The document has moved here.
|
||
Atilla Kaya: Baxçalı 15 ildi başqanlığın əleyhinə danışırdı, indiysə... | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Türkiyədə böyük qalmaqallara səbəb olan konstitusiya dəyişiklikləri layihəsi parlamentdə qəbul edilsə də, ətrafında ciddi müzakirə və mübahisələr hələ də davam edir. Türkiyə Böyük Millət Məclisi ölkədə prezident üsul-idarəsinə keçidi nəzərdə tutan konstitusiya dəyişikliklərini qəbul edib və qanun layihəsi tezliklə referenduma çıxarılacaq. Türkiyədə Konstitusiyasının dəyişdirilməsinə, prezident üsul-idarəsinin yaradılmasına etiraz edərək təmsil olunduğu Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini postundan istefa edən Atilla Kaya ölkədəki hazırkı situasiyanı Xəbər365.com-a şərh edib.
İstefasından sonra türk mediasına geniş açıqlama verməkdən imtina edən Atilla Kaya qərarının səbəbini, partiya sədri Dövlət Baxçalı ilə keçirdiyi görüş, MHP-li deputatların onun addımına verdiyi reaksiya və müxalifətin durumundan danışıb.
“Qanunvericilik təşəbbüsünü saraya qaytarmaq istəyirlər”
– Atilla bəy, Türkiyə Konstitusiyasına dəyişikliyi nəzərdə tutan layihənin əleyhinə səs verən tərəfdə yer alırsınız. Amma təmsil olunduğunuz Milliyyətçi Hərəkat Partiyasında layihəni dəstəkləyənlər az deyil...
– Əlbəttə, qanun layihəsinə “hə” deyənlər də, “yox” deyənlər də var. Mən “yox” deyənlərdənəm. 200 illik mücadilə nəticəsində oturuşmuş Konstitusiya qəbul etmişik. Konstitusiyaya dəyişikliyi nəzərdə tutan hazırki layihəyə hüququn üstünlüyü, məhkəmə müstəqilliyi, demokratik idarəçilik perspektivindən uzaq olduğu üçün “yox” dedim. Ana Yasa dəyişikliyində “yürütmə” dediyimiz idarəçiliyin, “yarqı” dediyimiz məhkəmə və “yasama” dediyimiz qanunverici orqanın bir şəxsin nəzarətinə verilməsi nəzərdə tutulur. Dəyişikliyə görə hakimlər və prokurorları belə bir nəfər təyin edəcək. Prezident eyni zamanda partiyanın rəhbəri olmaq yolunu açıb. Prezidentin andiçməsində tərəfsiz olacağı bildirilir. Bəs bu, necə olacaq? Bir sözlə, çox ziddiyyətli məqamlar var. Demokratiyadan uzaq bir layihə ortaya qoyublar. Qanunvericilik səlahiyyəti Türkiyə Böyük Millət Məclisinə məxsusdur. 100 il əvvəl bu səlahiyyət saraya məxsus idi. Bu səlahiyyət saraydan alındı və parlamentə verildi. Qanunvericilik təşəbbüsünü saraya qaytarmaq istəyirlər. Sadaladığım və sadalamadığım bir çox səbəblərə görə bu layihənin əleyhinə səs verdim.
“O postda partiya rəhbərliyinin “hə” dediyi layihəyə mənim “yox” deməyim etik olmazdı”
– Etirazınızı, eyni zamanda, sədr müavinliyi postundan istefanızla da bildirdiniz. Bu addımınızdan sonra partiya sədri Dövlət Baxçalı ilə görüşdünüzmü? Reaksiyası necə oldu?
– Xeyr, istefadan əvvəl Dövlət bəylə görüşüb bu layihənin əleyhinə olduğumu şəxsən ona bildirmişdim. Milliyyətçi Hərəkat Partiyasının sədr müavini vəzifəsində qala-qala partiya rəhbərliyinin “hə” dediyi layihəyə mənim “yox” deməyim etik olmazdı. Bu səbəbdən sədr müavini vəzifəsindən istefa verdim. MHP millət vəkiliyəm, partiyanın İdarə Heyətinin üzvü kimi qalıram.
– Bir sözlə, istefanızdan sonra Dövlət Baxçalı ilə görüşmədiniz?
– Xeyr, görüşməmişəm.
– Ümumilikdə partiya daxilində digər həmkarlarınız qərarınıza necə reaksiya verdi?
– 7-8 millət vəkili layihənin əleyhinə səs verdi. Digər millət vəkilləri dostlarımızdır, uzun illərdir tanıyıram, məndən yaşca böyük olanlar da var. Demokratik seçimdir, onlar “hə”, biz “yox” dedik. Layihəyə olan münasibətə görə aramızda hər hansı problem yoxdur.
“AKP tərəfindən ülkücülərə qarşı böyük basqı var”
– Cümhuriyyətçi Xalq Hərəkatı (CHP) bu dəyişikliklərəkəskin reaksiya bildirdi. MHP-də isə iki tərəf var: bəziləri layihəni dəstəklədi, digərləri isə sərt şəkildə tənqid elədi. MHP-lilərin iki cəbhəyə ayrılmasının səbəbi nədir?
– 2015-ci il noyabrın 1-də millətə təqdim etdiyimiz seçim bəyannaməsində demokratik parlamentar sistemi müdafiə etdiyimizi bəyan etmişdik. Vurğulamışdıq ki, bizə səs versəniz, biz bu demokratik parlamentar sistemin əksikliyini də aradan qaldırıb daha üstün demokratik sistem formalaşdıracağıq. Vətəndaşlar da bu vədlərimizə görə səs verdi. İkincisi, Ədalət və İnkişaf Partiyası(AKP) iqtidara gələndən sonra 2006-cı ildən etibarən başqanlıq sistemini gündəmə gətirdi. Dövlət Baxçalının başqanlıq sisteminin Türkiyəyə zərərləri, ölkəni federasiyaya çevirəcəyinə dair günlərlə, saatlarla çıxışları olub. Digər tərəfdən 15 illik AKP iqtidarı tərəfindən həm dövlət dairələrindəki, həm də digər sahələrdəki ülkücü kadrlara qarşı böyük basqı var. Bütün bunlara paralel olaraq, dostlarımız bir gün səhər oyanıb belə dəyişiklikləri eşidib şoka düşdülər. 15 ildir başqanlıq sisteminin düzgün olmadığını, Türkiyəni böləcəyini insanlara izah elədik, indi nə oldu ki, prezidentlik sistemini müdafiə edirik? Bu, MHP daxilində bölünmə yaratdı. Araşdırmalar da göstərir ki, hərəkat nümayəndələrinin yüzdə 70 faizi bu layihəyə qarşıdır.
– Amma Dövlət bəy qərarını açıq şəkildə ortaya qoyub... – Bəli, o, “hə” deyir.
Gözümü MHP-də açdım, fəaliyyətimə elə burada davam edəcəyəm”
– MHP-dən ayrılıb başqa partiya yaradacağınız deyilir. Bunlar nə qədər həqiqətə uyğun xəbərlərdir?
– Vallah bilmirəm, bu niyyətdə olanlar var, yoxsa yoxdur, ola bilsin kimlərsə bu fikrə düşsün. Mən siyasətdə gözümü MHP-də açdım, Atilla Kaya olaraq, Allah ömür verərsə, fəaliyyətimə MHP-də də davam edəcəyəm.
“Son seçkiləri müxalifətin uğursuzluğunu göstərir”
– Bir vaxtlar iqtidar müxalifətlə hesablaşırdı, onun fikirlərinə önəm verirdi, indi isə müxalifətin zəiflədiyi iddiaları səslənir. Bu fikirlərlə nə dərəcədə razılaşırsınız?
– Ən sonuncu seçkiləri nəzərə alsaq, iqtidar yüzdə 49,5 faiz səs alıb. Bu, o deməkdir ki, hər iki seçicidən birinin səsini qazanıb. Bu isə bütünlükdə ölkədəki müxalifət partiyalarının uğursuzluğunu göstərir. Digər tərəfdən isə referenduma hazırlıq görülür, dövlət televiziyaları başda olmaqla, digər özəl televiziyalar basqılara görə bu proseslərə kifayət qədər yer ayırmır. Universitet rektorları Konstitusiya dəyişikliyinə “hə” dediklərinə dair açıqlamalar verirlər, sabah başqa kəsim bu prosesə qoşulacaq. Bir tərəfdən də cəmiyyətin böyük kəsimi, o cümlədən, dövlət qurumları üzərində 15 illik iqtidarın basqısı var. Dövlət kadrları iqtidaryönümlü təbliğat aparan şəxslərlə doldurulub. Dövlətin resursları və kadrları bir partiyanın güclənməsi və uğuru üçün istifadə olunarsa, təbii ki, bu cür nəticələr gözləniləndir. Amma bu, o demək deyil ki, müxalifətin əksik tərəfi yoxdur. Bütün bunlara baxaraq müxalifət dərs çıxarmalı, özünə çəki-düzən verməlidir.
“Həmişə rəhmətlik Elçibəy çizgisinin tərəfdarı olmuşam”
– Azərbaycanda hansısa partiya təmsilçiləri ilə təmaslarınız və işbirliyiniz varmı?
– Həmişə rəhmətlik Elçibəy ideyasının tərəfdarı olmuşam. Hazırda Azərbaycanda hər hansı partiya ilə əlaqəm yoxdur.
“Ərdoğana məktubu il yarım bundan əvvəl yazmışdım”
– Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana açıq məktub ünvanlamışdınız, qarşı tərəfdən hər hansı reaksiya və ya basqı oldumu?
– Bu məktubu il yarım bundan əvvəl yazmışdım, istefadan sonra yenidən tirajlanmağa başladı. Gündəmlə də səsləşdiyi üçün ciddi təsiri oldu.
– Türkiyənin gələcəyi ilə bağlı gözləntiləriniz nədən ibarətdir? Dövlətin daxili və xarici siyasətini necə qiymətləndirirsiniz?
– Dövlətimizin yaxşı olmasını arzulayırıq və buna çalışırıq. Təəssüf ki, xarici siyasətdə vəziyyət yaxşı deyil, Suriya bataqlığına batıb qalıb. Avropa ilə dava-dalaşdadır, nə etdiyini bilmir, xarici siyasətdə Türkiyə tam böhran yaşayır, daxildə iqtisadi çətinliklər getdikcə artır. Türkiyənin ciddi problemləri var, eyni zamanda, böyük təcrübəmiz, üstün millət anlayışımız var. İnşallah millət olaraq hər şeyə rəğmən bütün çətinliklərin öhdəsindən gələcəyimizə ümid edirəm. |
||
|
||
Atilla, Kaya:, Baxçalı, 15, ildi, başqanlığın, əleyhinə, danışırdı,, indiysə..., |
|