Xəbər haqqında
26 Avqust 2017 - Şənbə 12:05 2245 nəfər oxuyub
 
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV
"Taledən qaçmaq mümkün deyil"
MÜSAHİBƏ Xəbəri
Bizdə satılmaq yoxdur, şərəflə gedəcəyik – MEHMAN ƏLİYEV

Xeber365.com 2 il əvvəl “Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyevlə söhbət aparmışdı. Söhbət zamanı Mehman Əliyev onun həbs edilmə təhlükəsi və “Turan”ın bağlanmasıyla bağlı məqamlara toxunub. Müsahibənin alındığı zaman da avqust ayına təsadüf edirdi. Həmin dövrdə də Azərbaycanda bir sıra ictimai xadimlər həbs edilmişdi. Mehman Əliyev həbslərin yay aylarına düşməsinə diqqət çəkmişdi.  Müsahibədə toxunulan məsələlərin aktuallığını nəzərə alaraq onu bir daha nəzərinizə çatdırırıq.

 

 

- Hazırda vəziyyət elə gərgindir ki, baş verənlər hər birimizi gözləyə bilər. Əvvəlki həmrəylik də nümayiş etdirilmir. Belə situasiyalarda partiyalar, QHT-lər yalnız bəyanat verməklə kifayətlənirlər. Müdafiənin ardı gəlmir. Bu, nə ilə bağlıdır?

 

- Qorxu var. Bu, ola bilər. Amma söhbət yenə kiminsə həbs ediləcəyindən, təzyiqlərə məruz qalacağından getmir. Bu proses həmişə olub, olacaq da... Həmişə sürətlə baş verib, sonra səngiyib. Bu, ardıcıl məsələ deyil, ardıcıl siyasətdi. Bu siyasətin elə məqamı var ki, arada belə sərtləşir: döymək, vurmaq, həbsə atmaq. Sonra mülayimləşir: mənzil, fəxri adlar, qrant vermək və sair. Yəni həmişə əvəz olunan siyasətdir. Amma bunlara görə narahat olmaq lazım deyil.

 

- Bəs bütövlükdə nədən narahat olmalıyıq?

 

- Belə situasiyalarda toplum şirnikləndirmələr və təzyiqlər arasında seçim etməli olanda şirnikləndirmə udmasın. Bütövlükdə buna görə narahat olmalıyıq. Toplumun dözümü, müqaviməti zəifləyir. Hər şey elə buna hesablanıb. Burada söhbət fərdlərdən getmir. Fərdlər sadəcə nümunədir. Toplum özü getdikcə daha çox əzilir, zəifləyir.

Diqqət edin həbslər yay tətili müddətində baş verir. Xaricdə beynəlxalq qurumlar tətildədir. Eyni zamanda, yerli hökümət tətildədir. Prezident, xarici işlər naziri və s. Zəng edirik, xarici işlər naziri və beynəlxalq qurumlar cavab vermir. Hamisi tətildədir. Yəni belə əlverişli vakuum vəziyyəti seçilib və hücümlar edilib...

Hakimiyyət, məhz, bu vaxta hesablayıb. Kimlərsə xaricdə bunlarla sövdələşib, buna razılıq verib. Xaricdə bu hakimiyyətə dəstək verən, onunla iş birliyi quran quvvələr də buna hesablayıblar. Yəni “biz yoxuq, nə istəyirsiniz edə bilərsiniz”. Təxminimi deyirəm.

 

- Cavab veriləndə gec olmayacaqmı?

 

- Biri var operativ cavab verilir, biri də var ki, ümumiyyətlə, cavab yoxdur. Nəyə görə yoxdur? Filankəs yerində deyil, Maldiv adalarındadır. Ona görə də bu işdən xəbəri yoxdur. Kiməsə yazırsan, avtomatik cavab gəlir ki, mən yoxam, yatıram.

 

- Bu, hakimiyyətin fəaliyyət prinsipidir?

 

- Bəli, bu, hakimiyyətin də, elə bizim də fəaliyyət prinsipimizdir... Biz də müəyyən vəziyyət yarananda toplaşırıq, deyirik, qışqırırıq, sonra da sakitləşirik. Hakimiyyət də bunu artıq ölçüb-biçib, reaksiyanı bilir. Hakimiyyət davamlı olaraq pulla adamları ətrafına toplayacaq. Ərköyünləri isə döyəcək, ağır vəziyyətə salacaq. Strategiya budur. Hələki dəyişiklik də görmürəm.

 

- “Turan” İA-nın bağlanmaq, Mehman Əliyevin isə həbs olunmaq kimi bir xofu yoxdur?

 

- Açığı “Turan”ı 2008-ci ildə bağlamaq istəyirdim. Çünki artıq hökumət hər bir şey eləmişdi ki, maliyyə durumumuz pisləşsin. Yeni qurumlar yaratmağa başladılar, milyonlarla pullar xərclədilər. 2008-ci ildə bir məsələylə bağlı sorğulamaq üçün məni MTN-ə çağırmışdılar. Onlar dedi ki, bizim hər şeydən xəbərimiz var. Kimin nəyi var. Yenicə yaranan bir medianın, agentliyin rəhbərinin vilları haqda danışdılar. Adam iki ildən sonra 3 villa sahibiydi. Ünvanlarınadək, harada yerləşməsinədək dedilər. Hə, istəyirdim bağlayıb buradan gedim, çirkab oyunlarda iştirak etmək istəmirdim. Bunu biləndə mənə təkliflər gəldi ki, lazım deyil, heç yerə getməyin, azad media filan... Mən razılaşdım.

İndi biz hələ ki davam edirik, bu, bir maşındır, benzin var, gedirik. Yoxdur, dayanırıq. Dayandıqsa, şərəflə gedəcəyik. Satılmaq yoxdur bizdə. Taledən qaçmaq mümkün deyil.

 

Gülnaz Qənbərli

 

 

 

Mənbə: Müəllif: XƏBƏR365
Bizdə, satılmaq, yoxdur,, şərəflə, gedəcəyik, –, MEHMAN, ƏLİYEV,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı