The document has moved here.
|
||
“Bizdən hər şey gözləsinlər” | ||
“Gəl,gəl, sonra baxarsan”- deyən Sadiqin səsi... Biz bura “Oda”nın yaradıcıları – teatrın direktoru Elmin Bədəlov və səhnəmizin Ezopu, əməkdar artist İlqar Cahangirlə müsahibəyə gəlmişdik. İndi bu istidə onlara “gəlin, bu uçuq binada söhbət eləyək” - demək bir az əcaib alınardı. Sadiq həvəslə, mən də bir gözüm arxada kondisionerli, sərin zala girdik. Qara pərdələrlə çevrələnmiş dərin səhnə, teatr heyətinin öz əlləri ilə qurduğu amfiteatr.. Əl əməyi, göz nuru.. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
“Oda” teatrı mövsümə yeni layihələrlə başlayacaq İstisi nəfəs kəsən avqust günlərindən birində tələbə yoldaşım və türklər demiş, qədim dostum Sadiq Elyerlə birlikdə “Oda” teatrının Fəvvarələr meydanından iki tin yuxarıda yerləşən təzə məkanına üz tutduq. Meydanın brend mağazalarından, Makdonaldsından, bəzəkli-düzəkli insanlarından 200-300 metr aralıda başqa planeti xatırladan balaca baqqal dükanlarının kölgəsində stol qoyub “çaylayan” ağ maykalı əmilərdən-dayılardan yolu soruşa-soruşa, nəhayət, qəhvəyi rəngli hündür darvazanın zəngini basdıq, zəif çıqqıltı səsini eşidəndən sonra qapını itələyib içəri girdik və girər-girməz onu gördüm. Darvaza ilə üzbəüz uçuq binanın elə ilk baxışda adamı valeh eləyən, fantaziyalarını oynadan tağlarını, yarıqaranlıqda görünən daşlarını, yerdən azca yuxarıda olan qapı çərçivəsinə doğru əyilmiş ağacı.. Burda necə fotolayihələr eləmək, filmlər çəkmək, hətta tamaşalar göstərmək olardı. Amma.. “Gəl,gəl, sonra baxarsan”- deyən Sadiqin səsi... Biz bura “Oda”nın yaradıcıları – teatrın direktoru Elmin Bədəlov və səhnəmizin Ezopu, əməkdar artist İlqar Cahangirlə müsahibəyə gəlmişdik. İndi bu istidə onlara “gəlin, bu uçuq binada söhbət eləyək” - demək bir az əcaib alınardı. Sadiq həvəslə, mən də bir gözüm arxada kondisionerli, sərin zala girdik. Qara pərdələrlə çevrələnmiş dərin səhnə, teatr heyətinin öz əlləri ilə qurduğu amfiteatr.. Əl əməyi, göz nuru.. - Belə yerdə deyirlər ki, hər işdə bir xeyir var. Bura zirzəmidən qat-qat yaxşıdı. E.Bədəlov: Pərdənin arxasında hərəkət də eləmək olur. İ.Cahangir: Arxada yerimiz var. Qrim otağı da düzəldəcəyik. Pərdəmiz də bağlanır. Tamaşa vaxtı zal qaranlıq olacaq. - Həyətdəki uçuq bina da çox maraqlıdı. Oranı da səhnə kimi istifadə eləyə bilərsiz. İ.C: Hə, mümkündü. Mən Moskvada, Piterdə belə tamaşalara baxmışam. Parkda, gölün qırağında, qayıqda oynayırdılar. Bizim də planımızda var. Ümumiyyətlə, planlar çoxdu. Yavaş-yavaş hamısını həyata keçirməyə çalışacağıq. İndi təzə tamaşalar hazırlayırıq, əsərlərə, tərcümələrə baxırıq. Hazırda əlimizdə iki iş var. Özümüzə söz vermişik ki, bu mövsümdə ən azı dörd tamaşa hazırlayaq. Tamaşaçımızı itirməmək üçün iki-üç il işi belə qurmaq lazımdı. Düzdü, bir az çətindi. Aktyor üçün hər şey fərqlidi. Teatr canlı sənətdi. Bir tamaşa hər dəfə fərqli oynanılır. Tamaşadan tamaşaya öz üzərində işləyirsən, səhnəyə çıxanda o andakı əhval-ruhiyyən, düşüncələrin- hər şey təsir eləyir. Buna görə də tamaşa hər dəfə dəyişir. Amma tamaşaçını bir tamaşaya iki, ya üç dəfədən artıq baxmağa məcbur eləyə bilmərik. Hətta eləsi var ki, bir tamaşaya bir dəfə baxır, bəs eləyir. Ona görə deyirəm ki, bu mövsümdə üzərimizə çox iş düşür. Seçdiyimiz əsərləri ciddi müzakirə eləyirik. Yaxşı, maraqlı, ən əsası isə aktual, günümüzlə səsləşən tamaşalar hazırlamaq istəyirik. Bütün janrlara müraciət eləyəcəyik. Məsələn, indi komediya barədə fikirləşirik. Ancaq gülüş xətrinə güldürən yox, hadisəli komediya. “Sən qara deyilsən” adlı bir əsər tapmışıq. - Əziz Nesinin əsərləri siz istəyən kimidi. Onun “Zübük” adlı bir romanı var. Kütlə və siyasətçilərin münasibəti haqqında. İ.C: Uzun sözün qısası, bu mövsüm və gələn mövsüm ciddi şəkildə çalışmağı planlaşdırırıq. - Elminlə çox mübahisə eləyirsiz? İ.C: (gülə-gülə) Son vaxtlar bir az yaranıb. E.B: Mübahisə olmasa, yaradıcılıq, inkişaf olmaz. Amma İlqar müəllimlə mübahisəmiz çox şirin olur həmişə. - Nəyin üstündə mübahisə eləyirsiz? Mizanlar? E.B: Yox, ora hələ çatmamışıq. Axırıncı dəfə o pərdənin üstündə mübahisə eləmişik. Səhnənin yuxarısına içəri tərəfdən vurulmuş ensiz məxmər lenti göstərir. İ.C: Mən qabaqdan və qara lent istəyirdim. Rauf Şahsuvarovla Elmin qırmızı və dalğalı. Özü də içəri tərəfdən. E.B: Axırda səsə qoyduq. Rauf müəllimlə mən qalib gəldik. - Elmin, bildiyim qədərilə özünüzü bir çox sahələrdə sınamısız. Teatra necə gəlib çıxdız? E.B: Hə, bir neçə il jurnalist işləmişəm- “Yeni Müsavat” qəzetində, “Publika.az”, “Gündəlik teleqraf” saytlarında. Özüm “elitar.az” adlı sayt təsis eləmişdim. İndi də yeni sayt yaradırıq – “fraqment.az”. Mədəniyyət portalı olacaq. Onun vasitəsilə insanlarda teatra maraq yaratmağa çalışıcağıq. Ümumiyyətlə isə nə jurnalist, nə də aktyor təhsili almamışam. Onuncu sinifdə oxuyanda İncəsənət Universitetinə hazırlaşmaq istəyirdim, anam qoymadı. Dedi, bircə artistimiz çatmır. O vaxt o sərhəddi qıra bilmədim və Neft Akademiyasına qəbul olundum, sonra da ordan qovdular. Həmin ərəfədə mədəniyyət evlərinə gedirdim. Badamdardakı mədəniyyət evində N.Dumbadzenin “Mən, nənəm, İliko və İllarion”unda oynamışdım. Daha sonra işdən vaxt tapdıqca İlqar müəllimin kursuna gəlməyə başladım. Sonra “Oda”nı yaratdıq. İndi məşğələlərimiz burda davam eləyir, hər gün məşq edirik. - Azərbaycanda, bir çox hallarda peşəkarlıq diplomla ölçülür. Aktyor diplomunuzun olmamağı sizdə kompleks yaratmır? E.B: Adətən, kastinqlərə çağıranda soruşurlar. Amma bu mənim üçün önəmli deyil. Çünki Azərbaycanda təhsil çox dardı. Onun yerinə hansısa peşəkar aktyorla işləyib öyrənmək daha yaxşıdı. - “Oda” teatrının truppası kimlərdən ibarətdi? İ.C: Hal-hazırda üç nəfər peşəkar aktyorumuz, bir rejissorumuz, Elmin və dörd nəfər gənc həvəskarımız var. E.B: Heyəti hələ formalaşdırırıq. İ.C: Bu mövsümdə tam təsdiqləməyə çalışacağıq. Başqa teatrdan da aktyor dəvət eləmişik. Alınsa, bizimlə də işləyəcək. - Mən də elə bu barədə soruşmaq istəyirdim. Heç Rasim Balayev, Fuad Poladov, Fəxrəddin Manafov kimi təcrübəli aktyorlara müraciət eləmisiz? Tamaşada oynamaq, ya da ustad dərsləri üçün. İ.C: İnşallah, mənim elə bir planım var. Məsələn, çox istəyərdim ki, Abbas Qəhrəmanov “Oda”ya gəlsin, hələ bir tamaşada da oynasın. Sonra Kamera teatrının bir-iki tamaşasını burda bərpa eləmək istəyərdim. Cənnət xanım da etiraz eləmədi, “İlqar, elə! Heç bir problem yoxdu” - dedi. Avqustun axırında işlər başlayanda görüşəcəyik. Hətta Monotamaşa festivalı keçirmək haqqında da düşünürük. - İlqar bəy, rus, türk teatrlarının əksəriyyətinin yaranmasına rejissorun və ya aktyorların asiliyi səbəb olub. Kiminləsə sözü çəp gəlib və özünə teatr yaradıb. Onu sıfırdan böyüdüb. Yəni sənətkar asi olmalıdı. Amma bizdə çoxu işlədiyi yerdən narazıdı, özü nəsə yaratmaq istəyir. Amma rahatlığını pozmağa qıymır, ya da qorxur. Niyə belə olur? İstedadları çatmır, yoxsa başqa səbəb var? İ.C: Bir az fədakarlıq çatmır. Məsələn, bizdə maliyyə problemlərini Elmin həll eləyir. Mən nə qədər istəsəydim də, bu qədərini eləyə bilməzdim. Sözün düzü, son vaxtlar həyat bir az çətinləşib, tələbat da çoxalıb. Mən teatrın xərcləri üçün ayda iki yüz manat tapa bilərəm. Amma elə ay olur ki, özümün o iki yüzə ehtiyacım olur. Ona görə bizimçün şəraitin yaradılmasını istəyirik. Məsələn, mən Vidadi Həsənovla Pərvizin Dram Teatrının nəzdində studiya açmasına çox sevindim. Biri müəllimim olub, o biri tələbə yoldaşım. Artıq bir tamaşa da göstəriblər. Milli Dram Teatrı onlara şərait yaratdı. Bəs özləri belə bir yer icarəyə götürməyə çalışsaydılar, necə olardı? E.B: Əslində teatrın inkişafı üçün müstəqil teatrların sayı çoxalmalıdı, rəqabət yaranmalıdı. Yeri gəlmişkən, məhz, buna görə “Oda”nın nəzdində teatr qrupu yaratmışıq. İyirmidən çox üzvü var. Təbii ki, onlar ələnəcək, daha istedadlıları, daha dözümlüləri qalacaq. Onlar üçün burda şərait yaradılacaq. Üç-dörd tamaşa hazırlayandan sonra büdcəmizdən kiçik bir yer üçün vəsait ayıracağıq və artıq müstəqil fəaliyyət göstərəcəklər, böyüyəcəklər Sonra başqa teatr qrupları yaranacaq və onlar bir-biri ilə rəqabət aparacaqlar. - Çox yaxşı səslənir. E.B: Əslində çətindi, amma əminəm ki, biz bunu edə biləcəyik. İ.C: Üstəlik artıq hər şey dəyişir. Köhnə stereotiplərlə yaşamaq mümkün deyil. Genişlən! Gözlərini aç, sağına-soluna, yuxarı –aşağı bax! Gör, nə görürsən, necə görürsən! Qoy, öz baxışın olsun hər şeyə. Biz zirzəmidə olanda 1500-2000-ә qədər tamaşaçı qazandıq. Aralarında elələri vardı ki, heç vaxt teatrda olmayıb. - Bəs zirəmidə sizə hücum eləyənlər kimlər idi? İ.C: Onlar cavan uşaqlar idi, bir az da içmişdilər. Həmin hadisədən sonra onları tamaşaya dəvət elədik. Ondan sonra hətta valideynlərinin də münasibəti dəyişdi. İndi gəlib bizi burda da tapıblar. - İlqar bəy, həmkarlarınızın, dostlarınızın bəziləri sizə görə heyfislənirlər. Deyirlər: “İlqarın yeri böyük səhnədi. Yaxşı oldu bəyəm gedib zirzəmiyə girdi?! Bir az səbrli olsaydı” və s. Özünüz nə fikirləşirsiz? Peşman deyilsiz? İ.C: Mən belə teatrdan başlamışam. Bu səhnə mənə doğmadı, burda rahatam. Mehriban xanım məni “Topal Teymur”a dəvət eləmişdi. Xeyli söhbət elədik, ancaq sonra əməkdaşlığımız alınmadı. Bilirsiz, nə hiss edirəm? Elə bil, heç nə itirməmişəm. Hətta fikirləşirəm ki, bəlkə belə daha yaxşı oldu. “Ezop”da bir yer var: Ezop hündür talvarda üzüm salxımını görür, dərmək istəyir, əli çatmır. Deyir ki, üzüm hələ yetişməyib. Yəni o üzümü özü üçün problemə çevirmir. Yetişməyib, vəssalam. Dostlarım... Mən Qurban İsmayılovla səhnədə olmağı çox sevirəm. Onunla tamaşa oynayanda özümü yadımdan çıxartmışdım, səhnədə tamaşaçı olmuşdum, ondan öyrənirdim. Ya da indi Raufla tərəf müqabiliyik. Hiss eləyirəm ki, bəli, mən varam. Nurəddin Mehdixanlı, Abbas Qəhrəmanovla... bəlkə olar... Ən böyük arzum Fuad Poladovla eyni səhnəyə çıxmaqdı. Düzdü, Fuad müəllimlə “Afinalı Timon”da oynamışıq. Ancaq orda istədiyim kimi olmadı. Ən yaxşı aktyorlar toplaşmışdı və hərə arabanı bir tərəfə çəkirdi. Elə bil, səhnədə bir neçə tamaşa oynanılırdı. Hərçənd bu da təcrübə idi. - Elmin, teatrın həm aktyoru, həm direktorusuz. Yaradıcı işlə biznesi bir arada necə yürüdürsüz? E.B: Bir az çətindi, amma mən əvvəldən bir əlimdə beş qarpız tutmağa öyrəşmişəm. Ən çox teatrın maliyyəsini düşünürəm. Hələlik maddi təminat, reklam - bu işləri görə biləcək adam təkcə mənəm. Ancaq çalışacam ki, bir neçə köməkçi tapım. Çünki özüm yaradıcılıqla məşğul olmaq istəyirəm. İndiki vəziyyət məcburiyyətdi. Sayt, tamaşaçılarımızı artırmaq, aktyorlara qonorar vermək... Hələlik daha çox bu istiqamətdə köklənmişəm. - “İncəsənət üçün soyun” kimin ideyası idi? E.B: “Oda” teatrı laboratoriyadı. Qapımız hamının üzünə açıqdı. Fotoqraf da gəlir, rəssam da, bəstəkar da. Onların inkişaf eləmək üçün belə məkana ehtiyacları var. Həm də bu onların maddi vəziyyətlərinə də kömək ola bilər. Bunun nəyi pisdi ki? Burda əvvəl də belə layihə olmuşdu. Sadəcə bu dəfə fotolarda teatrın loqosu olduğuna görə söz-söhbət yarandı. Fotoqraf da öz əməkdaşımızdı. Ümumiyyətlə, bizim sərhəddimiz yoxdu. Bizdən hər şey gözləsinlər. Üstəlik, məncə, layihə özünü doğrultdu. Açılış günü, təxminən, altmış tamaşaçı gözləyirdik, yüz iyirmi nəfər gəldi və heç kim zalı tərk etmədi. Burda kiminsə soyunacağını düşünüb gələnlər də “Arzular bağı”na axıra qədər baxdılar. Tamaşadan çıxanda yaxınlaşıb təşəkkür edirdilər. Bizim istədiyimiz də bu idi. - İlqar bəy, siz bu layihə haqqında nə düşünürsüz? İ.C: Bilirsiniz, mən belə layihələrə pis baxmıram. Özüm dəfələrlə bu tip sərgilərdə olmuşam. Hətta o şəkillərin içindən bir neçəsini bəyənmişdim. Onları versəydilər, kifayət edərdi, daha effektli alınardı. Və ya ayrıca bir fotolayihə kimi, yaxud konkret tamaşa ilə bağlı normal ola bilərdi, amma teatrı belə reklam eləmək... Üstəlik əskimiz də tüstülüdü. Bu binanın sahibinə xəbər çatdırsalar ki, sənin məkanında belə şey edirlər, deyəcək, çıxın. Məncə, bir az ehtiyatlı olmaq lazımdı. Hər şey əleyhimizə işləyə bilər. Biri var tanınasan, formalaşasan, tamaşalar qurasan, özünü təsdiq edəsən və müstəqil studiya kimi fotolayihələr həyata keçirəsən. Bu başqa. Ancaq uşaqlar hələ gəncdilər, heç nəyi ölçüb-biçmirlər. Gənclik çılğınlığı hərdən ümumi işə mane olur. E.B: Fotoqrafımız da təcrübə yığır. Qoy, öyrənsin də. İndi daha yaxşı bir ideyası var. “İncəsənət üçün soyun” layihəsini tanıtım məqsədli model kimi fikirləşmişdik. Ona görə də süjet-filan axtarmamışdıq. Ancaq növbəti layihəmizdə hər şeyi nəzərə alacağıq. - Elmin, dediniz ki, daha çox yaradıcılıqla məşğul olmaq istəyirsiz. Arzusunda olduğunuz, “Oda”nın səhnəsində görmək istədiyiniz hansısa əsər, rol varmı? E.B: Mən özüm əsərlərə, ya da rol bölgüsünə qarışmıram, rejissor hansı rolu verirsə, onu oynayıram. Amma mövzulara baxıram. Teatra görə məsuliyyət daşıdığım üçün bunu bilməliyəm. Bu səhnədə isə ən çox “Ezop”u görmək istəyirəm. Alınsa, Kamera teatrının aktyorları ilə, alınmasa, öz gücümüzə. - İlqar bəy, “Ezop”da Elmini hansı rolda görürsüz? İ.C: “Ezop”u oynasaq, Elminə qırmanc verəcəm ki, məni möhkəm vursun, bütün hirsini çıxsın. Tezliklə yeni tamaşalarda görüşmək arzusu ilə müsahiblərimizlə vidalaşırıq. Bayıra çıxanda uçuq binanın tağları yenə məni ovsunlayır. Sadiqlə binanın içində fırlanıb şəkil çəkdiririk. Barı gözümüzün qurdunu belə öldürək...
|
||
|
||
“Bizdən, hər, şey, gözləsinlər”, |
|