Xəbər haqqında
02 Yanvar 2018 - Çərşənbə axşamı 18:37 17226 nəfər oxuyub
 
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir
MÜSAHİBƏ Xəbəri
Alpinistlərin tapılmamasında suçlanan Şahin Mirzəyev danışdı: Məlumatları yayan Ekologiya Nazirliyidir

Məlum olduğu kimi, "Gilavar" hava və ekstrim idman klubunun üzvü olan 3 alpinist – Babur Hüseynov, Namin Bünyatov və Fəridə Cəbrayılzadə 23 dekabr 2017-ci il tarixində Quba rayonunun Xınalıq kəndindən Tufandağ istiqamətində yürüşə çıxıb, ancaq geri qayıtmayıb.

 

Bir həftədir Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları tapmaq üçün axtarış işləri aparsalar da, alpinistlərin izinə rast gəlinməyib. Bu da onların yaxınlarının və cəmiyyətin əsəblərini tarıma çəkib, hər kəs narahatdır. Bu narahatlığı daha da artıran sosial şəbəkələrdə axtarışa qoşulan könüllülərin adından paylaşılan məlumat oldu. Məlumatda  Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində yaradılan qərargaha rəhbərlik edən Mərkəzin rəisi, polkovnik Şahin Mirzəyevin axtarış işlərində səhlənkarlıq etdiyi, axtarış müddətini qəsdən uzadaraq yeyintiyə yol verdiyi və digər xoşagəlməz hallar olduğu deyilir. Ancaq məlumatlarda diqqət çəkən məqam FHN-in işinin israrla tənqid, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) tərif edilməsidir. Yəni medalın o biri üzü də var... Ancaq ortada çox həssas bir durum var, gündəm hansı nazirliyin daha yaxşı fəaliyyət göstərməsi yox, 3 alpinistin həyatıdır.

 

Картинки по запросу itkin düşən alpinistlər

 

Xeber365.com  yayılan informasiyaların həqiqətə nə dərəcədə uyğun olub-olmadığını aydınlaşdırmaq üçün Şahin Mirzəyevlə əlaqə saxlayıb, suallarını ünvanlayıb.

 

– Şahin bəy, hər kəs itkin düşmüş alpinistlərə görə narahatdır. Axtarışlar apardığınızı bilirik, ancaq bu barədə cəmiyyətə geniş məlumat verilmir. Üstəlik, doğru-olub olmadığını bilmədiyimiz xoşagəlməz informasiyalar yayılmaqdadır. Məsələnin əsli necədir, axtarışlarınız hansı istqamətdə, hansı gərginliklə aparılır?

 

– Bu gün axtarışlardan bir həftə ötür. Bu bir həftə ərzində hər gün səhər saat 5-də oyanırıq, 6-da axtarışlara başlayırıq. Biz hər gün Tufan dağının zirvəsinə doğru yürüş edirik. Bütün yol boyu uçqun olan yerlərdə axtarışlar aparırıq. Aydın məsələdir ki, bizim qərargahdan Tufan dağının başına qalxmaq üçün 7-8 saat vaxt lazımdır. Onların ola biləcəyini güman etdiyimiz bütün yerləri axtarırırq. Öz təcrübəmizə əsasən təxmin edirik ki, harda, hansı istiqamətdə ola bilərlər.

 

Bizə axtarış haqqında heç bir anlayışı olmayan, yoldan keçənlər, yaxınlıqdakı kəndlərdə yaşayanlar da qoşulmaq istəyir. Ancaq biz onların axtarış qrupuna qoşa bilmərik. Çünki bu, bizim işimizə mane ola bilər, mən onda bilməyəcəm ki, itkin düşən alpinistləri axtarım, yoxsa nabələd adamların canının hayına qalım…

 

Yayılan informasiyalara da aydınlıq gətirəcəm. Yazırlar ki, biz könüllüləri qəsdən axtarışdan uzaqlaşdırırıq, ancaq elə deyil. Bir qrup insan var ki, məqsədi ancaq gəlib hansısa dərənin dibində, ya helikopterdə şəkil çəkdirib paylaşmaqdır ki, guya o da axtarışla məşğuldur. Guya dağa çıxmaq istədiklərini deyirlər, amma yarı yoldan qayıdırlar. Ancaq elə o adamların da təhlükəsizliyinə biz cavabdehik. Gedər o özü də uçquna düşər, ona birbaşa mən cavabdehəm. Onların heç bir texniki avadanlığı yoxdur. Gəlib ki, mən adi bir ayaqqabı ilə gedirəm axtarışa. Biz buna necə icazə verə bilərik? Qətiyyən olmaz.

 

 

– Şahin bəy, nəyə əsasən axtarış prosesində yeyinti edə biləcəyiniz yazılır?

 

– Ümumiyyətlə, bu prosesdə yeyinti etmək mümkün deyil, çünki ortada yeyiləcək vəsait yoxdur. Yalandan yazırlar ki, helikopterin yanacağına pul ayırırlar. Belə şey ola bilməz. Bu, bizim vəzifə borcumuzdur. Bu, bizim gündəlik fəaliyyətimizdir. Şimal regionunda gün ərzində 10-15 dəfə bu cür hadisələr olur. Bəyəm hər hadisə üçün bizə ayrıca pul ayrılır? Əlbəttə, yox. Biz hər ayın axırı bunun üçün əmək haqqımızı alırıq. Helikopter üçün xüsusi aviasiya xidməti var. Yanacağı da onlar verir. Biz sadəcə icraçıyıq. Bizə nə göstəriş verirlər, onu da edirik.

 

Bura axtarışa qoşulmaq üçün o qədər adam gəlir ki… Biz onların hamısını helikopterlə aparmalıyıq? Bizə deyirlər, qoy mən də helkopterlə uçum. Biz buna necə icazə verək? Helikopteri aparıb dağa daşa çırpsınlar? Biz indi işimizlə məşğul olaq, yoxsa könüllülərlə?

 

Bizə qoşulmaq istəyənlərin birinin üstündə bıçaq var idi. Mən tapşırdım ki, dərhal onu ərazidən uzaqlaşdırdılar. Hərbi helikopterdə əlibıçaqlı adamın nə işi var? O kimdir ki? Yoldan keçən adamı helikopterə mindirməliyik? Əsası olmayan məlumatları yayanın kimliyini də bilirəm.

 

– Söhbət kimdən gedir, deyə bilərsinizmi?

 

– Söhbət Ekologiya Nazirliyinin adamlarından gedir, başlarında duran da Rusif Bağırov adlı şəxsdir. 

 

Mənim axtarış üçün kifayət qədər avadanlığım, texnikam var, alpinistlərim, təcrübəli mütəxəssislərim var. Biz heç regionlardan kömək istəməmişik, buna ehtiyac yoxdur. Ancaq könüllülər arasından peşəkarları, alpinistləri, bu işi bilənləri də götürürük. Onları yoxlayıb sonra göndəririk. Yoxsa birbaşa ora hamını buraxmaq, vertolyota hər adamı mindirmək olmaz axı. Bu, ağılsızlıqdır.

 

Yazıblar ki, camaat orda kolbasa-çörək yeyir. Camaat burda kolbasa-çörək yox, lap elə adi torpaq yeyir. Sənin bunu yaymaqda məqsədin nədir?

 

– Sizcə, məqsəd nədir?

 

– Məsələ belədir ki, əslində, Ekologiya Nazirliyi belə havada alpinistlərin bu havada o istiqamət üzrə getmələrinə icazə verməməli idi. Eynilə, həmin idman klubu buna qarşı çıxmalı idi. Ancaq icazə verilib. 

 

Mən bura gələn insanların çoxunu qaytarıram. Mənfi 12-20 dərəcə soyuqda orda adi ayaqqabı gəlib axtarış aparmaq olar? Mən axtarışımı yarımçıq qoyub gəlib bunları xilas etməliyəm? İkinci partiya da gedib uçquna düşsə, mənə deməyəcəklər ki, sən buna necə icazə vermisən?

 

Nazirliyin özünün axtarış planı olur. Bu plana uyğun qruplar işləyir. Bəyəm bura uşaq bağçasıdır? İndi hər dəli bir şey yazacaq, insanlar da buna inanacaq? İmkan verin vəzifəmizi yerinə yetirək. Olmaz belə, mən  və digər əməkdaşlarımız gecəmizi-gündüzümüzə qatıb axtarışlar aparırıq. Bir həftə qarın üstündə yatmışam. Bayram günü təbrik etmək üçün zəng eliyirdilər, deyirdim, nə bayram, mən Tufan dağda iş başındayam. Elə adamlar var ki, məsələni bilmirlər axı.

 

 

– Axtarış itləri ilə bağlı yazılanlar da həqiqətə uyğun deyil, axtarışa cəlb edilirmi onlar da?

 

– Əlbəttə ki, cəlb edilir. Mümkün olan hər yola əl atılır. Bu işi bizdən yaxşı bilmir ki, o məlumatı yayanlar. Amma onlar mənim işim haqqında bilib-bilmədən danışırlar. Necə deyə bilərlər ki, it xəstələnər deyə axtarışa buraxmırıq? Biz bura xüsusi itlər gətirmişik. Həmin itlərə biz xüsusi geyim geyindiririk. Ondan sonra aparırıq dağın ətəyinə ki, orda axtarışı həyata keçirək. ANAMA-nın texnikasını qaldırmışıq, axtarış aparırıq. Bizim internet saytımızda şəkillər var. 6 metr dərinlikdə axtarış aparırırq.

 

– Şahin bəy, sözügedən məlumatları dəlilsiz-sübutsuz da olsa, təsdiqləyən başqa könüllər də var.  Siz axtarış zamanı onlarla hər hansı intriqa yaşamısınız? Yəni sizcə, bu, şəxsi qərəzdir, yoxsa hər hansı sifarişin nəticəsi?

 

– Dediyim kimi, sifarişdir. Amma bəzi könüllülər də var, bizimlə dava aparırlar ki, onları niyə helikopterə buraxmamışam. Deyirdirlər, bu haqda yazacağıq, mən də dedim yazın.

 

– Bəs ən əsası, alpinistlərimizin tapılması ilə bağlı bir ümid, bir nişanə varmı?

 

– Biz ümidimizi Allaha bağlayıb, gücümüz çatdıqca hər gün o soyuqda, qarda, boranda axtarışlarımızı aparırıq. Yadınızdadırsa, yayda da 6 yaşında uşaq itmişdi. Biz onu 3 gündən sonra tapdıq. Meşənin 6 km dərinliyindən tapdıq uşağı. İndi də ümidimizi itirmirik. Hər şey ola bilər, ümid sonda ölür. Bilirik ki, onlar uçqun altına düşüb. Onlarla əlaqə kəsilməzdən bir gün ondan qabaq xəbər veriblər ki, burda tufan var, biz çadır qurmuşuq. Deyiblər ki, hava sakitləşsin çıxaq. Ondan sonra onlarla əlaqə kəsilib. Həmin məqamda da çovğun olub, qalıblar uçqun altında. Bizə bu alpinistlərin hərəkət trayektoriyası verilməyib. Bunlar hamısı əvvəlcədən verilməli idi. Bundan danışsınlar. Yoxsa bıçaq götürməklə, bu məlumatları yaymaqla nəyə nail olacaqlar? Məncə, bu adamları öyrədiblər.

 

– Şahin bəy, təbii ki, onları tapmağa ümidlisiniz, biz də ümid edirik. Bəs bir peşəkar kimi reallığı necə təsvir edərdiniz, doğrudan da, bir həftədən sonra qar uçqunun altından salamat çıxmaq üçün şans varmı?

 

– Hələ ki, heç nə deyə bilmirəm… Allahın möcüzəsi olur. Onlar uçquna düşüb, hardasa 10-15 metr qarın altındadırlar. Ümumiyyətlə belədir ki, qarda bir neçə saat hərəkətsiz qaldıqda insan donur. Aydın məsələdir ki, donublar orda. Biz özümüz orda yarım saat, bir saat hərəkətsiz qalsaq, bədənimiz donar. Ancaq dediyim kimi, biz ümidimizi üzmürük. Sizi əmin edirəm ki, vicdanla, canla-başla axtarışlarımızı davam etdiririk.

 

 

 

 

 

Mənbə: Müəllif: Sevinc Fədai
Alpinistlərin, tapılmamasında, suçlanan, Şahin, Mirzəyev, danışdı:, Məlumatları, yayan, Ekologiya, Nazirliyidir, ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı