The document has moved here.
|
||
Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik – MÜSAHİBƏ | ||
"O vaxt Qarabağla bağlı Türkiyəyə rəsmi müraciət olunanda bizi başa düşməmişdilər. Soruşmuşdular ki, bu paranı bizdən nə üçün istəyirlər? Halbuki, Qarabağ əldən gedirdi. İyirmi yeddi il bundan əvvəlki münasibətə baxın, bu günə baxın. Bu gün artıq çox normal şəkildə bir-birimizi anlayırıq, başa düşürük" | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Musavat.com və Xeber365.com saytları Türk dilinin regionda hakim dilə çevrilməsi istiqamətində yeni bir layihəyə başlayıb.
Layihənin məramına uyğun olaraq, əməkdaşlıq çərçivəsində qoyulan fikrin əvvəlcə ölkə daxilində, daha sonra regionda təbliğatının qurulması üçün işlər görüləcək. Belə ki, dilçilik sahəsi üzrə mütəxəssislər, Azərbaycan türkcəsinin bölgədə əsas dilə çevrilməsinin üstünlüyünü əsaslandıracaq siyasilərlə, sosioloqlarla, alimlərlə, ümumilikdə ziyalı kəsimlə müsahibələr ediləcək, araşdırmalar aparılacaq, müzakirələr, konfranslar təşkil olunacaq.
Bu fikir və məqsədlə yola çıxmağımız heç də əsassız deyil. Xatırladaq ki, qeyri-türk xalqlarının sıx yaşadığı bölgələrdə Türk dili əsas ünsiyyət vasitəsidir və türk xalqlarının yaxın qonşuluğunda və onlarla eyni bölgədə xeyli sayda başqa dil ailələrinə mənsub xalqlar yaşamaqdadır. Xüsusilə Qara Dəniz ətrafı və Qafqaz regionunda əsrlərlə türk xalqları başqa xalqlarla eyni ərazilərdə yaşayırlar. Bu regionda türk dili hər zaman xüsusi çəkiyə sahib olub. Nəinki türklərlə, hətta burda yaşayan başqa xalqlar ümumi ünsiyyət vasitəsi kimi türk dilini seçmişdilər. Bu fikri rus şairi Lermontovun sözləri də təsdiq edir: “Avropada fransız dili nə deməkdirsə, Qafqazda tatar (türk) dili həmin nüfuza malikdir”.
Bu gün rus və ingilis dili kimi beynəlxalq dillər bölgədə yaxşı mənimsənilməsinə baxmayaraq, Türk dili ümumi ünsiyyət vasitəsi kimi aktuallığını itirməyib. Lakin bu məsələ indiyədək rəsmən araşdırılmayıb, regionda türk dilinin statusuna diqqət yetirilməyib. Aparılacaq araşdırmalar qeyri-türk xalqlarının nümayəndələri tərəfindən türk dilində ünsiyyəti hansı intensivliklə qurduqlarını müəyyən edəcək. Araşdırma bütünlüklə Qafqaz və Qara dəniz bölgəsini əhatə edəcək. Məqsəd Türk dilinin, eləcə də Azərbaycan türkcəsinin Qafqaz və Qara dəniz bölgəsində tam şəkildə “linqva franka” statusuna malik olduğunu isbat etmək və gələcəkdə beynəlxalq status alması üçün əsaslı dəlil kimi istifadə etməkdir.
Xüsusilə qeyd edək ki, layihə gələcəkdə Türk dilinin daha geniş bölgələrdə durumunu dəyərləndirmək üçün ilk pillədir. Belə ki, bu addım Orta Asiya və Volqaboyu ərazilərdə gələcəkdə sorğuların qurulması və aparılması üçün zəmin rolu oynaya bilər.
Layihə çərçivəsində növbəti müsahibimiz tanınmış dilçi alim, AMEA-nın Dilçilik İnstitutunun əməkdaşı Şahlar Göytürkdür.
– Şahlar müəllim, layihənin məqsəd və məramından xəbərdar oldunuz. Necə düşünürsünüz, türk dili regionda hakim dilə çevrilə bilərmi? Bu ideyanın gerçəkləşməsi nə dərəcədə real görünür?
– Bu, çox aktual məsələdir. Dil təkcə ünsiyyət vasitəsi deyil, millətin aynasıdır, mənəvi–genetik yaddaşıdır. Bu mənada dili qorumaq, sevmək, onu gələcək nəslə ötürmək çox vacibdir. Təkcə qorumaq yox, söhbət həm də onu zamanın tələblərinə uyğun olaraq cilalamaq, gələcəyə hazırlamaqdan söhbət gedir. Bu, əlbəttə, yazarların, dilçilərin, humanitar və ya qeyri-humanitar sahənin mütəxəsissləri, düşünən insanların işidir. “Dilçi deyiləm,” deyibən kənarda durmaq olmaz. Dil millətin sərvətidir və o, hamımızındır. Onu bütövlükdə qorumaq, zənginləşdirmək hər birimizin borcudur.
Türk dili deyəndə, türk xalqlarının və respublikalarının ortaq dili nəzərdə tutulur. Elə etməliyik ki, gələcəkdə bu dillər yaxınlaşsın. Necə ki tarixən onların yaddaşı bir, kökü bir olub.
Qloballaşma şəraitində hakim dil ingilis dilidir, rus dili də öz varlığını bölgədə qoruyub saxlayır. Bu mənada bu, çox düşündürücü və çox aktual məsələdir. Məsələni beynəlxalq hakim dillərə qarşı qoymaq lazımdır. Yəni bu mənada yox ki, rus dili olmasın. Olsun, vacibdir, beynəlxalq dillərdir. Söhbət qloballaşma şəraitində öz dilimizi qorumaqdan gedir.
– Əlbəttə, söhbət həm də ondan gedir ki, biz öz dilimizi qorumaqla, tutaq ki, rusların işğalçılıq ideyası, siyasətiylə mübarizə aparmış, dövlətçilik siyasətinə dəstək vermiş oluruq. Azərbaycan dilinin rus dili qarşısında uduzması həm də milli şüurun məğlubiyyətidir.
– Bəli, dilin dominantlığı ölkənin inkişafı deməkdir, ölkənin gücü deməkdir. Bax bu, birbaşa ölkənin siyasəti ilə, iqtisadiyyatı, həm də milli-mənəvi yaddaşı ilə bağlı məsələdir. Dil həmişə bir açar rolunu oynayır. Azərbaycanca kitabların sayına, tərcümələrə baxaq. Yayılma arealları məhduddur.
XVIII əsrdə Lermontov yəni tatar dilini fransız diliylə müqayisə eləyirdi. Söhbət burada Azərbaycan türkcəsindən gedir, Türkiyə türkcəsindən getmir. Bu dilləri birləşdirə bilərik.
Güney Azərbaycanda millət vəkillərimiz İran parlamenti qarşısında dilimizin dövlət səviyyəsində işlənməsi, məktəblərin açılması ilə bağlı vaxtaşırı məsələ qaldırırlar. Mübarizə davamlı şəkil alarsa, buna nail olarıq.
Mərkəz həmişə Bakı olub. Cənubda gedən dil proseslərinə də mütləq nəzarət lazımdır. Bu dili türk dili adı altında birləşdirmək lazımdır. Bu adla bağlı Güneydə də fikir müxtəlifliyi var. Ona görə də məqsədəuyğun ad “türk” dilidir. Amma “türk dili” deyəndə burada söhbət təkcə Türkiyə türkcəsindən getmir. Biz bu dilləri, əlaqələri birləşdirə bilsək, gələcəkdə öz effektini verəcək. Həm rus dilinin dominant dil kimi bölgədən sıxışdırılmasında, onun yerini türk dili tutmasında faydalı olar. “Ortaq dil” formalaşa bilər. Bu, dövlət proqramımızda da öz əksini tapıb.
Baxın, ölkəmizə nə qədər ərəb turisti gəlir. Onlar Azərbaycan dilini öyrənirlər, maraqlanırlar, həm tarixiylə, həm bu günüylə. Dövlət inkşaf etdikcə, gücləndikcə, siyasi-mədəni çəkisi artdıqca dili də dəyərlənir. Rus dilinin Azərbaycanda dominant dillərdən biri – ikinci dil olması təsadüfi deyil. O vaxtkı rus elminin, siyasi gücünün nəticəsində qalıqları qalıb. Rus diliylə bağlı bir düşüncə var: sanki rus dili xilas edə bilər hər şeyi. O da bir nəslin düşüncəsidir. Onlar aradan çıxdıqca, yeri boş qalacaq. Mən bunu görürəm. Məlum olur ki, rus dili bilmədən də yaxşı alim, mütəxəssis kimi formalaşmaq da mümkün imiş, sən demə. Amma yetmiş ildə bizə necə təlqin edirdilər : “Rus dili əsas dildir, bu dili bilməsən...”
– Elədir, hələ də insanlarımızda Sovet nostalgiyası hiss olunur.
– Bəli, “Sovet nostalgiyası” deyilən bir anlayış var. Biz bir iş görməsək belə, bunu zamanın öhdəsinə buraxsaq belə, öz həllini tapacaq. Bəli, problem öz-özünə həll olunacaq.
Azərbaycan dili ilə türk dilinin gələcəkdə qovuşması labüddür. Amma biri digərini sıradan çıxarmamalı, öz təsiri altına almamalıdır.
– Amma həm də gücü birləşib rus dilinə və düşüncəsinə qarşı mübarizə aparmaq olar.
– Bu, dövlətin siyasətidir. Əgər rus dilində Azərbaycanda pulsuz təhsil varsa, bu, kimlərinsə şəxsi fikri deyil ki, dövlətin siyasətidir. Biz bunlara qarşı deyilik. Hər şeyin vaxtı var, məqamı var. Dil güclənəcək.
Bu, o demək deyil ki, biz rus, ingilis dilinə qarşı düşmən mövqedə qalmalıyıq.
Bilirsiniz, mən sizin layihə çərçivəsində olan bir müsahibəni oxudum, türk dilinin xarici dil kimi tədris olunmasıyla bağlı fikirləri vardı. Bu yanaşma doğru deyil. O vaxt TQDK-da abituriyentlər üçün belə bir qayda qoymuşdu ki, türk dili xarici dil kimi tədris edilsin. Analmıram, bir tərəfdən deyirik ki, dilimiz birdir, bir tərəfdən də onu xarici dil kimi öyrənməyə səsləyirik.
– Bu da düşündürücüdür, Türkiyə türkcəsinin xarici dil kimi öyrənilməsi bizi, hardasa məqsəddən uzaqlaşdırmış olur.
– Tamamilə uzaqlaşmış oluruq. Bu mənada deyirəm ki, məsələni o şəkildə qoymaq olmaz. Bu, bir mədəni mübarizədir, siyasi mübarizə deyil. İnsan var, dil deyəndə Turançılıq başa düşür. Pafoslu fikirlər var. Bu, nə Turançılıq ideyasıdır, nə də pafos. Qloballaşmadır. Dillər ailələrə təsir edir, mətbəximizə daxil olur .
Nə etməli? Bu gün iki yaşlı, üç yaşlı uşaq türkcə danışır. Əlbəttə ki, bu nitq məişət səviyyəsindədir. Sonra o, orta məktəbə gedəcək, tədricən “muz” sözünü unudub, “banan” deyəcək. Dövr o dövrdür.
Madam ki, bu imkanlar var, bir çox şirkətlər var, teleşirkətlər, məsələn, “TRTAvaz” – var, məsələni dərinləşdirmək olar, yəni yaymaq, genişləndirmək olar. Bunu xarici dil kimi yox, sadəcə mədəni səviyyədə pilot dil kimi qəbul etməliyik. Pilot dil nədir? Pilot dil Azərbaycan vətəndaşının dünyanı necə dərk etməsidir. Hansı dildə informasiya almasıdır, dünyanı necə qavramasıdır.
Söhbət düşünməkdən getmir, deyək ki, türk dili pilot dil olur və mən türkcə düşünürəm, xeyir. Dünyanı necə dərk edirik, informasiyanı necə alırıq, bu nəzərdə tutulur.
Azərbaycanda çoxu rus dili vasitəsi ilə dünyanı dərk edir. İnternet resurları baxımından. Rus dili vasitəsi ilə dünyadan istənilən məlumatı almaq mümkündür. Amma eyni zamanda, Türkiyədə də bu problem yoxdur. Türk dili vasitəsi ilə mən, tutaq ki, Ermənistanda gedən prosesləri türk dili vasitəsi ilə öyrənə bilirəm. Görürsünüzmü, bu, türk dilinin dominantlığıdır.
– Ortaq türk dilinin yaranması üçün hansı addımları atmaq olar bəs?
– Sevindirici haldır ki, tez-tez simpoziumlar, konfranslar keçirilir. Bizim alimlər Türkiyəyə dəvət olunur, onlar gəlirlər və fikir vermisiniz, bu konfransların, simpoziumların dili nə qədər maraqlıdır? Elə ortaq dil dediyimiz budur, təbəssümlə bir-birini anlayırlar. Ortaq dil o demək deyil ki, əlifbadan hansısa səsləri çıxardaq, nəyisə daxil edək. Biz əgər düşüncədə, yaddaşda dillə bağlı nəsə çevriliş edə bilsək, böyük hadisədir, bu, gerçəkləşəcək.
İyirmi il bundan əvvəlki proseslərə baxaq, kiçik bir nümunə gətirim. O vaxt Qarabağ məsələsi ilə bağlı Türkiyə tərəfə rəsmi müraciət olunanda başa düşməmişdilər. Anlaşmazlıq yaranmışdı ki, bu paranı, pulu nə üçün istəyirlər? Halbuki, Qarabağ əldən gedirdi. İyirmi yeddi il bundan əvvəlki münasibətə baxın, bu günə baxın. Bu gün artıq çox normal şəkildə bir-birimizi anlayırıq, başa düşürük. Yəni zamanın öhdəsinə verəndə, bu məsələ daim aktual olanda bu problemlər də tədricən aradan qalxır. Yenə deyirəm, biz rus dili, ingilis dili, başqa dillərin əleyhinə deyilik. Nə qədər çox dil bilirsənsə, o qədər çox insansan, o qədər də dünyanı bilirsən.
Çıxış yolunu ortaq türkcədə görürük. Yəni konkret olaraq Türkiyə türkcəsində yox, qazax dilində yox, özbək dilində yox. Dünyaya çıxmaqda etiraf etməliyik ki, Azərbaycan dilinin gücü çatmır. Bu, gələcəyin işidir, biz dil baxımından dünya ilə birləşəcəyik, bu problemləri həll edəcəyik.
– Prosesin gedişatını, yəqin ki, həm də sosial şəbəkələr sürətləndirir. Çünki məsələn, elə Feysbukun özü sərhədi aradan qaldırmağı bacarıb.
– Bəli, sosial şəbəkələr sərhədi götürüb. Deyək ki, 60-cı illərdə “Gülüstan” poeması yazılıb, dil həsrəti vardı, nə bilim, Süleyman Rüstəmin şeirləri vardı. Güneyi görmək yanğısından doğulurdu. Amma ədəbiyyat bu problemi aradan qaldırıb. Bizim dillə bağlı, ədəbiyyatla bağlı problemimiz yoxdur. Artıq o nisgil qaldı keçmişdə. Bu gün Güneydən olan yazıçı Azərbaycana gəlir, biz ora gedirik, dillə bağlı sərhəd götürülüb. İndi başqa xəyallarımız, daha doğrusu, planlarımız var.
– Çox mühüm məqama toxundunuz, biz türk dilinin dominatlığına nail ola bilsək, bu gün Güney Azərbaycandakı həmvətənlərimizə kömək ola bilərik. Orada milli fəallar ana dilinin, türk dilinin işlənməsi üçün mübarizə aparırlar, həbsə düşürlər. Açığını desək, bu gün onlar üçün heç nə edə bilmirik.
– Çox doğrudur, amma burada bir məsələ var. Mən öz fikrimi deyim. Bizdə daxili, gizli bir istək var. Türkiyə türkcəsi ilə bağlı bir siyasət var. Məsələn, onlar türk dili deyəndə, Türkiyə türkcəsini başa düşürlər. Yerdə qalanları ləhcə düşünürlər çox zaman. Bəzən mütəxəsisslər də, alimlər də bu şəkildə təqdim edirlər. Demək, güc haradadırsa, dil oradadır, həqiqət oradadır. Belə deyək, qəbul olunmuş həqiqət oradadır. Ona görə də biz heç bir dili inkar eləmədən öz dilimizin varlığını qorumağa çalışmalıyıq və sübut eləməliyik ki, bu dil daha qədimdir.
1925-ci ildə Rza şahın – Pəhləvilər hakimiyyətə gələndə – dövründə təsəvvür edin, “ata” sözünü, “ana “ sözünü dediyinə görə insanları həbs edirdilər. Onlar mütləq “madər”, “perdər”, “doxtər” deməli idilər. Pəncərədən güdürdülər, qulaq asırdılar ki, nəyə görə körpə yaşlı uşaq anasına “madər” demir. Bizim dilimiz belə çətinliklərdən keçib. İndi baxın, görürsünüz, sosial şəbəkələrin, düşünənlərin, milli fəalların nə qədər əməyi, rolu var.
İndi Turançılıqdan danışırıq. Turançılıq əslində millətçilik deyil. O, sadəcə özünü, kimliyini tanımaq və tanıtmaqdır. Bu, bizim daxili tələbatımızdır, instikimizdir. Özümüzdən asılı deyil. İstəsək də, istəməsək də, bu, belədir. Heç bir dilə qarşı da deyilik. Onlar da istəyərlər ki, onların ədəbiyyatları olsun, o dildə yazıları olsun, fondları olsun, filan-filan.
Düşünməliyik ki, bu dillə dünyaya necə çıxa bilərik? Təkcə Azərbaycan türklərini yox, bütün Azərbaycanda yaşayan digər kiçik xalqları da düşündürməlidir, onların mütəxəssislərini də düşündürməlidir bu sual. Biz necə edək ki, gələcəkdə övladlarımız dünyadan informasiyanı daha rahat şəkildə, anladığımız bir dildə onu qəbul eləsin? Bu mərhələli şəkildə olmalıdır.
– Şahlar bəy, Gürcüstanın Azərbaycan və Türkiyə arasında tranzit ölkə olması türk dilini bu ölkədə ünsiyyət vasitəsinə çevirə bilərmi?
– Gürcüstanın Türkiyə ilə münasibətləri iqtisadi baxımdan çox əlverişlidir. Orda böyük türk şirkətləri var. Tarixən həmin ərazilərin böyük hissəsinə nəzarət ediblər. Azərbaycan türkləri orada yaşayırlar. Buna həm Güneydə, həm də ki, Cənubi Qafqazda, bütünlükdə nail olacağıq. Proses gedir.
Orta Asiyadan şad xəbərlər ala bilirik. Tutaq ki, məmurlar dövlət səviyyəsində dillə bağlı fikirlər səsləndirirlər. Ortaq ünsiyyətlə bağlı addım atılır. Hətta lazım gələrsə, əlifbalarında islahatlara getməyə razı olduqlarını da dilə gətirirlər. Bu mərhələ bitəndən sonra Rusiyada - Volqaboyu ərazilərdə davam etmək lazımdı.
– Bəs türk dilinin BMT-də 6-cı dilə çevrilməsi necə, mümkündürmü?
– Təbii olaraq, bu proses baş verəcək. Uzaq gələcək üçün mən bunu görürəm: gələcəkdə BMT-nin dili, ümumiyyətlə beynəlxalq dil olacaq, buna əminəm. Bizdən çox şey asılıdır. Məqsədyönlü şəkildə işləsək, məqsədimizə nail ola bilərik.
– Yəni hazırda bu məqsədin reallaşması üçün regiondakı mövcud durumun əlverişli olduğunu düşünürsünüz...
– Bəli, mən əlverişli dəyərləndirirəm. Həm Türkiyənin güclənməsi, həm türk xalqlarının, türk dövlətlərinin Orta Asiyada mövcud olan dövlətlərin güclənməsi, tarixi bağların, yaddaşın oyanması, milli kimliyin oyanması, Güneydə gedən dil prosesləri bütövlükdə bu məsələni aktuallaşdırır.
2020-ci ilə qədər dilin elektron korpusunun hazırlanması layihəsi reallaşdırılır. Korpusun hazırlanması beynəlxalq çıxış deməkdir. Dünyanın istənilən ölkəsində Azərbaycan dilini elektron versiya ilə öyrənmək mümkün olacaq. Problemlər aradan qalxacaq.
– Digər müsahiblərimiz kimi siz də dilə gətirdiniz ki, proses özü türk dilini regionda və dünyada yayğınlaşdıracaq. Bunun üçün arzuolunan səviyyədə iqtisadi, siyasi, elmi gücə sahib olmağımız lazımdır. Bəs prosesi sürətləndirmək üçün dövlət səviyyəsində nə edə bilərik?
– Çox doğru yanaşmadır. Bilirsiniz, bu proseslərin kökündə dövlətin gücü dayanır. Dövlət güclü olanda onun biznesi də, iqtisadiyyatı da güclü olur. Baxın Türkiyəyə, dünyaya çıxışı var, nə qədər məhsullar istehsal edir, ixrac edir. Etiketlərə fikir verirsiniz məhsulların üzərində? Bu, artıq əlifbanın, sözlərin mənimsənilməsi deməkdir. Reklamlara baxın, görürsünüz?
İlk növbədə, dövlətin iqtisadi gücə sahib olması gərəkdir. İqtisadi güclünün iqtisadi terminologiyası da öz dilində olur. Onu yaya bilir, ata bilir.
Necə ki, biz “kompüter”i götürüb dəyişməyi problem yaradırıq, deyirik, bu bilgisayar yox, kompüter olmalıdır. Amma kompüter “hesablayıcı” deməkdir. İngiliscədən, Avropadan gəldiyinə görə qəbul etmişik. Çalışmalıyıq ki, iqtisadi baxımdan daha da güclü olaq. Güclü olaq ki, öz sözlərimizi yaya bilək. İstənilən ölkəyə sata bilək. Bu, vacib şərtdir.
– Yəni nəyisə biz yaratmış olsaq, dünyada bizim verdiyimiz ad qəbul olunacaq.
– Bəli, artıq bizim qoyduğumuz ad qəbul olunar. Birinci məsələ iqtisadiyyatdır, dövlətin güclü olmasıdır. Hakim olmalısan, əraziyə, bölgəyə hakim olmalısan ki, dilin də keçərli olsun. Baxın Türkiyənin nüfuzu Cənubi Qafqazda gücləndikcə onun dili də güclənir. Qəbul edirlər, dili öyrənirlər, ticari əlaqələr yaranır, gedirlər, gəlirlər, görürsünüz, məcbur şəkildə öyrənirlər. Mənimsəməyə məcburdurlar, çünki onların işi o dillə bağlıdır, çörəyi o dildən çıxır. Biz çalışmalıyıq ki, dövlət siyasətində dil həmişə prealitet olsun. Nəyə görə əksəriyyət uşaqlarını rusdilli bağçalara yazdırır? Dili bilən də, bilməyən də... Bilir ki, sabah tərcüməçi ola bilər, haradasa işləyə bilər, bu dilə tələbat var, bu dildən çörək çıxara bilər, pul qazana bilər.
Azərbaycan dilinə bu şəraiti yaratmaq lazımdır. Bu gün biləndə ki, Azərbaycandilli mütəxəssis az maaş alır, fikirləşir ki, məsələn, rus dilində təhsil alsam, daha yaxşı yerlərdə işləyib, daha yaxşı gəlir əldə edə bilərəm.
Bilirsiniz, başqa gücləri də nəzərə almalıyıq. Məsələn, rus dili faktoru. Bu mənada dövlət dilə − harada dil tətbiq olunursa − daha həssas olmalıdır. Orada stimul, şərait yaratmalıdır. Bu, birmənalı belədir. Biz görsək ki, dövlət idarələrində Azərbaycan dilini yaxşı bilənlərə daha çox üstünlük verilir, əlbəttə ki, o, uşağını heç vaxt rus sektoruna qoymayacaq.
Yerdə qalan bütün məsələləri biz özümüz eləməliyik. Bəs bizim borcumuz nədir? Biz Azərbaycan vətəndaşıyıq, dilə xidmət bizim əsas müqəddəs peşəmiz, vəzifəmizdir. Ondan sonra biz nəyəsə nail ola bilərik.
Hamını inandırmalıyıq ki, qərəzimiz millətçilik deyil, sizə qarşı deyil, türk dilinə, rus dilinə, ingilis dilinə qarşı deyil. Biz həm sizi qoruyuruq, həm özümüzü qoruyuruq. Biz dünyanı öz dilimizdə dərk etmək istəyirik.
|
||
|
||
Biz, dünyanı, öz, dilimizdə, dərk, etmək, istəyirik, –, MÜSAHİBƏ, , |
|