Xəbər haqqında
13 Yanvar 2018 - Şənbə 00:54 881 nəfər oxuyub
 
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri
MÜSAHİBƏ Xəbəri
Bizim toplumun qadınları xoşbəxt və səmimi deyil - Rəssam Pəri

Onun əsərlərində özü var, öz hissləri, öz ağrıları var. Onun əsərlərində müharibələrə, ölümlərə etiraz var. O, əsərləriylə dünyada ədalət, səmimiyyət, dürüstlük axtarır. Fırçasıyla, kətan üzərində… Söhbət ən sevdiyi rəng bənövşəyi olan rəssam Pəridən gedir.

 

Xeber365.com rəssam xanımla söhbəti təqdim edir:

 

– Pəri xanım, sabah İstanbulda sərginizin keçiriləcəyi barədə elan vermisiniz. Necə oldu belə bir dəvət almağınız?

 

 – Əslində, təsadüfən İstanbula getmişdim. Dəvəti “İnsan” kitab yayım evindən almışam. O yayım evinin kollektiviylə də təsadüfən tanış olduq. Orada müntəzəm şəkildə sərgi keçirmək istədiklərini dedilər. Mənə də təklif etdilər ki, ilk olaraq mənim sərgim olsun. Mən də sevə-sevə qəbul etdim. Sərgi yanvarın 13-dən 18-nə kimi “İnsan” kitab yayım evinin Bəyoğlu şöbəsində keçiriləcək. Sərgidə modern və klassik minatür əsərlər yer alacaq.

 

Mənim ötən il də İstanbulda “Minatürlə üzləşmə”  festivalı çərçivəsində sərgim olmuşdu. Oraya 24 ölkədən  51 sənətçi qatılmışdı. Azərbaycandan isə tək mən dəvət almışdım.

 

– Baxın, həm Azərbaycanda,  həm də Türkiyədə sərginiz olub. Əsərlərinizə, ümumilikdə sənətə iki ölkə arasında baxış fərqi hiss etdinizmi?

 

– Hə, Türkiyədə rəsm əsərlərinə, sənətə daha çox dəyər verirlər. Ora Avropa ilə Asiyanın qovşağıdır. Türkiyədə əcnəbilər də çoxdur. Festivalda gəlib adamın əlindən öpürlər ki, siz sənətçisiniz. Heç bu diqqəti, sevgini öz ölkəmdə görməmişəm. Bizimkilər Qərbə çox meyil edir. Halbuki biz elə Şərq üslubuyla dünyaya çıxa bilərik. Qərbliyə aparıb Qərbi göstərməyin nə önəmi var ki?

    

 

– Layiq olduğunuz diqqəti görməmək işinizə təsir edir?

 

– Yox. Mən kiməsə və ya nəyəsə görə çəkmirəm ki, o əsərləri… Bu, elə bir işdir ki, kimsə səni məcbur etmir. Sən bu işi sevməsən, heç cür yarada bilməzsən. Mən maddi qarşılıq, təşəkkür gözləmədən çəkirəm. Çünki bu sənəti sevirəm. Çalışdım, vuruşdum, müəyyən bir yerə gəlib çıxdım. Mən hələ bu sənətin yolunu gedirəm, davam edirəm. Sənətin zirvəsinə çatmaq çətindir. Proses davam etdikcə yeni şeylər  doğrur. Uzun illər çalışdığıma görə  nələrsə etdiyimi düşünürəm. Ən azı, kimsə əsərimə baxanda mənim olduğumu bilir.

 

 

– Ətrafınızda əsərlərinizin mahiyyətini, yəni çəkdiklərinizlə nə demək istədiyinizi  anlayan insanlar var?

 

– Hə, var. Onlarım yaxınlarım olmasa da, var. Bir də görürsən ki, social şəbəkədə paylaşdığım əsərlərimi yüksək qiymətləndirir, xoş sözlər yazırlar. Yeri gələndə öz doğmalarım üçün mənim işim önəmli olmur. Amma təsadüfi insanlar var ki, o qədər gözəl sözlər yazırlar… Mənim üçün tək-tək insanlardan aldığım dəstək kütlədən aldığım dəstəkdən üstündür. Sənəti anlayıb, qavrayan isanlardan dəstək alırıqsa, diqqət görürüksə, buna, təbii ki, sevinirik. Mənim üçün əsas olan mənəvi dəyərlərdir.

 

– Pəri xanım, yazı sənətində elədir ki, sən qonorarla məqalə yaza bilirsən, kitabını sata bilirsən, o, yenə sənin olur. Amma rəsm əsərini satanda o, artıq səndə olmur, sənin olmur. Maraqlıdır, bu, necə duyğudur?

 

– Açığı, sifarişlə çəkməyi sevmirəm. Çünki gərək o ilham gəlsin ki, mən bu işi görə biləm. Mənim əl işlərimin çoxu öz istəyimlə, arzumla çəkdiklərimdir. Sadəcə, bu işin də görünməyən tərəfləri var. Eləsi var, mənim məhrəm və özəl hisslərimdir. Elə hisslər var ki, mənə ağırlıq verir. Mən onu kətana, kağıza köçürəndən sonra rahatlaşıram. Sifarişlə olanda isə kiminsə istəyini həyata keçirirsən. Öz ürəyimdən gələn şeyləri eləmək mənim üçün daha xoşdur. Birdə görürsən, insanın ürəyi çox dolu olur, ya da çox sevincli olursan, bunu mütləq işə çevirirsən. O əsəri sonra satıb-satmamağın mənim üçün elə bir fərqi yoxdur. Mənim üçün önəmli olan prosesdən aldığım həzdir. Sadəcə, bir neçə əsərim var ki, mən onları heç vaxt satmıram.

 

– Rəssama da  yaratmaq üçün ağrı duymaq, ağrını yaşamaq lazımdır, hə?

 

– Hə, ağrısız olmur… Bu yaxınlarda bir söz eşitdim: “İnilti nərədən daha güclüdür”. Ağrı lazımdır ki, səni yaşatsın, sən yarada biləsən. Əslində, nə isə yarada bilmək çox yaxşıdır. Adi muncuq düzmək belə olsa, nə isə etmək lazımdır. Əlindən heçnə gəlməyən adam neyləyəcək? Aqressiv olacaq, aqressiyasını  ailəsin, ətrafına ötürəcək. İçimizdəki ağrılarla, sevinclərlə nə isə yarada biliriksə, bu, xoşbəxtlikdir.

 

– Yəqin ki, siz də ağrılarınızı sevirsiniz onda, o ağrılar ki gözəl rəsm əsərlərinə çevrilir…

 

– Elədir. Əslində, o qədər də doğru anlaşıla bilməyən fikirdir. Amma ağrı olmayan yerdə yaratmaq olmur. Bəzən təəssüflənirsən ki, bunları niyə yaşadım? Amma o ağrılar olmasa isə yaratmaq olmaz. Həm də o ağrılar bizim üçün dərsdir, həyat dərsi.

 

– Yaradıcı insanlar daha  həssas olurlar. Bəs sizi  daha  çox nə incidir ki, sizə də çəkməklə rahatlqı, təskinlik tapırsınız?

 

– Məni daha çox insanların laqeydliyi incidir. Bir də yalanı heç sevmirəm. Maraqlıdır ki, bu yaşımda belə məni insanlar yenə aldada bilirlər. Mən də inciyirəm ki, axı mən sizinlə bu qədər səmimiyəm... Özümün aldadılmağımdan çox, onların aldatdığına acıyıram. Kimisə aldatmaq, kimisə əzmək, güclü olmaq deyil, əslində. Bu, elə zəyifliyin özüdür. Bəzən görürsən ki, biri həssasdır deyə onunla çox ehtiyatlı davranıram. Amma elə həmin adamın özü gəlib sənə elə kobudluq edir ki… 

 

 

– Pəri xanım, bir az əvvəl artıq əsərinizə baxanda onu məhz sizin çəkdiyinizi duyduqlarını dediniz. Maraqlıdır, əl işlərinizi birləşdirən ortaq nöqtə nədir? Bu, sizin dəsti-xəttinizdir, yoxsa oxşar hisslərlə yaratmağın nəticəsi?  

 

– Dəsti-xətt işlədikcə, çəkdikcə yaranır. Bu, elə bir sənətdir ki, heç kəs heç kəsi parodiya edə bilmir. Pikassonun əsərini götürüb köçürsəm belə, yenə də mənim orda bir üslubum olacaq.  Hər insanın başqasıyla ortaq hissləri var. Məsələn, qadınların mənimlə ortaq hissi ola bilər. Kimsə də öz hisslərini mənim əsərimdə görəndə ona xoş gəlir ki, bunu mən də yaşmışam. Məsələ budur.

 

       

 

– Əsərlərinizi daha çox sənətsəl baxımdan dəyərləndirirlər, yoxsa duyaraq, hiss edərək? Bəs daha çox hansı mövzularda, nələri çəkməyi sevirsiniz?

 

– Daha çox duyaraq… Bir də onların bildikləri, tanış mövzularda olan əsərləri daha yaxşı anlaya bilirlər. Əslində,  mənim  yaradıcılığımın qrımızı xətti  elə minatürdür. İnsan hisslərini və müasir elementleri bura artırıram. Yəni mənim çəkdiyim sırf klassik minatür deyil. Məndə moderliyin əlmətləri də var. Miniatürün qırmızı xəttini saxlamaq şərtiylə ortaya modern iş çıxarıram. Ancaq özümü işimə köçürmürəm. Bu, bir az eqoluq olar. Mənə günahasız  insanların və uşaqların  ölümləri çox təsir edir. Nə qədər insanın ömrü yarımçıq kəsilir. 

 

İstanbuldakı sərgiyə apardığım bir iş var. Qadının bir əlində tərəzi, bir əlində Yer kürəsi var. O, səmazən geyimindədir. Yəni bütün günü Yer kürəsini gəzir və ədaləti axtarır. Onun ayaqlarında köhnə bir çəkmə var. Amma bu əsərdə ümidsizlik yoxdur, ümid var… Yəni ümid tam olaraq məhv olmur.

 

Məncə, cəmiyyətdə, dünyada bu qədər mənasız, insanları incidən işlərin olması boşluqdan irəli gəlir.

 

– Əsərlərinizdə Azərbaycan cəmiyyətinin hansı problemlərini qabardırsınız?

 

– Ən çox insanların süniliyini…. Biz elə də səmimi toplum deyilik. Biz cəsarətli insanlar deyilik. Ailələrdə sıxışdırma, qeyri-səmimilik var.  İnsan olaraq bir- birimizə faydamız olmasa, bütövlükdə cəmiyyətə də faydamız olmayacaq.

 

 

– Bəs qadınlarımız, onların obrazını necə yaradırsınız?

 

– Bizim toplumun qadınını səmimi və xoşbəxt hesab etmirəm. Əzilməyə razı olurlar. Heç buna çıxış yolu da axtarmırlar. Bu, məni incidir və onları çəkirəm. Bir də əsərlərimdə istər-istəməz yaratdığım qadın obrazları özümə bənzəyir. Axı mən özümü, öz saçlarımı, öz ağrılarımı, hisslərimi daha yaxşı tanıyıram…

 

 

 

Mənbə: Müəllif: Sevinc Fədai
Bizim, toplumun, qadınları, xoşbəxt, və, səmimi, deyil, -, Rəssam, Pəri,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı