“Ukrayna-Rusiya müharibəsi özünün ən kritik fazasına daxil olub. Xüsusilə, Ukraynanın 2014-cü ildən Rusiya tərəfindən işğala məruz qalmış suveren ərazisi Krımla bu ölkəni birləşdirən körpünün partladılmasından sonra Kremlin daha aqressiv və isterik qərarlar qəbul edəcəyi bəlli idi. Gözlənilənlər özünü doğrultdu, Rusiya iki sutkadır, daha amansız şəkildə başda paytaxt Kiyev olmaqla Ukraynanın böyük şəhərlərindəki mülki və strateji obyektləri irimiqyaslı raket atəşi altında saxlayır. Qanadlı raketlər və İrandan aldığı dronlar vasitəsilə şəhərləri bombalamaq əmri verən Putin bildirib ki, bütün bunlar guya Ukraynanın son vaxtlar Rusiyanın strateji obyektlərinə qarşı terror aktları həyata keçirməsinə tutarlı cavabdır. Son məlumatlara görə, mülki əhali arasında xeyli sayda ölü və yaralı var.
Görünən odur ki, döyüş meydanında bütün cəbhə xətti boyu Ukrayna Silahlı Qüvvələrinin apardığı əks-hücum əməliyyatları nəticəsində Rusiya Ordusunun ciddi itkilərə məruz qalaraq, böyük ölçüdə geri çəkilməsi, o cümlədən ukraynalıların onlarla yaşayış məntəqəsini azad etməsi Putin administrasiyasında və ordu rəhbərliyində əlavə əsəb gərginlikləri yaradıb. Ukraynada aparılan "xüsusi əməliyyatın" komandanını tələsik dəyişdirmək qərarı da bununla əlaqədar ola bilər”.
Xeber365.com xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyası Başqanının müavini Rəşad Bakuvi bildirib.
“Hesab edirik ki, bu müharibədə artıq bütün humanitar əndazələr aşılıb, müharibə qaydalarına əməl olunmaqdan söhbət belə gedə bilməz. Hər fürsətdə dünyanı atom müharibəsi ilə hədələyən Rusiya rəhbərliyi Ukraynada insanlığa qarşı konkret soyqırımı, terrorla məşğuldur. Hərbi cəhətdən prosesi uduzmaqda olan Putinin bunun əvəzini uşaq, qadın, yaşlı demədən dinc əhaliyə qan uddurmaqla çıxmasına qarşı Ukraynaya dəstək verən beynəlxalq ictimaiyyət daha konkret və effektiv tədbirləri gecikdirməməlidir. Ukraynanın mülki əhalisini mümkün bombardmandan qorumaq üçün təcili surətdə bu ölkəyə hava hücumundan müdafiə sistemləri verilməlidir ki, Rusiyanın hərbi hədəflərdən çox şəhərləri bombardman etməsinin qarşısını almaq mümkün olsun. Əks halda, Ukraynada humanitar böhran qarşısıalınmaz bir fazaya daxil olacaq ki, bunu qısa və orta müddətdə aradan qaldırmaq çox çətin olacaq”, - deyə o əlavə edib.
Rəşad Bakuvi qeyd edib ki, NATO ölkəsi qardaş Türkiyə dövlətinin çox dəhşətli mərhələyə qədəm qoyulan müharibənin bir an öncə dayandırılması və sülh danışıqlarına başlamaqla bağlı Ukrayna və Rusiya rəhbərliyi arasında vasitəçilik missiyası təklif etməsi hər mənada təqdirəlayiqdir.
“Ümumiyyətlə, savaşın başladığı 24 fevraldan bu yana rəsmi Ankaranın öz milli və strateji maraqlarını önə çəkərək tutduğu ehtiyatlı və məsafəli mövqe, daha doğrusu, bir parçası olduğu Qara Dəniz hövzəsində uzunmüddətli sabitlik və təhlükəsizliklə bağlı davamlı dialoq səyləri, bu istiqamətdə atdığı addımlar başadüşüləndir. Bu duruş istər Qərb, istər Ukrayna, istərsə də Rusiya tərəfindən anlayışla qarşılanır. Bununla belə, o qənaətdəyik ki, danışıqlar masası harada qurulur qurulsun, Donbas və Krım da daxil olmaqla Ukraynanın ərazi bütövlüyü, suverenliyi heç bir müzakirə predmeti olmamalıdır. Rusiya işğal etdiyi bütün ərazilərdən çıxmalıdır və münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlar yalnız bundan sonra başladıla bilər. Əks halda, imperialst və şovinist, daha çox eksponsionist xarici siyasət kursu götürən Kremlin bu hərəkətləri qlobal siyasətdə zərərli presedentlərin yaranmasına yol aça bilər. Bu isə təkcə Ukraynanın yox, bütün müstəqil ölkələrin milli maraqlarına toxunan məsələdir. Əbəs yerə deyilmir ki, beynəlxalq hüququ ayaqlar altına atıb, başqa bir ölkəni işğal etməkdən çəkinməyən Rusiyaya qarşı Ukrayna ordusu təkcə öz ərazi bütövlüyü və suverenliyi üçün yox, həm də illərdir, oxşar regional aqressiyadan, hədə-qorxulardan, separatçılıqdan əziyyət çəkən bütün respublikalar üçün savaşır.
Müharibə zamanı şəhərlərinn bombalanması, dinc əhalinin irimiqyaslı raket atəşinə məruz qalması birmənalı olaraq, hərbi cinayətdir. 2020-ci ildə Azərbaycanın Vətən savaşında biz bunu Gəncənin, Bərdənin, Tərtərin timsalında ən pis formada yaşamışıq. Orada da məhz Rusiyanın Ermənistana peşkəş elədiyi ballistik raket qurğularından atılan raketlər şəhərlərimizi viran qoydu, neçə dinc insanımız, körpə, qadın və yaşlı vətəndaşımız şəhid oldu, bir çoxları sağlamlığını itirdi. Bu mənada dünya ictimaiyyəti Ukraynada insanlıq əleyhinə baş verən hadisələrlə bağlı qərarlarında daha korrekt və operativ olmalıdır. Hər gün daha çox insanın ölümünə səbəb olan bu kütləvi qırğınların qarşısının alınması, Putin isteblişmentinin cəzalandırılmasının daha effektiv yolu tapılmalıdır. Bəşəriyyəti daha dəhşətli qanlı müharibələrlə hədələyən Rusiyanın indiki rəhbərliyinə qarşı qərarlarda qətiyyən tərəddüd etmək olmaz”, - o əlavə edib.
|