The document has moved here.
|
||
AY Partiyanın 20 yanvar hadisəsinin 31-ci ildönümü ilə bağlı anım mesajı | ||
GÜNDƏM Xəbəri | ||
![]() |
||
|
||
Azərbaycan Yüksəliş Partiyası 20 yanvar hadisəsinin 31-ci ildönümü ilə bağlı anım mesajı yayımlayıb.
"Xəbər365" partiyanın rəsmi saytına istinadən anım mesajını təqdim edir:
"Azərbaycan keşməkeşli tarixi boyunca çox qanlı hadisələr yaşayıb. Lakin qanlı olduğu qədər, həm də şanlı səhifələri arasında 1990-cı ilin 20 yanvar hadisələri ayrı bir əhəmiyyət kəsb edir. O günlərdə xalqımız bir yumruq olaraq rus-sovet imperializminin ən sərt tədbirləri qarşısında əyilmədi, təslim olmadı, geri çəkilmədi.
20 yanvara gedən yollar və 20 yanvar günü başlayan yolçuluq müstəqilliyimizin, istiqlaliyyətimizin tarixi seyrinin qanla çəkilmiş xəritəsidir. Qarabağda başlayan erməni separatçılığı və ona mərkəzdən, Moskvadan olan dəstək milli ruhumuzu coşdurdu, haqq və hüquq arayışımızı gücləndirdi, milli oyanışımıza səbəb oldu. Lakin millətimiz o tarixi fürsəti 1800-cü illərin əvvəlindən başlayan, 1900-cü illərin əvvəlində davam edən milli azadlıq mübarizəsinin yenidən alovlandırılması üçün istifadə olunmasını təmin etdi. Bugünkü müstəqilliyimizin memarı həmin illərdəki milli iradəni və qərarlılığı daşıyan insanlarımız, xalqımızdır. Onların hər birinin qarşısında minnətlə baş əyirik.
20 yanvar hadisələri imperiyanın işlədiyi növbəti cinayətdirmi? Bəli, cinayətdir və ən qanlısıdır. Yüzlərlə insan güllələndi, daha çoxu yaralandı, onlarla fədaimiz həbs edildi. Bu, artıq ayrı-ayrı fərdlərə qarşı deyil, bütün bir millətə qarşı dövlət terroru və repressiya siyasəti idi. Bu siyasətin memarı də, hakimi də, icraçısı da, cəlladı da rus-sovet imperiyasının mərkəzi Moskva, Kreml idi. Həmin cinayətdə iştirakı olanlar hələ də məhkəmə qarşısına çıxarılmayıb, məhkum edilməyib, layiqli cəzalarını almayıblar. Biz əminliklə deyirik ki, bir gün mütləq bu cinayətin hesabını soruşacağıq.
AY Partiya 20 yanvar hadisəsini Meydan Hərəkatının, Meydan Hərəkatını isə Milli Azadlıq Hərəkatının ayrılmaz şanlı səhifəsi olaraq görür. Ona görə də, başda bütün şəhidlərimiz olmaqla, Milli Azadlıq Hərəkatının mərhum liderlərini, iştirakçılarını ehtiramla yad edirik, hamısının ruhları qarşısında baş əyirik.
20 yanvar Şanlı Dirənişinin bütün iştirakçıların əziz xatirələri daim ürəyimizdə yaşayacaq.
Yaşasın İstiqlal və Azadlıq!" |
||
|
||
AY, Partiyanın, 20, yanvar, hadisəsinin, 31-ci, ildönümü, ilə, bağlı, anım, mesajı, |
|