Xəbər haqqında
18 Oktyabr 2017 - Çərşənbə 14:28 2574 nəfər oxuyub
 
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə
MÜSAHİBƏ Xəbəri
Azərbaycan, Türkiyə və İran birləşməsə, bölgədə qan su yerinə axa bilər - Yusuf Halaçoğluyla özəl müsahibə

Xəbər verdiyimiz kimi, Kərkük Peşmərgə silahlılarından azad olundu. İraq ordusu Şimali İraq Kürd Muxtariyyətinə qanunsuz olaraq elan etdiyi qondarma Kürdüstana aid bayraqları, atributları, həmçinin qısa müddət ərzində Şimali İraqın görkəmli yerlərində, ələlxüsus Kərkükün inzibati binalarının önündə yerləşdirilən üzərində Bərzaninin şəkli əks olunan plakatları yığdı və sonra hər kəsin gözünün önündə yandırdı. Təbii ki, bölgənin Peşmərgə silahlılarından və kürd separatçılarından azad olunması əlahiddə bir hal idi. Artıq bir neçə ay idi ki, bütün dünyanın diqqəti Şimali İraqda, bölgənin ürəyi olan Kərkükdə idi. Nəhayət, Türkiyənin diplomatik, İranın isə hərbi dəstəyi ilə Kərkük azad olundu. Kərkükün azad olunması, əlbəttə ki, çox sevindiricidir. Lakin mediada təzadlı fikirlər dolanır, xüsusilə də Türkiyə mediasında. İndi hər kəsi düşündürən sual budur: Görəsən, Şimali İraqdakı etnik və separatçı meyillər məzhəb qarşıdurmasına çevrilə bilərmi? Təbii ki, İran ordusunun bölgəyə müdaxilə etməsi də bu sualın “hə” cavabını gücləndirir.

 

Xeber365.com-un bu və digər suallarını özəl olaraq türkiyəli millət vəkili, tarixçi Yusuf Halaçoğlu cavablandırıb.

 

Yusuf bəy, peşmərgələr Kərkükdən çıxarıldı və hazırda əraziyə İraq ordusu nəzarət edir. Lakin İran ordusu da bölgədədir. Sizcə, İran bölgəyə nəzarəti ələ almaq istəməyəcəkmi?

 

– Hər şeydən əvvəl, peşmərgələrin oradan qovulması çox önəmli idi. Onsuz da Yaxın Şərq bir barıt çəlləyinə bənzəyir. Hər an hər yer alova bürünə bilər. Bu gərginlikdən doğan vətəndaş müharibəsi nəticəsində yüz minlərlə insanlar ölür – həm İraqda, həm də Suriyada. Qalanların da bəzilərinin vəziyyəti göz qabağındadır. Milyonlarla insan Türkiyəyə və başqa ölkələrə mühacirət edir. Bu hadisələr fonunda İranın bölgəyə nəzarəti ələ keçirməsi belə müzakirə mövzusu belə deyil.

 

Hazırda İran ordusu Şimali İraqdadır. Necə düşünürsünüz, belə bir vəziyyətdə rəsmi Tehran hadisələri qarşılamaq üçün bölgədə qala bilərmi?

 

– Yəqin ki, İran ordusu qarşıdakı bir neçə gün ərzində İraq hökuməti ilə razılaşıb geri çəkiləcək. Lakin bir məsələ var. Mən İraq şiələri ilə İran arasında olan bağı nəzərdə tuturam. İran İraq ərazisinə girməsə, yaxud bölgədəki ordusunu geri çəksə belə Kərbəla şiələri İrana son dərəcə bağlıdırlar. Bu kiçik yaxınlıq bizə əsas bir şeyi göstərir. Əgər bütün İslam dünyası məntiqlə hərəkət etsə, birlik içində və bir-birinin hüquqlarına hörmət əsasında davransa, dünyanın ən böyük gücünə çevrilər. Dolayısı ilə İranın da bu bölgədə nəzərə çarpacaq bir gücü var. Liviya və Suriyada da bu gücün təsirlərini görə bilirik. İran bu bölgələrdə təsirli bir dövlətdir.

 

Yaxın Şərqdəki vəziyyəti nəzərə alsaq, bu təsirin olmamasını düşünmək olarmı? Sizcə, bu təsiri yaratmaq İranın haqqı deyilmi?

 

– Doğrudur, bu qarışıqlıq içində İranın həmin bölgədə təsirsiz olması mümkünsüzdür. Bu baxımdan deyə bilərəm ki, bu təsir anlaşılandır. Lakin bölgə ölkələrinin oturub bir-biri ilə anlaşmasına ehtiyac var. Öncəliklə bu müharibənin aradan qaldırılması lazımdır. Yoxsa terror təşkilatları başda olmaq üzrə kənardan gələn bir sıra separatçı dövlətlər bu bölgədə qətliamlar törədəcək.

 

Yusuf bəy, İranın təsirindən söz düşmüşkən, təəssüf ki, İslam aləmi məzhəblərə bölünüb. Bu anlamda İranı şiə ölkəsi adlandıra bilərik. Bölgə sünnilərinin İrandan necə təsirlənəcəkləri maraqlıdır...

 

– Əslində, şəxsən mən İranın bölgə sünnilərinən qarşı hər hansı bir hərəkət edəcəyinə inanmıram. Bilirsiniz, türkmənlər içində həm şiə, həm də sünni olanlar var. Onlar hər iki qrupda da təmsil olunur. Dolayısı ilə düşünürəm ki, hər iki qrup öz aralarında və İranla anlaşacaqlar. Bir problemin olacağını düşünmürəm. Onsuz da İraq türkmənlərinin sünni və şiə qrupları öz aralarında anlaşıblar. Hər iki qrup peşmərgələrə qarşı birgə mübarizə apardılar.

 

Bu anlaşma bölgədə sülh yarada bilərmi: birbaşa yaxud da dolayısı yolla digər qüvvələrə təsir edərək?

 

– Bu anlaşma, əslində, çox önəmli bir məfhumdur. Bu anlaşma bölücülüyün, separatçılığın qarşısını alır, birlik yaradır. Türkmənlər üçün hazırda birlik çox önəmlidir. Ümumiyyətlə, bütün millətlər, toplumlar üçün birlik çox önəmlidir. Bu birlikdən istifadə edərək bir an əvvəl sülhə nail olmaq lazımdır. Yoxsa bölgədə qan su yerinə axacaq.

 

Yusuf bəy, sizin fikrinizcə, bölgənin əminamanlığı nədən asılıdır? Kərkükdə qanı durdurmaq, baş verən və baş verəcək acı hadisələrin qarşısını almaq üçün neyləmək lazımdır?

 

– Qeyd etdiyim kimi, Yaxın Şərq, bəlkə də, dünyanın ən qarışıq bölgəsidir. Buna görə də, bölgədə bəzi dövlətlər arasında təhlükəsizliyi təmin etmək məqsədi ilə beynəlxalq razılaşma əldə olunmalıdır. Beynəlxalq güclər bölgədə təhlükəsizliyə zəmanət verməlidir. Yəni deyək ki, orada Türkiyənin də, İranın da, Azərbaycanın da bir zəmanət ölkə rolu oynaması lazımdır. Biz çalışmalıyıq ki, türkmənlər daxili müharibəyə cəlb olunmasınlar. Əgər müharibənin qarşısı alınsa, qarşıda türkmənlər üçün gözəl günlər başlaya bilər.

 

Mənbə: Müəllif:
Azərbaycan,, Türkiyə, və, İran, birləşməsə,, bölgədə, qan, su, yerinə, axa, bilər, -, Yusuf, Halaçoğluyla, özəl, müsahibə,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı