The document has moved here.
|
||
Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar - MÜSAHİBƏ | ||
“Türk dili o vaxt hakim ola bilər ki, əmək bazarında ona tələbat olsun” | ||
MÜSAHİBƏ Xəbəri | ||
|
||
|
||
Musavat.com və Xeber365.com saytları Türk dilinin regionda hakim dilə çevrilməsi istiqamətində yeni bir layihəyə başlayıb.
Layihənin məramına uyğun olaraq, əməkdaşlıq çərçivəsində qoyulan fikrin əvvəlcə ölkə daxilində, daha sonra regionda təbliğatının qurulması üçün işlər görüləcək. Belə ki, dilçilik sahəsi üzrə mütəxəssislər, Azərbaycan türkcəsinin bölgədə əsas dilə çevrilməsinin üstünlüyünü əsaslandıracaq siyasilərlə, sosioloqlarla, alimlərlə, ümumilikdə ziyalı kəsimlə müsahibələr ediləcək, araşdırmalar aparılacaq, müzakirələr, konfranslar təşkil olunacaq. Bu fikir və məqsədlə yola çıxmağımız heç də əsassız deyil. Xatırladaq ki, qeyri-türk xalqlarının sıx yaşadığı bölgələrdə Türk dili əsas ünsiyyət vasitəsidir və türk xalqlarının yaxın qonşuluğunda və onlarla eyni bölgədə xeyli sayda başqa dil ailələrinə mənsub xalqlar yaşamaqdadır. Xüsusilə Qara Dəniz ətrafı və Qafqaz regionunda əsrlərlə türk xalqları başqa xalqlarla eyni ərazilərdə yaşayırlar. Bu regionda türk dili hər zaman xüsusi çəkiyə sahib olub. Nəinki türklərlə, hətta burda yaşayan başqa xalqlar ümumi ünsiyyət vasitəsi kimi türk dilini seçmişdilər. Bu fikri rus şairi Lermontovun sözləri də təsdiq edir: “Avropada fransız dili nə deməkdirsə, Qafqazda tatar (türk) dili həmin nüfuza malikdir”. Bu gün rus və ingilis dili kimi beynəlxalq dillər bölgədə yaxşı mənimsənilməsinə baxmayaraq, Türk dili ümumi ünsiyyət vasitəsi kimi aktuallığını itirməyib. Lakin bu məsələ indiyədək rəsmən araşdırılmayıb, regionda türk dilinin statusuna diqqət yetirilməyib. Aparılacaq araşdırmalar qeyri-türk xalqlarının nümayəndələri tərəfindən türk dilində ünsiyyəti hansı intensivliklə qurduqlarını müəyyən edəcək. Araşdırma bütünlüklə Qafqaz və Qara dəniz bölgəsini əhatə edəcək. Məqsəd Türk dilinin, eləcə də Azərbaycan türkcəsinin Qafqaz və Qara dəniz bölgəsində tam şəkildə “linqva franka” statusuna malik olduğunu isbat etmək və gələcəkdə beynəlxalq status alması üçün əsaslı dəlil kimi istifadə etməkdir. Xüsusilə qeyd edək ki, layihə gələcəkdə Türk dilinin daha geniş bölgələrdə durumunu dəyərləndirmək üçün ilk pillədir. Belə ki, bu addım Orta Asiya və Volqaboyu ərazilərdə gələcəkdə sorğuların qurulması və aparılması üçün zəmin rolu oynaya bilər.
Layihə çərçivəsində növbəti müsahibimiz Azərbaycanın görkəmli dilçisi, filologiya elmləri doktoru, professor Fəxrəddin Veysəllidir.
– Fəxrəddin müəllim, layihənin məqsəd və məramından xəbərdar oldunuz. Necə düşünürsünüz, türk dilinin beynəlxalq dilə çevrilməsi üçün əsası, bazası varmı? Gələcəkdə bu ideyanın gerçək olması dərəcədə real görünür?
– Ümumiyyətlə, bir dilin ümumdünya dilinə, qlobal dilə çevrilməsi üçün onun sahibi olan ölkənin güclü iqtisadiyyatı, dünya üzərində ağalığı lazımdır. Biz indi deyirik, türkdilli ölkələr var, ondur, on beşdir. Bu gün söhbət ondan getmir. Maraqlı burasıdır ki, biz dəfələrlə bu mövzunun müzakirəsi üçün toplaşmışıq, istəmişik ki, türk dillərində ümumi bir informatika lüğəti hazırlayaq. Türkiyədən, Qırğızıstandan, Türkmənistandan, Qazaxıstandan, Özbəkistandan nümayəndə gəlmişdi, bizim ölkə də orada təmsil olunmuşdu. Siz inanırsınız, cəmi yüz söz seçmişdik. Yüz sözdən ibarət informatika lüğəti olmalı idi, “kompüter”, “internet” kimi sözlər idi. Cəmi üç sözdə razılığa gələ bildik. Yalnız üç sözü bütöv türkdilli ölkələrdə bu şəkildə işlədirlər. Onlar da kökü heç türk dillərində olan sözlər deyildi. Demək istəyirəm ki, ideya özü yaxşıdır, sağlam fikirdir. Qoy bu ideya həyata keçsin, türklərin də özlərinin dünya miqyasında dilləri olsun, bir yerə yığışanda bu dillərdə ünsiyyətə girə bilsinlər, müqavilə imzalaya bilsinlər. Amma bu, ən azı, yaxın iyirmi, əlli ildə mənə real görünmür. Biz bu ideyanı irəli sürsək ki, hər hansı bir türk dövlətinin özü güclü iqtisadiyyata malik olsun, təsir dairəsinə malik olsun, hələ ki, bu rolda ancaq Türkiyə çıxış edə bilər. Çünki doğrudan da, Türkiyənin iqtisadiyyatı son iyirmi, əlli ildə xeyli inkişaf edib və başqalarına da nümunə ola bilər. Amma bu o demək deyil ki, bu gün qazaxlar, özbəklər, türkmənlər, qırğızlar və azərbaycanlılar öz dillərindən imtina eləsinlər və türk dilini qəbul eləsin, yalnız ondan ünsiyyət vasitəsi kimi istifadə eləsin. Bu, real görünmür.
– Təbii ki, hansısa türkdilli dövlətin dilindən imtina etməsindən söhbət gedə bilməz. Ölkə daxilində hər xalq öz dilində danışır, həmçinin biz. Söhbət sizin bir az əvvəl dediyiniz bir neçə türkdilli ölkənin yalnız üç sözdə ortaq məxrəcə gəlməsindən gedir. Yəni, ilk növbədə, türkdilli dövlətlərin nümayəndələri bir araya gələndə ortaq ünsiyyət dilində danışa bilməlidirlər.
– Burda təkcə söz fondundan söhbət getmir. Bunun qrammatikası var, müəyyən sintaktik konstruksiyaları var. Məsələn, türklər deyir ki, ben seni anlıyorum, biz deyirik, mən səni anlayıram, mən səni başa düşürəm. Türklər bu yaxınlarda dünya üzrə ən böyük alim Naum Xomskinn kitabını tərcümə ediblər. Kitabın adı ingilis dilində “Language and main”dir, türklər onu “Dil və zehin” kimi tərcümə ediblər. Biz isə o kitabı Azərbaycan dilinə “Dil və təfəkkür” kimi tərcümə etmişik. Özümüz də belə başa düşürük ki, bu ad daha geniş mənanı əhatə edir. Mən sadəcə bir nümunə əsasında göstərirəm. Bəziləri deyir ki, bu, bizə yaxın mövzudur. Dilçiliyə dair əsərləri götürək, mənim dostum Ankara Universitetinin professorudur, əslən azərbaycanlıdır, iyirmi dörd ildir orada işləyir. Onunla biz görüşəndə, dildən söhbət edəndə bir-birimizi başa düşə bilmirik. Çünki türk dili son dövrlərdə fransız, ingilis və digər dillərdən o qədər söz qəbul edib ki... Biz də təbiidir ki, rus dilindən, rus dili vasitəsi ilə sözlər götürmüşük. Ona görə anlaşılmazlıq olur, alınmır. Hətta mən qeyri-ixtisas sahiblərini götürürəm, fikir verirsiniz, onlar “kavram” deyirlər, biz “anlayış” deyirik. Yəni o qədər yayınmalar, o qədər kənaraçıxmalar var ki...Bu gün biz, tutaq ki, Amerikada görüşdük, bir Türkiyə türkü, mən, qazax – üçümüz türk dilində danışaq. Bu, hələlik belə real görünmür.
– Baxın, bizim dilimizdə, lüğətimizdə ərəb-fars sözləri çoxluq təşkil edir.
– Hə, doludur.
– Ancaq elə bil dilimizə türk dilindən söz keçməsinə daha mühafizəkar yanaşırıq. Bəlkə də, bu, Türkiyənin özündə və başqa türkdilli ölkələrdə də belədir. Məsələn, bir nəfər “qutlu” sözü işlənəndə deyirlər, niyə “mübarək” yox, “qutlu” deyirsiniz? Halbuki, “mübarək” ərəb-fars mənşəli sözdür.
– Bilirsiniz, bu, şəxsiyyətin aldığı tərbiyədən, təhsildən asılıdır. Əlbəttə, Rusiyaya meyilli adamlar bu cür yenilikləri qəbul eləmirlər. Sizə deyim ki, türklər də bu məsələdə açıq cəmiyyət kimi görünmürlər. Məsələn, mən Türkiyədə olmuşam bir neçə dəfə. Orada təhsil sahəsindəki adamlarla bir neçə dəfə mübahisəm oldu. Mən deyirdim ki, bilirsiniz, nə var? Biz sizin “uçaq” sözünüzü qəbul eləmişik, xoşumuza gəlir, yaxşıdır, dilimizə yatır, həm də ahəng qanununa uyğundur. Siz bizim “qatar” sözümüzü niyə qəbul eləmirsiniz? Siz qatara “tren” deyirsiniz. Hər halda biz sizə qarşı qayğı ilə yanaşdığımız kimi, siz də bizə yanaşa bilərsiniz. Öz aramızdır, hər halda belə deyək də, Sovet dövründə o qədər yeni şeylərə imza atmışıq ki, onları türklər başqa yolla götürüblər. Məsələn, bizim “tozsoran” sözümüz var, çox gözəl sözdür. Düzdür, bu da kalka yolu ilə yaranıb, hər halda diləyatımlıdır, uyğundur.
Bilirsiniz, uzun bir proses getməlidir. Birdən-birə səhər duraq yuxudan deyək ki, Azərbaycan dili ilə türk dili qarşılıqlı şəkildə güzəştə gedirlər, türklər və azərbaycanlılar gələcəkdə bir dilin işlənməsinə imza atırlar, bu, real görünmür. Çünki heç kəs öz dilindən könüllü şəkildə imtina edə bilməz. Biz çox deyirik ki, bizim dilimiz, bizim dilimiz. Vaxtilə ideoloqlarımız belə deyirdilər: “Biz ikidilliyik: “Ana dilimiz Azərbaycan dilidir, amma ikinci ana də dilimiz var ki, o da rus dilidir”. Bu, bizim canımıza, qanımıza nə qədər işləyibsə... Türkiyə bu baxımdan bizdən bir balaca irəlidir. Çünki onlar müstəqil olublar, amma onlarda da fransız, ingilis mənşəli sözlər çoxdur. Amma biz də deyək ki, bu mənada özümüzü təmizə çıxara bilmərik. Bir söz götürək, “metafora” sözü var, ruslardan gəlib bizə. İngilisdə, almanda buna “metafora” deyilmir. Mən hər yerdə deyirəm ki, gəlin buna “metafora” deməyək, “metafor” deyək. Mən bilirəm ki, bunun axırındakı “a” rus dilinin elementidir, qandın cinsinin əlamətidir. Və yaxut “Pradiqma” sözü var. Niyə çəkinirsiniz? Gəlin elə “paradiqm” deyək də. Yəni, belə sözlərdən yüzlərlə, minlərlədir. Biz öyrənmişik ki, rus dilindən götürək, türklər də öyrəniblər ingilis, alman, fransız dilindən götürələr. Burada uzun bir proses getməlidir, həm çox ciddi bir proses getməlidir. Hər şeydən əvvəl, teoretiklər, nəzəriyyəçilər deyirlər ki, indiki dövrdə vahid dilin yaranmasında yalnız iqtisadi amil rol oynaya bilər. Yəni iqtisadi cəhətdən Türkiyə və ya Azərbaycan o qədər inkişaf eləməlidir ki, qəbul ediləcək modeli onlar tətbiq etsin. Onda, əlbəttə ki, təbii ki, bu dil qəbul ediləcək. Bu da yaxın zamanlarda, yəni ekspansiya, dünyanın yenidən bölünməsi, dillərin o şəkildə meydana çıxması real görünmür.
– Bəs hazırda Azərbaycanda ikidilli, üçdilli situasiyaya sizin baxışınız necədir?
– Azərbaycanda bu situasiyanı təhlil eləmişəm, bununla bağlı böyük bir məqalə yazmışam, konfranslarda çıxış eləmişəm. Azərbaycanda bu dəqiqə beş dilin hökmranlığı var. Öz ana dilimiz heç, bizim konstitusiya hüquqlarımızdır, amma bizdə etnik azlıqlar var və bunlar da öz ana dilləri uğrunda mübarizə aparırlar. Hər halda, necə olursa-olsun, dövlət dili kimi bizim dilimiz – Azərbaycan türkcəsi qəbul olunub. O zonada, bu zonada başqa cür danışsalar da, ümumrespublika baxımdan bizim dilimiz dövlət dili kimi Azərbaycan dilidir. İkinci dil kimi indiki şəraitdə yeni qlobal dil olan ingilis dilidir. İngilis dili çox sürətlə yayılır. Çox sürətlə gəlir, hər gün məişətimizə, həyatımıza daxil olur.
– Bu mənada rus dili ingilis dilindən öndə deyilmi?
– Yox, yox, yox. Rus dili rusdillilər arasındadır. Bütövlükdə respublika miqyasında ingilis dili onu üstələyir. Çünki ordan gəlir hər şey. Biz artıq Avropaya, dünyaya üz tutmuşuq. Rus dilli ailələrdə rus dili əvvəlki hökmranlığını edir. Amma ümumilikdə götürüldükdə, bu, belə deyil. Məktəblərdə valideynlər özlərini öldürürlər ki, bizim uşaqlar ingiliscə oxusun. Vaxtilə məktəblərdə alman, fransız dilləri çox geniş öyrənilirdi. İndi orta məktəblərdə, demək olar ki, bu dillər yavaş-yavaş sıradan çıxır.
Rus dili üçüncü yerdə gəlir. Çünki rus dili ənənədir, keçmişdir, bizim aramızdakı yaşlı nəslin nümayəndələri, hətta görürsən ki, rusdilli təhsil almış cavanlar da bu dili işlədirlər və bu dildən həzz alırlar. Dördüncü dil kimi türk dilini mən götürərdim. Aydındır, türk dili burada çox böyük nüfuza malikdir. Son zamanlar sərhədlərin açılması, gediş-gəliş və sairə bun öz təsirini göstərib. Beşinci dil isə, fars və ərəb dilini hesab etmək olar. Ərəb dili din yolu ilə gəlir, farslar qonşularımızdır. İstər-istəməz onlar azərbaycanlıların intonasiyasına, sözlərdəki vurğuya təsir göstərir. Biz nə qədər müstəqil olsaq da, orada qardaşlarımız var, istəyirik ki, onlara köməkliyimizi göstərək. Bax bu mənzərə Azərbaycanda real dil situasiyasıdır. İndi bunların hansı qalib gələcək, bilmirik. Hesab edirəm ki, Azərbaycan dili, ana dilimiz burada möhkəm olmalı, müqavimət göstərməlidir, çünki ingilis dili çox sürətlə gəlir, dünya miqyasında belədir.
– Yəni bu situasiyada Azərbaycan dili dominant deyilmi, sizcə?
– Yox, mən deməzdim ki, dominantdır. Fikir verin, şəhərə çıxanda reklamlara, elanlara baxın, görün hansı dildədir? Xarici şirkətlərin qarşısındakı elanlara baxın. Hətta bizim öz şirkətlərimizin qarşısında lövhədə belə məlumat əvvəlcə ingilis dilində böyük hərflərlə, sonra Azərbaycan dilində kiçik hərflərlə yazılır. Biz istəsək də, istəməsək də, o qloballaşma bizə öz təsirini göstərir.
– Aydındır, hesab edirsiniz ki, bu gün ingilis dilinin dilimizə təzyiqi daha güclüdür.
– Bəli.
– Bəs xalqların Azərbaycan dilinə münasibəti sizi qane edirmi?
– Xalqların Azərbaycan dilinə münasibəti çox maraqlı və ciddi məsələdir. Bizim iqtisadiyyatımız, mədəniyyətimiz həddindən artıq yüksəkdir. Xüsusilə musiqimiz. Təsadüfi deyil ki, musiqi sahəsində çalışan adamların əksəriyyəti Sovet dövründə də, elə indi də rusdillilərdir. Kötük var da, oradan gəlir. Qara Qarayev harada oxumuşdu? – Moskvada. Mənim özüm Leninqradda oxumuşdum. Oradan gəlir, bunu gizlətmək olmaz. Amma indiki şəraitdə bir tərəfdən sərhədlərimizin açılması, eyni zamanda, qonşuların güclü təzyiqini nəzərə almaq lazımdır. Azərbaycan dili o zaman başqaları üçün maraqlı, cazibəli ola bilər ki, bizim bu marağı yaradacaq potensialımız çox olsun. Yəni iqtisadiyyatımız, mədəniyyətimiz, kənd təsərrüfatımız, elmimiz, ədəbiyyatımız güclü şəkildə inkişaf eləsin.
Bu gün Azərbaycan elminin inkişafı sahəsində (bütün sahələri götürürəm) hər hansı bir termin daxil olurmu dünya dilinə, dünya xalqlarının dilinə, qlobal dilə, orada mənimsənilir, işlənilirmi? Məsələn, gedirəm İngiltərəyə, görürəm ki, “Dönər” hər addımbaşı var, nə bilim, “Tavuk” hər addımbaşı var, Bilirsiniz, bu sölzərin işlədilməsi elə-belə deyil ha. Bu, həmin o mədəniyyətin təzyiqidir. Avropada hansı küçə ilə gedirsən, görürsən ki, türklər dayanıb, meyvə-tərəvəz satırlar, ya da kafe, restoran işlədirlər. Bu adamlar ora gələndə ,təbii ki, türk mətbəxini də “gətirirlər”. Əgər biz o şəkildə inkişaf edə bilsək, onda dilimizin başqa xalqların dillərinə təzyiqini hiss edə bilərik. Baxın, Almaniyaya gedirəm, Berlində türk restoranında otururam, menyuya baxıram ki, mətbəx türk mətbəxidir. Azərbaycanlıların restoranına gedirəm, baxıram ki, mətbəx bizim mətbəx deyil.
– Yəni getdiyimiz ölkəyə dilimizi, mətbəximizi, mədəniyyətimizi “aparmalıyıq”, sözügedən ideyaya bu yolla çata bilərik.
– Yavaş-yavaş da, yavaş-yavaş. Elementlərlə aparmalıyıq. Məsələn, biz “dolma” sözünü aparırıq, var, işlənir. Amma bədnam qonşuların təsiri nəticəsində Avropa elə bilir ki, dolma ermənilərin yeməyidir. Halbuki, bu söz mənşəyinə görə sırf Azərbaycan sözüdür, “doldurmaq” sözündəndir.
Təsəvvür edin, bizim avioşirkətimiz var, adı “AZAL”dır. Bunun adını Azərbaycan dilində qoymaq olardı da, “Azərbaycan hava yolları” qoymaq olardı da, “AZHAV” ola bilərdi. Və yaxud da,“Teksun”, “Azərsun” şirkəti var. “Azəryağ” ola bilərdi. Yəni müəyyən dərəcədə bu günah bizim özümüzdədir. Bunu məsul şəxslər həmin şirkətin müqaviləsini imzalayarkən nəzərə almalıdır ki, bu şirkətin adı azərbaycanca olsun, Azərbaycanda fəaliyyət göstərəcək. Heç olmasa, bunun məzmununda bir az azərbaycançılıq olsun.
– Çox haqlısınız. Elə Türkiyə türkləriylə müqayisədə bizim dilimizə sahiblənmək hissimiz çox zəifdir.
– Hə, bu barədə çox zəifik. Müstəqil olmamışıq, ona görədir, yəqin ki. Uzun illər rusların müstəmləkəsi, təsiri altında olmuşuq, neçə illər farsların, neçə illər ərəblərin. Bu saat Azərbaycanda icmalar var ki, ancaq ərəbcə danışmağı xoşlayırlar. Çünki din güclü şəkildə təsir göstərir. Türkçülük yaddan çıxır, dinçilik birinci yerdə gəlir.
– Fəxrəddin müəllim, bəs Gürcüstanın Azərbaycan və Türkiyə arasında tranzit ölkə olması türk dilini regionun özündə hakim dilə çevrilməsində kömək ola bilərmi?
– Ola bilər, vaxt tələb edir. Əvvəllər Gürcüstanda tez-tez olurdum. Gürcülərin türk dilinə çox da meyilli olduğunu görmürdüm. Sadəcə olaraq, indi onlar ruslardan qırılıb. Vəziyyət ağırdır, həm iqtisadi cəhətdən, həm də digər cəhətlərdən ağırdır. Ona görə türklərə, bizə meyil edirlər. Bizim qazımız, neftimiz onlara dolanmaq, yaşamaq üçün şərait yaradır. Türklərin də iqtisadiyyatı, yeni texnologiyası gəlir. Bu baxımdan, bir az gözləmək lazımdır. Bu saat burada fərziyyələrlə danışmaq çətindir. Müəyyən mənada buna vaxt tələb olunur ki, görəsən, Türkiyənin iqtisadi modelini gürcülər, o birilər tam şəkildə qəbul edəcəkmi? Qəbul etsələr, aydın məsələdir ki, türk dili aydın bir dilə çevrilir.
– Yaxşı, tutaq ki, türk dili regionda hakim dilə çevrildi. Bu zaman BMT-də altıncı dil olaraq qəbul edilə bilərmi?
– Ola bilər. Bu, həmin o BMT-də iştirak edən beş-altı türdilli dövlətin münasibətindən, onların bu məsələni qaldırmasından asılıdır. Doğrudan da, beş-altı millət, sonra da onlara xeyli BMT üzvü dayaq versə, onda, əlbəttə, məsələ qoya bilərlər ki, türk dili BMT-nin işlək dilinə çevrilsin. Ancaq bu, o zaman mümkün ola bilər ki, qazax da, qırğız da, özbək də, türkmən də danışanda biz bir-birlərini başa düşsünlər.
– Son olaraq soruşum: bu layihə çərçivəsində Sabir Rüstəmxanlı ilə müsahibəmizdə belə bir təklif irəli sürdü ki, türk dilinin birinci türk dünyası ölkələrində ümumişlək, ortaq ünsiyyət vasitəsinə çevirməliyik. Bunun üçün də, məsələn, Azərbaycanın özündə türk dili xarici dil olaraq bir neçə il tədris edilməlidir. Siz bu təklifə necə baxırsınız? Türk dili Azərbaycanda xaric dil kimi tədris olunsa, “xarici” statusuyla onu özümüzdən uzaqlaşdırmış olmuruqmu, yoxsa sırf dilin öyrənilməsi üçün məqbul sayıla bilər?
– Bilirsiniz, proqrama xarici dil kimi əlavə etmək o zaman mümkün olar ki, ona xalqın böyük ehtiyacı olar. Təsərrüfat sahəsində, mədəniyyət sahəsində, iqtisadiyyat sahəsində... Sadaladığım sahələrdən yalnız iqtisadiyyatda bir balaca türklər irəlidədir. Türk dilini öyrənə bilərik, ya xarici dil kimi, ya əlavə dil kimi öyrənə bilərik. Bu, bizim xeyrimizədir. Amma bilirsiniz, insanlarda proqmatika var. Həm valideynlər, həm də uşaqlar fikirləşir ki, mən türk dilini öyrəndim, oxudum, sabah dünya bazarına necə çıxacam? Mən Avropaya necə çıxacam? Ona Avropaya gedib işə düzəlmək lazımdır.
Bilirsiniz, baloniya sisteminə biz nəyə görə keçmişk? Elə-belə istəyib keçməmişik. Məcbur olmuşuq. Ki, sabah vahid Avropa Birliyi olanda bizdə ixtisas almış gənclər gedib Avropa qurumlarında işləyə, əmək bazarına çıxa bilsinlər. Əmək bazarı çox ciddi məsələdir. Əgər əmək bazarında o dilə tələbat yoxdursa, istəyirsən, hər gün hər məktəbdə on saat türk dili keçək. Bu, bizə heç nə qazandırmayacaq.
Ona görə də birinci əmək bazarına münasibət formalaşmalıdır. Əmək bazarı o adamları elə cəlb eləməlidir ki, onlar uşaqlarını aparıb türdilli məktəblərə qoysunlar. Yadınıza gəlir, burada nə qədər türkdilli məktəblər vardı? O məktəblərdə oxuyan gənclərin hamısı axışıb getdi Türkiyəyə. İndi görürlər ki, Türkiyənin özündə də vəziyyət o qədər yaxşı deyil, ona görə dilə də maraq azalır.
|
||
|
||
Azərbaycanda, icmalar, var, ki,, ancaq, ərəbcə, danışmağı, xoşlayırlar, -, MÜSAHİBƏ, |
|