The document has moved here.
|
||
“94-cü ildə ermənilər Qarabağda İran təyyarəsini vurublar” | ||
Məsələn, Təbrizdə hələ də “Qarabağlar” məhəlləsi var, İranda “Qarabaği”, “İrəvani” soyadlı minlərlə adam var ki, vaxtilə azərbaycanlıların yaşadığı Qarabağdan, İrəvandan köç ediblər. Onlardan, məsələn, tanınmış dövlət xadimi Məhəmməd Cavad İrəvani, həmçinin din adamı Seyid Əbdülməcid İrəvaninin adını çəkə bilərəm. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Son illər İran cəmiyyətində baş verən açılımlar orda yaşayan azərbaycanlılara da öz təsirini göstərib. Belə ki, yaxın dövrdə İranda azərbaycan dilində sənədli və bədii filmlər çəkilməyə başlanıb, azərbaycanlılar üçün teatrlar yaranmağa başlayıb. Bu günlərdə İrandan Bakıya gəlmiş azərbaycanlı rejissor Möhsün Hadi isə yeni bir missiya daşıyır. O “Dağlıq Qarabağda” baş vermiş hadisələri İran cəmiyyətinə yaxından tanıtdırmağa çalışır. Xeber365.com-a danışan Möhsün Hadi İranda Qarabağ münaqişəsinə xalqın münasibəti, azərbaycanlı ziyalıların həmrəyliyi, İran filminin, mədəniyyətinin inkişafında azərbaycanlıların rolu haqda ətraflı məlumat verib.
- Mən 1979-cu ildə Təbrizdə doğulmuşam, indi Tehranda sosiologiya üzrə magistratura oxuyuram. Təqribən, 10 ilə yaxındır ki, sənədli filmlər çəkirəm. Həmçinin jurnalistika ilə də məşğulam, mütəmadi qəzetlərdə sosioloji, mədəniyyət, kino mövzularında yazılarım çıxır. Bundan əvvəl isə Təbrizdə və Tehranda müxtəlif qəzetlərin redaktoru kimi çalışmışam. - Film sahəsində daha çox tanınan, sizə uğur qazandıran hansı işləriniz olub? - İranda ən çox tanınan filmim Kürdüstan müharibəsindən bəhs edən, yeddi bölümlü “Peşmərqan” filmidir. Film, 1980-84-cü illər arası İranın qərbində solçu kürdlərin törətdiyi iğtişaşlar və qırğınlardan bəhs edir. Həmin qırğınlar solçu-ateist kürd peşmərgələriylə mübarizə aparan müsəlman azərbaycanlılar və kürdlərə qarşı yönəlmişdi. İstəyirdim, filmimdə göstərəm ki, solçu kürdlərin apardığı mübarizə kürd azadlığı mübarizəsi deyildi. Çünki müharibədən sonra məlum oldu ki, solçu kürdlər daha çox elə kürd millətindən olanları qırıblar və axırda o solçu kürdlər İraqa gedib Səddama sığınıblar. “Peşmərqan” filmi İranda yaxşı yayıldı və hətta Tehran televiziyasında nümayiş olundu.
“Ermənilərin vurduğu İran təyyarəsindən çox adamın xəbəri yoxdur”
- Hardan yarandı Qarabağ haqda film çəkmək arzusu? - Qarabağ müharibəsi başlayanda mən uşaq idim və daim televiziyadan bu haqda eşidərdim, o zamandan Qarabağ ürəyimdə bir yara kimi qalıb. Daim Qarabağ müharibəsi, Xocalı soyqırımı haqda məlumat toplamaqla məşğul olmuşam, bu mövzu hər zaman diqqətimdə olub. 10-12 il öncə Tehrandaykən Həmədan azərbaycanlısı, tanınmış rejissor Rza Borci ilə tanış oldum. O 1993-cü ildə Dağlıq Qarabağa səfər edib, orda müharibəni müşahidə edib, çoxlu fotolar çəkib. Mən ona təklif etdim ki, Qarabağda gördükləri və çəkdiklərini kitab halına salsın ki, İranda gənclər orda baş verənlərdən xəbərdar olsun. O da bu ricamı xoş qarşıladı, ancaq indi xəstədir deyə, qərara aldım ki, özüm bu mövzuda bir film çəkim. Mənim çəkmək istədiyim mövzu çox adamın hələ də xəbərdar olmadığı bir mövzudur. Belə ki, günlərin bir günü dostlarım mənə Tehranda Abdullah Çitgər məzarlığında iki qəbir göstərdilər ki, qəbir daşlarından ölmüş adamların 1994-cü ildə Qarabağ müharibəsində şəhid olmuş iki ana və iki körpə olduğu aydınlaşır. O gördüyüm mənzərə məndə sual yaratdı, Tehrandan olan bir ailə müharibə zamanı Qarabağda nə gəzirmiş? Araşdırmalarımdan öyrəndim ki, onlar 94-cü ildə Novruz Bayramından bir gün öncə Moskvadan Tehrana qayıdan təyyarədə Qarabağın üstündən keçərkən təyyarə ermənilər tərəfindən vurulub və orda 32 nəfər iranlı şəhid olub. Şəhid olanlar İranın Moskvadakı diplomatları və onların ailələri imiş. Bu haqda məlumatı İranın o dövrkü xarici işlər naziri Əli Əkbər Vilayəti bir müsahibəsində bildirib. Ancaq niyə o təyyarə, məhz, Qarabağın üzərindən keçib, niyə İran təyyarəsi olduğu halda vurulub, bu haqda elə bir məlumat yoxdur. Məqsədim həmin hadisəni araşdırmaq və bir yandan da Qarabağ müharibəsinin tarixçəsini tamaşaçılara göstərməkdir.
“İran azəraycanlıları Qarabağı Qafqazın Fələstini sayırlar”
- Maraqlıdır, o taylı azərbaycanlıların Qarabağda baş verənlər haqda düşüncəsi nədir? - İranda yaşayan azərbaycanlılar Qarabağı da azərbaycanlıların, yəni öz torpaqları hesab edir, bu məsələyə çox həssasdırlar. Bu günlərdə baş verən “Dördgünlük müharibə” zamanı da bu dərindən hiss olundu. Xəritələrdə siyasi sərhədlər olsa da, xalq arasında hələlik sərhəd çəkilməyib. İranda hər kəs qəbul edir ki, Qarabağ işğal olunub və orda türklərə qarşı qırğın olub. Həmçinin dindar azərbaycanlılar da Qarabağı Qafqazın Fələstini sayarlar ki, orda müsəlmanlara daim zülm olunub. Bundan başqa bizim aralı düşməyimizin tarixi elə qədimə getmir. Məsələn, Təbrizdə hələ də “Qarabağlar” məhəlləsi var, İranda “Qarabaği”, “İrəvani” soyadlı minlərlə adam var ki, vaxtilə azərbaycanlıların yaşadığı Qarabağdan, İrəvandan köç ediblər. Onlardan, məsələn, tanınmış dövlət xadimi Məhəmməd Cavad İrəvani, həmçinin din adamı Seyid Əbdülməcid İrəvaninin adını çəkə bilərəm.
“İranda elmi-mədəni yeniliklərin çoxu Təbrizdən başlanıb”
- Biz tez-tez İranda yaşamış və dünyaca tanınan kino, ədəbiyyat, musiqi adamlarının adlarını eşidirik və onların əslində azərbaycanlı olduğunu sonradan öyrənirik. Bəs bizim İranda tanımalı olduğumuz məşhur azərbaycanlı mədəniyyət adamları kimlərdir? - İranda böyük türk tarixçisi, Azərbaycan tarixi üzrə araşdırmaçı, təbrizli Səməd Sərdarnianın İran tarixində çox mühüm rolu olan bütün azərbaycanlıların haqqında “Təbriz şəhri-əvvəlinha” adlı bir kitabı var. Orda İran üzrə elm, texnologiya, mədəniyyət sahəsində ilk nailiyyətlərin siyahısı verilib və görünür ki, elmi-mədəni yeniliklərin çoxu Təbrizdən başlanıb. Məsələn, ilk nəşriyyat, ilk kinoteatr, ilk futbol akademiyası, ilk kitabxana, ilk metro, ilk mehmanxana Təbrizdə yaradılıb. İranda ilk moder-dünyəvi məktəbin və həm də modern təhsil sisteminin yaradılması təbrizli Mirzə Həsən Rüşdiyyənin adı ilə bağlıdır. O, əvvəlcə məktəbini Təbrizdə, sonra isə İranın digər şəhərlərində yaradıb, həmçinin lal-kar uşaqlar üçün ilk məktəbi də Təbrizdə Cabbar Baxçivan açıb. Ədəbiyyat sahəsində Rza Bərəhani, Pərvin Ehtisami, Qulamhüseyn Saidi, Məmmədhüseyn Şəhriyar kimi dünyaca tanınan yazar və şairlərimiz olub.
“İranda azərbaycanlılar özlərini azlıq kimi görmürlər”
- Bəs həmin ziyalılar arasında kimlik məsələsində həmrəylik varmı? - İranda yaşayan ermənilər, yaxud yəhudilərdə hər şey fərqlidir. Onlar özlərini kənardan gəlmiş kimi aparırlar və cəmiyyətə qarışmırlar, lakin azərbaycanlılar elə deyil. Orda azərbaycanlılar özlərini azlıq kimi görmürlər. Məsələn, bir dövlət idarəsinə getsən, hətta prezidentin ofisinə belə gedib araşdırsan, hər on nəfərdən dördü-beşi türkdür. Ona görə də kimliklə bağlı məsələlərdə türklər həmişə həmrəy olarlar. Xüsusilə, azərbaycanlılara nə isə xətər dəyəndə, milli kimliklərinə qarşı bir əməl olsa, hər bir türk, azərbaycanlı o məsələdə həmrəyliyini, dəstəyini verər. Hətta İranda digər xalqlar həmişə deyərlər ki, türklər başqa xalqlara nisbətən bir-birlərinin tərəfini daha çox tutur, daha çox müdafiə edir bir-birlərini.
“İran dövlətin filmin inkişafı üçün hər il rejissorlara subsidiyalar ayırır”
- İranda film sənayesinin inkişafı hansı yolla baş verib. Necə olur ki, rejissorlar film çəkir və ondan pul qazana bilir? - İranda filmləri ya dövlət sifariş verir, ya da sponsorlar maliyyələşdirir. Bəzi dünyaca məşhur rejissorlar filmləri öz pulları ilə çəkirlər. Film hazır olduqdan sonra o kinoteatrlara prokata verilir. İranın bir-iki ucqar şəhərindən başqa əksər əyalətlərində və şəhərlərində kinoteatrlar fəaliyyət göstərir. Bundan əlavə çoxlu festivallar var ki, orda nümayiş olunan filmlər yer tutanda pul mükafatı alırlar. Həmçinin dövlətin filmə ayırdığı qarşılıqsız subsidiyaları da var ki, həmin subsidiyaların köməyilə də xeyli film çəkilir.
Söhbətləşdi: Namiq Hüseynli
|
||
|
||
“94-cü, ildə, ermənilər, Qarabağda, İran, təyyarəsini, vurublar”, , |
|