The document has moved here.
|
||
AYP Başqanının müavini: “Ukrayna özünü Krım Xanlığının varisi elan etməlidir” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
"Xəbər365" Azərbaycan Yüksəliş Partiyası Başqanının İdeologiya və Türk Dünyası ilə iş üzrə müavini Elşad Abdullayevin müsahibəsini təqdim edir:
- Elşad bəy, Ukrayna deyəndə hər bir Azərbaycanlı xalqımıza yaxın və dost cəmiyyəti təsəvvür edir. Ümumiyyətlə, Ukrayna dünyanın siyasi spektrində necə ölkədir, hansı düşərgəyə aiddir? - Yeniləşən və dəyişən dünyada Ukraynanın yeri haqqında indi xeyli fikir səsləndirilir. Bu fikirlərin çoxu Ukraynanın daxili vəziyyətinin analizinə həsr olunur. Bir çox analitik Ukraynanı qərb düşərgəsinə üzv olacağı təqdirdə Rusiyanın caynağından qurtula biləcəyini qeyd edir. Onların bir qismi isə Ukraynanın yeri Rusiyanın yanındadır fikrini dəstəkləyirlər. Bu fikir ayrılığı təkcə xaricilərdə deyil, həm də Ukrayna cəmiyyətinin öz içində də mövcuddur. Əslində, harada, kiminlə, necə olmağından asılı olmayaraq, baxmaq lazımdır ki, Ukrayna öz suverenliyini nə qədər qoruya bilir. Bu məsələdə mövzu müstəqil olub-olmamaqdan ziyadə Ukraynalıların özlərini etno-sosial olaraq hansı düşərgədə gördüklərinə dair cavabları və iddiaları ilə əlaqədardır. - Yəni, Ukraynanın BMT tərəfindən tanınmış olması kifayət deyil? Bu məsələdə cəmiyyətin özünü necə identifikasiya etməsi çoxmu vacibdir? - Məlumdur ki, bir xalq özünü ətrafındakılardan fərqləndirə bilirsə, fərqli bir xalq olduğunu iddia edə bilər. Tarixdən bilirik ki, dövləti və dövlətçiliyi olmayan, ancaq özünü fərqli bilən və təqdim edən yüzlərlə xalq var. Onların bəziləri uzun zaman sonra dövlət qura bilir, bəziləri isə qura bilmir. Lakin hamısı yenə də özünün fərqli xalq olduğu mövzusunda tərəddüd etmir. Özünü başqalarından fərqli görən xalqlar bunun yanında bir də dövlət qurmaq istəyirlərsə, o zaman məsələ sadəcə fərqli olmaqla çərçivəli olmur. Bu məqamda həmin xalq quracağı dövləti hansı prinsiplərlə və, əgər varsa, hansı tarixi mirasa söykənərək quracağına dair qərar verməlidir. O da məlumdur ki, özünü fərqli görmədən eyni xalqın nümayəndələri ikinci, üçüncü və sair dövləti qura bilmirlər. Misal üçün, ingilis xalqının nümayəndələri nə qədər ki özlərini elə ingilis kimi görürdülər, Amerikada sadəcə müstəmləkə kimi yaşayırdılar. Elə ki, özlərini amerikalı, yəni daha fərqli gördülər, o zaman ingilislərə qarşı savaşmağa başladılar. Bu mənada, fərqli olma duyğusu və şüuru milli identifikasiya üçün nə qədər vacibdirsə, dövlət qurmaq üçün də o qədər vacibdir. Ancaq dövlət ola bilməyin ən vacib xüsusu həm də yuxarıda qeyd etdiyim keçmişə aid tarixi-siyasi mirasın olması və gələcəkdə mənsubu olacağın hərbi-siyasi düşərgənin müəyyən edilməsidir. - ABŞ-ın mirası hansı dövlət və ya hansı ənənə idi ki? Və ya onlar hansı düşərgəni seçdilər? - Amerika əslində elə ingilis mirasına sahib çıxdı, sadəcə özünü daha fərqli göstərməklə. Ayrıca, dördüncü və beşinci nəsil amerikalı üçün artıq İngiltərə vətən sayılmırdı. Arxasında təxminən 100 illik amerikalı olma mirası vardı. O ki qaldı beynəlxalq düşərgəyə, ABŞ yarananda Fransa ilə anti-monarxiya düşərgəsinə qoşuldu və o dövrün daha mütərəqqi sayılan liberal cəbhəsinin üzvü oldu. Bu mənada Ukrayna örnəyi çox maraqlıdır. Tarixi miras nöqteyi-nəzərindən Kiyev Rus dövlətini özünün sələfi bilən Ukrayna bu mirasa iddiası olan ikinci və daha qüvvətli namizəd, Rusiya ilə müharibə şəraitindədir. Görünən odur ki, hər iki dövlət Kiyev Rus dövləti mirasından əl çəkməyəcək. Rusiya başqa bir tərəfdən də arada-bir Altun Ordu dövlətinin də varisliyinə iddialı olduğunu dilə gətirir. Düzdür, Ukraynada da bəzi qüvvələr İskit (skif) mirasına sahib çıxdıqlarını bəyan edir. Ancaq bu, o qədər həvəskar tarixçilik platformasında edilir ki, günün şərtlərinə demək olar ki, heç bir şəkildə təsir edə bilmir. Zənnimcə, Ukraynanın bu məsələdə elan etməsi gərək şüar Krım Xanlığının mirasına iddia etməkdən ibarət olmalıdır. Əvvəla, bu tarixi baxımdan da doğrudur. Çünki hazırkı Ukrayna ərazisinin böyük hissəsi Rus çarizminin əlinə məhz Krım Xanlığından alınaraq, keçib. İkincisi, 2014-cü ildə Rusiyaya ilhaq edilən Krım yarımadası Ukraynanın ayrılmaz hissəsi kimi görülür və Krım Xanlığının varisi kimdirsə, yarımada da onda olmalıdır. Üçüncüsü, son vaxtlar Rusiyaya Rus-Türk dövləti olmaq yolunda mədhiyyələr deyilir və onun guya elə əzəldən bəri ortaq dövlət olduğu görüşü yaradılır ki, bu, əslində belə deyil. Ukrayna isə belə bir dövlət olmağa ən uyğun namizəddir və gərək belə bir addım atıb özünü həm Kiyev Rus dövlətinin, həm də Krım Xanlığının varisi elan edərsə, o zaman bütün Türk dövlət və xalqlarının (o cümlədən Rusiyada yaşayan Türk xalqlarının da), həm də Kremldən bezmiş bütün rusların və digər slavyan xalqlarının da rəğbətini qazanmış olar. Nəhayət, Krım Tatarlarının təşkilatlanması və Ukraynadan köçməməsi üçün də bu addım çox yerində olardı. Krım Tatarları dünyanın hər tərəfindən Ukraynaya köçməyə başlayar və Ukraynanın ordu quruculuğuna, təhlükəsizliyinə, iqtisadiyyatına, mədəniyyətinə böyük töhfə verərdilər. Bunun davamı olaraq da Krım sadəcə Ukrayna dövlətinin ərazi bütövlüyü məsələsi deyil, dünyadakı Krım Tatar xalqının həyati məsələsi olar, Rusiya bu məsələdə iki “cəbhədə” mübarizə aparmağa məcbur qalardı. Aydındır ki, belə olan halda Rusiyanın məğlubiyyəti daha mümkün görünəcək. Ukrayna özünü Türk Dünyasının içində və Türk dövlətlərinə müttəfiq görmək istəyirsə, Krım Tatarlarının haqqını tanımalı və Ukraynada iki titul qurucu xalq statusunu qəbul etməlidir. Bu addımı ilə həm tarixi mirasını zənginləşdirər, həm də aid olduğu düşərgəni müəyyənləşdirər. Nəticədə, Ukrayna dövlətçiliyi dəfələrlə güclənər və inkişaf edər. - Belə yanaşma Ukraynanın unitarlığına təhlükə yaratmazmı? - Əsla. Ukraynanın Krım Xanlığının varisi elən olunması əsla federativ quruluşa çevrilməsi mənasına gəlməməlidir. Sadəcə Ukrayna unitarlığının iki sütunu, iki qaynağı olmalıdır – biri Ukrain, digəri Tatar. Ukrain, yəni slavyan köklərinə əsaslanaraq Slavyan dünyası ilə, Tatar köklərinə əsaslanaraq isə Türk dünyası ilə əlaqələrini gücləndirməlidirlər. Belə bir ikisütunlu birlikdən yaranan daxili güc ilə çağdaş sivil dünyaya üz tutsalar, daha müvəffəqiyyətli olarlar.
|
||
|
||
AYP, Başqanının, müavini:, “Ukrayna, özünü, Krım, Xanlığının, varisi, elan, etməlidir”, |
|