Xəbər haqqında
03 Dekabr 2017 - Bazar 20:32 214 nəfər oxuyub
 
Atıb gedən qadınların hamısı eyni yerə yığışırlar əslində... - Salam Sarvan
YARADICI Xəbəri
Atıb gedən qadınların hamısı eyni yerə yığışırlar əslində... - Salam Sarvan

Xeber365.com ənənəsinə sadiq qalaraq bu bazar gecəsi də sizə bir şeir ərmağan edir. Bu dəfə sizi Salam Sarvanın şeirini oxumağa dəvət edirik: 

 

Günəşin zirvələrdə unudub atdığı
qar kimi tənha qalsam da...
 

Bir az iş-güc qatır başı,
bir az da yazı-pozu:
sənsiz yaşaya bilirəm,
narahat olma, Qızım.
 

Amma yaşaya bilmirəm, bilmirəm.
 

Bir az səndən zəhləm gedir,
bir az da özümdən.
Narahat olma, Qızım –
sənsiz yaşamaq mümkünmüş deyə
yavaş-yavaş düşürsən gözümdən.
 

İçirəm-kövrəlirəm, kövrəlirəm-içirəm...
Narahat olma, Qızım –
öldürdüyün gündən bəri yavaş-yavaş dirilirəm:
o dünyadan bu dünyaya hər gün bir az köçürəm.
 

Amma yaşaya bilmirəm, bilmirəm...
 

Hərdən züm-zümə edirəm,
hərdən də ulayıram...
Narahat olma, Qızım –
yavaş-yavaş sağalıram iflicdən,
məsələn, artıq səni xatırlayanda
başımı bulayıram.
 

Amma yaşaya bilmirəm, bilmirəm...
 

İstəsəm taparam səni –
atıb gedən qadınların hamısı
eyni yerə yığışırlar əslində...
 

Amma axı nəyə lazım, mən ki sənsiz ölmürəm.
Amma yaşaya bilmirəm, bilmirəm...
 

Narahat olma, Qızım –
mən şəhərdə gəzəndə
insanlar bir adamlıq kənardan keçirlər,
sanki yanımda yeriyirsən deyə...

Mənbə: Müəllif:
Atıb, gedən, qadınların, hamısı, eyni, yerə, yığışırlar, əslində..., -, Salam, Sarvan,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı