The document has moved here.
|
||
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
“Biz Elçibəyin qarşımıza qoyduğu vəzifəni ləyaqət və vicdanla yerinə yetirdik”
Adətən, rəhbər şəxslərin incəsənət zövqü o qədər bəyənilmir, təqdir edilmir. Ancaq Əbülfəz Elçibəylə daha yaxından tanış olanlar, onunla eyni amalı, eyni evi, duz-çörəyini, fikirlərini bölüşənlər onu təkcə siyasətçi yox, həm də elmin incəliklərinə bələd olan, İslamı, ədəbiyyatı, musiqini yaxşı bilən həssas qəlbli bir insan kimi xatırlayırlar.
Vəfatının 16-cı ilində filologiya elmlər doktoru, TQDK-nın sabiq sədri Vurğun Əyyubla Elçibəyin bir də bu tərəfdən şəklini çəkməyə, tanımağa, tanıtmağa çalışdıq.
“Nu, poqadi”– ora intellektualların, inqilabçıların toplaşdığı yer idi
Vurğun Əyyub deyir ki, 1975-ci ildə Elçibəyin adını eşidəndə hələ tələbəydik. Onlar Elçibəyin adını onun həbs olunmasıyla eşitmişdilər:
“Mən universiteti bitirəndən sonra orta məktəbdə müəllim işləməyə getdim. 84-cü ildə aspiranturaya qəbul oldum. O zaman bulvarda “Nu, poqadi” deyilən bir çayxana varıydı. İntellektualların, inqilabçıların toplaşdığı bir yer idi. Elçibəylə ilk görüşümüz orda olmuşdu. Gəldi, hamıyla xoş görüşdü. Tanış deyildik, diqqətlə üzümə baxdı. Ordakı dostlarımızdan biri məni ona təqdim elədi. Sonra sıx-sıx görüşməyə başladıq, söhbətlərimiz oldu. “Çənlibel”i yaratdıq, Elçibəy ardıcıl olaraq onun tədbirlərində iştirak edirdi, məsləhətlər verirdi, çıxışlar edirdi”.
Beləcə, bu görüşlər yavaş-yavaş dostluğa çevrilir: “Elçibəy bəzi dostlarımızdan fərqli olaraq, mənə dərs deməyib, müəllimim olmayıb. Onunla tanış olanda Asif Atanın məktəbini keçib gəlmişdim. Bizim söhbətlərimiz müəllim-tələbə münasibətlərindən daha çox yoldaş, dost münasibətləri əsasında idi. Sonra Meydan hərəkatında çox yaxın olduq. Onunla birlikdə “Varlıq” təşkilatını qurduq. Sonra mən Elçibəyin “Bu, mənim taleyimdir” kitabının redaktoru oldum. Getdikcə yaxınlaşırdıq. 91-ci ildə biz Azərbaycan Xalq Cəbhəsinin xəttiylə Türkiyəyə oxumağa 50 tələbə göndərməliydik. Əbülfəz bəy Xalq Cəbhəsinin sədri kimi o tələbələrin seçimini mənə tapşırdı. 92-ci ildə onun prezidentliyə namizədliyi zamanı təbliğat işlərinə mən rəhbərlik etdim.
Anam dedi Kələkiyə, Elçibəyin yanına getməmiş bir də mənim evimə gəlmə
Elçibəylə çox söhbətlərimiz olub. 20 Yanvardan sonra o harda, kimlə qalıb, bununla bağlı çoxlu uydurmalar var. Ancaq faktiki olaraq o hadisələrdən sonra 30 gün bir evdə qalmışıq. Rəhmətlik, Xalq Cəbhəsinin təşkilat şöbəsinin müdiri Arif Abdullayevin 8-ci mikrorayondakı evində. O vaxt elmi, əbədi, siyasi mübahisələrimiz düşərdi, razılaşmadığımız məqamlar olardı. Elçibəylə də hakimiyyət zamanı fikir ayrılıqlarımız var idi. Mənim qəlbimdə ona qarşı inciklik olurdu, onun mənə qarşı. Elçibəy Kələkiyə gedəndən sonra onun yanına getmədim. Çünki Elçibəy Kələkiyə gedən gecəsi müşavirə keçirdi, mən də ordaydım. O, Kələkiyə gedəcəyi barədə işarə vurmamışdı, bu da mənə pis təsir eləmişdi. Ona görə də Kələkiyə getmədim. Kəndə anama baş çəkməyə getmişdim. Anam soruşdu ki, Kələkiyə getmisənmi? Dedim yox. Niyə? Səbəbini dedim. Anam dedi Kələkiyə getməmiş bir də mənim evimə gəlmə. Elçibəy bir neçə dəfə bizim evimizdə olmuşdu, ailəmizi tanıyırdı. Mən də tərsliyimə saldım, dedim gəlmə deyirsən, gəlmərəm. Bir müddətdən sonra qardaşım zəng elədi ki, anam xiffət çəkir, kəndə gəl. Sonralar Əbülfəz bəy yanına gedən adamlara tapşırmışdı ki, gedin mənim əvəzimdən Vurğun bəyin anasının əllərindən öpün...”
Savadlı və obyektiv tarixçi idi
30 gün Elçibəylə bir yerdə, bir evdə qalmaq... Bu 30 gün Elçibəyin iç dünyasından, sənətə, ədəbiyyata olan marağından daha yaxşı xəbərdar olmaq imkanı yaradır: “Əbülfəz bəy savadlı və obyektiv tarixçi idi. O, elm adamı, tarixçi olaraq qədim Azərbaycan tarixini, türkün tarixini çox gözəl bilirdi. Nə yazıq ki, Əbülfəz bəy bu barədə çox az yazıb. İctimai-siyasi işlərdən heç imkanı olmadı yazmağa.
O, eyni zamanda, İslamı, İslam fəlsəfəsini, Quranı, ərəb dilini çox gözəl bilirdi. Yadımdadır ki, Əbülfəz bəy prezidentliyə namizədiydi. Ərəb ölkələrindən jurnalistlər var idi, onlar bilirdilər ki, Əbülfəz bəy ərəb dilini bilir, suallarını elə bu dildə verdilər. Ancaq Elçibəy onlara ana dilimizdə cavab verdi. Deyəndə ki, axı siz ərəb dilini gözəl bilirsiniz, ərəbcə cavab vermədiniz? Dedi ki, mən ərəb dilini şəxs olaraq, alim olaraq bilirəm. Mən prezidentliyə namizədəm, mən öz ana dilimdə danışmalıyam. Onlar bilməlidilər ki, bu ölkənin öz dili var”.
Deyir, Elçibəylə İslam tarixi və fəlsəfəsi barədə saatlarla danışmaq olardı: “İslam tarixini az-çox bilsəm də, bu söhbətlərdə həmişə bizim üçün yeni şeylər olardı. O, Azərbaycan klassik ədəbiyyatını gözəl bilirdi, müasir ədəbiyyatı ardıcıl izləyirdi. Xüsusilə müasir Azərbaycan yazıçılarına irad bildirəndə bu tənqidlərə çox ehtiyatla yanaşırdı. Həmişə vurğulayırdı ki, Azərbaycan Milli Azadlıq Hərəkatının köklərini Azərbaycan ədəbiyyatında axtarmaq lazımdır. Bu mənada Sovet dövrü Azərbaycan ədəbiyyatını da çox yaxşı bilirdi. Nələrin cəmiyyətin, xalqın şüurunun oyanmasına təkan verdiyini çox gözəl başa düşürdü. Hər zaman da yazıçılara böyük hörmətini nümayiş etdirirdi”.
O, sufi deyildi, sufizmi gözəl bilirdi
Elçibəy özünü müsəlman hesab edirdi, ancaq İslama fanatik kimi yanaşmırdı. Ona bir alim gözüylə baxırdı. Dini rituallara əməl etmirdi, amma onları çox gözəl bilirdi: “Ümumiyyətlə, dini yanaşma baxımından çox tolerant adamıydı. Başqa dinlərə, hər kəsin dini hisslərinə hörmətlə davranırdı.
Onun haqqında belə təsəvvür yaratmaq istəyirlər ki, o, sufiydi. Ancaq belə deyildi. Sadəcə, sufizmi, sufi ədəbiyyatını gözəl bilirdi. Onların haqqında çox maraqla danışırdı. Adamlara da elə gəlirdi ki, elə o təriqətçidir, amma elə deyil”.
Füzulini çox sevirdi
Elçibəyin bədii, musiqi zövqüylə maraqlananda Vurğun Əyyub bir xatirəsini bölüşür: “Arif Abdullayevin evində qalanda bir də Əbülfəz bəylə muğamlar və Füzuli mövzusunda söhbət eləmişdik. Arif də bizdən xəbərsiz maqnitofonun düyməsini basıb, dediklərimizi qeyd eləmişdi. Sonra dinlədik ki, çox maraqlı bir söhbət alınıb. Əbülfəz bəy xahiş eləmişdi ki, onun üzünü çıxarıb bizə versin. Amma Arif bəy evində qətlə yetiriləndə maqnitofonu da götürüb aparmışdılar, o kaset də üstündə getmişdi...Yəni o, Füzulini hədsiz dərəcədə çox sevirdi”.
“Qaragilə”ni dinləyəndə kədərlənirdi
“Qaragilə” xalq mahnısını dinləyəndə isə kövrəlirmiş Elçibəy: “Bir dəfə maşınla Tovuza gedirdik. Maşında “Aran gözəlləməsi” adlanan bir saz havası çalındı. O havanı dinləyəndə adamın gözünün qarşısına ucsuz-bucaqsız çöllər və çöldə otlayan qoyun sürüsü gəlirdi. O havanı dinləyəndə də kövrəlirdi.
Əbülfəz bəy sevdiyi şeirləri çox gözəl deyirdi. “Sakarya” şerini oxumasını dinləmiş olarsınız. Onun çox incə ədəbi zövqü var idi. Xüsusilə 70-ci illərdə Türkiyəylə Azərbaycan arasında hansısa bir əlaqə olmayan vaxt Əbülfəz bəy türkiyəli müğənnilərin kasetlərini əldə eləyib yayırdı. Özü dinlədiyi kimi başqalarına da dinlətdirirdi. Türkiyə musiqisinin ən gözəl inciləri onun yaddaşında idi, zövqünü oxşayan əsərləriydi. Azərbaycan muğamları dinləyirdi və kökü barədə gözəl izahlar verirdi.
Əbülfəz bəy kamil insanıydı. Onun ədəbi zövqü, musiqi zövqü, onlar barədə məlumat dairəsi çox geniş idi. Mən hələ görmədim ki, dostlarının əhatəsində olanda onun bəyəndiyi, təqdim elədiyi bir şeir və ya musiqi mübahisə doğursun. Birmənalı şəkildə bəyənilirdi”.
Qəbulun test üsuluyla keçirilməsi Əbülfəz Elçibəyin xidmətidir
Hər il ali məktəbə qəbul imtahanları zamanı hər kəsin Elçibəyə rəhmət oxuduğunun şahidi oluruq. Səbəb isə onun imtahanları test üsuluyla keçirilməsi barədə verdiyi qərardır: “Deyirlər, məğlubiyyətin atası olmur, amma qələbə olanda hamı ona yiyə durur. Mən də hərdən oxuyuram ki, guya test sistemini kimlərsə yaradıb. Test sistemini, ümumiyyətlə, imtahanların keçirilmə qaydasını yeniləmək barədə bizim hakimiyyətdən əvvəl çoxlu söhbətlərimiz olub. Əbülfəz bəy, Firudin Cəlilov, mən, Rafiq İsmayılov, bir mühitə düşəndə ali məktəbə qəbul sistemini dəyişmək barədə danışırdıq. Mən həmişə demişəm, qəbulun test üsuluyla keçirilməsi, sözsüz ki, birinci növbədə Azərbaycan dövlətinin və onun başında duran Əbülfəz Elçibəyin xidmətidir. Bu, çox sadə bir şeydir. Əgər o, imtahanların test üsuluyla keçirilməsi barədə fərman verməsəydi, biz nə edə bilərdik? Bu mənada, test sistemi onun adıyla bağlıdır. Sistemin yaradılıb-ortaya çıxması isə mənim rəhbərlik elədiyim komandanın əziyyətiydi. Bu məsələlərə təvazökar yanaşmaq lazımdır. Biz sadəcə olaraq Elçibəyin qarşımıza qoyduğu vəzifəni ləyaqət və vicdanla peşəkar şəkildə yerinə yetirdik.
Təhsillə bağlı bizim Elçibəylə bir çox planlarımız var idi. Gələcəkdə tələbə qəbul sistemi içərisində yeniliklər etmək istəyirdik. Orta məktəb buraxılış imtahanlarından ali məktəb qəbul imtahanlarını birləşdirmək və ikimərhələli imtahan sisteminə keçmək fikrindəydik. Niyyətimiz vardı ki, ölkədə özəl təhsil sistemi yaransın və oturuşsun. Onların bir çoxu sağlam əsas üzərində qurulmayıb, bir çoxunun da aqibətini gördük.
Əbülfəz bəy Təhsil Nazirliyini iki yerə bölmüşdü: Ali Təhsil Nazirliylə Orta Təhsil Nazirliyinə. Onda hay-küy salmışdılar ki, bu, təhsilin bütövlüyünə, prosesə zərbədir. Ancaq hamısı uydurmaydı. Məzmunca ali təhsil başqa, orta təhsil başqadır. O vaxt fikirləşirdik ki, ali təhsilin idarə edilməsində demokratik əsaslar yaradaq. Türkiyədəki Yüksək Öyrətim Kurulu deyilən bir qurum ki var, elə bir qurum yaradılsın. Bu qurumda dövlət universitetinin rəhbərləri, özəl ali məktəbin rəhbərləri və prezidentin təqdim etdiyi şəxslərdən ibarət bir qurum yaransın və təkcə nazirin əmriylə idarə olunmasın. Demokratik şəkildə idarə edilsin. Yəni islahat planlarımız çox idi. Təəssüf ki, yarımçıq qaldı... Hakimiyyətin ömrü imkan vermədi”. |
||
|
||
Anam, dedi, Kələkiyə,, Elçibəyin, yanına, getməmiş, bir, də, mənim, evimə, gəlmə, |
|