Son 2-3 ayda Rusiyanın postsovet məkanında Avrasiya İttifaqı və Gömrük Sazişini gündəmə gətirməsi və yekun olaraq imzalanma mərasiminə doğru addımı yeni mərhələnin başlanğıcı kimi qiymətləndirir. Bu gedişatda Azərbaycanda qərbyönümlü QHT sektorunun repressiyalara məruz qalması və xarici siyasətin daxildən qidalandığı, artıq Bakının saatını Moskva vaxtı ilə qurması barədə mətbuatda konkret fikirlər səslənir. Politoloq Eldar Namazovla söhbətimizdə bununla bağlı suallarımıza cavab almağa çalışdıq.
- Eldar bəy, Ermənistanın Avrasiya İttifaqına daxil olması Cənubi Qafqaz regionunda nələri dəyişə bilər?
- Mən güman etmirəm ki, Ermənistanın Avrasiya İttifaqına üzv olması hansısa ciddi dəyişikliklə nəticələnəcək. Onsuz da Ermənistanın iqtisadiyyatı uzun illərdir Rusiyanın bir vilayətinin iqtisadiyyatının funksiyasını yerinə yetirir. Təkcə hərbi-siyasi məsələlərdə yox, iqtisadi məsələlərdə də Ermənistan tam şəkildə Rusiyadan asılı durumdadır. Bu ölkənin böyük sənaye obyektlərinin hamısı şimal ölkəsinin nəzarətindədir. Neçə il əvvəl Ermənistan mətbuatında zarafatla belə bir lətifə də yayılmışdı: bu ölkənin baş naziri ölkəsinin iqtisadiyyatı barədə proqnoz vermək əvəzinə Rusiya iqtisadiyyatı haqqında proqnoz verir. Çünki hamı başa düşür ki, Rusiya iqtisadiyyatı hansı vəziyyətə düşəcəksə, Ermənistan iqtisadiyyatı həmin aqibəti yaşayacaq. Bu mənada Ermənistanın Avrasiya İttifaqına üzv olması regionda ciddi dəyişikliyə səbəb olmayacaq. Həm də Ermənistanın Rusiya ilə sərhədlərinin olmadığını nəzərə alanda bu üzvlüyün daha çox siyasi xarakter daşıdığı görünür.
- Nə mənada siyasi xarakter daşıyır?
- Birinci, Ukrayna hadisələrinin fonunda Rusiya cəlbedici dövlət olduğunu nümayiş etdirmək istəyir, yəni onunla əməkdaşlığa can atan başqa dövlətlər də var. Başqa tərəfdən, Gömrük Sazişinə daxil olan iki dövlət-Belarus və Qazaxıstan vahid mövqedən çıxış edirlər. Səsvermı zamanı maraqların toqquşduğu məqamlar olanda Rusiya təklikdə qalırdı. Ona görə Moskva özünə dəstək verən ölkəni də quruma daxil edir ki, heç olmasa, səslər bərabər olsun. Ancaq regionda hansısa ciddi iqtisadi dəyişiklik gözləmirəm.
- Azərbaycan mətbuatında Avrasiya İttifaqına və Gömrük Sazişinə iki yanaşma oldu: “Turan İA”-nın analizində əsas xətt o idi ki, Minskidə Avrasiyanı dəfn etdilər. Xüsusən iqtisadi məqamlar qabardılırdı- rublun son durumu və s. İkinci yanaşmada Rusiyanın yenidən güclənməsi və yeni formada imperiyaya çevrilməsi fikri səslənirdi. Siz bu yanaşmaları necə qiymətləndirirsiniz?
- Hər iki fikirdə müəyyən şişirtmələr, daha çox gözləntilər var. Məsələ ondadır ki, Minskidə atılan addımlarla Avrasiya İttifaqı nə gücləndi, nə də dağıldı. Ümumiyyətlə, ittifaqın gələcəyi çox dumanlı görünür. Ona görə ki, aparıcı siyasi-iqtisadi qüvvə Rusiyadır. Şimal ölkəsi isə Qərblə açıq “soyuq müharibə” şəraitindədir. Rusiyaya qarşı sanksiyalar tətbiq olunub, iqtisadiyyatın əsasını təşkil edən neftin qiyməti sürətlə aşağı düşür. Bu gedişlə yaxın zamanlarda Rusiyada iqtisadi böhran qaçılmazdır və proseslər Avrasiya İttifaqına da ciddi təsir edəcək. Səbəb isə dediyim kimi yeni ittifaqın nüvəsi Rusiyadır. Bu ölkənin iqtisadiyyatının necə inkişaf etməsindən asılı olaraq həmin qurumun da taleyi ona uyğun olacaq. Bəli, indi bu barədə danışmaq tezdir. Amma proseslərin inkişafı, tendensiyası müsbətə yox, mənfi tərəfə gedir. Ən azı yaxın illərdə Rusiya iqtisadiyyatı böhran mərhələsinə daxil olur, böhrandan necə çıxacağı sualına isə bir neçə il sonra əminliklə cavab vermək olar.
- Müstəqil Dövlətlər Birliyinin (MDB) iki aparıcı dövləti- Cənubi Qafqazda Azərbaycanla Rusiyanın slavyan qardaş dediyi Ukrayna Avrasiya İttifaqına üzv olmadı və Gömrük Sazişinə qoşulmadı. Hətta Kiyev rəsmiləri Ukraynanın MDB-dən çıxması barədə fikirlərini gizlətmirlər. Azərbaycanın bu münasibəti Rusiyanın Ukraynaya olduğu kimi Cənubi Qafqaza, xüsusən Azərbaycana da oxşar yanaşma, yaxud başqa məzmunlu təzyiqlər sərgiləməsi ehtimalı yaradırmı?
- Gəlin, bir neçə formatı bir-birindən ayıraq. Müstəqil Dövlətlər Birliyi artıq bir təşkilat kimi özünü doğrultmadı və hamı da bunu etiraf edir. SSRİ dağılandan sonra ayrılma prosesini sivil formada aparmaq üçün MDB bir pilləydi. Yəni prezidentlər vaxtaşırı görüşürdülər, amma müzakirəyə çıxartdıqları qərarların xeyli hissəsində konsensusa gələ bilmirdilər, razılığa gəldikləri məsələlərin çoxu da kağız üzərində qalırdı. Fikir verdinizsə, son illərdə Ikinci Dünya Müharibəsinin yubileylərini birgə keçirmək üçün hansısa konsensus əldə olunurdu, yəni tədbirlər məsələlərində. Ona görə də Rusiya MDB-in kifayət qədər amorf format olduğunu nəzərə alıb bundan əl çəkərək Gömrük Sazişi və Avrasiya İttifaqı kimi ideyaları ortalığa atmışdı. Ukraynanın və Azərbaycanın Avrasiya İttifaqına üzv olmamasına gəlincə, təbii ki, bu, öz təsirini göstərir. Cənubi Qafqazın iqtisadi cəhətdən lideri Azərbaycandır. İkinci, Ukrayna və Rusiyadan sonra ən böyük respublikalardan biri sayılırıq. Bunun özü də göstərir ki, Rusiyanın ətrafında postsovet respublikalarını birləşdirmək potensialı get-gedə daha da azalır və məhdudlaşır.
- Son vaxtlar Azərbaycan mətbuatında Qərbin regionda, xüsusən, Azərbaycanda texnologiyası istisna olmaqla heç bir gücü olmadığı qabardılır. Bildirilir ki, Qərb, diqqəti daha çox Suriya və Ukrayna olaylarına yönəltdiyindən Rusiya Cənubi Qafqazı nəzarətə götürüb, Qərb də bununla barışıb. Bu fikirlərin əsası varmı?
- Xeyr, heç br əsası yoxdur. Bu gün keçmiş sovet məkanında əsas proseslər Ukrayna ətrafında baş verir. Bu proseslərin nəticəsində Avropa Birliyi və NATO mövqelərini daha da gücləndirir. Artıq Baltikyanı respublikalarda, Polşada, Rumıniyada NATO-nun hərbi bazalarının yaradılması nəzərdə tutulur. Ümumi fikir ondan ibarətdir ki, Krım, Donetski, Luqanski hadisələrinə rəğmən Ukrayna da Qərbə doğru inteqrasiya edir. Paralel olaraq Şərqi Avropa - Polşa, Rumıniya sürətlə NATO infrastrukturlarını öz ərazilərində yerləşdirməyə başlayırlar. Bəli, kifayət qədər gərgin durum yaranıb və təbii ki, Rusiya bundan narazıdır. Ona görə də beynəlxalq qurumlar Cənubi Qafqazda status-kvonun qorunub saxlanması barəsində düşünürlər. Çünki son proseslərin əsas nüvəsi Ukrayna və Şərqi Avropa dövlətləriylə bağlıdır. Bu, o demək deyil ki, Qərb Cənubi Qafqazdan yayınır. Bir müddətdən sonra Cənubi Qafqaz da diqqət mərkəzində olacaq, ancaq bu, başqa mərhələdə baş verəcək. Nəzərə alın ki, son proseslərdə Gürcüstan həm Avropa Birliyinin Assosiasiya Sazişini imzaladı, həm də NATO ilə əməkdaşlığı yeni səviyyəyə qaldırdı. NATO-nun təlim mərkəzlərindən birinin Gürcüstanda yerləşdirilməsi planlaşdırılır. Rusiya mətbuatı bunu hərbi baza kimi qələmə verməyə başlayıb, ancaq NATO bunu təlim mərkəzi adlandırıb. Yəni geopolitik proses dayanmır, sadəcə, indiki mərhələdə əsas diqqət Ukrayna, Baltikyanı və Şərqi Avropa dövlətlərinə yönəlib.
- Yenidən qayıdaq Avrasiya İttifaqına. Qazaxıstan prezidenti Nazarbayevın, Ermənistanın quruma Dağlıq Qarabağsız qəbul olunması ilə bağlı israrı mediada çox müzakirə olundu. Bu addımı Azərbaycana “siz də quruma üzv olun” mesajı kimi dəyərləndirənlər də var. Bu fərziyyə doğrudurmu?
- Birincisi, Rusiya onsuz da son dövrlərdə Azərbaycana bir çox mesajlar verir. Şimal ölkəsinin rəsmilərinin səfərləri ardıcıl xarakter alıb. Elə həftə olmur ki, Moskvadan kimsə gəlməsin. O cümlədən, Rusiya politoloqları daha açıq danışırlar, guya, Kreml Qarabağ probleminin həllində maraqlıdır. Ancaq güman etmirəm ki, bu ideyanın reallaşması üçün ciddi addımlar atılır. İndi Ukrayna olaylarında Rusiyanın düşdüyü çətin durum bəllidir. Azərbaycan hakimiyyəti də Rusiyanı qıcıqlandıran addımlar atmamağa çalışır. Nəzərə alanda ki, İran, Dağlıq Qarabağ müharibəsi, Şimali Qafqaz amilləri var, rəsmi Bakının Moskvayla əməkdaşlığa meylli olduğu görünür. Amma güman edirəm, bunun da bir həddi var. Ermənistan işğalçı dövlət kimi ittifaqa daxil olubsa, Azərbaycanın mövqeyi daha da sərtləşəcək. Torpaqlarımız azad olunmayana qədər işğalçı dövlətlə eyni iqtisadi-siyasi təşkilatda ola bilmərik. Vaxtilə Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Təşkilatıyla bağlı rəsmi Bakı eyni mövqe sərgiləmişdi. Bu prinsip yalnız hərbi yox, iqtisadi bloklara da aiddir. Ona görə də Ermənistanın tələm-tələsik Avrasiya İttifaqına qəbul olunması Azərbaycanın üzvlük ehtimalını daha da azaldır. Ki, onsuz da ehtimal az idi. Artıq aydındır ki, Ermənistan ittifaqa üzv olubsa, yalnız Dağlıq Qarabağ probleminin həllindən sonra Azərbaycan nəzəri baxımdan addım atıb quruma qoşula bilər.
- Ermənistanın ittifaqa üzv olması “İlham Əliyev bir güllə atmadan Qarabağı qaytarır” fikrini gündəmə gətirdi. Bu, sadəlövcəsinə deyilmiş cümlədə məqsəd nədir?
- Təbliğat məqsədiylə deyilib və təbliğat şüarıdır, vəssalam. Hələ sənədlər açıqlanmadığından Ermənistanın hansı şərtlərlə ittifaqa qəbul olunduğu bəlli deyil. Sadəcə, dumanlı şəkildə deyilib ki, Azərbaycanın da narazılıqları nəzərə alınıb. Ancaq hansı formada? Bu açıqlanmır. Ermənistan rəsmiləri deyir ki, Qarabağla aralarında heç bir gömrük məntəqələri olmayacaq. Olsa belə, kim həmin gömrük məntəqələrinin real işlə məşğul olacağına inanar?! Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedən malları yoxlayacaqlarmı və kim yoxlayacaq? Təbii ki, bunlar Ermənistandan şifahi bəyanat qopara bildilər. Müqaviləyə hansısa dumanlı maddə yazılıb. Yenə deyirəm, bu barədə informasiyamız yoxdur. Odur ki, bu məsələni şişirdib Qarabağın qaytarılması kimi qələmə vermək gülüncdür. Bəli, Ermənistan Gömrük Sazişinə qeydsiz-şərtsiz üzv olmağa cəhd edirdi. Amma Azərbaycan diplomatiyası bu yöndə düzgün addım atdı, yəni Minsk, Astana və Moskvayla müzakirələr aparıb işğal olunmuş ərazilərin məsələsini qabartdı. Nazarbayevin, bəzi məqamlarda Lukaşenkonun mövqe nümayiş etdirmələri dünyaya xatırlatdı ki, Dağlıq Qarabağ işğal olunmuş ərazidir və bölgədə qeyri-qanuni rejim hökm sürür. Üstəlik Ermənistan separatçıları onu dünyaya müstəqil dövlət kimi qəbul etdirmək istəyir. Bu vəziyyətin absurdluğunu vurğulamaq üçün Qazaxıstana, Rusiyaya və Belarusa müraciət göndərilməsi düzgün addım idi. Ermənistan bir daha anladı ki, onların Daqlıq Qarabağ siyasətinə legitimlik “don”u geyindirmək mümkün deyil. İndi də Gömrük Sazişliylə bunun imkansız bir şey olduğu təsdiqləndi. Ancaq bunu ictimaiyyətə Qarabağın qaytarılması kimi təlqin etmək, yumşaq desək, çox böyük mübaliğədir.
- Azərbaycan hökumətinin son xarici siyasətini balanslaşdırılmış hesab etməyənlər var. Yəni QHT-lərə qarşı repressiyalar rəsmi Bakının üzünü şimala çevirdiyi fikrini gücləndirib. Azərbaycan hakimiyyətinin Rusiyaya üz tutması barədə deyilənlərin əsası varmı?
- Rusiyayla Azərbaycan arasında çox ciddi geopolitik fikir ayrılıqları var. Ilk növbədə Qarabağ məsələsiylə bağlı. Aydındır ki, torpaqlarımızın işğalı birbaşa Moskvanın dəstəyilə həyata keçirilib və bu, Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə olunur. Bütün bunları nəzərə alsaq, hakimiyyətin Rusiyayla vahid mövqedən çıxış etmək imkanı yoxdur. Çünki işğal amili münasibətlərə və Azərbaycanın xarici siyasətinə çox ciddi təsir edir. Ancaq sizinlə razıyam ki, balanslaşdırılmış siyasət çox ciddi dəyişikliklərə uğrayır. Söhbət bir-iki yanlış addımdan getmir. Artıq bunun strateji xətt olduğu hiss olunur. Avropa Birliyi və ABŞ-a yaxın olan ictimai-syasi institutlar Azərbaycandan uzaqlaşdırılır. QHT-lərə qarşı repressiya bir amillə bağlıdır: kimlər Qərb fondlarıyla əməkdaşlıq edirsə, məhz, onlara qarşı təzyiq kampaniyası aparılır. Proses hələ davam edir. Hətta bəzən iqtidara yaxın mətbuatda hakimiyyət nümayəndələri tərəfindən qəribə ittiham da irəli sürülür: Necə olur ki, ABŞ Yaxın Şərq, ərəb ölkələriylə strateji əməkdaşlıq edir, amma Azərbaycanla müttəfiqlik etmək istəmir? Guya, həmin rəsmilər Azərbaycanın Küveytlə, Qatarla fərqini anlamırlar?! Nə Səudiyyə Ərəbistanı, nə Qatar Avropa Şurasının üzvü deyil, öz konstitusiyalarında insan haqları və demokratiyayla bağlı maddələri əks etdirməyib. O cümlədən, demokratik islahatlarla bağlı öhdəliklər də götürməyiblər. O zaman Azərbaycanı Küveytlə, Səudiyyə Ərəbistanıyla necə müqayisə etmək, necə demək olar ki, ABŞ eyni şərtlərlə bizimlə də strateji əməkdaşlıq etsin?! Onda gəlin açıq deyək ki, bizdə monarxiyadır, konstitusiyanı dəyişib Avropa Şurasından çıxaq. Bu, çox əcaib və qeyri-ciddi yanaşmadır. Odur ki, balanslaşdırılmış siyasətdən imtina xəttini görürəm. Biz indi Rusiyayla Qərb arasında yox, Rusiyayla Zimbabve arasında balans tutmağa çalışırıq. Bu, çox ciddi strateji yanlışlıqdır və geopolitik səhvlərin acı nəticələri bir günə, bir aya bəlli olmur. Bu yolun yanlış olduğunu hamının etiraf etməyi üçün xeyli vaxt tələb olunur. Bu baxımdan gözləyək görək, hakimiyyət nə qədər irəli getməyi planlaşdırır.
|