2014-cü ilin son günləri yaşanır. Yola saldığımız il Azərbaycan üçün o qədər də ürəkaçan hadisələrlə yadda qalmasa da, uğurları da az olmadı. Elə “Turan” İA-nın direktoru Mehman Əliyevlə söhbətimizdə də ilin yekununa daha qlobal konteksdən yanaşıb baş verən hadisələrə onun münasibətini öyrəndik.
- Mehman müəllim, yola saldığımız ili necə xarakterizə edirsiniz?
- Kifayət qədər mürəkkəb. Bu il daha çox həbslərlə, hüquq müdafiəçilərinə, QHT-lərə, partiyalara, KİV-nə və vətəndaş cəmiyyətinə basqılarla yadda qalıb.
- Bəs dekabrın 23-də keçirilən bələdiyyə seçkiləri yadda qalmadı?
- Bələdiyyə seçkiləri bələdiyyə institutunun iflasa uğradığı və gülünc vəziyyətə düşdüyü gün kimi yadda qaldı, sonuncu akkord oldu. Məncə, indiyədək heç vaxt belə seçki olmayıb. Hətta ola bilər ki, gələcəkdə bələdiyyələr olmasın. Görünən odur ki, bu seçkiyə artıq hakimiyyətin də marağı yoxdur.
- Bəs geridə qoyduğumuz 2014-cü il Azərbaycan tarixinə hansı əlamətdar hadisələr və uğurlarla yazıldı?
- Vəziyyət nisbətən stabil keçib. Şərqdə, Rusiya və Ukraynada cərəyan edən hadisələri də görürük. Çətin bir dövrdür. Bəlkə bunu uğur saymaq olar: Azərbaycanın stabilliyini qoruyub saxlaya bildilər. Azərbaycan daxili məsələlərdə müdaxilələrin qabağını vaxtında ala bilir. Lakin bütövlükdə Azərbaycanda daxili siyasətdə geriləmə var. Xarici siyasətdə isə hansısa ciddi uğur qazandığımızı deməzdim. Çünkü 2014-cü il öz əks-sədasını bizə gələn il göstərəcək. Əsasən, daha çox Qərb tərəfdən təpkilər olacaq. Ona görə də hakimiyyət bunların cavabını verməyə hazırlaşmalıdır.
- Ötən ildə Azərbaycan müxalifətinin fəaliyyətini necə xarakterizə edərdiniz?
- Müxalifət deyəndə ki, mən Milli Şuraya daxil olanları, “Müsavat” partiyasını, KXCP-ni müxalifət hesab edirəm. Qalanlarını müxalifət saymıram. Parlamentdə təmsil olunsalar da, onlar müxalifət deyillər. Açığı müxalifətin fəaliyyətini qənaətbəxş hesab etmirəm. Çətin dövrdə yaşayırlar, ancaq daha yaxşı işləmək olardı.
- Bəs iqtidarın fəaliyyətini?
- İqtidar üçün də mənfi sayıram. Çünki ancaq büdcə hesablanır. Ölkə, polis və güc qüvvələrinə əsaslanmaqla, idarə olunur. Hakimiyyət ölkəni demokratiya və dialoq formatında idarə edə bilmir. Buna qadir deyil.Bu da onun zəifliyini göstərir.
- İqtidar müxalifət danışıqlarında balanslaşmaya nail olundumu?
- Xeyr, dialoqla bağlı ancaq söz-söhbətlər var. Danışıqlar gedir. Əli Həsənovla olan sonuncu görüşə iqtidar-müxalifət dialoqu deməzdim. O masanın arxasında əyləşənlər arasında müxalifət nümayəndəsi görmədim. Müxalifət Müsavat Partiyası və ətrafında olanlar, həmçinin Milli Şurada təmsil olunanlardır. Bunu iqtidar da yaxşı bilir. Məndə olan məlumatlara görə, bu yöndə məsləhətləşmələr gedir, müəyyən mesajlar göndərilir. Bu qüvvələrin hakimiyyətlə dialoqu olmalıdır. Başqalarıyla ola da bilər, olmaya da. O başqa məsələ ki, hamı birləşib eyni masa arxasında otursun və Azərbaycanın gələcəyi daxili və xarici siyasətin, münasibətlərin formalaşması fonunda bütün palitralarda müzakirə olunsun.
- Azərbaycanın milli maraqlara söykənən fəal xarici siyasətini uğurlu saymaq olarmı?
- Stabilliyin təmin edilməsi uğur sayıla bilər. Azərbaycanın hansısa oturuşmuş, demokratik, inkişaf etmiş ölkələr sırasına daxil olması prosesində xeyli geriləmişik. Odur ki, hesab edirəm ki, bu cür siyasət milli maraqlarımıza uyğun deyil və uğursuzdur.
- Ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi barədə nə deyərdiniz?
- Əksinə, mövqeyimiz zəifləməyə başlayıb. Əsasən də bunu ilin sonunda hiss edirik. Bunun əks-sədası özünü 2015-ci ildə göstərəcək.
- Hansı formada?
- Təpkilər formasında. Gələn il Qərb tərəfdən Aərbaycana təpkilər artacaq. Artıq Amerika tərəfindən də, siyasətçilər və diplomatlar, həmçinin, beynəlxalq təşkilatlar tərəfindən də mesajlar və anonslar verilir. Bu da 2014-cü ildə həyata keçirilən siyasətin nəticələridir.
- Sadaladıqlarınızın fonunda 2015-ci il Azərbaycana nə vəd edir?
- Bütövlükdə götürəndə Rusiya ilə həmsərhəd regionda yaşayırıq. Rusiyada 2015-ci il kifayət qədər ağır olacaq. Hətta 2014-dən də pis keçəcək. Orada baş verənlər, Azərbaycana təsir edəcək. Digər tərəfdən isə bəlkə müəyyən dərəcədə müsbət təsiri də olacaq. Rusiya daha çox daxili məsələlərinə diqqət yetirəcək. Bu da manevr üçün bizə şərait yaradır. Digər tərəfdən qarşıda müsbət hadisələr var. Bu- Parlament seçkiləridir. Yanvarda Avropa Parlament Assambleyasının iclası olacaq. Burada Azərbaycanın bir il əvvəl götürdüyü öhdəliklərə baxılacaq. ABŞ Konqresində Azərbaycan məsələsi müzakirə olunub. Bununla bağlı Azərbaycan da öz tərəfindən bəzi addımlar atacaq. İl maraqlı olacaq və müsbət dəyişikliklər gətirə bilər.
- 2014-cü ildə ABŞ-Azərbaycan münasibətlərini necə xarakterizə edərdiniz?
- Normal. Açığı, Azərbaycan hökuməti tərəfindən verilən bəyanatlara inanmıram, şıltaqlıq kimi qəbul edirəm. Bu, daha çox ictimai rəyə hesablanıb, yəni “biz heç kimdən qorxmuruq. Nə istəyirik, hansı siyasəti istəyirik, onu da həyata keçiririk. Bizə heç kim göstərici ola bilməz” deməkdir. O biri tərəfdən Amerikaya göstərmək istəyirlər ki, onlar Rusiyaya qarşıdırlar. Amerika isə bu iki məsələni dərk edir və başa düşür. Hesab edirəm ki, Amerika, prezident İlham Əliyevin hakimiyyətinin güclənməsində daha çox maraqlıdır. İlham Əliyev hakimiyyətinin son 10 ilinə baxsaq, görərik ki, kifayət qədər güclənmə var. Proses 2014-də daha da güclənib, davam etmişdi. Gələn il İlham Əliyev konkret olaraq ABŞ-ın səlahiyyətli nümayəndələrilə apardığı danışıqlar və siyasət çərçivəsində Amerikaya lazım olan maraqlı siyasi gedişləri edəcək.
- 2014-cü ildə daha hansı hadisələrin əhəmiyyətini vurğulamaq istəyərdiniz?
- 2014-cü ildən yadımda qalan yalnız iyulun sonundan başlayan həbslərdir. Hüquq müdafiəçiləri və KİV nümayəndələrinin həbsi, məncə, kuliminasiya idi. Çünki ondan sonra daxili və xarici siyasətdə baş verən bütün proseslər birbaşa bununla bağlıdır.
- Sizcə 2015-də yola saldığımız ildə baş verən həbslər və sanksiyaların nəticəsi necə olacaq?
- Yeni siyasət çərçivəsində siyasi məhbusların xeyli hissəsinin azadlığa buraxılacağını gözləyirəm. Hesab edirəm ki, Azərbaycan hakimiyyəti vəziyyəti dərk edir. Burada iqtisadi amillər də var. Neftin istehsalı və qiyməti getdikcə aşağı düşür. İtkilərimiz iki dəfədən artıqdır. Beynəlxaq təşkilatların önündə götürülən öhdəlikləri yerinə yetirmək vaxtı çatıb. Rusiyanın zəifləməsi daha çox Qərbə tərəf addım atmaq və daha sürətlə irəliləmək üçün müsbət platforma yaradır. Bütün bu amilləri nəzərə almaq və əlbəttə ki, daxili vəziyyəti stabilləşdirmək, daha sabit saxlamaq üçün liberal siyasətin aparılması vacibdir. Xeyli məsələlər var ki, öz həllini tapmaq ərəfəsindədir. Ona görə də ümüdvaram ki, 2015 müsbət dəyişikliklərə doğru başlanğıc ili olacaq. Hətta mən onun adını idarə olunan demokratiya qoymuşam. Bu, parlament seçkilərindən sonra özünü göstərəcək.
- Sizcə, QHT sahəsindəki həbslər 2014-cü ildə beynəlxalq aləmdə Azərbaycanın nüfüzuna xələl gətirdimi?
- Əlbəttə, gətirib. Bu barədə çoxlu danışıblar, bəyanatlar verilib. Söhbət konkret hakimiyyətin şəxsi imicinin korlanmasından gedir. Bu fakt var, amma hakimiyyəti sarsıdacaq, ona ciddi problemlər yaradacaq qədər öldürücü deyil. Hesab edirəm ki, bu məsələ beynəlxalq təşkilatlarla razılaşdırılıb. Bəziləri deyir bu ola bilməz. Amma onlar İlham Əliyev hakimiyyətinin güclənməsində maraqlıdırlar. Bu da götürülən öhdəliklərin həyata keçirilməsinə təsir edir.
- Ölkənin maliyyə ehtiyatları və dövlət büdcəsinin gəlir mənbəyində nə kimi irəliləyişlər müşahidə olunub?
- Bu sahədə irəliləyişlər olmayıb. Əksinə, sonuncu aylara baxsaq, vəziyyət daha da pisləşib. Neftin istehsalı aşağı düşüb. Təxminən, 700-800 milyon civarında itkilər də var. Neftin qiyməti düşməyə davam edir, dolların qiymətində möhkəmlənmə gözəçarpan dərəcədədir. Düzü, qeyri-neft sektorunda da hansısa ciddi inkişaf görmürəm. Bu sektorda iqtisadiyyat hələki inhisarçı qrupların əlindədir. Hətta deyərdim ki, inhisarçılıq daha da güclənir. Bu nöqteyi-nəzərdən, açığı, müsbət irəliləyişlər görmürəm. Düzdür, müəyyən göstəricilər iqtisadiyyatın leqallaşdırılması prosesinin getdiyini göstərir. Bəzi istiqamətlərdə gəlirlərin artması və s. gəlirlərin leqallaşdırılmasını təsdiqləyir. Təbii ki, gələn il bu prosesin daha da sürətlənəcəyini gözləyirəm.
- Hazırda ən aktual məsələlərdən biri də neftin qiymətində baş verən dəyişikliklərdir. Bu dəyişikliklərin Azərbaycanın sosial, siyasi, iqtisadi həyatına hansı xoşagəlməz təsirləri ola bilər?
- Çox ciddi təsir edə bilər. Çünki hər il neftdən 20 milyard vəsait götürürük, onun yarısı büdcəyə “otuzdurulur”. Təsəvvür edin ki, qiymət iki dəfə aşağı düşüb və bundan sonra da düşəcək, neftdən gələn gəlirlərimiz də 2 dəfə azalacaq. Bəs onda büdcəni necə dolduracağıq? Qeyri-neft sektoru hələ neft sektorunu əvəzləməyə hazır deyil. Bundan ötrü iqtisadiyyat tam leqallaşdırılmalıdır. Yüksək çinli məmurlar gizli gəlirlərdən imtina etməlidirlər. Məndə olan məlumata görə, İlham Əliyev gələn il qeyri-neft sektorunun inkişaf etdirilməsini qarşıya məqsəd qoyub. Bu da onu göstərir ki, leqallaşdırma baş verəcək. Hələlik neftin ucuzlaşması bizə kifayət qədər çətinliklər yaradır. Digər tərəfdən isə, açığı, mən buna sevinirəm. Çünki qiymətlər düşəndə hakimiyyət alternativ yollar axtarmağa məcbur olacaq. Və gəlib orta və kiçik sahibkarlığa istinad edəcək. Azərbaycanda iqtisadiyyatın inkişafına daha yaxşı dəstək veriləcək. Bu da gələcəkdə sosial inkişafda bizə müsbət təkan verə bilər.
- Azərbaycan hökuməti beynəlxalq qurumların proqnozlarına istinad edərək neftin 1 barelinin qiymətini gələn il üçün 90 ABŞ dolları ilə hesablayıb. Qiymətlərdə enişlər olarsa, bunun təsiri yan keçəcəkmi?
- Bilmirəm, Azərbaycan hökuməti bunu hansı mərkəzə istinadən edir. Bu sahədə ən son proqnozları izləyirəm və bilirəm ki, neftin qiyməti hələ bir az da düşəcək. Yaxınlarda Səudiyyə Ərəbistanı bəyan elədi ki, neftin qiyməti heç vaxt 100 dollara yüksəlməyəcək. Eləcə də amerikalı ekspertlər və neft istehsal edən ölkələr bildirir ki, yaxın zamanlarda neftin qiyməti 40 dollaradək düşə bilər. Əlbəttə, bu, qlobal siyasətlə bağlıdır. Hesab edirəm ki, ABŞ, bu mexanizmi işə salmaqla Rusiya, Venesuela kimi avtoritar neft ölkələrini zəiflətməyə, çökdürülməyə çalışır. Bu siyasət çərçivəsində təkcə Azərbaycana görə neftin qiymətinin artırılması, məncə, gülməli alınar. Amma mən Azərbaycan hökumətinin gələn ilin büdcəsini niyə 90 dollardan hesabladığını bilirəm.
- Niyə?
- Birincisi, öhdəliklər var. Büdcədə neftin payı ildən-ilə azalmalıdır. Əgər Azərbaycan hakimiyyəti gələn ilin büdcəsini 50-60 dollardan hesablasaydı, onda qalan hissə qeyri-neft sektorundan gəlməli idi. Axı, bu pul yoxdur! Ona görə 90 dollardan hesablayırlar. Beynəlxalq Valyuta Fondu, Beynəlxalq Dünya Bankı kimi qurumlara hesabat veriləcək ki, hər şey qaydasındadır, bizdə də neftin payı azalıb. Ancaq iyul ayında büdcə məsələsinə təzədən baxılacaq. Qərara gəlinəcək ki, neftin qiyməti aşağıdır, büdcədə çatışmazlıq var, Neft fondundan yenə pul götürək. Ancaq bunu ekstrim vəziyyətlə bağlı edəcəklər. Əlbəttə, bu, müəyyən dərəcədə məcburi gedişdir.
- 2014-ci ilin dövlət büdcəsini sosial və ya investisiyayönümlü adlandırmaq olarmı?
- Xeyir. Vəsaitlər daha çox bölgələrin abadlaşdırılmasına ayrılır. Orada da yeyinti çoxdur. Bu gün bardyür qoyurlar, sabah onu yenisiylə əvəzləyirlər. Avropada bu cür işlər 100 illərlə qalır, əl vuran olmur. Nə qədər abadlaşma olar?! İcra başçısı hər dəfə dəyişəndə bölgəni sökür, yenidən qurur. Bu daha çox vəsaitlərin qeyri-səmərəli paylanması və məmurların vəsaiti mənimsəməsidir. Kənd təsərrüfatında daha çox inhisarçılıq siyasəti görürük. Kiçik fermer təssərrüfatlarına heç bir şərait yaradılmır. Rayonlara gedəndə bu, daha aydın görünür. Qazlaşdırma prosesi tamamlanmayıb. Halbuki söz vermişdilər ki, 2013-ün sonunadək ucqar kəndlər də qazla təmin olunacaq. Kəndlərdə vəziyyət hədsiz ağırdır. Yəni şəhərlə kənd arasındakı fərq sovet dövründə və ondan əvvəl olduğu vəziyyətdə qalır. Bu realllıqdır. Nəticəsi də odur ki, yerli əhali kəndləri tərk edir. İnsanların üzünə baxanda görürəm ki, normal dolanışıqları yoxdur. Təsəvvür edin ki, motal pendiri düzəltmək üçün pendiri dükandan alıb dəriyə doldururlar, özlərinin pendir hazırlamağa imkanları yoxdur. Bu dəhşətdir. Traktor yoxdur, yeri kotanla, bellə şumlayırlar. Hansı əsrə getdik çıxdıq? Hardan gəldik, hara gedirik?
- Ona görə də sovet dövrü üçün darıxanlar var...
- Əlbətə olmalıdır. Onda heç olmasa, sistem var idi. Fəhləyə, kəndliyə şərait yaradılırdı.
- 2014-cü il ölkə mətbuatı üçün nə ilə yadda qaldı?
- Sıxıntılarla. Əldə yayımın dayandırılması, internet mediası ilə bağlı qanunda dəyişiliklərin edilməsi, məhkəmə qərarından sonra media orqanının fəaliyyətini dayandırması ilə yadda qaldı. Hesab edirəm ki, 2014-cü ildə media QHT-lərlə bərabər, bəlkə də ondan daha çox təzyiqlərə məruz qaldı. Ona görə də bu sahədə vəziyyət daha ciddidir.
- Ötən il ərzində baş vermiş hadisələrdən hansını ən qürurverici və ya əksinə hesab edirsiniz?
- Yadımda deyil. Əgər yadımda deyilsə, cavab axtarıramsa, deməli, olmayıb.
- Bəs düşmənin vertolyotunu vuran əsgərimizin şücaəti? Bu, qürurverici deyil?
- Başa düşürəm, nəyi nəzərdə tutursunuz. Mən də sual verdiyiniz an bunu fikirləşdim. Amma bu, o deyil dəəə.... Torpaqlar işğal altındadır, irəliləyiş yoxdur. Hər şey olduğu kimi qalır. Hərdən bir vertolyot vuracağıq. Ola bilsin, onlar da bizdən nəsə vurub, sonra da qürur hissi keçirirlər.
- Dünyada baş verənləri nəzərə alaraq ölkəmizin gələcəyi və qarşıda duran vəzifələr haqqında nə deyə bilərsiniz?
- Hər bir dövlətin özünün beyin mərkəzləri var. Azərbaycanın da dövlət səviyyəsində öz düşüncə mərkəzi var. Bu mərkəzlərdə hər şey izlənir, hesablanır.
- Yəni dünyada baş verənlər beyin mərkəzlərindən asılıdır?
- Bəli. Ona görə də baş verəcək böhranlar əvvəlcədən hesablanır. Necə olacağı, nə qədər çəkəcəyi, kimin hansı bulanıq suda hansı balığı tutacağı qabaqcadan bəlli olur. Suriyada, Şərqdə baş verələr birdən-birə yaranmayıb. İnanmıram ki, İŞİD birdən-birə göydən düşdü. Ya da Rusiyanın beyninə qan vurdu, Ukrayna ilə düşmən oldu. Yəni bunların hamısı böyük, hesablanmış bir layihənin tərkib hissələridir. Azərbaycanın isə burada gedişləri, vəzifəsi ondan ibarətdir ki, yaranmış vəziyyətdən istifadə etsin. Belə vəziyyət Azərbaycanın yenidənqurma işləri aparması üçün fürsətdir. Bu fürsətdən istifadə edib yeni, demokratik cəmiyyət formalaşdırmağa doğru addımlar atmaq lazımdır.
- Azərbaycanın mühüm geosiyasi mövqeyini nəzərə alaraq Rusiya, Türkiyə və digər qonşu ölkələrlə münasibətlərini necə xarakterizə edərdiniz?
- Qonşularla münasibətlər, demək olar ki, stabil olub. Regionda hər bir dövlətin öz maraqları var. Bu konteksdə düzgün münasibətlərdir və stabildir.
- Ermənistan- Azərbaycan münasibətlərində Qarabağın geri qaytarılması üçün aparılan danışıqları müsbətə doğru yetərli hesab etmək olarmı?
- Xeyr. Ənənəvi olaraq, irəliləyiş yoxdur. Birinci növbədə bu konfliktdə hər kəsin öz maraqları var və Qarabağ münaqişəsi tərəflərin öz maraqlarını təmin etməsi üçün vasitəyə çevrilib. Həmin dövlətlər bu konfliktin həll olunmasında maraqlı deyil. Azərbaycan tərəfi maraqlıdır, amma həmsədrlər buna hazır olmadıqlarına görə heç nə alınmır. Qarabağ münaqişəsi 2015-ci ildə də həll olunmayacaq. Bu o vaxt baş verəcək ki, Azərbaycan və Ermənistan Avropa Birliyinə girmək üçün Avropa İttifaqının qapısını döyəcək. Bu problem o zaman həll olunacaq. Yəni ABŞ, Rusiya və Avropa bunu həll etməyə qadir olacaqlar. Bu isə yaxın beş ildə gözlənilmir. Hardasa 2020-ci ilə qədər çəkəcək.
- Ötən ildə ölkə əhalisinin vəziyyətini on ballıq şkala ilə necə qiymətləndirərdiniz?
- Orta götürəcəm. Kəndlə şəhər arasında çox böyük fərqlər var. Gəlirlərin azalması və ümumi rifahdaki pisləşməni nəzərə alaraq 4 balla qiymətləndirirəm.
- Yeni ili harada qarşılayacaqsınız?
- Ənənəyə sadiq qalaraq evdə, ailəmlə. Ondan sonra da heç yerə getmirəm, evdə oluram. Harasa getməyə imkan yoxdur.
- Yolka qurmusunuz?
- Bəli.. Hələ şəklini də çəkmişəm. Bu yolka 1966-cı ildən bizimlədi. Üstündən asdığımız oyuncaqlar da o illərdən qalıb. Eləsi var ki, 1963-64 cü illərindir. Eləsi var ki, rəngi gedib. Amma bu ağac mənə daha doğmadır. Hər bir halda xalqımıza uğurlu il arzulayıram...
|