Xəbər haqqında
31 Dekabr 2017 - Bazar 16:58 814 nəfər oxuyub
 
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə
MÜSAHİBƏ Xəbəri
Berlin divarlarının sökülməsi insanlarımızın içindəki gizli Araz alovunu kükrətdi - Əli Şamillə müsahibə

Xeber365.com Xalq Hərəkatının fəallarından olan folklorşünas, publisist Əli Şamil ilə müsahibə edərək, Dünya Azərbaycanlıların Həmrəylik Gününə gedən yoldan, o böyük tarixi yaradanlardan söz açıb. Həmin müsahibəni təqdim edirik:

 

 

– Əli müəllim, düşünürəm ki, hər kəsin özü haqda öz təqdimatı var, onu öz dilindən eşitmək daha məqsədəuyğundur. Sizinlə söhbətimizdə bir çox məqama toxunacağıq. Elə isə deyin, mənim həmsöhbətim kimdir?

 

– Əli Şamil: Azərbaycan vətəndaşı...

 

– Əli müəllim, 80-ci illərin sonu Azərbaycanda ictimi-siyasi aktivlik illəridir. Siz də həmin dövrün ictimai aktiv insanlarındansınız. Beləcə, müəyyən proseslərin şahidi, bəlkə də, iştirakçısı olmusunuz. Mən Sizdən birbaşa olaraq 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təssis olunmasını və buna gətirib çıxaran proseslər haqda danışmağınızı istəyirəm.  O zaman nələr baş vermişdi?

 

– Mənim elə bir aktivliyim olmayıb. Minlərlə Azərbaycan vətəndaşından biri olmuşam. Mən sadəcə gördüyümü, şahidi olduğumu yadımda qalan şəkildə xatırlaya bilərəm.

Dünya Azərbaycanlılarının həmrəylik gününü elan edilməsi isə  uzun söhbətdir. 1950-90-cı illərdə Bakıdan qatarla Naxçıvana gedəndə rus əsgərlər çox vaxt qışqırırdılar ki, vaqonun dəhlizində gəzinməyin, kupelərə keçin, İran tərəfə baxmayın, pərdələri bağlayın. Pəncərədən çölə baxmağımıza imkan vermirdilər. İmkan vermirdilər ki, “Arazın o tayı”na baxaq. Bu da adamları əsəbləşdirirdi. Bu, Sovet qanunvericiliyinə də zidd idi. Burada açıq-aşkar insan haqları pozulurdu. Belə şeylər tez-tez qanqaraçılıq yaradırdı, dava-dalaşa səbəb olurdu. Dava-dalaşa qarışanları da tutub aparırdılar. Adını da qoyurdular ki, sərhədçilərə müqavimət göstərib. Bundan əlavə, biri sərhəddə yaxın yerdə qoyununu otarmaq istəyirdi, onu tuturdular. Biri balıq tutmaq istəyirdi, onu da tuturdular. Bir neçə dəfə məni də saxlamışdılar. Saxladıqları yerə də xalq arasında “it damı” deyirdilər. Şərait o qədər pis idi ki, görməsən, inanmazsan.

 

– Siz də “sərhədçilərə müqavimət” göstərmişdiniz?

 

– Hə. Bir dəfə Cuğa yaxınlığında tikanli məftillə Araz çayı arasındakı taxıl biçən kombayınçıların yanına getməliydik. Məni də qəzetdə işlədiyimə görə oradan məqalə yazmağa göndərmişdilər. Naxçıvan MSSR Ali Sovetinin sədiri Səkinə Əliyeva, raykom katibi və b. vəzifəlilər də vardı. Bizi kombayınçıların yanına getməyə qoymadılar ki, buraxılış vərəqəniz hələ bizə gəlməyib. Mən də sərhədcilərə sərt şəkildə dedim ki, bu yerlərin sahibi bizik, yerli hakimiyyət orqanlarıdır. Siz özünüzü işgalçıdan pis aparırsınız. Faşistlər işğal etdikləri ərazidə yerli hakimiyyət orqanlarına hörmət edirdilər. Mübahisənin tündləşdiyinə görə məni tutub Culfadakı saxlama məntəqəsinə apardılar. Bir neçə vəzifəli şəxs nə qədər çalışsa da, məni azad etdirə bilmədilər. Gecikdirilmiş buraxılış vəsiqəsi gəldikdən sonra oradakılara kombayınçıların yanına, taxıl bişini ilə tanış olmağa icazə verdilər. Məni isə sovxoz direktoru işləyən dostum azad etdirdi. O, sərhdçi zabitlərə-ruslara şərəb verirdi...

 

Bilirsiniz, adamların sərhədçilərlə qarşıdurması, höcətləşməsi əbəs yerə olmurdu. Dəhşətli bir vəziyyət vardı. Məsələn, bir cavan oğlan, tutaq ki, Astaradan, Masallıdan ya da Culfadan gəlib Bakıda ali məktəbdə oxuyurdu. Onun tətildə, yaxud da gözlənilməz bir vəziyyətdə evlərinə qayıtması müşkül məsələ idi. Həmin tələbənin Culfaya, evinə, valideyinlərinin yanına qayıtması üçün rəsmi arayış lazım idi. Atası, anası, ya da başqa ailə üzvü milis idarəsindən, kənd sovetindən arayış alıb ona göndərməliydi. O zaman da faks –internet yox idi ki, arayış tez göndərilsin. Poctla göndərilən arayış da bəzən it-bata düçürdü. Birinin atası və ya yaxın bir adamı ölübsə, ölüsünü yerdən götürməyə getməsi üçün arayış istəyirdilər. Yəni rəsmi arayış olmalı idi ki, bəs bunun atası vəfat edib. İndi, bir baxın, bütün bunlar insanları nə qədər qəzəbləndiridi. Əgər ata-anan sənə hirslənibsə, yaxut arayış almağa vaxtı olmayıbsa, dəvət göndərmirsə, sən batdın.

 

– Əli müəllim, təkcə Naxçıvan üçün belə qadağalar var idi?

 

– Yox, bütün sərhəd rayonlarında eyni mənzərə idi. Məsələn, Şahbuz sərhəd rayonu sayılmırdı. Lakin ordada da vəziyyət eyni idi. Camaat buna çox qıcıqlanırdı. Şahbuz, Culfanın, Ordubadın dağ kəndləri sərhəd bölgəsi sayılmasa da oraya getmək üçün sərhəd zolağından keçməli idin. Yəni təyyarə meydanı, qatarın keçdiyi dəmiryolu sərhəd bölgəsində yerləşdiri. Təyyarədən enəndən, qatardan düşəndən buraxılış vərəqəsi istəyirdilər, ya da baxırdılar ki, pasportunda o bölgədə qeydiyyat var, ya yox.

 

– Necə düşünürsünüz, proseslərin sürətlənməsinə və sonda cammatın SSRİ-yə meydan oxumasına bu qıcıqlanmalar səbəb oldu?

 

– Bizdə haqqında çox da danışmaq istəmədikləri, hətta ört-basdır etdikləri bir məsələ var. 80-ci illərdə SSRİ-də yenidənqurma dövrü başlayanda bir az yumuşalma oldu. SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin 1985-ci ilin may ayında bir qərarı qəbul etmişdi. Həmin qərarda yerli mədəniyyət ocaqlarına dərnəklərin yaradılması tapşırılmışdı. Yəni Moskva istəyirdi ki, bütün SSRİ-də müxtəlif sahələrə aid dərnəklər yaradılsın. Əhalinin başı orada qarışsın. Bu yolla klubları, kitabxanaları canlandırmağı düşünürdülər. Bir sözlə, ağla gələn, gəlməyən minlərlə dərnəklər yaradılmalı idi. Bağçılıq, dovşançılıq, pambıqçılıq, üzümçülük və daha nə klublar... Kimin nəyə marağı var idisə, onun dərnəyini yaratmalı idi. Adamlarda buna maraq göstərmirdi. Lakin yuxarıdan hesabat tələb olunurdu. Belə olan halda nazirlik yalandan hesabat hazırlayırdılar. Məsələn, Mədəniyyət Nazirliyi hesabat yazırdı ki, Naxçıvan MSSR-də 300-dən çox marağa görə klub yaradılıb.

 

– Açığı, mən bu yalan hesabatların və klubların, dərnəklərin insanların dirənişinə necə təsir göstərdiyini anlaya bilmədim...

 

– Mən bunları danışıram ki, mənzərə tam aydın olsun.

 

– Təbii, buyurun...

 

– Həmin qırara kimi, Azərbaycanın çox yerində 5, 7 nəfərlik gizli dərnəklər vardı. Həmin ədrnək üzvləri ya çayxanada, ya da haradasa gizli bir yerdə görüçüb fikir mübadiləsi edirdilər. Bu dərnəklərin bəziləri Əbülfəz Elçibəyin təşəbbüsü ilə yaradılmışdı. Dərnəklərin çoxunun proqramı, nizamnaməsi, yəni yazılı heç nəyi yox idi. Bununla belə, oturub söhbət edirdilər, görəcəklərini işləri planlaşdırırdılar.

 

– Yəni Milli Azadlıq Hərəkatı üçün bir sistem, şəbəkə formalaşmaqda idi?

 

– Əlbəttə! Artıq 87-88-ci illərdə bütün bölgələrdə tanıdığımız milli yönlü adamlar var idi.  Mərkəzi Komitənin marağa görə kulublar haqqında qərarı xalq hərəkatını xeyli sürətləndirdi. Əgər əvvəllər çayxanalarda yığışırdılarsa, indi marağa görə kulublar adı altında hökumətin  kitabxanalarında, kulublarında toplaşırdılar. Bakıda “Çənlibel” Naxçıvanda “Yurd” tarix-etnoqrafiya klubları da həmin statusda idi. Naxçıvan Tarix Diyarşunaslıq muzeyinin 70 nəfərlik salonu var idi. “Yurd” tarix-etnoqrafiya klubunun toplantıları orada keçirilirdi. Kulubun üzvlərinin əksəriyyəti gizli dərnəklərdən gəlmişdilər. Orada əməlli-başlı işlər gedirdi. Yaxud da başqa yerdə şeir klubu vardı.

 

– Məsələn, nə iş görə bilirdiniz?

 

– Biz o vaxt arxivlərdən tapdığımız, bizə qarşı olan materialları, camaatın bilməli olduğu lakin gizlədilən informasiyaları yayırdıq. Məsələn, Adambekiyanın Parisdə nəşr olunmuş yazısını Naxçıvanın kəndlilərndə hardan tapacaqdılar, necə oxuyacaqdılar?! Biz onu tapıb tərcümə etdirib sonra maşinkada üzünü köçürürdük. Klub üzvləri vasitəsilə də kəndlərə yayırdıq. Bilirsiniz, həmin məqalədə Adambekyan nə demişdi?

 

– Tam olaraq yox. Maraqlıdır, o məqalədə nə yazılmışdı?

 

– Adambekyan yazmışdı ki, SSRİ-də yenidənqurma prosesi gedir. Dağlıq Qarabağ bu yenidənqurma prosesinə görə iqtisadi baxımdan Ermənistanla daha yaxındır. Ermənistana birləşdirilməlidir. Bu, ilk baxışdan elə də diqqət çəkmirdi. Lakin çox az adam anlamışdı ki, bu sözün arxasında hansı planlar, hansı məqsədlər dayanır...

 

Bütün bu işlər xalq hərəkatını sürətləndirdi. Son hədd də Berlin divarlarının sökülməsi oldu. Divarların sökülməsini Moskvada televiziya ilə göstərdi. Moldaviya ilə Rumuniya arasındakı tikanlı məftilləri sərhədçilər özləri çokdülər. Fillandiyadan, Polşadan SSRİ-nin sərhəd bölgələrinə asanlaşdırılmış gediş- gəliş vardı. Ondan sonra camaat öz-özünə sual verdi ki, necə olur, Berli divarları sökülür, biz burada Araza yaxınlaşa bilmirik?! Berlin divarları illərlə insanlarımızın içindəki gizli alovu kükrətdi!

 

– Həmin gizli alovun ilk təzahürü nə oldu?

 

– 1989-cu ilin noyabr ayının 10-11-də Xalq Cəbhəsi Naxçıvan təşkilatının konfransı keçirildi. Təxminən min nəfərdən çox adam yığılmışdı.  Konfransada yalnız təşkilatı məsələlər deyil, çox məsələ müzakirə olundu. Həmin toplantıda təşkilatın məclisinə 32 nəfər seçildi.

 

– Yəqin ki, ilk istiqamət Araza doğru oldu?

 

– 1989-cu il noyabrın 17-də Azərbaycan Xalq Cəbhəsi Naxçıvan təşkilatının məclisində Ramiz Tağıyev təklif etdi ki, 5 Dekabr tarixini sərhəddə qeyd edək. Deməli, 5 dekabrda Bakıda Meydan hərəkatı dağıdılmışdı. Biz fikirləşdik ki, bunu sərhəddə qeyd etməklə səsimizi dünyaya çatdıra bilərik. Elə bununla başlayan diskussiyalar uzandı, sonradan düşündük ki, bunu 12 dekabr – 21 Azər Hərəkatının ildönümündə qeyd edək. Fikirləşirdik ki, İranda şah rejimi devrildiyinə görə, yəqin ki, Pişəvəriyə münasibət yaxşıdır. Beləcə, İranın sərhədboyunda yaşayan soydaşlarımızın rəğbətini qazanacağımızı zənn edirdik. Müzakirələr çox uzandığı, sonradan qərar qəbul edildi ki, hər iki tarixdə qeyd edək. Sərhədlərdə ilk mintiq 5 dekabrda keçirdik.

 

– Mitinqə nə qədər adam gəlmişdi?

 

–Naxçıvanda o vaxt mintiqə çox adam gəlirdi. Elə mintiq olurdu ki, 30 min adam toplaşırdı. 5-10 min rahat şəkildə yığılırdı. Pribaltikadan jurnalistlər, xalq hərəkatı fəalları, deputatlar gələndə heyrətlə qarşılayırdılar. Deyirdilər: belə balaca yerdə bu qədər adamı necə toplaya bilirsiniz?!

 

Mintiqlərə camaatın kütləvi şəkildə yığılmasında sərhəd məsələsinin böyük önəmi var idi. Başqa məsələlərdən söz açılanda maraq göstərən adam az olurdu. Lakin sərhəd məsələsi olanda hər kəs gəlirdi, yaxud da gəlməyə çalışırdı.

 

– Belə anladım ki, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü məhz bu proseslərin nəticəsidir? Bəs niyə 31 dekabr?

 

– Naxçıvanda başlayan hərəkat Azərbaycanın sərhəd rayonlarının hamısına yayıldı. Proseslər sürətləndikcə həm Bakı, həm də Moskva ilə danışıqlarımız başladı. Onlar ən yüksək səviyyədə bizimlə danışıqlar aparırdılar. Bilirsiniz, bizə anlatmağa çalışırdılar ki, sərhəd müqəddəsdir... Bəzən də bizə söz verirdilər, yerinə yetirmirdilər. Bizim də, təbii ki, geri çəkilmək fikrimiz yox idi.  Aramızda bəziləri deyirdi ki, olmaz, sərhədə yaxınlaşmamalıyıq, o tikanlı məftillərə toxunmamalıyıq. Lakin sonradan onlar da bizə qatıldı. Sərhəd qurğularının nə vaxt sökülməsi ilə bağlı qərarsızlıq vardı. Novruz bayramı gününə kimi sərhəd qurğularının sökülməsi nəzərdə tutulmuşdu. Mitinqlərə gələnlərin sayı artdıqca, mitinq iştirakçılarının tələbilə tarixi bir neçə dəfə dəyişməli olduq. Sonra iki tarix üzərində məclisdə qızğın müzakirə getdi. Məclis üzvlərinin bəziləri deyirdi ki, sərhəd qurğularını yanvarın 1-də sökək. Mən də daxil olmaqla bir qrup da hesab edirdik ki, əgər yanvarın 1-də söksək sərhədçilər atəş aç bilərlər.  Sonra da deyəcərlər ki, bəs bayram axşamı adamlar içib-şənlənib, sərxoş oldub xuliqanlıq edərək sərhəd qurğularını sökməyə çalışırdılar. Buna görə atəş açdıq. Bütün bunları nəzərə alaraq qərara aldıq ki, sərhəd qurğularını sökməyi  dekabrın 31-ə, saat 12.00-a salaq.

 

31 dekabr tarixinə gəlincə isə, 1989-cu ilin 26 dekabrında Asəf Quliyev mintinqdə AXC Naxçıvan Vilayət Təşkilatın qərarını elan etdi. Dedi. ki, milliyyətindən, dinindən aslı olmayaraq, özünü azərbaycanlı hesab edən, bütün dünyada yaşayan azərbaycanlıların sərhəd quğularının söküldüyü günü- 31-dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik günü bayramı kimi qeyd etsin.

 

– Yəni əsgərlər yeyib-içib, şənlənən zamana?

 

-Düzdür! 31 dekabrda onların başı qarışıq olur. Lakin başqa məqsədimiz də var idi. Fikirləşirdik ki, əgər 31-i buna müəffəq olsaydıq, daha yolka bəzəmək məcburiyyətində qalmayacağıq. Yəni 31 dekabrı yeni il bayramı kimi deyil, Həmrəylik Günü kimi qeyd etmiş olacağıq. Əbülfəz Elçibəy və Azərbaycan Xalq Cəbhəsi Məclisi üzvlərinin böyük bir qrupu da sərhəd qurğularının 31 dekabrda keçirilməsinin tərəfdarı idi. Neçə ki, Mustafa Kamal Atatürk Türkiyədə 1 May bayramının qarşısını almaq üçün Gənclik və Spor bayramı yaratmışdı. Bizim etdiyimiz də belə bir üsul idi.

 

– Bəs 1 gün öncə, 30 dekabrda vəziyyət necə idi?

 

–  30 dekabrdadək sərhəd boyunda bir neçə yerəd çadırlar qurulmuşdu. Adamlar qışın şaxtasında o çadırlarda qalırdılar. Gündüzlər çadırların ətrafında mitinqlə keçirilirdi. Həmin gün çox gərgin iş gedirdi. Səfərbərlik var idi, adamlar sərhədə yaxın ərazilərdə toplaşır, ordakı əsgərlərdən məlumat öyrənirdilər. Bakıdan da böyük bir nümayəndə heyəti gəlmişdi. Nümayəndə heyətinin tərkibində Moskvadan da adamlar var idi. Verilən vədlərə əməl olunmamışdı, irəli sürdüyümüz şərtlərin heç biri yerinə yetirilməmişdi. Yəni o şərtlərin içində var idi ki, Arazın suyundan sərhədboyunda yaşayanların sərbəst istifadəsinə icazə verilsin, camaat mal-heyvanını sərhədə yaxın yerdə otara, suvara bilsin. Bundan əlavə, sərhədə yaxın ərazidə, tikanlı məftillərlə Araz çayı arasındakı 13,5 min kvadratmetir sahədə mülkü adamların əkib-becəməsinə imkan verilsin və s. Dediyim kimi, bu şərtlərin heç biri yerinə yetirilməmişdi. İndi bunun qarşılığında bizə deyirlər ki, etməyin-eləməyin. Yəni nümayəndə heyətinin bu danışıqlarda əsas məqsədi bizim sərhəd qurğularını sökməyimizə mane olmaq idi. 3 mərhələdən ibarət danışıqlar gecə saat 2-3 arası başa çatmışdı. Nəhayət nümayəndə heyəti Moskvadan icazə ala bilmişdi kii, bir neçə yerdə tikanlı məftillər sökülərək, Araz çayına çıxış açılsın. Bunun qarşılığında da Xalq Cəbhəsindən istənilən o idi ki, mitinqlər saxlanılsın və sərhəd qurğuları sökülməsin.

 

– Nümayəndə heyəti ilə razılaşmışdınız?

 

–Yəni onlar bəzi şərtləri yerinə yetirəcəklərinə söz verirdilər. Lakin bir problem var idi. Gecə saat 2-də baş onların dediklərini xalqa necə çatdırmaq olardı? Bu, mümkün deyildi. Xalq elə köklənmişdi ki, bunun qarşısını almaq olmurdu. 

– Bu tarixi hadisə tam olaraq saat 12-də reallaşdı?

 

– Saat 12-də nəzərdə tutulmuşdu. Amma bəziləri 12-ini gözləyə bilmədilər. Əvvəl də demişdim, sərhəd qurğularının sökülməsinə qarşı çıxanların bəsiləri saat 12.00 gözləməyə səbr etmədən beş-üç dəqiqə tez işə başladılar.

 

– Yaranan mənzərə çox maraqlıdır. Məftillər kəsiləndən sonra nə oldu?

 

– Təəssüf ki, həmin həyəcanlı anları nə Azərbaycan kinostuduiyasından, nə də televizyalardan çəkən oldu. Bir neçə həvəskar lentə ala bildi. Videosu, ya da fotosu tək-tək adamda vardı. Yadımda qalanlar isə çox kədərlidir. O taydan sərhəd qurğularının sökülməsini izləyənlər arasında 16-17 yaşlı cavanlalar da vadı. Məftillər kəsilən kimi ağına-bozuna baxmadan qaçıb özlərini atdılar Araza. Boğulmaqda olan kim, şaxtadan donan kim... Təsəvvür edin ki, Naxçıvan və dekabr ayı... Su buz kimi soyuq. Düşən adam donurdu. Üstəlik özünü suya atan uşaqların bəziləri üzə də bilmirdilər, boğulurdular. Yaxşı üzən adamlar düşüb onları sudan çıxardı. Məsələn onlardan birini deyim, Makudan İslam  Sadiq Cəfəri. Donub komaya düşürdü. Spirtlə xeyli ovdular, bir az da içirdilər ki, ayılsın. Ayılan kimi ilk sözü bu oldu: “Zeynəb Xanlarova hanı? Cənnət qarı ("Qayınana" tamaşasında oynayan Nəsibə xanım Zeynalovanı) hardadır?” Elə bilirdi ki, hamısı gəlib onu gözləyir.

 

– Arazı keçmək əvvəlcədən nəzərdə tutulub planlaşdırılmışdımı?

 

– Biz mitinqlərdə dəfələrlə elan etmişdik ki, sərhəd pozulmayacaq, heç kimi o taya keçməyə can atmayacaq. heç kim çayı keməsin. Lakin dediklərimiz fayda vermədi. Adamlar hisslərini cilovlaya bilmədi. Həm o tərəfdən, həm də bu tərəfdən xeyli adam keçdi. Boğulub ölənlər də oldu, xilas edə bilmədik.

 

– Demək, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü həmin o insanlar öz ölümləri ilə tarixiləşdirdilər?

 

– Çox təsirli səhnələr idi. Xalq Cəbhəsi sərhədboyu kəndlərə öz təbliğatçılarının göndərirdi, partiya-sovet rəhbərləri də öz təbliğatçılarını. Onlar adamları tikanlı məftilləri kəsmək fikrindən daşındırmaq istəyirdilər. Sonradan mən eşitdim ki, həmin rəhbər işçilərin bəzilərir sərhəd qurğuları söküləndə xəlvətcət yıxılan dirəkləri, nə bilim məftilləri tapdalayırmışlar. Bununla onlar da ürəklərini soyutmaq istəyirlərmiş. Bu onu göstərirdi ki, sərhəd qurğularının sökülməsi bir ümümxalq hərəkatı idi.

-Əli müəllim, Arazın o tayından necə təpki göstərildi?

 

– Bu prosesdə İran hökuməti də maraqlı idi. İran sərhədçiləri öz tərəfindən  gil götürmək və ya bir iş görmək üçün Moskvanın icazəsini gözləməli olurdu. Təxminən 1 ay vaxt lazım idi ki, icazə məsələləri həll olunsun. Ona görə də İran tərəfdən də adamlar bizim səsimizi eşidib axın-axın sərhəddə gəlirdi. Bizimkilərin bəziləri Pişəvəri, bəziləri isə Xomeyni deyib qışqırırdı. Deyirdik ki, olmaz belə, belə şüarlar səsləndirməyin. Cavab verirdilər ki, qoy cənubdakıların marağını cəlb edək, kimin hansından xoşu gəlirsə, adını eşidəndə gələcək bu tərəfə. Gülməli bir şüar yadımda qalıb: “Allahu əkbər, Xomeyni rəhbər!” Gedib kimin ağzını yumasan ki, elə demə. Həmin adamlar, dediyim kimi, Xomeyninin pərəstişkarı deyildi, sadəcə Cənubdan adam cəlb etməyə çalışırdılar.

 

– Gələn olurdumu bu çağırışlara?

 

– Hə, çox adam gəlirdi. Sərhəd kəndlərinə gələn yollarda İran tərəfi postlar qurmuşdu. Kənardan adamların gəlməsinin qarşısını almağa çalışırdı. Buna baxmayaraq müxtəlif vasitələrlə postları keçib gələnlər olurdu. Hətta Türkiyədən, Avropadan gəlib qohunlarını xəbər alan da vardı.

 Çayın o üzündən qışqırırdılar ki, filankəslərdən kim var ? Məsələn, mənim yadımdadır, biri o tərəfdən qışqırdı ki, Şadlıniskilərdən kim var orda? Ən çox da məktub yazıb daşa bağlayıb atırdılar. Buradan da o tərəfə. Heyif ki, onları çəkə bilmədik. Məsələn, daş atılanda adam neyləyər? Yəqin ki, geri çəkilər ki, ona dəyməsin. Ancaq bunlar belə etmirdilər. Daş havada uçanda daşın üstünə qaçırdılar. Birinin başı yarılıb, qan axır, başını tutmur, daş əlində üstümə gəlib ki, Əli müəllim, siz ərəb əlifbasını bilirsiniz. Baxın görün, nə yazılıb, kimi axtarırlar? Başı yarılan, xəsarət alanlara kömək edəcək tibb işçısı, sarğı materialları day ox idi. Bir dəfə daş başını yaranın yarasını oradakı qadınlardan biri alt köynəyini cırıb sarımışdı. 

 

– Sorağı çıxan adamları tapmaq çətin olmurdu ki? Ümumiyyətlə, tapa bilirdiniz?

 

– Yaxın ərazilərdə olanları tez tapırdıq. Amma eləsi olurdu ki, məsələn, Zaqatalada yaşayırdı, Rusiyada, Türküstanda yaşayanları xəbər alanlar da vardı.  Onun dalınca adam göndərirdik, axtarıb tapırdıq. Bu, asan məsələ deyildi. Həm də adamı tapmaqla iş bitmirdi. Bəziləri Sovet hökumətinin qorxusundan gəlmək istəmirdi, boyun qaçırırdı ki, mənim elə qohumum yoxdur. Axı onlar partiyaya üzv keçəndə, vəzifəyə gedəndə anket doldurarkən “xaricdə yaşayan qohumumuz yoxdur” yazmışdılar.

 

– Bəs elə olanda neyləyirdiniz?

 

–  O tərəfdəkilər, qohumlarından xəbər tutmaq üçün çox ağlayıb sizlayanda, bizim tərəfin adamları gəlmək istəməyənləri dilə tuturb gətirməyə çalışırdılar, qorxudub, hədələyib gətirirdik. Çox qorxudular. Deyirdilər ki, məni qayıdanda tutacaqlar.

 

Naxçıvanın Babək rayonunun maarif müdiri var idi Əli İsmayılov. Bir ara onu soraqladılar, çağırıb gətirdik. İndi bunlar çayın üstündən haraylaşırlar. Bu, buradan deyir ki, ayə, əmimin orada neçə oğlu var? Deyir ki, 3. Sonra uşaqların adını soruşurdular. Çox vaxt da uşaqlarına qoyduqları adlar eyni olurdu. Çox qəribə bir hal idi. O vaxt, bəlkə də, 500-dən çox adamın qohumlarını  tapıb çıxardıq ortaya.  Çox böyük tarixi hadisə idi.

 

– Əli müəllim, bəs bu günün rəsmiləşdirilməsi necə baş verdi? Bu tarix rəsmi bayram günü kimi necə, kim tərəfindən təsdiq olundu?

 

– Bundan bir gün əvvəl, hələ dekabrın 30-da Azərbaycan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəyin adından rayon təşkilatlarına telefonaqramma göndərmişdi. Orada deyilirdi ki, 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü kimi qeyd edin. Yəni hər tərəfə məlumat yayılmışdı. Ancaq hökumət bunu qəbul eləmirdi. Sonra 90-cı ilin 3-7 noyabr tarixində İstanbulda Azərbaycan Dərnəkləri Birliyinin qurultayı keçirilirdi. Bakidan köhnə avtobusla xeyli adam getdik İstanbula. Çoxunun xarici valyutası da yox idi.  Həmin günlərdə Naxcıvan şəhərində Xalq Cəbhəsi ilə Haxçıvan Həmkarlar İttifaqının birgə “Ağrıdağ” formunu keçirməyi planlamışdıq. SSRİ-də yaşayan türk xalqlarından oraya nümayəndələr dəvət etmişdik. Həmin vaxt hərbi vəziyyət elan edildiyindən “Ağrıdağ” formuna dəvət etdiyimiz türk xalqlarının nümayəndələri gələ bilməsə də forum yüksək səviyyədə keçdi.

İstanbulda keçirilən qurultayda və Naxşıvandakı Forumda 31 dekabır Dünya Azərbaycanlılarının həmrəylik günü kimi qeyd edilməsi müzakirə edildi və qəbul edilən qərarın surət Azərbaycan SSR Ali Sovetinə göndərildi. Buna nail olduq. Hətta Naxçıvandan qəbul etdiyimiz qərar haqqında İstanbulda keçirilən qurultaya teleqram da göndərməyimiz yadımdadır. Lakin Ali Sovetrdə bu toplantıların qərarlarını saya salan olmadı. 1991-ci ildə Naxçıvan MSSR Ali Sovetinin sessiyasında  demokratik blokdan olan deputatların və binadan kənardakı mitinq iştirakçılarının təziqi ilə 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilməsi qərara alındı. Həmin qərar Azərbaycan Ali Sovetinə də göndərildi. Onlar yenə də susdular. Lakin Azərbaycan Ali Sovetinə deputat seçilmiş azsaylı demokratik deputatların təziqi, inadlı mübarizəsi sayəsində coxsaylı kommunist deputatların müqaviməti qırıldı 31 dekarbın Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd edilməsi haqqında qərar qəbul edildi.

 

Nicat Abdulla

 

Mənbə: Müəllif:
Berlin, divarlarının, sökülməsi, insanlarımızın, içindəki, gizli, Araz, alovunu, kükrətdi, -, Əli, Şamillə, müsahibə,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı