Xəbər haqqında
10 Oktyabr 2017 - Çərşənbə axşamı 12:41 10832 nəfər oxuyub
 
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə
MÜSAHİBƏ Xəbəri
Armeniyanı silib, yerinə nə yazaydım? - Qalmaqallı dərsliyin müəllifiylə müsahibə

X sinif "Ümumi tarix" dərsiliyi ilə bağlı müzakirələr davam etməkdədir. Müəlliflərlə Təhsil Nazirliyinin fikir ayrılığı isə mübahisə və etirazları daha da gücləndirir. 

 

Təhsil Nazirliyi tədris rus dilində aparılan ümumi təhsil müəssisələri üçün X sinif “Всеобщая история” dərsliyi ilə bağlı yayılmış məlumatlara aydınlıq gətirərək bildirmişdi ki, həmin dərslikdə texniki səhvə yol verilib. Nazirlik bunu dərsliyin Azərbaycan və gürcü versiyasında sözügedən xəritənin olmaması ilə əlaqələndirdi. 

 

Dərsliyin müəlliflərindən biri Kamran Əsədov isə birmənalı şəkildə texniki səhvin olmadığını deyir. Xeber365.com hələ də səngimək bilməyən müzakirələr fonunda Kamran Əsədovla söhbətləşib. 

 

 - Kamran bəy, sözügedən dərslikdə texniki səhv var idimi? Daha da konkretləşdirsək, X sinif ümumi dünya tarixinin rus versiyasında erməni xəyalı olan “böyük Ermənistan” xəritəsi verilmişdimi? 

 

- Birmənalı şəkildə deyirəm ki, xəritə məsələsində heç bir səhv yox idi. Reallıq ondan ibarətdir ki, həmin kitabda Roma imperiyasının xəritəsi verilib. Sadəcə, kimlərsə konteksdən çıxararaq xəritənin Armeniya hissəsini verib. X sinif rus bölməsi üçün nəşr olunan "Ümumi dünya tarixi" dərsliyinin 32-ci səhifəsində xəritə və xəritənin altında şərhlər var. Yazılıb ki, bu, hansı sərhədlərdi və hansı dövrü əhatə edir. Bu xəritə və bu izahlar eynilə VI sinif "Tarix" dərsliyinin 106-107-ci səhifələrində də var. Sadəcə, həmin dərslikdə yazılıb ki, Romaya aid olan ərazi. Sual olunur, hansı ərazi? Vilayətin adı var. 

 

- Nədir həmin vilayətin adı? 

 

- Vilayətin adı Armeniyadır. Bu, Ermənistan deyil. Sadəcə, bizimkilər hay-küy saldılar. Deyirlər ki, bu texniki səhvdir. Bu, qətiyyən texniki səhv deyil. Gedin Kolizeyin divarına baxın. Hər kəs orada bu xəritəni görə bilər. Kolizeyin divarında Romanın inkişaf tarixi göstərilib. Bu xəritə də Trayan ilə Adrianın dövrünə aiddir. Mən sizə bir fakt deyim. E.ə 66-65-ci illərdə Pompey yürüş edib və buraları özünə tabe edib. Eramızdan əvvəl 20-ci ildə Atropatenada hakimiyyətə Hökmüdar gəldi. Hökmüdarı da romalılar hakimiyyətə gətirir. Amid döyüşündə, Dizrav döyüşündə Armeniya Romanın müttəfiqi idi. Amma yenə də təkrar edirəm, bu Armeniya Ermənistan deyildi. Daha sonra Bizansla Roma imperiyası arasındakı müqaviləyə görə Armeniya iki yerə bölünür: Şərqi və Qərbi Armeniya. O da Şərqi Anadoluda yerləşir . 

 

- Yəni siz iddia edirsiniz ki, orada Armeniya ya da Ermənistan yazmaqda haqlısınız?

 

- Birincisi, o kitabın həmin hissəsini mən yazmamışam. Lakin bu, məni məsuliyyətdən azad etmir. Mən imzam olan hər bir kitaba, sənədə görə məsuliyyət daşıyıram. Lakin orda Ermənistan yoxdur. Mənə həmin kitabda “böyük Ermənistan”ı göstərsinlər. Mən sizə bir fakt deyim. Qobustan kitabələri var, 84-96-cı illərə aiddir. Romalıların burada olduqlarını göstərir. Biz nəyisə silməklə tarix olmur. Armeniya vilayətdir, fakt olaraq tarixdə var. Lakin indiki Ermənistanla əlaqəsi yoxdur. İndi mən həmin hissəni silim, yerinə nə yazım? Uşaq məndən soruşur ki, burada nə olmalıdır? Nə deyim onda? Bu il nəşr olunan tarix kitabında xəritədə yazılıb ki, Romaya tabe olan ərazi. Adı yoxdur.

 

- Bəlkə, başqa adı var?

 

- Ərəblərin dövründə də bizim ərazilər Ərməniyə vilayəti adlanıb. İndi belə çıxır ki, bizim ərazilər Ermənistanındır? Bu adlar indiki Ermənistanla bağlı deyil. Bunu yanlış anlayırlar. Bunu ortaya qoyan ilk biz deyilik. 25 ildir ki, bu dərsliklər var. Sadəcə, Armeniya adını ilk dəfə yazmaqla ortaya qoyduq ki, ay millət, indiki ermənilər Şərqi Anadoluda olublar. Bu torpaqlar, hazırkı Ermənistan ərazisi, Qarabağ bizimdir. Erməni çarlığı Şərqi Anadoluda olub. İndi bizi düşmən çıxarırlar. Halbuki mən də, mənim ailəm də dövlətə sadiq insanlarıq. Ailə üzvlərim Qarabağda vuşub. 

 

- Dediyinizə görə, siz faydalı olmağa, doğru-dürüst tarix yazmağa çalışmısınız. Bu kitabda yanlış kimi göstərilənlərin də yanlış olmadığını faktlarla isbat edirsiniz. Kamran bəy, bəs onda çatışmayan nədir? İnsanları bu qədər aqressivləşdirən nə oldu?

 

- Orada yeganə çatışmayan Albaniya və Atropatenanın yazılmamasıdır. Bu da təkcə həmin kitabda belə deyil. VI sinif "Tarix" dərsliyində də yazılmayıb. Bizim səhvimiz məhz Albaniya və Atropatenanı qeyd edtməməymizdir. Biz onu etməli idik. Silmək çıxış yolu deyil. 

 

- Təhsil Nazirliyi bunun texniki səhv olması ilə bağlı iddianı kitabın Azərbaycan və gürcü versiyasında həmin xəritənin yer almaması ilə əsaslandırdı və gücləndirdi...

 

- Nazirlik baxmalı idi. Yaxşı deyək ki, onlar baxmadı. Bir ay müddətində bu dərsliklər ictimai müzakirəyə çıxarıldı. Niyə insanlar münasibətlərini bildirmədilər? Bilirsiniz, burada narahat olacaq heç bir şey yoxdur. Orada Ermənistanın sərhədi Şərqi Anadoluda bitir. Rus bölməsində bu şəkildə getməsinin səbəbi tərcüməçinin səhvidir. Biz Azərbaycan bölməsində tarixi faktı silmişdik. İndi bunu tərçüməçi təxribatla ya da təsadüfən edib, bunu bilmirəm. Lakin biz Azərbaycan bölməsini işləmişik. Azərbaycan bölməsində də bu yox idi.

 

- Yəni qəbul edirsiniz ki, texniki səhv olub?

 

- Vaxt azlığına görə tərcüməyə diqqətlə baxa bilmədik. İki ay müddətində həm kitabları yazmaq, həm tərcümələrə baxmaq fiziki cəhətdən mümkün deyil. Bilirsiniz, insan olan yerdə, iş olan yerdə problem olur. Lakin bu, problem deyil. Bir daha qeyd edirəm, o xəritədə Armeniya yazılması problem deyil. Problem Albaniya və Atrapotenanın yazılmamasıdır”. 

 

Qeyd edək ki, həmin dərslikdəki sözügedən xəritə ilə bağlı ilkin olaraq Bəhlul Hüseynov adlı vətəndaş Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə müraciət edib. Məsələ ilə bağlı Təhsil Nazirliyində araşdırma aparılır.

Mənbə: Müəllif:
Armeniyanı, silib,, yerinə, nə, yazaydım?, -, Qalmaqallı, dərsliyin, müəllifiylə, müsahibə, ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı