Xəbər haqqında
14 Yanvar 2018 - Bazar 12:32 283 nəfər oxuyub
 
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə
MÜSAHİBƏ Xəbəri
Aktyorların vərdişidir, onlar həmişə şikayət edirlər - Bəhram Osmanovla müsahibə

 

Xeber365.com Gənc Tamaşaçılar Teatrının baş rejissoru, Azərbaycan və Kalmikiya respublikalarının əməkdar incəsənət xadimi Bəhram Osmanovla müsahibəni təqdim edir:

 

 

– Bəhram müəllim, teatrın repertuarının ana xəttini daha çox kim müəyyənləşdirir: baş direktor, yoxsa baş rejissor?

 

– Gənc Tamaşaçılar Teatrında işlədiyim illər ərzində bu mövzuda teatırın direktoru Mübariz Həmidovla belə bir problemimiz olmayıb. Bir sənət adamı kimi bilirəm ki, hər şeyi mən müəyyənləşdirsəm də, son qərar teatrın direktorunundur. Hər ikimiz tandemlə – bir-birimizə anlayış göstərməklə işləyirik. Əlbəttə ki, teatrın yükünün 90 faizi, yeri gələndə 100 faizi mənim üzərimə düşür. Çünki bir mövsümün repertuarını formalaşdırmaq üçün hələ bir il əvvəl fikirləşməyə, mütaliəyə başlanılır. Bəzən Mübariz müəllimlə işarası düşüncələrimiz olur. Bəzən bu düşüncələr elə fikir olaraq qalır, bəzən isə həyata keçir. Amma problem burasındadır ki, ildən-ilə pyes, xüsusən də uşaqlar üçün əsər tapmaq çətinləşir. Ümumiyyətlə, uşaq dramaturgiyası baxımından əziyyət çəkirik. Sifarişlər vermək məcburiyyətində qalırıq. Ən uğurlu sifarişimiz gənc yazıçı-essesist, dramaturq Pərvinlə alınır. Çünki onun uşaqlar üçün yazdığı tamaşa əsərləri teatrımızda mükəmməl mövqe tutub. Onun yazdığı əsərlərin repertuardan çıxarılmasından söhbət belə gedə bilməz. Həmçinin, xarici ədəbiyyata müraciət edirik. O əsərlərə ki, onları uşaqların valideynləri bilirlər, uşaqlarına danışıblar və indi həmin əsərlərə səhnədə baxmaq maraqlıdır. Ancaq dediyim kimi, ildən-ilə repertuarı formalaşdırmaq çətinləşir. Çünki XXI əsrin tamaşaçısın zövqünü tapmaq çox çətindir.

 

– Azərbaycan tamaşaçısının  qəzbul etdiyi, sevdiyi əsərlər, müəlliflər var, sizin dünyagörüşünüzə, həyata baxışınıza uyğun əsər və müəlliflər var. Repertuar seçimində qızıl ortanı necə müəyyənləşdirirsiniz?

 

– Bilirsiniz, hələ gənclik illərimdən – Akademik Milli Dram Teatrında çalışdığım dövrdən həmkarlarım öz səlahiyyətlərindən, təcrübələrindən istifadə edərək, müəyyən əsərlərin Azərbaycan teatrının səhnəsində olmasının vacibliyindən danışırlar. Bu, bütün Azərbaycanda teatrlarında var. Eləcə də Azərbaycandan kənardakı teatrlarda... Mənim nəzərimdə buna ehtiyac yoxdur. Mənim üçün şəhər, onun sakinləri və onların zövqü var. Hesab edirəm ki, sənət adamlarının tamaşaçıların zövqünə enməyə ixtiyarı yoxdur. Amma elə əsərlər tapmaq lazımdır ki, o, həm yaradıcı heyət üçün maraqlı olsun, həm də tamaşaçı zövqünə uyğun gəlsin. Azərbaycan tamaşaçılarının bu günə qədər heç bir şübhəsiz qəbul etdiyi xarici müəlliflər var. Məsələn, Şekspir və Molyer Azərbaycan tamaşaçısının bu gün də sevdiyi  dramaturuqlarındandır. “Bu iki müəllifi necə hazırlamaq lazımdır?” kodları da rejissorlarda var. Ancaq təəssüf ki, böyük dramaturq Aleksandr Ostrovskiy Azərbaycan səhnəsində  heç bir zaman uğurla hazırlanmayıb. Bununla da tamaşaçı qəlbinə yol tapa bilməyib. Rejissor Ələsgər Şərikov Azərbaycan səhnəsində  “Vanya dayı”nı hazırlayıb və bu tamaşa bir neçə dəfə oynanıldıqdan sonra  repertuardan çıxarılıb. Maksim Qorki 1919-20-ci illərdə Azərbaycan tamaşaçısı üçün nə qədər maraqlı olub... Amma dövr inkişaf etdikcə Maksim Qorki maraqsız inqilabçı dramaturuq kimi qəbul edilir. Bunun üçün də sənət adamları bu əsərlərə qorxa-qorxa müraciət edirlər. Mən M. Qorkinin pyeslərini bir neçə il əvvəl yenidən oxudum. Heyrət etdim ki, nə qədər müasir, içi dolu səhnə vəziyyətləri olan hekayə və pyesləri varmış. Ona nə zamansa müraciət etməyi düşünürəm. Bir məqamı da qeyd edim ki, həmin əsərlərin  Azərbaycan dilində səsləndirilməsi çox çətindir. Bəlkə də, uğursuzluq bundan irəli gəlir. Ən peşəkar tərcüməçi belə o əsərləri tərcümə edəndə nəsə qulağa yad bir mövzu, bir kəlmə dəydirir. İlk baxışdan tərcümənin özündə soyuqluq duyulur. Ona görə də belə əsərləri hazırlayıb tamaşaçıya göstərməkdə bir qədər çətinlik çəkirik. Belə desək, biz o əsərləri ən gözəl anlara  saxlayırıq.

 

Onu da deyim ki, yeni tamaşa hazırlamaq çox çətindir. Ona görə yox ki, aktyor yoxdur və ya teatrın maddi texniki bazası zəifdir. Məsələ budur ki, hər bir əsərin aktyor marağına səbəb olan yeni və maraqlı üslubu olmalıdır. Əsərin bu günlə səsləşməsinə zəmin varsa, rejissor bunu tapıbsa, onu hazırlayanda tamaşaçısına da maraqlı olur. Süjet xatirinə hazırlanıbsa, onu tamaşaçı qəbul etmir. Aktyorlar da məşqin keyfiyyətli gedişindən həvəslənərək bir, iki, üç dəfə həmin tamaşanı oynayırlar, sonra unudulur, yaddan çıxıb gedir.

 

Bir də mövzu məsələsi var. Tamaşaçıya yaxın mövzu olmalıdır.

 

Картинки по запросу bəhram osmanov

 

Dediniz ki, Çexovun, Maksim Qorkinin əsərləri Azərbaycan tamaşaçısına maraqlı deyil. Ancaq Şekspirin əsərləri illərdir oynanılır, tamaşaçı da maraqla gedib baxır. Bəlkə də, buna səbəb Şekspirin sevgiyə dair yazdığı əsərlərdir, necə düşünürsünüz?  

 

– Əlbəttə, o da var. Məsələn, teatrımızın repertuarında  Şekspirin “Otello”,  “Maqbet”, “Hamlet”, “Romeo və Cülyetta” əsərləri əsasında hazırlanmış tamaşalarımız var. Düşünürəm ki, Şekspirdə emosional təsir qüvvəsi güclü olduğu üçün hələ də Azərbyacan tamaşaçısın zövqündədir. Eyni zamanda, hər bir tarixi formasiylar var. Elə tarixi formasiyalar var ki, bu, özünü  ədəbiyyatda tapıb. Amma biz millət olaraq yüz, iki yüz il bundan əvvəl olan formasiyalardan keçməmişik. Bizdə bu birdən-birə,  kortəbii şəkildə olub. Biz dvoryanların, zadəganların necə həyat yaşadığını, etiket qaydalarını bilmirik, bu barədə təsəvvürümüz belə yoxdur.  Amma bizim  teatrın repertuarında “Xortdanın cəhənnəm məktubları” əsasında çox maraqlı bir tamaşa yer alır. Rejissor gəlmədir, səhnələşdirməsi isə mənə məxsusdur. Amma maraqlısı budur ki, qeyri-millətin nümayəndəsi olan rejissor bizim adət-ənənəni bilmədən bu əsəri necə hazırlayır? Əlbəttə ki, yaxşı əsərdir. Rus variantı çox yaxşıdır. Rus variantının əsasında Azərbyacan variantı işlənildi. Ancaq bir neçə məşqdən sonra rejissor bizim o adət-ənənəni tapmaq istəyirdi, amma tapa bilmirdi. Bizim məsləhətləşmələrdə onu inandırdım ki, Ə. Haqverdiyev sırf bizim ənənələr üzərində əsər yazmayıb. Mücərrəd yerdə, mücərrəd  şəhərdə – müsəlmanların yaşadığı məmləkətdə belə hadisələr yaşanıb. Biz o rejissora azadlq verdik və nəticədə modern bir tamaşa hazırlandı. Bu tamaşanı ölkə xaricində oynadıq, çox yaxşı aktyor ansamblı yarandı.

 

Mən söhbətlərin birində ona Ə. Haqverdiyevin Rusiya İmperiyasında 2 dəfə Dumanın üzvü olduğunu deyəndə heyrət elədi. Bilirsiniz, biz də belə mütərəqqi yazıçılar, dramaturuqlar olub. Bu gün M.F.Axundovu 50-ci illərin kanonları ilə hazırlamaq olmaz. Mən 15 il bündan əvvəl “Hacı Qara”nı hazırladım. Ədəbiyyatşünaslar 50-ci illərdə xəsisliyi ön plana çəkirdilər. Bu gün isə kimisə xəsisliklə təcübləndirmək mümkün deyil. Təhlil zamanı müəyyən olunur ki, M.F.Axundov  xəsisilik mövzusu ilə tamamilə başqa, sosial-siyasi motivləri ön plana çəkib. Biz də tamaşanı hazırlayarkən bu məqamları önə çıxardıq. Axundovun mətninə dəyməmək şərti ilə tamaşa başqa bir həvəslə, nəfəslə oynanıldı. İstənilən xarici dramaturuqa üz tutmaq olar. Məsələn, mən Akademik Milli Dram Teatrında  gürcü tamaşası hazırlamışam ki, müxtəlif festivallarda laureat olub. Ümumiyyətlə, oynanılan əsərdə tamaşaçı adət-ənənəyə yox, lazımlı, təklif olunmuş vəziyyətə və ali məqsədə baxır. Bir də tamaşaçı teatra, ilk  növbədə, sevdiyi aktyoru görməyə gəlir. Heç vaxt müəllif onlara maraqlı olmayıb. Əsərə baxandan sonra digər məqamlarla  maraqlanırlar.

 

– Bu detal sizə maraqlıdır, yəni aktyor seçimində bunu nəzərə alırsınızmı?

 

– Yox, mənə görə maraqsızdır. Mənim üçün aktyor öz fərdi keyfiyyətlərin ilə maraqlıdır. Hər bir teatrda 10-15, 20 aktyor var ki, onlar öz peşələrini öyrənib, istedadlarını üzə çıxara biliblər. Teatrlar da həmin adamlardan bəhrələnir.

 

 – Bəhram müəllim, əcnəbi müəlliflərdən danışdıq. Maraqlıdır, Azərbaycan tamaşaçısı müasir və ona yad müəllifin – İsveç dramaturqu Lars Nurenin “Müharibə”əsəri əsasında hazırladığınız tamaşanı qəbul etdimi?

 

– Qəbul etdi. Qəbul etməsəydi, dördüncü teatr mövsümünə qədər oynanılmazdı. Bizim teatr tamaşadan sonra tamaşaçı ilə görüşlər keçirməyi xoşlayır. Əlbəttə ki, bu görüşlər bizim universitetlərimizdə olub. Mən bu görüşlərdən sonra anladım ki, bu tamaşada çətinliklə qəbul olunan bizim də  müharibə şəraitində yaşamağımızdır. Gənclər “Müharibə” tamaşasında yaşanan qəddarlığı görmək istəmirlər. Ancaq tamaşanı yaradıcılıq baxımdan qəbul edirlər. Biz bu tamaşanı müxtəlif ölkələrdə də oynadıq. Maraqlıdır, hansı ölkələrdə nə vaxtsa müharibə olubsa, oranın tamaşaçısı, ölkəsində müharibə olmayan tamaşaçıdan çox  fərqlidir.

 

Похожее изображение

 

– Onlar daha yaxşı hiss edirlər, hə?

 

– Bəli, bəli! Hansı ölkədə ki, müharibə olmayıb, onlar onu qəbul etmirlər. Lars Nuren  dünyada kifayət qədər məşhurdur. Amma Rusiyada az-az hazırlanan dramatruqlardandır. Bizim getdiyimiz festivallarda müxtəlif  ölkələrdə gələn teatrşünaslar deyirdilər ki, Azərbaycan MDB ölkələri arasında yeganə ölkədir ki, burada  Lars Nuren bu qədər məşhurdur.

 

– Söhbətimizin əvvəlində yerli müəlliflərdən Pərvinin adını çəkdiniz. Yerli müəlliflərlə  çalşanda onların müdaxiləsi baxımından tamaşanın hazırlanması prosesi fərqli olur, yoxsa?

 

– Mənim tamaşalarıma heç bir müəllif müdaxilə etmir. Tamaşa teatrın və rejissorundur. Amma mən gənclərlə – gənc rəssam, bəstəkar, rejissor, yazarlarla işləməyi  sevirəm. Bizim teatrda  Mübariz müəllim özü də şərait yaradır ki, imkan daxilində gənc rejissorlar çoxlu sayda tamaşa hazırlasınlar. Bu  gənc rejissorlar arasında Ayla Həşimzadə,  Elşad Rəhimzadə çox intensiv tamaşalar hazırlayır.  Bu gənclərin müxtəlif janlarda tamaşalar hazırlanması bizə də maraqlı oldu.

 

– Janrlardan söz düşmüşkən, Mehriban Ələkbərzadənin Tamara Vəliyevanın eyniadlı əsəri əsasında hazırladığı “Cəza” monotamaşası da Gənc Tamaşaçılar Teatrının səhnəsində yeni idi...

 

– Bəli, düz qeyd etdiniz... Biz istəyirik ki, teatrımızın səhnəsində hər janrda tamaşa olsun. Bu, inkişafdır. Hətta imkan çərçivəsində ölkə hüdudlarından kənarda olan rejissorları da bu fərqlilik naminə  teatrımıza dəvət edirik. Teatrın maddi-texniki bazası daha da yüksək olsa, hər mövsümdə bir-iki rejissor gətirə bilərik. Bu addımın tərəfdarıyam. Çünki aktyorun başqa millətin rejissoru ilə işləməsi və bir-birini duyması yenilik deməkdir. Sağ olsun Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi dəfələrlə bu təşəbbüs üçün şəait yaradıb. Şəxsən mənə o rejissor maraqlıdır ki, bizim teatrda mənim və digər  yerli rejissorların edə bilmədiyini etsin.

 

– Bəs ümumiləşdirsək, baş rejissor kimi pioritetləriniz nədən ibarətdir?

 

– Mənim üçün əsas olan turuppanı formalaşdırmaqdır. Yəni  Azərbyacan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin ən yaxşı tələbələrinin teatra işə cəlb olunması və onların  yaradıcılıq potensialını inkişaf etdirməkdir. Bir qədər yaşlı nəslin daima formada olmasına çalışmaqdır. İmkan daxilində müxtəlif mövzularda treninqlər keçirməkdir. Treninq də inkişaf deməkdir. İnkişaf varsa, teatr canlıdır. Yoxdursa, o, xatirələr teatrına çevrilir. Buna görə də  yeni müəllif və pyeslərin axtarışındayam. Yeni yaradıcı insanlarla işləməyə can atırıq. Bir mövsümdə altı tamaşadan ikisi uğur qazanırsa, bu, yaxşıdır.

 

– Bəhram müəllim, ölkəmizdəki teatr direktorları kişi sənətkarlardır. Bəs onların əsər seçimi imkan verirmi ki,  qadın qəhrəmanlar – aktirisalar önə çıxsın? Zaman-zaman aktrisaların bu mənada gileyini eşidirik...

 

– Qətiyyən belə deyil. Ümumiyyətlə, dünya dramaturgiyasında qadınların oynaya biləcəyi rollar azdır, amma yenə də tapırıq. Məsələn Ə. Əmirlinin “Ünvansız qatar” əsərində, İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı”nda ən gözəl rollar qadınlardadır. Bəli, aktirisaların şikayəti əsaslıdır, amma bizim tetarda belə söhbət gedə bilməz. Yəni hamıya rol verilir. Sadəcə olaraq, tamaşalarda gənc nəsil aktirisları orta nəsildən nisbətən üstünlük təşkil edir. Hüseynbala Mirələmovun  “Miras” əsərinin yeddi ifaçısının dördü qadındır. Biz teatr olaraq daim yeni  əsərlərin axtarışıdayıq. Elə əsər var ki, yaxşı tərcüməçisini gözləyir, eləsi də var, rejissorunu...

 

Картинки по запросу bəhram osmanov

 

Belə başa düşdüm ki, tamaşanın uğurlu alınmasında əsərin gücü, yaradıcı heyətlə yanaşı, həm də tərcüməçinin rolu böyükdür.

 

– Əgər tərcürmə əsəridirsə, bəli. Mən bu fakta 1996-ci ildə Şekspirin  “Kral Lir” əsərini hazırlayanda şahid oldum. 1938-ci ildə  bu əsəri tərcümə edən böyük sənətkar idi, amma bu tərcürmə uğurlu deyildi. Ona görə də mərhum tərcürməçi-şair Sabir Mustafayevlə söhbətimiz oldu. O, bu əsəri  Şekspir necə yazmışdısa, elə də tərcürmə etdi. Yardıcı heyətin öz potensialını ortaya qoymaq üçün bu tərcümə rahatlıq yaratdı. Amma yenə də qeyd edim ki, tamaşanın uğurlu olması əsas rejissordan asılıdır.

 

Bəhram müəllim, Gənc Tamaşaçılar Teatrının adı  sizin repertuar sərhədini harda sonlandırır? Məsələn, hansı məhdudiyyətlər qoyur ki, bu olar, bu olmaz?

 

– Çox böyük məhdudiyyət qoyur. Burada işləyən həmkarlarıma tövsiyə edirəm ki, hazırlanan tamaşanın baş qəhrəmanları və ya hadisələr daha çox gənclər üçün hesablansın. Elə teatrımızın nizamnaməsində də teatrrın gənclərə xidmət etdiyi qeyd edilib.

 

– Ancaq teatr səhnəsində sanki gənclərlə bağlı əsərlər azdır, daha çox uşaq tamaşaları üstünlük təşkil edir. Siz necə düşünürsünüz?

 

– Mən belə deməzdim. Bizdə uşaq tamaşaları həftə sonu, bir də daha çox tətil günlərində olur.Yerdə qalan günlərdə tamaşalar gənclər, böyüklər üçündür. Hətta afişalarımızda “16+”, “18+”  bildirişlərindən də istifadə edirik. Ancaq razıyam, bəzi hallarda belə düşünürlər ki, bizim teatr yalnız uşaqların teatrıdır. Təbii ki, bu, belə deyil. Bizim teatra hər yaşda tamaşaçı gələ bilər.

 

Bəhram müəllim, bir teatr üçün kifayət qədər böyük aktyor heyətiniz var. Hərdən aktyorlar və aktrisalar rolsuz qalmaları ilə bağlı narazılıqlarını səsləndirirlər. Bu mənada aktyorların məşğulluğu məsələsində prinsipləriniz nədən ibarətdir?

 

– Mən onun tərəfdarı deyiləm ki, bir rolun iki-üç, bəzən də dörd ifaçısı olsun. Çalışıram ki, hər bir ifaçı özünün yarada biləcəyi rola malik olsun. Bir də bilirsiniz, şikayətlər həmişə var. Otuz ildir ki, peşəkar teatr sənətində çalışıram. Müşahidələrimə görə, aktyorlar həmişə şikayət edirlər. Bu, artıq onların vərdişinə çevrilib. O, gözəl rol oynasa da, oynamasa da,  şikayət edəcək. Bir məqamı diqqətə çatdırım ki, öz gücünə güvənən aktyor oynamağa rolunun olmadığından, özünə inanan rejissor isə hazırlamağa pyes tapmadığından şikayət etmir. Elə xalq artisti ola bilər ki, illərlə eyni rolu oynayır. Amma bu, heç də o ifaçının yaradıcılığının tənəzüllə uğraması demək deyil. Sadəcə, bu dövrün diqtəsi belədir. Ona görə də teatrı incəsənətin ən qəddar sahəsi adlandırırlar.

 

– Dövrün diqtəsi deyirsiniz, sizin üçün teatrda aktuallıq anlayışı nədir?

 

– Səhnədə baş verən hadisələrlə, bu hadisələrə tamaşaçının münasibəti üst-üstə düşürsə, mənim üçün aktualıq budur.

 

– Bəhram müəllim, siz həm də İncəsənət Universitetində dərs verirsiniz. Bir pedaqoq kimi necə hesab edirsiniz, bu gün rejissura sahəsində hansı problemlər var?

 

– Hesab edirəm ki, rejissorlar peşəkar tetarlardan qorxurlar. Ona görə də daha çox aktyorluqla məşgul olur, ya da başqa sahələrə gedirlər. Teatr rejissoru kino rejissorundan çox fərqlənir. Burada gərək dramaturgiyanı yaxşı öyrənib, təhlil etməyi bacarasan, aktyor sənətini yaxşı biləsən. Əgər dörd-beş ildən bir də olsa, teatra gənc rejissorlar gəlirsə, bu, yaxşı göstəricidir. Bir də universitet çərçivəsində tələbənin potensialını görmək çətindir. Mən arzulayıram ki, Azərbyacanda gənclər üçün bir incəsənət mərkəzi olsun ki, burda gənc aktyor və rejissorlar öz eksperimentlerini etsinlər, özlərini formalaşdırsınlar. Bir sözlə, öz yaradıcılıq potensiallarının sərhədlərini müəyyən etsinlər. Bizim isə gənc rejissorlara  güvənib səhnəmizdə tamaşalar hazırlanmaqlarına şərait yaratmağımız, onlara olan inamımızdan irəli gəlir.

 

– Son olaraq soruşmaq istəyirəm: ümumilikdə teatrın bir mövzu, ictimai kateqoriya kimi adi insanın həyatına daxil ola bilməməsini nə ilə əlaqələndirərdiniz?  

 

Bilirsiniz, teatr canlı sənətdir, bunu hər kəs bilir. Canlı olması yalnız aktyorun  hər gün tamaşaçı qarşısına çıxıb, canlı oyun göstərməsi demək deyil. Məsələ budur ki, teatr bu gün lazımdır, yoxsa lazım deyil? Bəlli illər olub ki, teatr unudulub.  Elə də olur ki, birdən-birə yada düşür. O zaman yada düşür ki, o günümüzlə səsləşən, tamaşaçının marağında olan bir əsər hazırlayır. Bu olmursa, deməli, həmin teatrın rəhbərliyi özündə qüdrət tapıb teatrdan getməlidir. Yaxud da düşünüb-daşınıb, həmin şəhər sakinlərində inam yaratmaq üçün özünün seçdiyi əsəri hazırlamalıdır. Amma Azərbaycan teatrı da var, onun tamaşaçısı da. Belə olmasaydı, Azərbaycan  teatrı gələn il 145 illiyini qeyd etməzdi.

 

Teatrın da daimi eksperiment məkanı olduğunu da yaddan çıxarmaq olmaz. Bunun üçün də münbit şərait yaradılmalıdır. Bir də çoxlu sayda gənc teatr mərkəzləri olmalıdır; onların salonu 40-50, 100 tamaşaçıdan ibarət olur. Bu, dünya praktikasında belədir. Belə teatrlar isə şəxsi və ya özəl qurumların yox, məhz dövlət dəstəyinə arxalanır. Mən inanıram ki,  gələcəkdə belə bir təşəbbüs bizdə də həyata keçiriləcək. Çünki Bakıdan başqa da iri şəhərlər var. Məsələn Sumqayıt, Gəncə. Bu şəhərin sakinləri bilməlidir ki, onların şəhərinin kiçik bir teatrı var.

 

Sevinc Fədai

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mənbə: Müəllif:
Aktyorların, vərdişidir,, onlar, həmişə, şikayət, edirlər, -, Bəhram, Osmanovla, müsahibə,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı