Müsavat Partiyasının 27 sentyabrda keçirilən VIII qurultayındapartiya sədrliyinə əsas namizədlərdən Qubad İbadoğlu və tərəfdarlarının narazılığı Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) təsis olunması ilə nəticələndi. Qubad İbadoğlu ilə söhbətimizdə də ADR-in son vaxtlar intensiv şəkildə təşkilatlanması, məqsəd və məramlarının Müsavat Partiyasıyla ziddiyyət təşkil edəcəyi məqmalara toxunduq.
- Qubad bəy, söhbətimizi Azərbaycan Demokratiya və Rifah Hərəkatından (ADR) başlamaq istərdim. Son vaxtlar hərəkat barədə informasiyaların artması və təşkilatlanma yeni partiya anonsu deyilmi?
- Əvvəla, hərəkatın partiyadan daha böyük fəaliyyət olduğunu düşünürəm. Bilirsiniz ki, vaxtilə yaradılan AXC bir neçə partiyanın formalaşmasında əhəmiyyətli rol oynayıb. Ona görə hesab etdik ki, fəaliyyətimizi ictimai birliklər, hərəkatlar haqqında qanunvericiliyə əsasən qurmalıyıq. Yaxın dövr üçün fəaliyyət istiqamətlərimiz ADR-in təşkilatlanması, institutlaşması və qurumun proqram fəaliyyətinin təqdimatıdır. Növbəti iki ay təşkilatlanma və şəbəkələnmə məsələlərini həll etmək niyyətindəyik, söhbət yanvar və fevral ayından gedir. Ondan sonra hərəkatın proqram fəaliyyətinə start verəcəyik. Bu da hərəkatın 2014-18-ci illər üçün strateji planı çərçivəsində hazırlanır. Bu ərəfədə ADR ictimai fəaliyyətlə məşğul olmalıdır və yaxın dövr üçün hərəkatın qarşısında siyasi məqsədlər dayanmayıb.
- Düzdür, hərəkatın partiyaya çevrilməsi bu ilin proqramında yoxdur, amma bu məsələnin nə vaxtsa gündəmə gələ biləcəyini də söyləmisiniz...
- Təbii, bu, alternativlərdən biri ola bilər. Hərəkat öz-özlüyündə bizim ictimai məqsədlər üçün həyata keçirəcəyimiz missiyamızı təmin edəcək. Amma hərəkatın genişlənməsi, sabah siyasi arenada tanınıb, qəbul edilməsi ADR-in müəyyən fopmada siyasi partiyaya transformasiya olunma imkanlarını artıra bilər. Yəni biz prosesin gedişindən, eyni zamanda siyasi vəziyyətdən, mühitdən və təlabatdan asılı olaraq hərəkatın daha çevik formalaşması və fəaliyyətimizin davam etdirilməsi üçün zamanında qərarlar verə bilərik. Bu halda siyasi partiya alternativlərdən biri ola bilər.
- Çıxışınızda siyasi yox, ictimai hərəkat ifadəsini işlədirsiniz, amma hərəkatın adında demokratik sözü də varsa, ADR həm də siyasi hərəkat deyilmi?
- Əslində Azərbaycanda demokratiya ilə yalnız partiyalar məşğul olmurlar. Vətəndaş cəmiyyətinin üzvü olan QHT-lər və media özü də demokratiya istiqamətində fəaliyyətini həyata keçirir. Bu mənada demokratiya sözünü sırf siyasi mənada işlətmirik. Təbii ki, demokratiya siyasi anlamda Azərbaycan cəmiyyəti üçün daha çox töhfə verə bilər. Amma hərəkatın iki komponentdən ibarət olduğunu da nəzərə alın. Bir hissəsi siyasidirsə, digəri sosial-iqtisadidir. Biz Azərbaycanda demokratik institutların formalaşmasına dəstək vermək və demokratiyanın təminatı üçün öz proqramlarımız və konsepsiyalarımızla mübarizə aparmaq istəyirik. Eyni zamanda Azərbaycanda sosial-iqtisadi problemlərin həllində ADR-in imkanlarından istifadə etmək niyyətindəyik. Hesab edirik ki, ADR Azərbaycanda siyasi islahatların aparılması üçün öz təkliflərilə çıxış edə bilər, xüsusilə bu, fundamental azadlıqların qorunması, siyasi məhbuslarsız bir məmləkətin formalaşması və bütövlükdə vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsi məsələlərilə əhatə oluna bilər. Bununla yanaşı Azərbaycan üçün həlli vacib olan məsələlərdən biri də neft gəlirlərinin ədalətli bölüşdürülməsi və iqtisadiyyatın vətəndaşa xidmət edən islahatlara məruz qalmasıdır. Bununla bağlı təkliflərimizi zaman-zaman ictimailəşdirmişik.
- Sadaladıqlarınızı Müsavat Partiyasında etmək mümkün deyildimi?
- Bununla bağlı qarşıya qoyduğumuz məqsəd ondan ibarət idi ki, partiyanın özünü gücləndirilməsinə və işinin yenidən qurulmasına nail olaq. Yəni partiyanın işinin yenidən qurulması ilə bağlı təşəbbüslərə münasibət bizim təqdim etdiyimiz konsepsiya və proqramlara yanaşmadan fərqlidir. Bu məsələlər partiya strukturlarında müzakirə olunmalıdır. Mən partiyanın qurultaydan sonrakı fəaliyyətinin gücləndirilməsi ilə bağlı tövsiyyələr paketini hazırlayıb rəhbərliyə təqdim etdim. Ki, partiyanın məclisi müzakirə etsin və növbəti dövrdəki fəaliyyətini bunun üzərində qursun. Bu təkliflər uzun müddət müzakirədən kənarda qaldı. Ötən ilin sonunda isə 2015-ci ilin fəaliyyət proqramı elan olunarkən sənədin bizim təklif əsasında hazırlandığı məlum oldu. Amma təkliflərin icrası və reallaşdırılmasıyla bağlı narahatlığımız var. Çünki partiyada hər bir üzvün potensialından istifadə baxımından müəyyən çətinliklər və baryerlər var. ADR-da heç bir baryer yoxdur, biz dürüstlük və səmimiliyi, mənəvi-əxlaqi dəyərlərin önə çıxarılmasını, zəkaya, intellektə üstünlük verilməsini, bütövlükdə fəaliyyətimizin açıq və şəffaf olaraq həyata keçirilməsini hərəkatın prinsipləri elan etmişik. İndiki halda bu, o qədər də asan görünmür. Səbəb də odur ki, bu gün Azərbaycan siyasətində -həm müxalifətdə, həm iqtidarda ən ciddi problem əxlaq və mənəviyyat problemidir.
- Yəni Müsavat Partiyasında dürüstlük, səmimiyyət, etik məsələlərlə bağlı problem var?
- Bilirsiniz, cəmiyyətdən fərqli bir şey görmürük. Cəmiyyət necədirsə, siyasi partiyalar da həmin vəziyyətdədir. Hesab etmirəm ki, Müsavat Partiyasında cəmiyyətdəki mövcud problemlərdən daha yaxşı əxlaqi-mənəvi mühit var. Bu, bütövlükdə cəmiyyətin problemidir. Cəmiyyətin problemini həll etmək üçün də ilk növbədə özün dürüst, səmimi, şəffaf və əxlaqi-mənəvi dəyərlərə malik olmalısan. Bu cür insanlar o qədər də çox deyil. Amma biz istəyirik ki, ADR həm də cəmiyyətə müəyyən mesajlar versin. Ki, həqiqətən də Azərbaycan cəmiyyətində ictimai-siyasi fəaliyyətlə əxlaqi-mənəvi dəyərlərə malik olan şəxslər də məşğul ola bilər. Çünki cəmiyyətdə belə fikir formalaşıb ki, siyasət çirkindir, kim siyasətlə məşğul olursa, çirkaba batır, siyasətçi ikiüzlü, hiyləgər, riyakar olmalıdır. Əslində bunlar Azərbaycan siyasətində mövcud olan problemlərdən qaynaqlanır. Bütün Avropada, normal sivil ölkələrdə qurulan modern partiyalarda siyasət şəffaf və dürüst şəkildə aparılır. Biz bu nümunəni də Azərbaycan siyasi-ictimai arenasına gətirib ADR vasitəsilə təqdim etmək istəyirik.
- Ola bilər növbəti sualım da təkrar olsun, bütün bunları partiya daxilində gündəmə gətirə bilməzdinizmi? Çünki partiya rəhbərliyi bildirir ki, hər hansı üzvün hərəkat yaratması nizamnaməyə ziddir...
- Partiya üzvünün hərəkat yaratması heç bir nizamnaməyə zidd deyil. Partiyanın nizamnaməsi “Siyasi partiyalar haqqında” qanunun normaları əsasında formalaşıb. Bu mənada nə mövcud qanunvericilik, nə də partiya nizamnaməsi hər hansı bir partiya üzvünün ictimai hərəkatda təmsilçiliyi ilə bağlı qadağa və məhdudiyyət qoymur. Sualın birinci hissəsinə gəlincə, ADR üzvləri yalnız Müsavat Partiyasının üzvləri deyil. Hərəkatda müxtəlif siyasi partiyalarda təmsil olunan şəxslər var.
- Ancaq əksəriyyət müsavatçılardır...
- Hər halda fəaliyyət imkanlarımız harda genişdirsə, daha fəal olmaq niyyətindəyik. Bu, daha geniş kontekstdə təşkil olunmuş ictimai hərəkatdır. Düşünürəm ki, hərəkat müxtəlif keçmişi olan şəxsləri birləşdirməklə və onların fəaliyyətini qurmaqla partiyalardan fərqlənəcək.
- Siz də, Vurğun Əyyub da Müsavat Partiyasındakı proseslərdən həm də şəxsiyyətə pərəstişə görə uzaqlaşmısınız. Amma mətbuatda ADR haqqında məlumatlar Qubad İbadoğlunun hərəkatı adıyla gedir. Bu sizi narahat etmirmi?
- Bu məni həddindən çox narahat edir. Mən mətbuatın bu cür yanaşması ilə razılaşmıram. Münasibətimi sosial şəbəkədə də bildirmişəm və mətbuat orqanlarına da bu məsələni ikitərəfli qaydada çatdırmışam. Bizim məqsədimiz ondan ibarətdir ki, həqiqətən də kollegial qaydada idarə olunan, şəffaf fəaliyyət göstərən və eyni zamanda, üzvlərin iradəsini özündə əks etdirən bir hərəkat olsun. Biz Müsavat Partiyasında uzun illər bir nəfərin xarizması əsasında formalaşmış dövrü yaşadıq və o dövrün müəyyən çətinliklərini də gördük. Çox tez-tez təkrarlayırlar ki, Şərqdə xarizma çox vacib məsələlərdən biridir, siyasi partiyaların idarə edilməsində bu əhəmiyyətlidir. Mən bunun tamam əleyhinəyəm və düşünürəm ki, bu gün Azərbaycan üçün siyasi partiyaları indiki vəziyyətə gətirən, məhz, elə xarizmatik liderlərin partiyalarda uzun illər idarəetmə aparatına rəhbərlik etməsidir. Siyasi partiya özü bir kollegial orqandır, partiyada üzvlərin iştirakının təminatı istiqamətində elə bir institut formalaşmalıdır ki, bu, bir nəfərin iradəsindən asılı olan qərarların verilməsiylə nəticələnməsin. Azərbaycanın müxalif siyasi düşərgəsinin ən böyük bəlası budur. Biz Müsavat Partiyasında bunun ciddi fəsadlarını yaşadıq. Istəyirdik, partiyanı xarizmatik liderdən daha kollegial, açıq, şəffaf və modern bir partiyaya çevirək. Bu keçid dövründə bəlli oldu ki, problem yalnız liderlərlə bağlı deyil, həm də üzvlərlə bağlıdır. Çox təəssüf ki, üzvlər həmişə bu istiqamətdə qərarların verilmısində bir nəfərin əhəmiyyətli rolu olduğunu düşünürlər. Bu məsələ Azərbaycanda partiyalaşma sisteminin inkişafı üçün ən böyük əngəldir. Mən, ümumiyyətlə, xarizmatik lider olaraq prosesin inkişaf etdirilməsində maraqlı deyiləm. Əsas məqsədim ondan ibarətdir ki, ADR, üzvlərin bir institutu və təşkilatı kimi tanınsın. Yəni biz bu hərəkatı adı ilə çağıraq, şəxslərə bağlamayaq. Elə bu tribunadan istifadə edib öz mesajlarımı da çatdırmaq istəyirəm. Hətta mən ictimai birlikdə belə həmin problemi yaşamışam. Bir vaxtlar İqtisadi Təhqiqatlar Mərkəzinə rəhbərlik edəndə fəaliyyətimizi qiymətləndirən xarici ekspertin ən böyük iradı ondan ibarət idi ki, bu təşkilat sizin adınızla tanınır. Ona görə mən təşkilatın İdarə Heyətindən istefa verdim və yalnız ekspert kimi fəaliyyət göstərdim. Bu mənada ADR-in bir adamın adıyla bağlanmasından çox narahatam.
- Müsavat Partiyasına münasibətdə fərqlilik hiss olunur. Məsələn, məclisin toplantısında Vurğun Əyyubun çıxarılmasına siz təəssüflənirsiniz, amma onun özü məclisi legitim hesab etmir və narahat olmadığını da dilə gətirir. Bu, sizin və Vurğun Əyyubun, yəni ADR-i təsis edən əsas iki şəxsin Müsavat Partiyasına münasibətdə fikir ayrılığı olduğunu göstərmirmi?
- Əslində hər ikisi eyni məqsədlər üçün səsləndirilmiş fikirdir. Hər ikimiz bu məsələnin məclisdə müzakirəsini yanlış hesab edirik. Vurğun bəy məclis üzvüdür və məclis üzvlərini legitim saymır, buna onun müəyyən əsasları da var. Həqiqətən də qurultay məclisə seçilən üzvləri təsdiq etməyib. Yəni üzvlərin seçkisi keçirilib, nizamnaməyə görə qurultay bu seçkinin qaliblərini təsdiq etməliydi. Bu mənada prosedur pozuntusuna yol verilib. Ona görə partiyanın formalaşmış institutları arasında məclis də qeyri-legitim təşkilat kimi qəbul olunur. Mən məclisə namizədliyimi verməmişdim və seçilməmişdim. Əgər məclis üzvü olsaydım, onun legitimliyini tanımazdım. İndiki halda yenə də partiyanın nizamnaməsinə əməl olunmayıb. Belə olduqda məclisin qəbul etdiyi qərarlar da şübhə doğurur. Hesab edirəm ki, indiki vəziyyət partiyadaxili münasibətlərin gərginləşməsinə xidmət edir. Partiyanın işinin yenidən qurulması və gücləndirməsi vasitələrindən biri də məclisdir. Məclis aparıcı rol oynaya bilərdi, əgər həqiqətən də biz onun və partiya üzvlərinin potensialından istifadə etsəydik. Amma partiyada bir qrupun potensialından istifadə qərarı verilib. Ona görə eyni adamlar həm müavin, həm də məclis sədri olurlar, sonradan da yenə həm müavin, həm də icra aparatının rəhbəri olurlar. Bəlli olur ki, bu qrup çox məhdud bir dairədə fəaliyyət göstərir və onların bu istiqamətdə insan resursları elə də geniş deyil. Elə buna görə iki böyük məsələdə problem yaranır. Birinci ondan ibarətdir ki, həm icra, həm qanunverici strukturda eyni qrupu təmsil edənlər əyləşib. Bu, partiyadaxili rəqabət mühitinin formalaşmasında çətinlik yaradır. İkinci, hazırkı rəhbərlik partiyanın potensialından yetərincə istifadə etmir. Bu isə son nəticədə partiyanın zəifləməsinə gətirib çıxaran əsas amillərdən biri olacaq.
- Qubad bəy, sizinlə söhbət zamanı iqtisadi məsələlərə toxunmamaq mümkünsüzdür. Neft hər həftə ucuzlaşır, bu barədə xəbərlər geniş müzakirə və təhlil olunur. Azərbaycandakı yanaşmalar iki mövqeyi ortalığa qoyub. Birincilər neftin ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsir edəcəyini deyir və siz də belə düşünənlərdənsiniz. İkincilər, yəni hakimiyyəti müdafiə edənlər - bu sırada qardaşınız Vüqar Bayramov da var - “təhlükəsizlik yastığı” kimi Dövlət Neft Fondunu əsas götürərək bu prosesin təsir etməyəcəyini bildirirlər. Siz necə düşünürsünüz?
- Təsirlər artıq var. Azərbaycan uzun müddətdir ki, əhalinin əmanətlərindən vergi tutmurdu, prezidentin fərmanı ilə verginin tətbiqi haqda güzəşt var idi, yəni hər il əmanətlərdən olan gəlirlərin vergiyə cəlb olunması təxirə salınırdı. Bu il hökumət ona getmədi, çünki hakimiyyət bilir ki, dövlət büdcəsinin formalaşmasında neft gəlirlərinin rolu əvvəlki qədər geniş olmayacaq. İndiki halda Neft Fondunun yığımlarından istifadə etməyə məcburuq. Bəli, mən yaxın bir il üçün ciddi təsirlərin olacağını gözləmirəm. Çünki fondun ehtiyatları bu prosesdə sabitləşdirici rol oynaya bilər. Amma gedişat son nəticədə başqa fəsadlar da verə bilər. Bilirsiniz ki, Azərbaycanın çox böyük öhdəlikləri var və bunlar strateji əhəmiyyət kəsb edir. Bir tərəfdən neft pullarını cari, istehlak məqsədləri üçün istifadə edəcəyik. Sonra strateji layihələrin maliyyələşməsində hansı mənbələrdən istifadə olacaq? O zaman Azərbaycan üçün yeganə yol borca girmək olur. Ən təhlükəlisi də odur ki, Azərbaycan mövcud vəziyyətdə öhdəliklərini yerinə yetirmək üçün borclarını sürətlə artıra bilər və bunların qaytarılması da gələcək nəsillərin üzərinə düşür. Deməli, gələcək nəsillərin payını daha sürətlə xərcləyir və mənimsəyirik, başqa tərəfdən də gələcək nəsillər üçün əlavə borc öhdəlikləri yaradırıq. Bu, Azərbaycan iqtisadiyyatının gələcəyi üçün təhlükə yarada bilər. Ona görə deyirəm ki, iqtisadiyyatımız bu il vəziyyətdən çıxsa da, növbəti illərdə əhəmiyyətli problemlərlə üzləşəcək. Başqa tərəfdən də neft qiymətləri daha uzun müddət aşağı səviyyədə olsa, Azərbaycanın strateji layihələri sual altında qalacaq. Yalnız rəsmi Bakı yox, müəyyən öhdəliklər götürən neft şirkətləri də öz öhdəliklərini yerinə yetirə bilməyəcək. Əslində neftin qiyməti artmasaydı, BTC də olmazdı. Çünki BTC layihəsi təsdiqlənsə də, ora investisiya qoyulması istiqamətində şirkətlərin uzunmüddətli tərəddüdləri oldu. Neftin qiyməti artandan sonra onlar gördülər ki, bu investisiyadan həqiqətən gəlir götürəcəklər. Amma indiki halda strateji layihələrə maraq itə bilər. Bu isə o deməkdir ki, Azərbaycan özü də ölkə kimi maraqsızlaşa bilər. Axı, Azərbaycanın TANAP və TAP kimi investisiya öhdəlikləri var, bunlar isə ciddi suallar doğuran məsələlərdir. Bütün hallarda hamısı neft qiymətlərindın asılı durumdadır.
|