Xəbər haqqında
30 Dekabr 2017 - Şənbə 20:22 446 nəfər oxuyub
 
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti
BAXIŞ Xəbəri
Bizə ilk addımda həmrəylik gərək - Elçibəyin Azərbaycan türkünə müraciəti

"Bir gün sonra 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edəcəyik. Bununla bağlı müxtəlif fikirlər səslənib, qiymətlər verilib. 21 il əvvəl bu günün memarı olan Əbülfəz bəyin özünün yazdığı və heç bir redaktə edilməyən müraciətini təkrar yayımlamaqla onun verdiyi qiyməti yada salmaq istədim: Həmrəylik günün mübarək, Azərbycan türkü!"

 

Bu barədə Azərbaycan Milli Azadlıq Hərəkatının lideri, mərhm prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov yazaraq onun müraciətini paylaşıb. Xeber365.com həmin müraciət mətnini təqdim edir:

 

Aralıq – dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu həmrəylik münasibətilə 40 milyonluq Azərbaycan türkünü könüldən -könülə təbrik edirəm!

 

Sözüm və müraciətim 40 milyonluq Azərbaycan türkünədir! 

 

(Qabaqcadan görünür ki, belə bir sual qondarılacaq: niyə yalnız Azərbaycan türkünə. Bəs Azərbaycanda yaşayan başqa az saylı xalqlar, etnik tayfalar və başqaları bu yurdun vətəndaşları deyilmi? Bu cür arabulandırıcı suallara belə cavab veririk ki, Azərbaycanı parçalayan qüvvələr heç vaxt hər hansı bir xalqı, ya da etnik tərkibi deyil, yalnız Azərbaycan türklərini parçalamağı, onu hissə-hissə bölməyi qarşılarına məqsəd qoymuş və buna son gücləri çatdığı qədər nail olmuşlar. Rus imperiyasının, onun varisi olan Sovet imperiasının və onun əlaltılarının əsas məqsədlərindən biri də bu olmuşdur ki, dünya türklərini bölük-bölük edib köləyə çevirmək, onların torpaqlarına sahib olmaq! Bu günlərimizdə Rus imperiyası dağılır. Rusiyanın yeni düşüncəli siyasətçiləri, irəlidə gedənləri, aydınları və rus xalqının böyük bir hissəsi imperiyanın artıq yaramadığını və başqa xalqlarla yanaşı rus xalqının da başına olmazın faciələrini gətirdiyini yaxşıca, açıq-aydın görür və imperiya xəstəliyindən birtəhər qaçıb uzaqlaşmaq, canını qurtarmaq istəyir. Bundan yararlanan sürgün edilmiş xalqlar öz doğma yurdlarına dönür, kölə xalqlar azad olur, yaxud azadlıq uğrunda mübarizə aparır, zorla bölünmüş xalqlar birləşir. Biz Azərbaycan türkləri də zorla bölük-bölük edilmiş xalqlardanıq!) 

 

Sevimli ərlərimiz, əziz sayğılı, qayğılı Azərbaycan türkü həmrəylik günü yalnız və yalnız bizimdir. Bu həmrəylik günü, 190-il bundan öncə yağı düşmənlər tərəfindən parçalamağa başlayan elimizin, yurdumuzun birliyə doğru 1989-cu ildə ilk böyük addımını atdığı gündür. Bu gün Azərbaycan türkünün Araz boyunca yurdumuzun sinəsində çəkilmiş dəmir çəpəri dəmir pərdəni söküb dağıtdığı, hər parçasını bir yana atdığı, yağı düşmənə “itil buradan!”-dediyi, yüz minlərlə Azərbaycan türkünün hər iki sahildən Araza yürüdüyü, Arazın buzlu suyundan bir cənnət suyu kimi bir-birinin üstünə çilədiyi, əl-üzlərini yuyub, ondan doyunca içdiyi sevincli, şərəfli bir gündür. Bu gün Azərbaycan türklərinin öz birliyinə doğru birinci uğurlu addımını atdığı gündür! Azərbaycan türkünün öz doğma yurdu Azərbaycanın birliyi uğrunda ilk, açıq həmrəylik günüdür! 

 

Bu gün gələcək Azərbaycan birliyinin ilk carçısıdır! Bu gün Azərbaycan türkünün Birlik və Bərabərliyini gerçəkləşdirəcək Zamanın ilk doğuş günüdür. Bu birliyə rəhmətlik İsmayıl bəy Qaspıralı “Dildə, fikirdə, işdə birlik”, bu bərabərliyə rəhmətlik Məmmədəmin bəy Rəsulzadə ”Müsavat” - demişlər.

 

Biz bu Birliyə, Bərabərliyə möhtacıq və ulu Tanrının buyruğu ilə tarix buna səsləyir. Yağı düşmənlərimizin yüz illərlərlə dağıtdığı Birliyimizi yalnız və yalnız həmrəyliklə qura bilərik. Bizə ilk addımda həmrəylik gərək: Yurd uğrunda həmrəylik, El uğrunda Həmrəylik, Dil uğrunda Həmrəylik, Din uğrunda Həmrəylik, Birləşmiş Azərbaycan Yurdları (BAY) uğrunda Həmrəylik!
 

Bu gündən yararlanaraq 40 milyon Azərbaycan Türkünə böyük Həmrəyliyə yürüdüyü yolda böyük uğurlar arzulayıram!

 

Tanrı bizə yar olsun. Onun yar olacağına da qəti əminəm! 

 

ƏBÜLFƏZ ELÇİBƏY

Mənbə: Müəllif:
Bizə, ilk, addımda, həmrəylik, gərək, -, Elçibəyin, Azərbaycan, türkünə, müraciəti,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı