The document has moved here.
|
||
Azərbaycan gəncliyi ideoloji istiqamətlərə əhəmiyyət verirmi? | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Son həftələr ərzində müxalifət partiyalarının keçirdiyi mitinqlər bir sıra suallar ortaya çıxardı.Sanki Azərbaycanın müxalif qüvvələri vahid ideologiyadan çox, bir neçə ideolojinin ətrafında birləşirmiş kimi bir mənzərə çıxdı ortaya.Milliyətçi kəsimin çoxluq təşkil etdiyi Xalq Cəbhəsi və digər partiyaların mitinqlərində Türkiyənin kommunist şairi Nazim Hikmətin sözlərinə bəstələnmiş nəğmələr oxunur və ya Çe Gevara köynəkləri geyinən gənclər gözə dəyirdi. Dini mahnılar, şüarlar səslənirdi. Dini kəsimdən bir qrupun da ənənəvi müxalifətə qoşulması isə bəzən təəccüb, bəzən də qəzəblə qarşılanır.Ənənəvi demokratlar bunu dünyəvi mübarizəyə təhlükə kimi görürlər.Halbuki dünya təcrübəsində adını çəkdiyimiz ideologiyaların hər birinin ayrı partiyaları, təşkilatları, mətbu orqanları var. Uzağa getməyək.Götürək qardaş Türkiyəni.Orada heç vaxt mühafizəkar sağ partiyalarla sosialist qüvvələri bir yerdə görmək olmaz.Çünki onların uzun illərdir formalaşan yanaşması, mübarizə üsulu var. Bu yanaşmalar isə qətiyyən bir-biri ilə uyuşmur və ziddiyyət təşkil edir.Bəs bizdə vəziyyət niyə belədir?Bunun səbəbi nədədir?Bəlkə, ölkədə demokratik institutlar zəifdir deyə heç bir ideologiya özünü ifadə edə bilmir, çarəni müvəqqəti birlikdə görür?Yoxsa Azərbaycan müxalifəti ideoloji səbatlanmanı lazımi səviyyədə apara bilmir ki, Elçibəyin partiyası adı İranla bağlanan qüvvələrlə əməkdaşlığa gedir? Xüsusilə yeni yetişən nəsilə bu kimi məsələlər aydın olmadığından asanlıqla hər hansı bir kitabın, hər hansı şəxsin təsirinə düşə və özünün müəyyən bir cərəyanın nümayəndəsi hesab edə bilir.Mahiyyəti isə bəlkə də heç vaxt dərk etmir.Yəni hardasa həyatlarının yönünü bəlləyən yolda kor-koranə yürüyürlər.Bəzən də milli kimlik tamamilə unudulur.Bu məqamda isə gəncləri qınamaq olmur, çünki onların ardınca gedəcəyi konkret ideyası olan lider yoxdur. Millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa, filosof Müşfiq Ötgün vəAzərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğluyla bu barədə danışdıq.
“Milliyətçilərimiz İranın maraqlarına xidmət edirlər” Fazil Mustafanın sözlərinə görə, Azərbaycan cəmiyyətində ən yanlış yol tutan təbəqə milliyyətçilərdir: “Çünki onlar guya İran əleyhinə sərt mövqe sərgiləyirlər, ancaq özləri mahiyyətcə irançılardır. Məsələn, bir sıra məsələlərdə Bütöv Azərbaycan ideyasını daşıyan müəyyən anlayışa sahib bir çox insan irançı zehniyyətində hərəkət edir.Bu ideyanın özündən də İranın maraqlarına xidmət edən səviyyədə istifadə edirlər.Nəyə xidmət etmək istəyinin mahiyyətini doğru tuta bilməyəndə ortaya acınacaqlı vəziyyət çıxır. Azərbaycanda ümumiyyətlə solçu cərəyan yox səviyyəsindədir.Ayrı-ayrılıqda bir-iki intellektual və ya hazırlıqlı şəxslərin bu istiqamətdə fikir səsləndirməsi hələ solçuluq ideyasının daşıyıcısı olmasına söyləməyə əsas vermir.Demək olar ki, liberalizm cərəyanında da vəziyyət belədir.Ona görə də belə məsələlərdə bir qədər fərqli yol izlənməlidir.Bu yolu da izləyənlər nəzəri və digər cəhətlərdən daha hazırlıqlı olmaq məcburiyyətindədirlər”.
“Parlament seçkiləri professional əsaslarla keçirilmədiyindən partiyalar arasında rəqabət yoxdur”
Həmsöhbətimizin fikrincə, ümumiyyətlə, Azərbaycan cəmiyyətinin gələcəyi ideologiyasız cəmiyyətə yönəlikdir: “Buna görə də bizim bu məsələdə böyük təmənnamız olmamalıdır ki, niyə bu cərəyanda boşluqdur. Bütövlükdə Azərbaycanda parlament seçkiləri professional əsaslarla keçirilmədiyinə görə partiyalar arasında rəqabət çox qabarıq görünmür.Belə bir vəziyyətdə hər hansı şəkildə yenilik də müşahidə olunmur.Ona görə də biz bu məsələlərdə düşünməliyik ki, nələrin daha çox dəyişməsiylə buna nail olmaq olar.Məncə, daha çox seçki sisteminin təkmilləşməsi variantıyla bunu inkişaf etdirmək olar.Açığı indiki şərtlərdə bu, real görünmür”.
“İndi insanları yalnız sosial problemlər maraqlandırır”
Fazil Mustafa onların gənclik dövründə daha çox milliyətçi dalğa güclü olduğunu deyir: “Bu da SSRİ-dən ayrılmaq, müstəqil dövlət qurmaq, başqa ideyaların populyarlığıyla bağlıydı. Ancaq indi müstəqil dövlət qurulub, insanları yalnız sosial problemlər maraqlandırır.Belə bir şəraitdə durub hansısa sərt milliyətçilik kursu aparmaq effekt vermir. Yəni mənə görə yeni nəslin konkret , sağlam və əsaslı ideologiyaya sahib ola bilməməsi məhz indiki dövrlə bağlıdır. Bir də dediyim kimi, rəqabətin olmamasıyla.Rəqabət və dəyişiklik olduğu halda cərəyanlarda aktivlik müşahidə oluna bilər, geniş vüsət alar.Partiyalar rəqabət aparmadığına görə parlamentdə fərdi qaydada təmsilçilik var, bu da düşüncə və ideologiya sferasının genişlənməsinə imkan vermir.Diqqət edirsinizsə, Xalq Cəbhəsi yaxud Müsavat partiyası artıq siyasi partiya görünümündən çıxıblar, sosial xarakterli tərəflərlə əhalini öz sıralarına cəlb eləməyə maraq göstərirlər”.
“Yol adamı böyük etmir, adam yolu böyük edə bilir”
Müşfiq Ötgün isə ideoloji istiqamətlərə əhəmiyyət vermədiyini söyləyir: “Filankəs filan ideologiyanın ardıcılıdır, beşmankəs digərinin... Mənim üçün bu, hansısa insan barədə konkret heç nə demir. Eləcə də, “filan ədəbi janrı xoşlayıram, o birisini yox” demərəm.Janrından asılı olmayaraq istedadla yazılmış əsərləri xoşlayıram. Konfutsi deyir: “Yol adamı böyük etmir, adam yolu böyük edə bilir”.Ona görə “filankəs, solçudur, liberaldır, mühafizəkardır, kommunistdir” deməkelə bir məna ifadə etmir.İnsan özü necədir?Məzmunu nədən idarətdir?Cəmiyyət üçün xeyirli nə daşıyır özündə? İndi tam olaraq da ideologiyaları inkar da etmirəm, amma əsas olan konkret insanlar və konkret məzmundur.Məsələn, “filankəs islamçıdır” deyəndə nə başa düşüm?Bin Laden də islamçıdır, Məhəmməd İqbal da”.
“Passivlik və sükutdansa kor-koranə də olsa prosesdə iştirak etmək yaxşıdır”
Kor-koranə şəkildə hansısa ideologiya xidmət etmək məsələsinə gəldikdə isə,Müşfiq bəy burda iki məqamı önə çəkir: “Qoy, gənclər elə kor-koranə girişsinlər bu prosesə. Ölkənin, cəmiyyətin problemlərinə refleksiya etsinlər, yanılsınlar, boşluqlarını doldursunlar, özlərini, milli kimliyimizi müsbət və mənfi tərəflərimizlə dərk etsinlər.Əsas olan budur.Passivlik və sükutdan daha çox narahat olaram mən.Gənclərinin həqiqi sosial, siyasi aktivliyi olmayan ölkənin gələcəyi sual altında olar.Həqiqi aktivliyi nəzərdə tuturam, onun imitasiyasını yox.Gənclikdir, eqonun, tələskənliyin təsiri böyük olur.İndi mən belə şeylərə normal və səbrlə yanaşıram. İkinci məqam isə ondan ibarətdir ki, gənc nəsildən yuxarı olan iki nəsil demək olar ki, itirilmiş nəsildir.Mən belə düşünürəm.Azdır elə adamlar ki, gənclərə nəsə öyrədə bilsinlər.Bilirsiniz, Sovet sistemi adamlarda həqiqi sosial-siyasi aktivliyi öldürmək üçün süni “aktivlik” kultivasiya edirdi.Adamların bəziləri demaqoqlaşırdı, özünüaktiv sayırdı.Amma bu, boşluğun ifadəsi idi, əsasən.Biz indi o keçmişimizin təsiri ilə üz-üzəyik.Nəticədə, yalnız nostalji ilə yaşayanitirilmiş nəsillər yarandı. Sovetin xiffətini çəkən yaşlı nəsil.... Nə öyrədə bilər onlar gənclərə?”
“Dindarlıq və milliyyətçilikdən çəkinirəm”
Filosof un qənatincə, bugünkü gənclik əsasən özü həyatdan və kitablardan öyrənməli, yolunu müəyyən etməli olacaq: “Valideynləri ölmüş aslan yavruları kimi. Nə qədər çətin olsa da… Və kitablardan, tarixdən də çox yararlanmaq mümkündür.Dindarlıq və milliyyətçilikdən çəkinirəm.Bu istiqamətləri siyasi ideologiya olaraq kontrolda tutmaq çətindir.Çünki asanlıqla dözümsüzlüyə, qəddarlığa yuvarlana bilir.Tarixə və ətraf ölkərlə baxa bilərsiniz.Düşünürəm ki, bizim idealımız, insan mərkəzli, sosial dövlət olmalıdır.Və bu idealı gerçəkləşdirəcək qüvvələri dəstəkləməliyik. Adı dəyişlik də ola bilər”.
“Müxalifəti müdafiə etməyən vətəndaş sabah iqtidarı da müdafiə etməkdən çəkinəcək”
Dövlətin vəzifəsinin vətəndaş institunu formalaşdırmaq olduğunu söyləyən Sərdar Cəlaloğlu belə bir sual qoyur: “Vətəndaş institutu nə zaman formalaşır? Dövlətçilik təbliğ olunur, qanunçuluq təbliğ olunur, konstitusion təfəkkür aşılanır.Xalqın tarixi öyrədilir.İndi bu milli televiziya kanallarına şəxsən özüm az-az baxıram.Amma baxanda görürəm ki, belə təbliğatla nəinki vətəndaş, normal insan kimi də formalaşmaq mümkün deyil. Faktiki olaraq hakimiyyət vətəndaşları elə hazırlamaldır ki, vətəndaş aktiv olsun, fəal olsun. Bu gün müxalifəti müdafiə etməyən vətəndaşsabah iqtidarı da müdafiəetməkdən çəkinəcək. Öz haqqını müdafiə eləməyən adam dövlətini necə müdafiə edə bilər? Xalqı qorxaq böyütməklə normal dövlət qurmaq olmaz.Azərbaycan xalqı ən apolitik xalqlardan biridir.Faktiki olaraq siyasətdən tamamilə kənarda dayanmış bir xalqdır.Bəs belə siyasətdən uzaq xalq Qarabağ məsələsində öz dövlətinə necə arxa-dayaq olacaq?Düşünürəm ki, bu problemin kökündə iqtidarın yanlış siyasəti durur.Məhz bu siyasətə görə vətəndaşların siyasi fikirləri formalaşmayıb.Ümumiyyətlə, laqeyddirlər, xəbərsizlik içindədirlər.İqtidar isə nə özü ideya təbliğatı aparır, nə də imkan verir ki, biz aparaq”.
“Bizim xalq ideyanın nə olduğunu belə bilmir”
Sərdar Cəlaloğlunun sğzlərinə görə, əslində, çağdaş dünyada da sol-sağ ayrımı səngiyib: “İndi bütün dünyada siyasət maraqlar üzərində qurulub.Açığı, bizim xalq heç bilmir ki, ideya nə olan şeydir.Ona görə də ən yaxşı nəticəni dövlətçiliyin təbliğatı verə bilər.Amma bu işdə gəncləri də çox tənqid etməməliyik.Aprel hadisələri göstərdi ki, cavanlar ideya uğrunda, vətən uğrunda ölümə getməyə hazırdır.Yəni potensial var, sadəcə, bu materialı işləmək lazımdır”. |
||
|
||
Azərbaycan, gəncliyi, ideoloji, istiqamətlərə, əhəmiyyət, verirmi?, |
|