadə edirlər. Amma Türkiyədən olan tələbələrə endirimli kartlar verilir, yəni normal vətəndaş bileti 2 tl-ə alırsa, tələbə üçün 1 tl-dir.
- Universitetdə azərbaycanlı tələbələr çoxdurmu?
- 70-ə yaxın azərbaycanlı tələbə var, onlar bakalavr, magistratura, doktoranturada oxuyurlar. Azərbaycanlılar daha çox iqtisadiyyat, beynəlxalq əlaqələr, maliyyə, tibb və mühəndislik fakültələrində təhsil alırlar.
- Təşkilatlanmanız hansı səviyyədədir, Azərbaycan səfirliyi ilə əlaqələriniz varmı?
- Təbii ki, var. Mən Azərbaycan səfirliyinin Kayseridəki tələbə təmsilçisiyəm.
- Universitetdə Azərbaycanla bağlı hansı tədbirləri keçirirsiniz?
- Daha çox Bayraq Günü, 31 dekabr Həmrəylik Günü qeyd olunur, Xocalı faciəsi xatırlanır. Universitet tərəfindən də bu tədbirlərə büdcə ayrılır. Bu tədbirlərdə millət vəkilləri ilə bərabər dünyanın nüfuzlu alimləri də iştirak edir.
- 70-ə yaxın azərbaycanlı tələbə Azərbaycan üçün həm də kadr bazası deməkdir. Sənin özün də yapon dili üzrə mütəxəssissən, bu mənada perspektivlər barədə düşünürsənmi?
- Təbii ki, hər bir azərbaycanlı tələbə ən yüksək səviyyədə təhsil almağa çalışır. Məqsədimiz Azərbaycana qayıdıb vətənimizə, millətimizə xidmət etməkdir. Bizim başqa düşüncəmiz ola bilməz. Fərqi yoxdur, dövlətin puluyla, ya öz hesabına təhsil alırsan, əsas, vətənə dönüb ölkəmizin inkişafı üçün çalışmaqdır.
|