Xəbər haqqında
27 Noyabr 2017 - Bazar ertəsi 23:21 3029 nəfər oxuyub
 
Böyük Tələbə Layihəsinə gedən yol - Azərbaycan gənclərini bağrına basan Türkiyə
YARADICI Xəbəri
Böyük Tələbə Layihəsinə gedən yol - Azərbaycan gənclərini bağrına basan Türkiyə

1991-ci ildə Sovet İttifaqı dağılır və müstəqil respublikalar qurulur.  Həmin dövrdə Türkiyə tarixində bir ilk yaşanır. Ölkə universitetlərinə imtahansız tələbə qəbul edilir, özü də bu tələbələr Türkiyə vətəndaşı olmurlar. Üstəlik, tələbələrə istədiyi universiteti və fakültəni seçmək şansı verilir. Bu, möhtəşəm və inanılmaz idi...

 

Bu günlərdə 25-ci ildönümü qeyd edilən “Böyük Tələbə Layihəsi”nə gedən yol belə başlamışdı. Həmin dövr Azərbaycan Xalq Cəbhəsinin hakimiyyət dövrü idi, hakimiyyətin başında isə Xalq Cəbhəsinin lideri Əbülfəz Elçibəy dayanırdı.

 

“Bakıda AXC ilə Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyi arasında bir protokol imzalandı. Bu protokola mən də şahidlik edib, imza atmaq şərəfinə nail oldum. Bu, AXC-nin Türkiyə nümayəndəliyi və AXC adına hər cür görüş və iş birliyi protokolu idi. Elçibəy azərbaycanlı gənclərin dünyanı tanımalarına imkan yaratmaq məqsədilə ilk olaraq 50 tələbənin universitetdə oxumaq üçün Türkiyəyə getməsini təklif etmişdi.

 

Image result for cemil ünal

 

Cəmil Ünal bu təklifi qəbul etdi. Olay belə bir mühitdə gerçəkləşdi. Bu, bizim üçün də, Azərbaycan üçün də tarixi hadisə idi. Ovaxtkı adı ilə YÖK başqanı İhsan Doğramacı və Cəmil Ünalın bu mövzuda xidmətləri danılmazdır”.

 

Kültür Dərnəyinin sədr müavini İsa Yaşar Tezel danışır bunu.

 

 

 

Tələbələrin seçimində bircə meyar var idi: o yerə sənəd verən abituryentin savad səviyyəsi. Azərbaycanda müxtəlif universitetlərdə təhsil alan 400-ə yaxın tələbə AXC-nin keçirdiyi imtahanda iştirak edir və yüksək nəticə göstərənlərə birdən-birə Türkiyə universitetlərinin qapısı açılır...

 

“Azərbaycan qərarını vermiş və Türkiyəyə gələcək olan 50 tələbə seçilmişdi. Ancaq gəliş tarixləri bəlli deyildi. Düşünürdük ki, bizə ən az bir ay əvvəldən xəbər verərlər, biz də hazırlıqlarımızı ona uyğun görərik. Amma belə olmadı, bir də xəbər gəldi ki, tələbələr sabah Ankarada olacaqlar. Təəccübləndik. Yenə sağ olsun Cəmil bəy, çox çətinliklə də olsa, Kənd Təsərrüfatı Nazirliyinin yataqxanasında yer təşkil elədi və tələbələrimizi ora yerləşdirdi. Sonrakı günlərdə Anıtqəbir və Rəsulzadənin məzarı ziyarət edildi...”, – deyə o günləri xatırlayır Yaşar bəy.

 

Tələbələr Ankara, İstanbul, İzmir, Bursa və Ədirnə şəhərlərindəki universitetləri seçirlər. Daha sonra o şəhərlərə gedib, universitet qeydiyyatından keçəcək, kitablar alacaq və ən əsası, yaşayacaqları yataqxanalara yerləşəcəkdilər. Tələbələrin yemək-içmək, geyim, nəqliyyat – hər ehtiyacı isə pul tələb edirdi. Türkiyə qanunlarında isə dövlətin tələbələrə təqaüd vermək maddəsi yox idi. Bütün bu xərclər ilk illərdə Azərbaycan Kültür Dərnəyi tərəfindən qarşılanır:

 

“Bu arada mərkəzdən məni koordinator etdilər ki, tələbələr ilə dərnək arasında münasibət qurum. Mən də tələbələrin yerləşdikləri şəhərləri ziyarət edərək dostlarımızın kitablarını alır, aylıq təqaüdlərini verirdim. Gözəl və yorucu aylar idi.

 

Bir il sonra dövlətimiz YÖK qanununda dəyişiklik edərək, 1992-ci ildə ikinci axınla Naxçıvandan gələn tələbələr də daxil olmaqla bizim vasitəmizlə Türkiyəyə oxumağa gələn 50 tələbəyə rəsmi status qazandırdı. Dövlətimiz tələbələrin təqaüd və hər cür ehtiyaclarını qarşılamağa başladı. Bizim tələbələrimiz ilə münasibətlərimiz də beləcə davam etdi.

 

Onlar bizə, biz onlara öyrəşmişdik. Tələbələrimizin “Yaşar abi”si olmuşdum. Çətinə düşən kimi mənə zəng eləyib dərdlərini, sevinclərini bölüşürdülər. Mən də vəziyyəti dərnəyin idarə heyətinə çatdırır, problemi həll etməyə çalışırdım.

 

Xüsusən Ankarada oxuyan tələbələrlə hər an bərabər idik. Yeni il, Novruz bayramı və digər bayramları birlikdə qeyd edirdik. Digər şəhərlərdəki dostlarımız da eyni şəkildə o şəhərdəki şöbələrimiz tərəfindən diqqətdə saxlanılırdı”.

 

1992-ci tədris ilindən başlayaraq isə “Böyük tələbə layihəsi” həyata keçirilməyə başlayır və Azərbaycandan 2000 abituriyent ali və orta ixtisas təhsili almaq üçün Türkiyənin universitetlərinə göndərilir. “Böyük Tələbə Layihəsi” müstəqil Azərbaycanın gənclərini ilk dəfə Sovet sistemindən fərqli, müasir Qərb təhsil sistemi ilə tanış edir.

 

 

Həmin dövrdə Türkiyənin təhsil naziri Köksal Toptan bir xatirəsində qeyd edir: “O vaxt Baş nazir olan Süleyman Dəmirəl bir gün toplantıya girir və bildirir ki, qardaş respublikalar öz müstəqilliklərini elan edib. Biz ordan tələbələr gətirib, onlara təhsil verməliyik. Hər ölkədən min tələbə gətirilməsi barədə fikrini dilə gətirib. İqtisadiyyat naziri haqlı olaraq bildirib ki, bu, böyük rəqəmdir, bu yükün altından qalxa bilmərik. Bu vaxt Baş nazir deyib ki, nə olacaq, iki su anbarı tikmərik. Su anbarlarının da tikilməsi bahalı və önəmli layihə idi”.

 

Bəli, bu sözləri aqrar ölkə üçün bu işin nə qədər əhəmiyyət kəsb etdiyini bilən “Anbarlar kralı” ləqəbli Süleyman Dəmirəl deyib.   

 

Beləcə 5 türk dövlətindən – Azərbaycan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstandan Türkiyəyə tələbələr göndərilir. Digər türkdilli dövlətlərin hərəsindən min tələbə seçilsə də, Azərbaycandan gedən tələbələrin sayı daha çox idi.

 

 

Vurğun Əyyubun sözlərinə görə, Türkiyənin Azərbaycana çox yer ayırmasında Əbülfəz Elçibəyin şəxsiyyətinə olan hörmətin böyük rolu vardı: “Beləcə, bu proses sonra da davam etdi. Bu böyük ideyanın reallaşmasının xeyri o oldu ki, bir çox bacarıqlı gəncimiz Azərbaycandan kənarda təhsil aldı, başqa mühit, başqa təhsil standartları ilə tanış oldu. Sonra da vətənə döndülər və hazırda müxtəlif işlərdə, vəzifələrdə çalışır, özlərini doğruldurlar.

 

Bu gün “Böyük Tələbə Layihəsi”nə həsr edilmiş tədbirlərdə Elçibəyin adının anılmamağı, yubiley tədbirlərində əməyi keçənlərin dəvət edilməməsi məni şəxsən incitmir. Türkiyədə minlərlə tələbə təhsil alıb, onların əksəriyyəti indi də Bəyi rəhmətlə anır, hər yerdə zəhmətini qiymətləndirirlər. Eləcə də Firudin Cəlilovla mənim…

 

Mənim üçün bu kimi məsələlər çoxdan arxa planda qalıb. Elçibəyin adının çəkilib-çəkilməməsi vicdan məsələsidir. Əbülfəz bəyin zəhməti, şöhrəti onun adının anılmamasıyla ölçülmür”.

 

Bu gün “Türkiyə təhsili azərbaycanlı tələbələrə nə qazandırdı?” sualının cavabını elə o tələbələrin özləri – müxtəlif səhələrdə uğura nail olan şəxslər daha yaxşı verir, o illəri minnətdarlıqla xatırlayırlar…

Qazi Universitetinin məzunu Fariz Cəmili: “Türkiyə təhsili, ilk növbədə, bizə ayaqlarımızın üstündə dayanmağı öyrətdi. Türkiyə təhsiliylə dəyərlərimiz möhkəmləndi. O tələbələr arasında cəmiyyətdə yerini tapmayanlar, hətta təhsilini başa vurmayanlar da oldu. Ancaq bildiyimiz bir şey var, bizim təhsilimiz 5-6 illik əsgərlik xidməti kimi oldu. Ailəmizdən uzaqda öz başımıza doğru qərar verməyi öyrənirdik. Türkiyə təhsili bizə ünsiyyət qurmağı, fikrimizi bəyan etməyi öyrətdi, dünayaya açılan pəncərə oldu.

 

Mən  91-ci ildə Politexnik İnstitutunda oxuyurdum, əlaçı idim. Birinci kursu bitirəndə Elçibəyin rəhbərliyi ilə AXC-nin keçirdiyi imtahanda iştirak etdim. İmtahanların nəticələrinə görə Türkiyədəki universitetlərə birbaşa qeydiyyatımız oldu. Ankarada iqtisadiyyat sahəsi üzrə oxudum. İlk təhsil ilində müəyyən çətinliklərimiz oldu, o illərdə qayğımıza qalan əsas Azərbaycan Kültür Dərnəyi idi. Onlar arasında rəhmətə gedənlər də var, həyatda olanlardan isə Cemil Ünal, Selçuk Alkın, İsa Yaşar Tezel, Selçuk Ünal və digərləri var. Bizdən bir il sonra isə BTL çərçivəsində xeyli tələbə gəldi.

 

Bu layihə Türkiyə Cümhuriyyətinin layihəsi idi. Post-sovet məkanında yer alan türkdilli respublikaların hər birindən orta hesabla 2000 tələbə Türkiyənin ən prestijli universitetlərində, ölkəmizin ehtiyaclarına müvafiq fakültələrdə təhsil aldı. Bu layihənin maliyyə yükü tamamilə Türkiyə Cümhuriyyətinin çiyinlərində idi.

 

O vaxt azərbaycanlı ailələrin maddi imkanı bəlliydi, burdan-ora bizə kömək edə bilmirdilər. Türkiyə dövləti bizə təqaüd verdi, onunla oxuduq. Səhv etmirəmsə, 94-cü ildə Heydər Əliyev Türkiyəyə gələndə tələbələr vətənə gedib-gələ bilmədiklərini söylədilər. Bundan sonra Azərbaycan Hava Yolları imkan yaratdı ki, hər tələbə ildə bir dəfə pulsuz Azərbaycana gedib-gəlsin.

 

Türkiyədə inflyasiya olurdu, aldığımız təqaüd getdikcə dəyərini itirirdi və maddi baxımdan sıxıntı yaşayırdıq. Dövrün baş naziri Tansu Çiller qərar verdi və Nazirlər Kabineti nəzdində təqaüd sistemi açıldı, hər tələbəyə dövlətin verdiyi təqaüddən əlavə də təqaüd ayrıldı. Bizə pulsuz gediş haqqı tanındı. Hazırda prezident olan Rəcəb Tayyib Ərdoğan o vaxt İstanbulda bələdiyyə sədri seçiləndən sonra tələbələrə bələdiyyənin hesabına təqaüd yazdı, bu da ciddi kömək idi. Hər qəpiyin belə bizim üçün böyük əhəmiyyəti vardı. O gün tələbənin cibinə qoyulan 50 Lirə onun iki günlük yemək pulu idi. Adları bilinən, bilinməyən qəhrəmanların sayəsində biz bu günlərə gəlib-çıxdıq. Fərqi yoxdur, o insanın siyasi düşüncəsi nədir, həyatdadır, yoxsa yox, biz hamısına minnətdarıq.

 

Bu gün bizim sayımız çoxdur, Azərbaycandan Türkiyəyə təhsil almağa gedən tələbələrin sayı 100 mini ötüb. Bu, çox ciddi rəqəmdir. Təbii ki, 100 min insan eyni düşüncəyə sahib ola bilməz. Biz də BTL-nin yubileylərini keçirəndə bu prinspi nəzərə alır, bütün düşüncələrə hörmətlə yanaşırıq.

 

Sual yarana bilər ki, Türkiyə belə böyük bir layihəni hansı məqsədlə həyata keçirdi?

 

Bunu başqa bir dövlət etsəydi, bəlkə də, arxasında başqa məqsəd axtarardıq. Ancaq Azərbaycanla Türkiyənin dövlət adları başqa olsa da, millət eynidir, onlar qan qardaşıdır. Dünyada Azərbaycan və Türkiyə qədər yaxın, təbii bağı olan iki ölkə yoxdur.

 

Bilirsiniz ki, dövlət başçısının başqa bir ölkəyə diplomatik səfəri həftələrlə vaxt alan prosesdir. Hər il Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlıq çərçivəsində prezidentlərin görüşü olur. Ötən il Türkiyə prezidentinin ölkəmizə səfəri olacaqdı, tam o ərəfədə qardaş ölkədə terror baş verdi. Səfər istər-istəməz təxirə salındı. Diplomatik baxımdan gözlənilən o idi ki, vəziyyət sabitləşəndə Rəcəb Tayyib Ərdoğanın səfəri gerçəkləşəcək. Ancaq belə olmadı, daha əvvəl praktikada olmayan bir şey oldu. Azərbaycan prezidenti İlham Əliyev ertəsi gün anidən Ankaraya səfər etdi və dedi ki, bu, bizim problemimiz, bizim dərdimizdir. Atatürkün vaxtilə dediyi kimi, Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir. Bu ifadə bu gün də yaşayır.

 

 

Məni bu gün də duyğulandıran başqa bir hadisə də var. Van zələzələsi baş verəndə bütün ölkələr Türkiyəyə yardım təklif edir, ancaq Türkiyə yardımı rədd edir. Həmin gün Azərbaycandan Türkiyəyə yardım təyyarəsi gedir. Jurnalistlər o dönəmin prezidenti Abdullah Güldən soruşurlar ki, bütün ölkələrin yardım təklifini rədd etdiniz, niyə Azərbaycanın yardımını qəbul etdiniz? Gül cavab verir ki, Azərbaycan bizə yardım təklifi etmədi, soruşdu ki, təyyaraələrimiz havadadır, hara ensin? Yəni aramızdakı yaxınlıq budur, sualın cavabı budur. Bu, izah ediləcək durum deyil. Türkiyə bəyan edir ki, mənim müqəddəratım türk ölkələriylə birgədir, eyni qanı daşıyırıq, eyni tarixə söykənirik. Mənim ona edə biləcəyim nə kömək varsa, etməliyəm. Bu gün də o köməyin qarşılığını TANAP, STAR Rafineri layihəsiylə alır. Azərbaycan Türkiyənin iqtisadi çətinlik yaşadığı bir dövrdə oraya milyardlarla dollar investisiya qoyur. Bu mənada Türkiyə bu layihəni həyata keçirməkdə haqlı idi”.

 

 

İstanbul Universitetinin məzunu Vasif İsmayıl: “Dövlətlərarası razılaşmayla Tibb Universitetindən 10 nəfər oxumağa göndərildi, onlardan biri də məniydim. Bu, bizim həyatımıza dair ən ciddi qərar idi. O dövr həyatımdakı ən vacib, sevimli illərdir. Bugünkü Vasif İsmayılı, onun xarakterini, dünyaya fərqli baxışını Türkiyə, Türkiyə təhsili yaratdı.

 

Bəzən düşünürəm ki, Böyük Tələbə Layihəsinin nəticələrindən hökumət, ictimaiyyət lazımi qədər istifadə edə bilmədi. Hökumətin o dönəmdəki qərarlara bir qədər qısqanclıqla yanaşması doğrudur, ancaq bizimlə bağlı hər hansı bir addımın qarşısını almağa da çalışmırlar. Bütün hallarda bu işdə əməyi keçən insanlara minnətdarlığı ifadə etmək lazımdır. Onlardan bəziləri vəfat edib, bəziləri həyatdadır və öz yerlərində olmadıqları üçün incikdirlər. Bu incikliyin içində onların bir də biz zəhmətini itirəndə, əlbəttə ki, qırılırlar. Hər kəsin haqqını vermək üçün onları yad eləməli, anmalıyılıq. Məncə, bunun qarşısını alan yoxdur”.

 

 

Qazi Universitetinin məzunu Seymur Verdizadə: “Biz Türkiyəyə 1992-ci ilin noyabr ayında getmişik. O vaxt mənimlə birlikdə 929 azərbaycanlı gənc ali təhsil almaq üçün Türkiyəyə yola düşmüşdü. Bəlkə də, çoxlarına qəribə görünəcək, ancaq mənim tələbə yoldaşlarım arasında elələri var idi ki, onlar ilk dəfə idi öz rayonlarından, kəndlərindən kənara çıxırdılar. Hətta Bakını ilk dəfə hava limanında görən tələbə yoldaşlarımız var idi. Biz Azərbaycanın ən müxtəlif, ucqar bölgələrindən dağ kəndlərindən bir araya gəlib ali təhsil almaq üçün Türkiyəyə getdik. Türkiyədə qəribçilik çəkmədik, bizim üçün ikinci Vətən oldu. Atatürk deyirdi ki, bir gün SSRİ dağılacaq, orda yaşayan türk xalqları azadlığa çıxacaq, Türkiyə onları qarşılamağa hazır olmalıdır. Biz gördük ki, Türkiyə bizi qarşılamağa hazırdır. Azərbaycanın ən müxtəlif rayonlarından, qəsəbələrindən, kəndlərindən gələn o 929 gənci qardaş Türk xalqı öz övladları kimi bağrına basdı.

 

Biz ilk dəfə türk plüralizmi ilə alternativ fikrə hörmətlə yanaşmanı, ümumiyyətlə, qarşı tərəfə münasibətdə hörməti Türkiyədə gördük. Biz ilk dəfə Türkiyədə gördük ki, Baş nazirlə iqtidar sahibi ilə müxalifət lideri yanaşı dayanır. Bu, bizə çox qəribə gəlirdi. Biz elə bilirdik ki, iqtidarla müxalifət mütləq düşmən olmalıdır. Biz Türkiyədə, ilk növbədə, demokratik ənənələri əxz etdik. Biz rüşvətsiz təhsil aldıq. Biz rüşvətsiz bir cəmiyyət gördük. Öyrəndiyimiz o müsbət ənənləri özümüzlə birlikdə gətirməyə çalışdıq.

 

Bu gün Türkiyədən məzun olmuş minlərlə gənc Azərbaycan həyatında fəal iştirak edir. Mən jurnalist olduğum üçün onu deyə bilərəm ki, mən Türkiyə mətbuatından azadlıq öyrəndim, sərbəstlik öyrəndim. Mən ilk dəfə Türkiyədə anladım ki, jurnalist tərəfsiz olmalıdır, jurnalist heç bir siyasi partiyanın üzvü olmamalıdır. Ən əsası jurnalist yaltaq olmamalıdır. Jurnalist xalqın ürəyindən keçənləri yazmalıdır”.

 

 

İstanbul Yıldız Universitetinin məzunu Ellada Məmmədova: “Türkiyə bizim üçün həyat məktəbi oldu. Təsəvvür edin ki, başqa mühit, başqa ölkə – hər şey başqa idi. İlk gənclik addımlarımızı biz də orda atdıq. Fərqli təhsil sistemi ilə, fərqli həyat tərzi ilə qarşılaşdıq. O illər həyatımızı dəyişdi. Hər kəsdən bir addım öndə olmağı öyrəndik, biz orda tək qalmaqla həm də böyüdük. Cəmiyydə öz ayağımız üzərində durmağı öyrəndik. Çox gözəl təhsil aldıq və ilklərdən olduq. Nə yaxşı ki, o vaxt rəhmətlik Elçibəy bizi Türkiyəyə göndərdi. Minnətdar və sevincliyəm…”

 

 

Özlərinin dedikləri kimi, onlar Türkiyədə öz ayaqları üstündə dayanmağı öyrəndilər. Ancaq bu, heç də asan olmamışdı. Nə onlar üçün, nə də onları bağrına basan qardaşları, böyükləri üçün…

 

Tələbələrin Yaşar abisi – İsa Yaşar Tezel o günləri, o illəri elə Türkiyə məzunları qədər həyəcanla xatırlayaraq belə nəql edir:

 

“Tələbələrimiz də qısa müddətdə öyrəşdilər, uyğunlaşdılar. Birlik-bərabərlik içində oldular. Oxuduqları fakultədə tələbə heyəti başqanı olanlar belə vardı. Novruz bayramı tədbirlərini ilk dəfə bizim tələbələr başlatdı. O zamana qədər bu cür şənliklər, tədbirlər yox idi. Bu, çox önəmli idi.

 

Deməli, soyuq bir qış günü idi. Gec saatda bir tələbəmiz zəng elədi: “Yaşar abi, biz polis şöbəsindəyik”. “Nə etdiniz?” deyə soruşdum,  “dalaşdıq” dedi. Çarəsiz şəkildə polis bölməsinə getdim. Üç azərbaycanlı, beş türkmənistanlı tələbə dava edib. Bizim tələbələr onları çox pis döymüşdü. Əvvəlcə türkmənistanlı tələbələrlə saatlarca danışıb, barışmaları üçün onları yola gətirdim. Sonra polis əməkdaşına dil töküb tələbələrimizə zamin durdum, onları inandırdım ki, bu uşaqlar bir daha belə iş görməyəcəklər. Gecə saat 3-də polisdən çıxa bildik. Bu, hamımızın başına gəlmiş gənclik  davaları idi. Bunu da deyim, iki-üç aydan bir polis bölməsinə getmək məcburiyyətində qalırdım. İndi bunları danışanda gülürəm...

 

Bir gecə vaxtı yenə zəng gəldi: “Yaşar abi, xəstəxanadayıq”. Yenə düşdüm yollara. Bir qız tələbəmiz xəstələnib, təcili xəstəxanaya aparıblar. Onda da xəstəxanalar indiki kimi deyildi. Xarici vətəndaşlar üçün şərtlər çox çətin idi. Hər cür müalicə xərclərini qarşılayacağıma dair imza atdım. Səhərə qədər gözlədik, tələbəmizin müalicəsi bitdi, sağlamlığına qovuşdu, xəstəxanadan çıxdıq. Yəni dişi ağrıyandan-başı ağrıyana qədər hamısı ilə cani-könüldən maraqlanır, qayğılarına qalırdıq.

 

Bizim tələbələr həm də çox zəkalı idilər; Ankaradakı tələbələrimiz həftə sonlarını dərnək mərkəzində keçirərdi. Birlikdə söhbətlər edərdik. Axşam olurdu, deyirdik ki, artıq gecdi, yataqxananıza gedin. Onlar isə bir az daha qalmaq üçün xahiş-minnət edərdilər. Mən məsuliyyəti üzərimə alıb, razılaşırdım. Sonrakı günlərdə dərnəkdəki telefon qəbzi çox gəlmişdi. Təəccübləndik. Bir ay sonra daha da çox. Sonrakı aylarda da belə davam etdi. Telefon açıq yerdə deyildi. Başqanın otağında idi, otağın qapısı da bağlıydı. Kim danışırdı axı bu telefonla? Bu sual dərnək heyətini uzun müddət narahat elədi. Sən demə, uşaqlar biz getdikdən sonra bağlı otağa gedən telefon kabelinə qoşulub, Azərbaycan ilə danışırmışlar.

 

 

Həyatımda çox böyük anlamı olan bir xatirə də var. İlk dəfə sizinlə paylaşıram, gün işığına çıxsın deyə…

 

Millət vəkilliyinə namizədliyim açıqlandıqdan sonra çoxlu mesajlar almağa başladım. Bir gün İğdıra gedəcəkdim. Yola çıxmağa hazırlaşanda tələbələrimizdən biri zəng elədi: Abi, səni görməyə gəldik”. Mən də “hava limanına gedirəm, ora gəlin” dedim.  İki tələbə gəldi. Qucaqlaşıb görüşdük, söhbət etdik. Ayrılanda mənə bir zərf verdilər. “Bu nədir?” dedim. “Abi, biz uşaqlarla aramızda pul toplamışıq. Bizim üzərimizdə böyük əməyin var. Biz də sənin bu önəmli günündə yanında ola bilməsək də, əlimizdən gəldiyi qədər sənə maddi dəstək olmaq istədik” dedilər.
 

Çox duyğulandım. Eləcə qaldım orada. Zərfin içindəki miqdar heç önəmli deyildi. O an o zərf mənim üçün milyon dollardan daha dəyərliydi. Bu, vəfanın nişanı idi. Zərfi uzun müddət açmadım. Amma axırda ehtiyac oldu və o pulu seçki üçün xərclədim…”

 

Tələbələrin məzun olduğu gündən söz salanda İsa Yaşar bəy ironik şəkildə gülümsəyir və deyir: “Qayıdırlar…” Bu təbəssüm boşuna deyildi, 1918-ci ildə Rəsulzadə tərəfindən xaricə oxumağa göndərilən tələbələrin Azərbaycana qayıtmamasına işarə və təəssüf idi:

 

"Bu tələbələrin əksəriyyəti dörd ilin sonunda məzun oldu. Dərnək mərkəzində böyük bir mərasim təşkil etdik və məzunlar vətənlərinə qayıtdılar.

 

İndi həmin tələbələrin çoxu 40  yaşlarını keçib, gözəl peşələri olan, evli, övlad sahibi, ən önəmlisi də Azərbaycanımıza xidmət edən insanlardır. Hamısı ilə qürur duyuram. Bütün tələbə qardaşlarımızı həsrətlə öpür, bağrıma basıram. Yolları daim açıq olsun. Unutmasınlar, onların Ankarada bir Yaşar abiləri var…”

 

Sevinc Fədai

 

Mənbə: Müəllif:
Böyük, Tələbə, Layihəsinə, gedən, yol, -, Azərbaycan, gənclərini, bağrına, basan, Türkiyə, ,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı