Millət vəkili, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlının ölkəmizdə boşanma hallarının artması ilə bağlı səsləndirdiyi fikir sosial şəbəkələrdə geniş müzakirəyə və mübahisəyə səbəb olub. Belə ki, millət vəkilinin fikrincə, bu gün ailələrin dağılmasına səbəb gənclərin sosial şəbəkələrdə tanış olub evlənməsi, ailə qurarkən ağsaqqal və ağbirçəklərin fikirlərinin nəzərə alınmamasıdır.
Müxtəlif statuslu şəxslərə müraciət etdik: doğrudanmı, ailə institutunu dağıdan sosial şəbəkələr və gənclərin öz fikirləri ilə ailə qurması, bu prosesə ağsaqqal və ağbirçəklərin müdaxilə etməməsidir?

“Bizdə ailə münasibətləri mövzusu araşdırılmayıb”
Sosioloq Cavid İmamoğlu bildirir ki, Azərbaycanda ailə münasibətləri, boşanmaların səbəbi araşdırılmamış mövzudur və səsləndirilən fikirlər real tədqiqata söykənmir: “Ölkəmizdə boşanmalar, ailə münasibətləri ilə bağlı fikir söyləyənlər öx şəxsi fikirlərindən başqa bir şey demirlər. Bu fikirlərin heç bir əsası yoxdur. Azərbaycanda birmənalı olaraq “Ailə müqəddəsdir” fikri formalaşıb. Ancaq bu gün heç kim düşünmür ki, görəsən, niyə müqəddəs olan bir şey belə tezliklə dağıla bilir? Bu mənada o fikirləri əhəmiyyətli hesab etmirəm”.
Sosioloqun fikrincə, boşanmaların sayının artmasını müsbət qiymətləndirmək olar: “Ümumiyyətlə, son dövrdə statistikaya əsasən, boşanmaların artmasını görürük. Bu bizim cəmiyyətə xas olmayan xüsusiyyətdir. Ancaq bəlkə də təkcə problem deyil, bir irəliləyişdir. Çünki bu, qadınlarımızın maariflənməsinin nəticəsidir. Uzun illərdir, Azərbaycanda məişət zorakılığı var, qadınlarımız məişət səviyyəsində zorakılığa məruz qalırlar. Uzun illərdir, Azərbaycan qadını dözür, susur, bu barədə heç kimə heç nə demir. Ancaq indi etiraz etməyə, haqqını tələb etməyə, ailə daxilində bərabər hüquq istəməyə başlayıb. Qarşı tərəf buna razı olmayanda da boşanırlar. Bunun yaxşı tərəfi odur ki, Azərbaycan qadını öz hüququnu bilir, başa düşür ki, ailə daxilində heç bir halda fiziki, psixoloji, cinsi, iqtisadi zorakılığa məruz qala bilməz”.
“O bilir ki, boşanmış qadın statusuyla rahat yaşaya bilməyəcək”
Həmsöhbətimiz deyir ki, boşanmaların artmasının əsasında sosial şəbəkələrdə tanışlıq, gənclərin öz seçimləri ilə evlənməsi yox, zorakılıq faktorları dayanır: “Bu gün qadınlarımız bütün bu zorakılıqlara dözmür və boşanmaq üçün aidiyyəti qurumlara müraciət edirlər. Əslində, boşanmaların artması Azərbaycan reallığı üçün uğurlu statistika hesab oluna bilər. Bir neçə il əvvəl də eyni proseslər gedirdi, ancaq qadınların bilgiləri, hüquqi dəstəkləri olmadığından, yanaşma bu cür olmadığından bir ömür boyu zorakılığa dözürdü, susurdu. Amma indi susmur. Təbii ki, heç bir qadın boşanmaq istəməz. Çünki Azərbaycan qadını bilir ki, o, bu cəmiyyətdə boşanmış qadın statusu alacaq, çıxılmaz vəziyyətə düşəcək, yenidən ailə həyatı qura bilməyəcək, övladları travmayla böyüyəcək.
Təəssüf ki, bizdə boşanma hallarında kişi fikri dominant olduğundan onun gətirdiyi səbəblər cəmiyyətdə daha çox tanınır, haqq qazanır. Yəni “arvadım başqasıyla danışırdı, yazışırdı”, “qısqandım”, “evi yaxşı yığışdırmadı, uşaqlara yaxşı baxmadı” kimi gülünc səbəblər... Ölkəmizdə məhkəmə sistemindən tutmuş icra orqanlarına kimi hamısında qərarverici şəxslər kişilərdir və onlar da həmcinslərinin sözünü əsas götürürlər. Ancaq mən sosioloq olaraq qadınların zorakılıqlara adekvat cavab vermələrinə sevinirəm. Bir tərəfdən də təəssüflənirəm ki, bu zorakılıqların vaxtında qarşısını almaq üçün ailələrə dəstək mərkəzi yoxdur. Nəticə etibarilə boşanmış xanımlar ordusu yaranır. Biz onlar üçün sonrakı mərhələdə rifahı təmin edə bilmirik. Cəmiyyət olaraq boşanmış xanıma digər xanımlarla eyni statusu verməyə, onlarla evlənməyə hazır deyilik. Dövlət və cəmiyyət onlar üçün sosial rifah agentlikləri təşkil etməlidir”.
“Bizim valideynlər məsləhət vermir, müdaxilə edir”
Cavid İmamoğlu bu məsələdə maraqlı bir məqama diqqət cəlb edir: “Bizdə həqiqətən böyüklərin məsləhətini dinləməyib evlənən ailələr nəticədə boşanırlar. Ancaq bu, qətiyyən sosial qanunauyğunluq deyil. Sadəcə valideynlər onların sözünə zidd hərəkət edildiyi üçün həmin ailəyə dəstək göstərmirlər, hər addımda qarşı çıxırlar. Ona görə də gənclər boşanırlar.
Ana-ata, qayınana-qayınata və digər ağsaqqal-ağbirçəklər daha çox məsləhət verən obraz şəklində çıxış edə bilərlər. Yəni konsultasiya xarakterli... Çünki onların geniş təcrübəsi var. Ancaq təəssüf ki, bizim reallıqda böyüklərin etdiyi konsultasiya yox, müdaxilədir.
Həmçinin “Facebook”da tanış olub xoşbəxt ailə quranların sayı Azərbaycanda kifayət qədərdir. Ona görə biz sosial şəbəkələri, sosial medianı boşanmalara səbəb kimi göstərə bilmərik”.

“Evlənmək üçün hamamda qız axtarmaq dövrünə qayıdaq?”
“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə isə sosial şəbəkələr populyarlaşmazdan əvvəl də ağsaqqallar institutu çat vermişdi. Çünki ağsaqqallar əvvəlki missiyalarını yerinə yetirmək gücünü itirmişdilər. Əslində, ailə quran şəxslərin harda tanış olması əhəmiyyət daşımır. Vacib olan evlənməyə qərar verən insanların ailənin dəyərini anlamasıdır. Gənclər öhdəliklərini, vəzifələrini dərk edirsə, bu prosesdə ağsaqqalların iştirakı da önəmli deyil. Sovet dövründə komsomol toyları dəbdə idi. Bəyəm onda o evliliklərə ağsaqqallar qərar verirdi? Hər dövrün ailə qurmaq üçün öz üsulları, qaydaları olur. O vaxt analar oğlanlarına hamamda qız axtarırdı. Yəni bu gün də hamamda qız axtarmağa qayıdaq?”

“Ağsaqqal və ağbirçəkləri məsələdən kənarda saxlamaq olmaz”
İlahiyyatçı Elşad Miri evlilik məsələsində böyüklərin rolunun danılmaz olduğunu deyir: “Ümumiyyətlə, valideynlərin evlilik prosesində missiyası, rolu var. Bu, vacib məqamlardan biridir. Onları bir kənara qoymaq olmaz. Çünki bir var yetkin insan olasan, dul və ya boşanmış olasan, öz hüququn öz əlində ola. O zaman özünün qərar verməyin daha məqsədəuyğun olur. Ancaq bəzən elə olur ki, insanlar yetkin dövrə qədəm qoymamış səhv qərarlar verirlər və bu səhvlər ciddi problemlər yaradır. Nəticəsi də boşanma olur. Ona görə də evlilik məsələsində ağbirçəklərin, ağsaqqalların məsləhəti vacibdir. Ailələrə müdaxilə etmədən tövsiyə vermək onları möhkəmləndirir, davamlı edir. Keçmiş dövrdə də hər hansı problem olanda böyüklərə müraciət edirdilər, onlar da ailəni mənfi fikirdən çəkindirə bilirdilər. İslamın özündə də boşanmamışdan əvvəl bu məsələyə həm qız, həm oğlan tərəfdən ağsaqqal bildikləri adamların müdaxilə etməsi ailələrin lehinə olan məsələdir, nəinki əleyhinə”.

“Boşanmaq onların ayrılığının yanında muştuluqdur”
Şair Aqşin Yeniseyə görə boşanma məsələsinə faciə kimi baxmağın özü gülməlidir: “O qədər həqiqi aşiq olub ki, heç evlənmədən ayrılıblar. Məsələn, Leyli və Məcnun. Boşanmaq onların ayrılığının yanında muştuluqdur. O ki qaldı ağsaqqal və ağbirçəklərin “Facebook”da qız alverinə cəlb olunmasına, bu, çox mürəkkəb prosesdir. Ağsaqqallar və ağbirçəklərin hamısı xəstə, iynə-dərmanla yaşayan adamlardır. Məsələn, gecə saat dörddə evlənəcəyi qızla yazışan oğlan öz ağsaqqalını necə yanında oyaq saxlasın ki, qızla yazışmasında şübhəli məqamlar olanda öyüd-nəsihət ala bilsin? Ağbirçəklərin çoxunun gözünün nömrəsi mənfi ondur, o, kompüterdə nəvəsinin sevdiyi qızı görüb bəyənənə, bəyənsə, aydınlanıb xeyir-dua verənə kimi qız artıq “Facebook”da pop-star olacaq. Məncə, biz ağsaqqallarımıza, ağbirçəklərimizə bu işgəncələri vermək əvəzinə, sosial şəbəkələrdən, kompüterdən, ümumiyyətlə, bütün texniki tərəqqidən imtina edib dədə-baba adətlərimizə qayıdaq”.

“Ağsaqqalların vasitəsi ilə qurulmuş ailə boşanmadan sığortalı deyil”
Hüquqşünas Asif Abdullayev sözügedən fikrin əsassız olduğunu düşünür: “İcraatımda olan boşanma proseslərinin müəyyən hissəsi elə ağsaqqalların vasitəçiliyi ilə, tanımadan-bilmədən ailə qurmuş şəxslərin işləridir. Təbii ki, digər qaydada tanış olaraq öz seçimi ilə ailə quran şəxslərin də boşanması istisna deyil. Amma ağsaqqalların vasitəçiliyi ilə qurulmuş ailə də boşanmadan sığortalı deyil.
Boşanmalar əsasən münasibət uyğunsuzluğu, maddi sıxıntılar, xəyanət səbəbindən baş verir. Bu cür səbəblərə istər ağsaqqalların vasitəçiliyi ilə qurulmuş ailədə, istərsə də digər qaydada tanış olub ailə qurmuş şəxslərin arasında rast gəlmək mümkündür”.
Hazırladı: Sevinc Fədai
|