“Avropanın o qədər səhvləri var ki... Putin Rusiyası Azərbaycana pozitiv...” [Video]
Sırf qanun çərçivəsində addımlar atacağıq. Artıq bununla bağlı bir yol xəritəmiz var. Seçkilərdən həmən sonra məhkəməyə müraciət edəcəyik və Azərbaycanda məhkəmənin bütün instansiyalarından keçəndən sonra Avropa İnsan Hüquqları məhkəməsinə baş vurmağı düşünürük. Məhkəmə qərarlarının Azərbaycanda icrasına nail olmağı düşünürük.
MÜSAHİBƏ Xəbəri
Azərbaycan Respublikası Milli Məclisinə növbəti- beşinci seçkilərə artıq start verildi. Xeber365.com saytı da həm prosesi canlandırmaq, həm də seçiciləri millət vəkilliyinə namizədlərlə yaxından tanış etmək üçün “Milli Məclis-2015” adlı yeni layihəyə başlayıb. Layihəmizin növbəti qonağı “Real” Respublikaçı Alternativ Partiyasının icra katibi Natiq Cəfərlidir.
- Natiq bəy, ölkədə seçki ab-havası varmı və xalq seçirmi?
- Əslində çox maraqlı və vacib sual elə budur. Çünki ölkədə seçki ab-havası hiss olunmayacaqsa və hiss olunmursa, seçki institutuna inam yoxdursa, insanları indi imzatoplama kampaniyasına, gələcəkdə isə seçkilərə cəlb etmək çox çətindi. Bizim imzatoplama kampaniyası yekunlaşmaq üzrədir. Bütün namizədlərimizin kampaniyasını aparırıq və imzatoplamada da hiss eləyirik ki, seçki ab-havası yoxdur. Ümümiyyətlə, noyabrın 1-də parlament seçkiləri olacağını çox az adam bilir. Bu, ölkədə seçkiyə münasibətin bir göstəricisidir. Əslində xalqın beyninə oturan fikir də bundan ibarətdi ki, bu ölkədə biz seçmirik. Deputatlar seçilmir, təyin olunur, yaxud da razılaşdırılmış şəkildə Milli Məclisə düşür. Xalqın seçkiyə bir institut kimi inamı qalmayıb. Bu həm çox təəssüfedici haldır, həm də təhlükəli. - Onda niyə millət vəkili olmaq istəyirsiz?
- Çünki REAL hərəkatının yarandığı ilk gündən qayəsi, məhz, leqal və konstitusiyon yollarla ölkədə sistem dəyişikliklərinin həyata keçirilməsində iştirak etmək olub. Bunun üçün insanların aydınlanmasına, məlumatlandırılmasına yardımçı olmaq və seçki dönəmindən bir fürsət pəncərəsi kimi istifadə etməyi düşünürük. Həmçinin namizədlərimizin imzatoplama kampaniyasını da REAL-ın tanıtımında bir vasitəyə çevirməyi planlaşdırırıq. Daha sonra təşviqat-təbliğat dönəmindən də istifadə eləyərək insanlarla daha sıx-sıx görüşəcəyik. Düzdü, buna çox cüzi vaxt ayrılıb, cəmi iyirmi üç gün. Əvvəl altmış gün idi, sonra 45 günə saldılar, indi artıq 23 gün ediblər. Yəni bu fürsətlərdən istifadə edib daha çox vətəndaşımızla təmas qurmağı düşünürük, çünki seçki dönəmi bunun üçün leqal fürsətlər açır. Digər dönəmlərdə ölkədə insanlarla görüşmək çox çətindir. Problem olur, maneələr yaradılır. Amma biz ümid edirik ki, heç olmasa, bu seçki və təşviqat dönəmində belə maneələr olmayacaq. Biz illüziyalara qapılmamışıq. Ölkədə seçki sisteminin necə işlədiyini bilirik. Seçkiyə getməkdə əsas məqsədimiz insanlarla təmasımızı, REAL-ın şəbəkəsini genişləndirməkdir. Bu məqsədlər uğrunda seçkiyə gedirik. - Hansı dairədən vermisiz namizədliyinizi?
- 12 saylı Qarabağ-Binəqədi-Yasamal seçki dairəsindən. - Namizədliyinizi verdiyiniz dairə haqqında nə bilirsiz, oranı nə qədər tanıyırsız?
- 1995-ci ildən 2011-ci ilə qədər bu dairələrin arasında yaşamışam. Təqribən, 17 ilə yaxın. Məktəbim o dairəyə çox yaxındır, futbol oynadığım məhəllələrin, demək olar ki, hamısı o dairəyə daxildir. Uşaqlıq, gənclik dostlarım, qonşularım. Həmin dairədə yaşayarkən uzun illər bir çox sosial problemin həllində qonşularla bir yerdə aktiv iştirak eləmişik. Məsələn, “Qismət” şadlıq evinin ətrafına uzun müddət zibil qabları qoyulmurdu. 2007-2008-ci illərdə uzun mübarizədən sonra bütün binaların qarşısına zibil qablarının qoyulmasına nail olduq. Həmin dairədə yaşayan insanlar da məni yaxşı tanıyır, mən də həmin insanları tanıyıram. 2010-cu ildə də namizədliyimi həmin dairədən vermişdim, amma qeydə alınmamışdı. İş artıq Avropa İnsan Hüquqları məhkəməsində, son dönəmindədir. Yəqin ki, yaxın vaxtlarda qərar çıxacaq. - Belə çıxır ki, həmin dairədə kifayət qədər sosial bazanız var.
- Əslində tanışlarımız, dostlarımız və bizi izləyən insanlar həddindən artıq çoxdur. Hətta mən sosial şəbəkələr vasitəsilə həmin dairədən namizəd olmaq istədiyimi elan edəndən sonra onlarla mesaj almışam. Orda yaşayan insanlar həm görüşmək, imza vermək istəyirlər, həm də gələcəkdə seçkilər zamanı səs vermək. Biz hesablamalar aparmışıq və görünən odur ki, parlament seçkilərində ilk dəfə səs verəcək insanların sayı yarım milyondan çoxdur. Bu çox böyük rəqəmdir. Bizim də əsas hədəf kütləmiz gənclikdir. Əsasən, bu insanlara xitab edirik ki, ilk səsvermələrində xəyal qırıqlığına uğramasınlar, seçkilərin vacibliyini anlasınlar. Seçki institutu hər bir ölkənin dayanıqlı inkişafı üçün təminatdır. Biz də, məhz, bu məsələləri önə çıxartmağa çalışırıq. - İmzatoplama prosesində həmin gənclərin fəallığı hiss olunurmu?
- Əlbəttə. Son üç ayda saytımız vasitəsilə, təqribən, dörd yüzə yaxın könüllü qeydiyyatdan keçib. Onlar həm imzatoplama kampaniyasında, həm də təşviqatda kömək eləməyi düşünürlər. Bu sırf könüllülərdir. Bir çox dairələrdə imzaların toplanmasında könüllülər çox aktiv iştirak eləyirlər. 2013-cü il prezident seçkilərinin bizə verdiyi təcrübə də var. Onda İlqar Məmmədovun namizədliyini vermişdik və doqquz günə 43 minə yaxın imza toplamışdıq. Həmin aksiyanın da bizə verdiyi təcrübədən istifadə eləyərək indi könüllülərin işini daha maraqlı qurmuşuq. Hər dairədə yaşayan könüllülər özləri qruplaşıb görüşür və imzatoplama kampaniyasında iştirak eləyir. Demək olar ki, işlərimiz yekunlaşmaq üzrədir. Çalışacağıq ki, bayram günləri yerdə qalan bütün imzaları da toplayaq. - Hazırkı parlamentə münasibətiniz?
- Çox təəssüf ki, hazırkı parlament notarial bir qurumdur. Yeganə funksiyası prezident aparatında yazılmış qanunların notarial qaydada təsdiqindən ibarətdir. Bu, sadəcə söz oyunu deyil. Praktika da bunu sübut eləyir. Milli Məclisin iş qrafikinə baxın. Bir gündə on bir, on iki, bəzən on dörd qanun layihəsi təsdiqlənir. Normal ölkələrdə bu görünməmiş bir hadisədir. Yaxud da büdcə müzakirələrini götürün. Azərbaycanda hər il büdcə müzakirəsi ən yaxşı halda iki saat çəkir. Amma normal, parlamenti formalaşmış ölkələrdə büdcə müzakirələri bəzən aylarla, bəzən həftələrlə davam edir. Hətta Rusiyanın özündə belə ən aşağısı bir aya yaxın müzakirələr gedir. Türkiyədə bu müzakirələr iki-üç ay, Avropa ölkələrində hətta altı ay çəkir. Bizdə isə iki saat. Bunun özü onu göstərir ki, parlament yekcinsdir. Yəni bir mərkəzdən idarə olunur və göndərilən bütün qanunların təsdiqindən başqa özünün şəxsi təşəbbüsü yoxdur. Azərbaycan parlamentinin qəbul etdiyi qanunlara baxsanız görəcəksiniz ki, qanunvericilik təşəbbüsü olan orqanlardan ən çox prezident aparatı qanunvericilik təşəbbüsü ilə çıxış edib. Milli Məclisin öz təşəbbüskarlığı çox aşağı səviyyədədir. - Ölkə prezidentinin yürütdüyü siyasətə münasibətiniz.
- Prezidentin siyasətini iki hissəyə ayırmaq olar. 2008-ci ilə qədərki və 2008-ci ildən sonrakı dövr. 2003-2008-ci illər arasında prezidentin bir çox addımları ölkədə müəyyən dəyişikliklərin olacağına ümidi artırdı. Bir çox islahatlar oldu, ölkəyə neft pulları gəldi və müəyyən islahatlar aparılmağa başlandı. Amma 2009-cü ildəki məşhur referendumdan, yəni prezident səlahiyyətlərinə məhdudiyyətlər aradan qaldırılandan və iki dəfədən artıq seçilməsinin mümkünlüyü təsbit olunandan sonra prezidentin siyasəti də dəyişdi. Mənim üçün ən acınacaqlı və düşündürücü hal ondan ibarətdir ki, Azərbaycan respublikasının prezidenti 2003-cü ildən bu günə, yəni artıq 12 ildir hakimiyyətdədir, amma özünün komandası yoxdur. Bu günə qədər olan komanda keçmişdən qalıb. Halbuki prezident artıq özünün gənc, enerjili komandası ilə oturmalı idi və o komanda bütün məsələlərin həllində önə çıxmalıydı, islahatlar aparmalıydı. Təəssüf ki, biz bunu görmədik. Mənim üçün Azərbaycanda bütün problemlərin kökündə duran məsələlərdən biri də məhz budur. Bu, Azərbaycan hakimiyyətinin də, hətta Azərbaycan müxalifətinin də problemidir. Azərbaycan hakimiyyətinin digər ən böyük problemi ondan ibarətdir ki, ölkədə gedən nəsil dəyişimini görmür. Müstəqilliyin elan olunmasından bu yana 25 ilə yaxın vaxt keçib, artıq yeni nəsil yetişib. Amma o nəsil öz təmsilçisini nə hakimiyyətdə, nə də müxalifətdə görmür. O nəslin dünyagörüşü, həyata, dünyaya baxışları tamamilə fərqlidir. Köhnə komandanın dünyagörüşü sovetdən qalıb və sovet təfəkkürünə əsaslanır. Onlardan radikal islahatlar tələb etmək, yaxud da gözləmək də əbəsdir. Çünki o insanların beynində oturuşmuş dəyərlər tamam fərqlidir. - Seçicilər sizə niyə səs verməlidirlər?
- Seçici ilk növbədə nə gözləyir? Seçici yenilik gözləyir, yeni simalar, yeni ideyalar gözləyir. İllərlə Azərbaycan seçicisinin beyninə yeridiblər ki, deputatlığa namizəd olan adam haranınsa damını düzəltməlidir, hardansa yol çəkməlidir, kiminsə kanalizasiyasını təmir etdirməlidir, su çəkdirməlidir. Ən pisi odur ki, insanlar deputata bu təfəkkürlə yanaşırlar. Biz bu təfəkkürü dağıtmaq istəyirik. Bu gün çox maraqlı hadisələr baş verir. İmza atmaq istəyən bir seçici soruşur ki, siz həyətimizə asfalt çəkəcəksiniz? Mən çox asanlıqla və rahatlıqla deyirəm ki, xeyr, çünki deputat asfalt çəkmir. Mən seçilsəm, bir deputat kimi sizin icra hakimiyyəti nümayəndəliyinizdə məsələ qaldıra bilərəm ki, sizin problemləri həll etsin. Deputat nə damqırlayan deyil, nə santexnik deyil, nə də yolçəkən deyil. Deputat fundamental məsələləri həll edəndir. Açığı, insanlar bu yeni simanı, yeni danışığı, yeni ritorikanı çox təəccüblə qarşılayırlar. Çünki belə danışıq tərzini nadir hallarda görüblər. Ona görə də asanlıqla imza verirlər. İmzavermə kampaniyası çox uğurla gedir. Hətta biz çəkinirdik ki, REAL-ın regionlardakı namizədlərinə imza toplamaq ağır olacaq. Amma orda da yekunlaşır. Yəni seçici yenilik görsə, yeni sima, ritorika, yeni danışıq görsə, ona səs vermək istəyir. Çünki seçici artıq bu simalardan, bu deputatlardan, bu nazirlərdən bezib. İyirmi ildir eyni simalar, eyni dil, eyni üslub, eyni yanaşma. Seçici yenilik istəyir. Ən azından onu istəyir ki, qapısını döyən olsun. Ən azından onu istəyir ki, onunla gəlib danışan, onun fikrini hesaba qatan olsun. Düşünürəm ki, biz bunları seçiciyə çatdırsaq, ondan çox rahatlıqla səs ala bilərik. - Seçki kampaniyası üçün gərək olan büdcəniz varmı? Varsa, mənbəyini göstərərdiz.
- Əslində bu günə qədər elə bir xərc olmayıb. İmzatoplama kampaniyasında xərc tələb olunmur, çünki könüllülər işləyir. Bundan sonrakı mərhələdə- əgər namizədliyim qeydə alınsa - bəzi xərclərimiz olacaq. Broşürlər, plakatlar çap olunmalıdır. Bəzi yerlərdə seçicilərlə görüşlər təşkil eləməyi düşünürük. Bütün gücümüzü üzvlərimizə və bizə ümid edən, bizə inanan insanların ianələrinə kökləmişik. Açığı, hələlik bir qəpik də pul yığılmayıb, amma indi yığmağın da mənası yoxdur. Hətta qanuna da ziddir. Bu işi təşviqat kampaniyası başlayandan sonra görəcəyik, ancaq çox minimum büdcə ilə. İqtisadçı olduğumdan, demək olar ki, bütün namizədlərin büdcəsini özüm yoxlamışam. Hər namizədə, təqribən, 400-500 manatdan artıq vəsait lazım olmayacaq. Birincisi, bizim elə maliyyə qaynaqlarımız yoxdur ki, böyük məbləğdə pul ayıraq. İkincisi, buna ehtiyac da duymuruq. Ən effektiv reklam televiziyada çıxışlar ola bilərdi. Pulsuz efir barədə isə hələ qərar verilməyib. Pullu efir isə- əgər icazə versələr ki, müxalif partiyaların reklamı getsin – bir dəqiqəsi, təqribən, 3-5 min manat arasında dəyişəcək. Qanunda nəzərdə tutulub ki, seçkilərdə iştirak eləyən partiyaların 60-dan çox namizədi qeydə alınarsa, onlara pulsuz efir vaxtı verilir. Azərbaycan reallığında isə YAP-dan başqa heç bir partiyanın heç vaxt 60 namizədi qeydə alınmayıb. 2010-cu ildə YAP öz vaxtından imtina etdi. Bir jest göstərdi, çünki Avropa qurumları ilə belə bir danışıq olmuşdu. Azərbaycan hökuməti də boş qalan zamanı hərəsi dörd dəqiqə olmaqla digər namizədlər arasında bölmüşdü. Bu il bunu edib-etməyəcəkləri haqqında heç bir məlumat yoxdu. Əgər belə bir şey olmasa, bizim də pullu efir vaxtı almağa imkanımız olmayacaq. Ona görə də gücümüzü ancaq və ancaq məhəllə-məhəllə görüşlərə, qapı-qapı gəzməyə sərf eləyəcəyik ki, hər qapıya yetişək. Siyasi seçki texnoloqlarının belə bir inancı var ki, əgər sənin dairəndə yaşayan seçicilərin heç olmasa, otuz faizinin əlini sıxırsansa, birbaşa görüşürsənsə, bu sənə o qədər də səs gətirə bilər. Azərbaycanda hər seçki dairəsində, təqribən, 40 min seçici var. Biz, ən azı, 15-20 min adamın əlini sıxmağı, onlarla şəxsən görüşməyi düşünürük. Çalışacağıq ki, bu kampaniyanı birbaşa və sıx təmas üzərində quraq. Çünki bizim maliyyə imkanlarımız başqa şeylərə şans vermir. - Natiq bəy, seçkilərin demokratik keçəcəyinə neçə faiz ümid eləmək olar?
- Əslində indiki şəraitdə Azərbaycan hökuməti demokratik seçkilərin keçirilməsində özü maraqlı olmalıdır. Hökumətin bir qolu olan qanunvericilik hakimiyyətinin, qanunvericiliyə, konstitusiyaya uyğun olaraq seçkilər yolu ilə dəyişməsi ənənəsinin gəlməyi ölkənin dövlətçiliyi, gələcəyi üçün çox vacibdir. Bütün ölkələrdə xaotik durumlar o zaman yaranır ki, uzun onilliklər insanların seçib-seçilmək hüququ əllərindən alınır. Bu da əvvəl-axır küçə yürüşlərinə, xaotik durumlara gətirib çıxardır. Biz Azərbaycanda belə bir durumun yaranmasını, xaos olmasını, hakimiyyətin küçədə dəyişməsini istəmirik. Biz hakimiyyətin leqal, sivil, konstitusion yollarla dəyişməsinin tərəfdarıyıq. Azərbaycan hökuməti öz gələcəyini düşünürsə, özü bunda maraqlı olmalıdı. Amma təəssüf ki, bu maraq hələ də hiss olunmur. Ona görə də Azərbaycanda seçkilərin necə keçiriləcəyini indidən söyləmək daha asandır. Bir neçə beynəlxalq təşkilat da artıq öz fikrini bildirib Azərbaycan seçkiləri ilə bağlı. Bundan başqa bir trend də var. 2001-ci ildə Azərbaycan Avropa Şurasına üzv oldu. Özümüz könüllü olaraq üzvlüyü qəbul etdik və üzərimizə bir neçə öhdəlik götürdük. Onların içində ən vaciblərindən biri də seçkilərin demokratik keçirilməsi idi. Ancaq rəsmi statistikaya baxsaq, görərik ki, 2005, 2008, 2010, 2013-cü illərdə prezident və parlament seçkiləri ilə bağlı Avropa institutlarının, Avropa Şurasının verdiyi hesabatlarda hər il pozuntuların faizi artır. İlk dəfə bu 22-23 civarında idisə, axırıncı hesabatda - 2013-cü ildə 57-ə çatıb. Görünən odur ki, tendensiya daha çox pisləşməyə doğru gedir. Ona görə də Azərbaycanda normal demokratik seçkilərin keçiriləcəyinə və səslərin normal sayılacağına inanmıram. Dediyim kimi bizim də hədəfimiz o deyil. Biz Azərbaycanda parlamentə düşməyin bu günə qədər hansı yollarla baş verdiyini görmüşük. Obrazlı desək, bunun Gülər variantını da görmüşük, danışıqlar yolu ilə düşməyi də, müxalifət partiyalarından hökumət tərəfə keçib mandat almağı da. Biz REAL hərəkatı olaraq bu yollardan həmişə aralı olmuşuq, bu gündən sonra da aralı olacağıq, çünki bizim ideoloji duruşumuz, platformamız var. Ölkədə necə dəyişikliklər istəyirik, nə istəyirik- bunu açıq-açıq iki il bundan öncə öz proqram sənədlərimizdə yazmışıq. Əgər sabah Azərbaycan hökuməti o proqram sənədlərini əlində rəhbər tutub normal seçki, normal islahatlar keçirsə, həmin hökuməti də dəstəkləməyə hazırıq. Söhbət ondan gedir ki, bizə islahat lazımdı, dəyişiklik lazımdı. Bu dəyişikliyin Əli, Vəli, Pirvəli tərəfindən aparılmağı o qədər də vacib deyil. Pozitiv dəyişiklik olacaqsa, bunu dəstəkləməyə hazırıq. Pozitiv dəyişikliyin də yolu normal seçki qanunvericiliyindən, normal seçkilərdən keçir. Təəssüf ki, Azərbaycan hökuməti hələlik bunu anlamır və bu da ölkəni xaotik duruma doğru aparır. İqtisadi vəziyyət çətinləşir, qonşu ölkələrdə ciddi problemlər var və bütün bunların mütləq Azərbaycana təsiri olacaq. Bunun da birbaşa cavabdehliyi və məsuliyyəti hökumətin üzərinə düşür. - Əgər yenə seçkilərdə saxtakarlıq faktları üzə çıxartsanız, hansı addamları atmağı planlaşdırırsız?
- Sırf qanun çərçivəsində addımlar atacağıq. Artıq bununla bağlı bir yol xəritəmiz var. Seçkilərdən həmən sonra məhkəməyə müraciət edəcəyik və Azərbaycanda məhkəmənin bütün instansiyalarından keçəndən sonra Avropa İnsan Hüquqları məhkəməsinə baş vurmağı düşünürük. Məhkəmə qərarlarının Azərbaycanda icrasına nail olmağı düşünürük. Düzdü, bu, zaman alan bir prosesdir. Avropa İnsan Hüquqları Məhkəməsində müəyyən qərarlar iki-üç ilə verilir. - Rusiya, yoxsa Avropa?
- Birmənalı şəkildə Avropa. Bunu biz demirik. Bunu bizim əcdadlarımız deyib. 1918-ci ildə Azərbaycan Cumhuriyyəti qurulanda qurucu atalarımız Azərbaycanda istədikləri quruluşu tətbiq edə bilərdilər. O zamanlar Azərbaycan əhalisinin 98,8-i savadsız idi. İstənilən idarəetmə sistemini tətbiq edə bilərdilər, istənilən yondə inkişafı təqlid edə bilərdilər. Amma qurucu ataların yolu demokratik parlamentar respublika idi. Hətta prezident respublikasından da imtina elədilər və Avropa yönümlü siyasət yürütdülər. Bu nəyə görə vacibdir? Çünki tərəqqini, elmi, inkişafı Azərbaycana Avropa verə bilər. Çar Rusiyası Azərbaycana oxuyub-yazmağı gətirdi və bizim mütəfəkkirlər universitetlərə çıxış əldə etdilər. Bunun nəticəsi olaraq da Azərbaycanda demokratik cumhuriyyət quruldu. Bunu çar Rusiyasının müsbət addımı kimi qeyd etmək olar. Sovet Rusiyası Azərbaycana nə verdi? Azərbaycanda total kütləvi savadsızlıq aradan qalxdı. Hamı oxumağı, yazmağı bacardı. Məktəblər, xəstəxanalar tikildi. Hazırkı, müasir Rusiya Azərbaycana nə verə bilər? Artıq heç nə. Nə texnoloji cəhətdən heç nə verə bilmir Azərbaycana, nə elmi cəhətdən. Dünyada il ərzində, təqribən, üç milyon elmi kəşf olunur. İrili-xırdalı. Bunun təqribən 70-ə yaxını Avropa və Amerikanın payına düşür. Rusiyanın payına düşən 0,2-dir. Yəni elmi, təhsili, tərəqqini, texnoloji inqilabı verə biləcək məkan Avropadır və qərbyönümlü siyasətdir. Putin Rusiyası Azərbaycana pozitiv heç nə gətirə bilməz. Hətta Azərbaycanın bu günə qədər olan xroniki problemlərinin yaranmasında Rusiyanın önəmli rolu olub. Azərbaycan xalqı nə 20 yanvarı unudub, nə Xocalı faciəsini, nə də işğal olunmuş torpaqlarımızı. O torpaqların işğalında Rusiya birbaşa iştirak edib. Bu gün də Ermənistanın arxasında duran ən böyük güc Rusiyadır. Ruüsiyanın 14 minlik qoşunu Ermənistan ərazisində, Gümrü bazasındadır. Dağlıq Qarabağda Ermənistan ordusuna instruksiya verənlərin hamısı Rusiya əsgərləri və zabitləridir. Biz bütün bunları, bu günə qədər yaranmış problemlərin mənbəyini bilərək nəyə görə Rusiyanı seçməliyik? Hətta Azərbaycan hökuməti son dövrlərdə nə qədər antiqərb ritorikası səsləndirsə də, bu gün də ən böyük ticarət partnyoru Avropa Birliyi ölkələridir. Bu gün də Azərbaycanın xarici ticarətinin həm dövriyyəsi, həm idxalı, həm ixracının 80-ə yaxını Avropa ölkələrinin pyına düşür. Rusiyanın payı cəmi 5-6 -dir. Azərbaycan hakimiyyəti Qərbi ona görə tənqid, hətta son zamanlar ona görə təhqir edir ki, Qərb uzun müddət Azərbaycan hakimiyyətinə dözdü, amma son zamanlarda bir şeyi xatırlatmağı özünə borc bildi. Dedi ki, siz Avropa məkanında yaşayırsınız, Avropa Şurasının üzvüsünüz, könüllü öhdəliklər götürmüsünüz. Bu öhdəlikləri yerinə yetirin. Avropanı tənqid etmək olarmı? Əlbəttə olar. O qədər səhvləri var ki... O qədər yanlış addımları olub ki... Hətta indiki hakimiyyətin bu dərəcədə oturuşmasının, Azərbaycanda bu dərəcədə repressiyaların olmasının ən böyük günahkarlarından biri qərb dövlətləridir, Amerika Birləşmiş Ştatlarıdır. Biz bunu həmişə tənqid eləyirik, açıq aşkar tənqid edəcəyik də. Biz qərbpərəst deyilik, qərbyönümlüyük. Bu, tərəqqinin yoludur. - Son vaxtlar Azərbaycanda radikal dini təriqətlərin sayı çoxalır, Suriyaya gedənlər artır. Sizcə, qanunvericilikdə sərt tədbirlər nəzərdə tutmaqla bunun qarşısını almaq mümkündürmü?
- Bu qanunvericiliyin problemi deyil. 2007-2008-ci illərdən bəri dəfələrlə mətbuatda yazılarımız, müsahibələrimiz olub. Mənim də, İlqar Məmmədovun da, Erkin Qədirlinin də. Həmişə demişik, hökumətə xəbərdarlıq eləmişik ki, sivil toplum, sivil KİV-lər, sivil, dünyəvi müxalifət əziləcəksə, o yer boş qalmayacaq. Onun yerini həmişə dini-radikal qruplar tutacaq. İllərdir, biz bu xəbərdarlığı edirdik, hökumət qulaqardına vururdu. Ölkədə ədalətsizlik o qədər böyük səviyyəyə çatıb və savadsızlıq o qədər dərinləşib ki... Özünüz fikir verin. 2003-cü ildə keçid balı 400 idisə, indi 150 bala düşüb. Savadsızlığın bu dərəcədə inkişaf etməsi, sivil toplumun əzilməsi, sivil müxalifətə maneçiliklərin yaradılması, təbii ki, dini radikal qrupların artmasına, üstəgəl ədalətsizliyin ərşə çıxmasına səbəb olacaq. Polisin kobudluğu, məhkəmələrin qeyri-qanuni qərarlar verməsi əhalinin, əsasən də, gənclərin bir hissəsini dini radikal qrupların tərkibinə itdi. Çünki gənclər təkcə qarınları ilə düşünmürlər. Gənclər özlərini həyatda realizə etməyi də istəyirlər. Sivil toplum, müxalifət, media güclü olanda gənclər özlərini bu sektorlarda sınayırlar, özlərinə yer tapmağa çalışırlar. Bu sadaladıqlarım zəif olanda və getdikcə daha da zəifləyəndə, təbii ki, ən cəlbedici ideologiya dini ideologiya olur və gənclər radikal dini qruplara üz tutmağa üstünlük verirlər. Bunun bir səbəbi də odur ki, Azərbaycanda ideoloji cəmiyyət formalaşmayıb. Azərbaycan hakimiyyətinin özünün belə ideologiyası yoxdur. Bizim xəbərdarlığımızın da əsas qayəsi ondan ibarət idi ki, ölkədə sivil siyasətin qarşısı kəsiləndə dini radikalizm artacaq. Artıq bunu görürük. İndi daha bir təhlükəli məqam ondan ibarətdir ki, sosial vəziyyət də ağırlaşır. Sosial vəziyyətin ağırlaşması, təhsil sisteminin, sivil müxalifətin zəifləməsi dini radikalizmi daha da artıracaq gələcəkdə. Çünki sosial problemlərin çox olduğu cəmiyyətlərdə dini radikalizm həmişə artır. Tarix bunu dəfələrlə sübut eləyib. İstəyir bu, xristian ölkəsi olsun, istəyir müsəlman ölkəsi. Sadəcə xristianlar bu dövrü təqribən XX əsrə qədər keçib qutardılar. Müsəlman dünyasında isə son ərəb inqilabları ilə başladı. Uzun müddətli ədalətsizlik, basqıçı rejimlər axırda dini qrupların genişlənməsinə səbəb oldu. Bütün inqilabların sonucunda ən güclü qüvvə kimi meydana dini qruplar çıxdı. Ona görə də Azərbaycan hakimiyyəti oturub düşünməlidir ki, gələcəkdə bu siyasəti davam etdirsə, Azərbaycanı daha ciddi problemlər gözləyir. - Müasir qanunvericilikdə hansı boşluqları görürsünüz və seçilsəniz, parlamentdə ilk təklifiniz, görmək istədiyiniz iş nə olacaq?
- Birinci növbədə belə bir fantastik şey baş versə və parlamentə düşə bilsək, Azərbaycanda ilk görüləsi iş yeni Anayasanın qəbuludur. Azərbaycan konstitusiyası həddindən artıq böyük, şişmiş və absurd müddəalarla doludur. 2009-cu il dəyişikliklərində hətta video və foto çəkilişlərin icazəli aparılıb-aparılmaması kimi məsələlər də konstitusiyaya salınıb. Ona qalsa, gərək toy məclislərində toy yiyəsi bütün qonaqlardan yazılı icazə alsın ki, sizi videoya çəkmək olar, ya yox? Heç kim buna əməl eləmir, amma konstitusiyada yazılıb. Amerika boyda ölkənin konstitusiyası bir neçə maddədən ibarətdir. Yeni Anayasa mütləq olmalıdır və Azərbaycanın fundamental problemləri o Anayasada öz həllini tapmalıdır. Mütləq Azərbaycanda parlamentar respublikaya keçmək üçün ilkin keçid dövrü elan olunmalıdır. Mən də başa düşürəm ki, parlament respublikasına dərhal keçmək çox çətin olar. Çünki çox güclü prezident hakimiyyəti var və onun zəifləməsi başqa problemlərə gətirib çıxarda bilər. Anma keçid dövrü qoyula bilər- ən çoxu beş illik. Sonradan parlament respublikasına keçmək üçün. Azərbaycanda mütləq proporsional seçki sistemi tətbiq olunmalıdır. Bu imzatolama kampaniyası kimi absurd şeylərə zaman xərclənməməlidir. Kim seçkilərdə iştirak eləyirsə, partiya siyahıları ilə iştirak eləməlidir və insanlar səsini partiyaya verməlidir, fərdlərə yox. Bütün bu məsələlər çox aktuladır. Digər iqtisadi blokda əsas problemlər ondan ibarətdir ki, vergi və gömrük məcəlləsi həddindən artıq irihəcmlidir və böyük maddələrdən ibarətdir. Bu da iş adamlarının əl-qolunu bağlayır. Azərbaycanın vergi məcəlləsi 200 maddədən çoxdur. Deyilənə görə ən böyük məcəllə Almaniyadadır. Hətta Almaniyanınkından da iki dəfə böyükdür bizim vergi məcəlləmiz. Bu tipli qanunlar mütləq dəyişdirilməlidir. İnsanlara daha çox sərbəstlik verilməlidir. Əsasən də biznesdə. Monopoliyaların, inhisarçılığın aradan qaldırılması üçün antiinhisar qanunu qəbul olunmalıdır. Hansı ki yeddi ilə yaxındır, Azərbaycan parlamentinə təklif verilib, ancaq bu günə qədər də o qanun qəbul olunmayıb. Bütün bu tipli qanunların qəbul olunmasına ehtiyac var, amma əsas fundament Anayasamızdır. Mütləq konstitusiya yenidən yazılmalıdır. Mütləq iki dəfədən artıq seçilmək hüququ məhdudlaşdırılmalıdır. Hakimiyyətin sivil, seçki yolu ilə dəyişdirilməsi təsbit olunmalıdır, söz azadlığı, mətbuat azadlığı, vətəndaş cəmiyyətinin fəaliyyətinin azadlığı təsbit olunmalıdır. Bu dəqiqə Azərbaycanda vətəndaş cəmiyyəti yox səviyyəsindədir. Bundan kim uddu? Bundan udan, bayaq da dediyimiz kimi, məhz, radikal dini qruplar oldu. Beş-altı il bundan əvvəl Azərbaycanda sivil toplumun az-çox işləmək fəaliyyəti vardı. Hər gün müəyyən konfranslar, dəyirmi masalar, dinləmələr olurdu. Mən hər səhər email adresimi açanda bir neçə dəvətnamə alırdım QHT-lərdən. Müzakirələrdə iştirak etmək üçün. Amma son bir ildə belə tədbirlər ümumiyyətlə olmur. Əslində daha qlobal baxanda Azərbaycanda problemlərin kökü heç qanunvericilik də deyil. Yeganə problem odur ki, bizim qanunların 90-dən çoxu Rusiya qanunlarının azərbaycancaya tərcüməsidir. Bəzən bu tərcümə o qədər bərbad olur ki, hərfi tərcümələrə belə rast gəlinir qanunvericilikdə. Oxumaq olmur, dili çox qəlizdir. Bax, bundan qurtarmaq lazımdı. Azərbaycanın kompakt, kiçik və işlək Anayasaya və qanunlara ehtiyacı var. Bu qanunların tətbiq olunması Azərbaycanın həm iqtisadi, həm siyasi, həm sosial vəziyyətini xeyli dərəcədə yüksəldə bilər.