The document has moved here.
|
||
Akif Qurbanov: “Onlar istəyir ki, vətəndaş cəmiyyəti olmasın” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Son günlər Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) arasında yaşanan gərginlik sosial şəbəkələrdə müzakirə olunur. ARDNF-dən narazı kəsimin əsas fiqurlarından olan olan Demokratik Təşəbbüslər İnstitunun rəhbəri Akif Qurbanov öz feysbuk hesabında baş verən gərginliklə bağlı fikirlərini yazıb. O iddia edib ki, ARDNF baş verənlərin əsl mahiyyətini gizlətmək və özünə sərf edən şərait yaratmaq üçün prosesə qeyri-qanuni müdaxilə edir.
Xeber365.com məsələyə aydınlıq gətirmək üçün Akif Qurbanovla əlaqə saxlayıb:
– Akif bəy, MHŞT ilə ARDNF arasında nə baş verir?
– Bütün bunlar çoxdan gözlənilən idi. O nöqteyi-nəzərdən ki, 2016-cı il 30 apreldə Koalisiyanın Ümumi Yığıncağından sonra yeni seçilmiş Koalisiya Şurasının tərkibi təəssüflər olsun ki, hökumət tərəfini qane etmədi və Koalisiya Şurası hökumətin nəzarətindən çıxaraq müstəqil vətəndaş cəmiyyətinin nümayəndələrinin iradəsi altına keçdi. Nəticə də təbii ki, onları qane etmədi və seçkini hakimiyyətyönlülərin keçirməsinə, əvvəl-əvvəl o seçkinin nəticələrini tanımaqlarına baxmayaraq, sonradan hansısa daxili yazışmaları əldə əsas tutub, Şuranın legitimliyini şübhə altına almağa çalışdılar. Ancaq yenə Şura öz fəaliyyətini icra eləməyə başladı. Son toplantıda bizim Beynəlxalq İdarə Heyətinə müraciətimizi, müraciətimizdə göstərilən əsasları İdarə Heyəti qəbul etmiş oldu və Azərbaycanda vətəndaş cəmiyyətinin güclənməsinə dair konkret 3 tələb irəli sürüldü, o 3 tələbin icra olunmayacağı təqdirdə Azərbaycana MHŞT prosesində müşahidəçilikdən məhrum olmaqla bağlı xəbərdarlıq edildi.
– Bəs bu proses zamanı sizin mövqeyiniz necə oldu?
– Biz də həmin müraciətə uyğun olaraq vətəndaş cəmiyyətinin problemlərinin aradan qaldırılması istiqamətində İdarə Heyəti sədrinin ölkəyə səfərini, dövlət başçısı ilə görüşünü arzulamışdıq. Onlar da bu təkliflə razılaşıb, Azərbaycana gəldilər, ölkə başçısı ilə, Koalisiya Şurasının üzvləri ilə görüşdülər. Sonra bizi dinlədilər. Məlum oldu ki, indiki situasiyada hökumət son prezident fərmanıyla, Nazirlər Kabinetinin qərarlarıyla İdarə Heyətinin qərarında göstərilən tələblərin yerinə yetirilməsində guya ciddi addımlar atıldığını göstərməyə çalışır. Halbuki qanunda heç bir dəyişiklik baş verməyib. Üstəlik, İdarə Heyətinin 3 tələbinin heç biri aradan qaldırılmayıb, ona doğru heç bir ciddi addım atılmayıb.
Bizimlə görüşdükdən, real həqiqətləri eşitdikdən sonra aydın oldu ki, hökumət hər hansı bir ciddi addım atmır və belə bir niyyəti də yoxdur.
– Bəs bir ay sonra keçiriləcək İdarə Heyətinin toplantısından nələr gözləyirsiniz?
– Orada Azərbaycanın məsələsi müzakirə olunacaq. Həmin İdarə Heyətinin sədri də bizə bildirdi ki, bütün məlumatları bölüşəcək. Onun özü də başa düşür ki, elə bir ciddi dəyişiklik baş verməyib. Deməli, Azərbaycanın durumu asan olmayacaq. Belə bir vəziyyətdə artıq hökumət başa düşür ki, vəziyyət çox kritik həddə gəlib.
Belə bir qayda var: hər il çoxtərəfli qrupun üzvü olan vətəndaş cəmiyyəti təmsilçilərinin tərkibi dəyişir. Biz də reqlamentə uyğun olaraq yeni heyəti seçdik. Şura hökumətin nəzarətindən çıxıb və yeni çoxtərəfli qrupun da tərkibi daha çox müstəqillərdən ibarətdir. Belə olduğu halda qrup toplantısında həm mövcud problemlər, həm də Koalisiya Şurasındakı vətəndaş cəmiyyəti üzvlərinin obyektiv mövqeyi hökuməti çox çətin vəziyyətə sala bilər. Çünki hökumətin niyyəti problemləri həll etmək deyil, mövcud durumu saxlamaqla beynəlxalq ictimaiyyəti yanıltmaq, manipulyasiya edərək, problemin həlli görüntüsünü yaratmaqdır. Bir-iki texniki dəyişiklik edirlər, bununla da guya məsələ həll olundu. Əsas hədəf odur ki, problem həll olunmasın, həll olunmuş görüntüsü yaransın.
Bir məqsəd də budur: problemdən danışan adamlar olmasın. Vətəndaş cəmiyyətində elə adamlar olsun ki, onlar desin heç bir problem yoxdu, hər şey həll olunub. Belə deyək, hökumət hansısa məhsulu yaxşı istehsal eləmək əvəzinə o məhsulun qabını boyamaqla gözdən pərdə asmağa çalışır.
Bu gün MHŞT üzrə Çoxtərəfli Qrupun sədri adından Katibliyin rəhbəri Fərid Fərzəliyev elektron məktub göndərərək 7 fevralda QHT Koalisiyasının bütün üzvlərini təmsilçiliyə dair yaranmış problemlə bağlı Hökumət Komissiyasının sədri ilə görüşə dəvət edib. Görüşün Dövlət Neft Fondunun inzibati binasında keçirilməsi planlaşdırılır.
Keçən dəfə də belə bir addım atmışdılar. Bizim seçdiyimiz heyət isə onlara reqlamentə uyğun olaraq atmalı olduqları addımları xatırlatmışdı. Onlar da etiraz edib, Çoxtərəfli Qrupun iclasını tərk etmişdi. İclas alınmamışdı. Artıq vəziyyət o yerə çatıb ki, hökumətin təmsilçisi koalisiya üzvlərini iclasa çağırıb. Bu isə MHŞT-nin standartlarına tamamilə ziddir.
– Bir tərəfdaş kimi ARDNF-nin buna səlahiyyəti çatmır?
– Necə ki, biz hökumətin işinə qarışmırıq, şirkətlərin işinə müdaxilə etmirik, eləcə də, onlar bizim işə müdaxilə etməməlidir. Biz yalnız 3 tərəfdən biri kimi partnyor olmalıyıq və ümumi məsələləri birgə müzakirə etməliyik. Hökumət isə açıq müdaxilə eləyir, Koalisiya Şurasındakı təmsilçilərin problemi çözə bilmədiyini görərək birbaşa özü məsələni kökündən həll eləməyə girişib. Bu, bir daha onu göstərir ki, məsələ onların təqdim etdiyi kimi deyil, yəni koalisiya daxilində problem yaranmayıb. Problemi hökumətin özü yaradıb. Çünki onlar müstəqil vətəndaş cəmiyyətinin mövcudluğunu istəmirlər. Bayaq dediyim kimi, problemin həllini yox, onun olmadığı görüntüsünü yaratmaq istəyirlər.
|
||
|
||
Akif, Qurbanov:, “Onlar, istəyir, ki,, vətəndaş, cəmiyyəti, olmasın”, |
|