Xəbər haqqında
25 Dekabr 2017 - Bazar ertəsi 16:48 2683 nəfər oxuyub
 
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə
MÜSAHİBƏ Xəbəri
Bu, büdcə xərcləmələrində mövcud korrupsiyanı daha da genişləndirəcək - Qubad İbadoğluyla müsahibə

 

 

2017-ci il başa çatmaq üzrədir. Xeber365.com ictimai-siyasi xadimlərlə, müxtəlif sahə adamları ilə müsahibələr edərək ilin ölkəmiz üçün necə keçdiyini, hansı hadisələrlə yadda qaldığını, bizi qarşıda gözləyən önəmli ili dəyərləndirməyə çalışacaq.

 

 

Bu istiqamətdə iqtisadçı alim, Azərbaycan Demokratiya və Rifah - ADR Hərəkatının rəhbəri, tanınmış ictimai-siyasi xadim Qubad İbadoğluyla müsahibəni təqdim edirik:

 

 

– Qubad bəy, Azərbaycan iqtisadiyyatı üçün bu ili necə xarakterizə edərdiniz?   

 

-Yola saldığımız ildə iqtisadiyyat sahəsində gözləntilərimiz  özünü doğrultmadı. Baxmayaraq ki, elə təxminən 1 il bundan əvvəl,  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi  və 10 seçilmiş sektorlar üzrə Yol Xəritələri təsdiq edilmişdi. Bu, 2017-ci ilin islahat  ilinə çevrilməsi üçün ciddi gözləntilər yaratmışdı. Yol xəritələri qəbul olunanda düşünürdülər ki, iqtisadiyyatın inkişaf istiqamətləri və prioritetləri müəyyənləşib. İlk növbədə, inkişaf istiqamətləri və kursun seçilməyi çox vacibdir. Eyni zamanda, gələcəyi qabaqcadan görməyin ən yaxşı yolu onu özünün müəyyənləşdirməyindir.

 

Digər tərəfdən də, istiqamətini bilmirsənsə, hansı sürətlə qaçmağın fərqi yoxdur. Odur ki, ötən ilin sonunda baş verənlər islahat gözləntilərini xeyli artırmışdı. Hətta əvvəl məlumat yayıldı ki, islahatlara hazırlıq gedir, apreldə start veriləcək, sonra  onun sentyabrda başlanılacağı barədə şaiyələr gəzdi. İndi dekabrın və ilin sonudur, amma 2017-ci il nəinki islahatlar, heç islahatlara keçid ili də ola bilmədi. Hətta rəsmi qiymətləndirmələr də göstərdi ki, 2017-ci il hətta iqtisadi islahatlara keçid baxmından itirilmiş ildir. Belə ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin ilin birinci yarısında strateji yol xəritələrinin icra vəziyyətinin monitorinqi göstərdi ki, hesabat ektorlar üzrə 10 strateji yol xəritəsindən yalnız 1- də - ucuz qiymətə mənzil təminatında - icra səviyyəsi 50 faizdən yüksəkdir. Əslində bu sahədə də görülmüş işlər hələ başlanğıc səviyyəsindədir. Yəni, nəticə olaraq ehtiyacı olanların mənzillə təminatı ən yaxşı halda növbəti ildən başlaya bilər. Qiymətləndirmə hesabatnın təzadlı və maraqlı tərəflərindən biri odur ki, 9 sektor üzrə strateji yol xəritələrinin icra vəziyyəti 50 faizdən aşağı (hətta kiçik və orta sahibkarlıq, telekommunikasiya, maliyyə xidmətləri, peşə təhsili və təlim, logistika və ticarət üzrə icra səviyyəsi 27-29 faiz arasında)dövründə ektorlar üzrə 10 strateji yol xəritəsindən yalnız 1- də - ucuz qiymətə mənzil təminatında - icra səviyyəsi 50 faizdən yüksəkdir. Əslində bu sahədə də görülmüş işlər hələ başlanğıc səviyyəsindədir. Yəni, nəticə olaraq ehtiyacı olanların mənzillə təminatı ən yaxşı halda növbəti ildən başlaya bilər. Qiymətləndirmə hesabatnın təzadlı və maraqlı tərəflərindən biri odur ki, 9 sektor üzrə strateji yol xəritələrinin icra vəziyyəti 50 faizdən aşağı (hətta kiçik və orta sahibkarlıq, telekommunikasiya, maliyyə xidmətləri, peşə təhsili və təlim, logistika və ticarət üzrə icra səviyyəsi 27-29 faiz arasında) 9 sektor üzrə strateji yol xəritəsinin icra vəziyyəti 50 faizdən aşağı olub. Həttahətta kiçik və orta sahibkarlıq, telekommunikasiya, maliyyə xidmətləri, peşə təhsili və təlim, logistika və ticarət üzrə icra səviyyəsi 27-29 faiz arasında) bu il ərzində daha çox diqqət yetirilən kiçik və orta sahibkarlıq, telekommunikasiya, maliyyə xidmətləri,  peşə təhsili və təlim, logistika və ticarət üzrə müvafiq göstərici 27-29 faiz təşkil edib. Bunun da başlıca səbəbi odur ki, məsul dövlət orqanları Strateji Yol Xəritələrinin icrasında, bir sözlə, hətta  özlərinin təşkilatı sturkturlarında belə institutsional dəyişikliklər etməkdə, yəni islahat aparmaqda maraqlı deyillər. Bu isə yalnız siyasi iradənin olmaması ilə izah oluna və 2017-ci ili islahatlar baxımından itirilmiş il kimi dəyərləndirilə bilər. İslahat xarakterli sənədlərə  imza atmaqla iş bitmir. Bu il ərzində də iqtisadiyyatın inkişaf istiqaməti müəyyənləşdirilə bilmədi. Hətta ilin sonunda qəbul edilən növbəti ilin büdcəsi göstərdi ki, iqtisadiyyatın kursu geriyə 2016-cı ilədək üstünlük təşkil edən neft resurslarından asılılığa qayıdır.  Bu isə gələcək perspektivləri də tutqun göstərir.

 

 

Bu il ərzindən hökumət qarşısında duran 3 əsas vəzifənin heç birinin öhdəsindən lazımınca gələ bilmədi.  Ötən ildən ÜDM-də və sənaye istahsalında  başlayan tənəzzül  davam etdi, inflyasiya iki rəqəmli olaraq qaldı, işsizlik daha da artdı. Belə ki, ilin sonunda ÜDM-də 0,2, sənaye istehsalında 3,8  faiz eniş, istehlak qiymətləri indeksində 13,4 faiz artım qeydə alındı. Rəsmi məlumatlara görə, il  ərzində 50 minə qədər iş yeri bağlandı.

 

 

– Belə bir el deyimi var: İli ilə sata-sata... Rəqəmlərlə bu deyim nə dərəcədə uyğunlaşır?

 

– Əslində ili ilə, ayı aya, günü günə sata-sata, vaxt gəldi, keçdi, neft pullarının çox hissəsi sərf olundu, dünya iqtisadiyyatı son illərdə çox sürətlə inkişaf etdi, texnologiyalar, innovasiyalar  önə çıxıb iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrildi.  Azərbaycanda  isə  25 ildən sonra da neft  gəlirlərindən qidalanan dövlət büdcəsi formalaşdırılır. Növbəti il üçün büdcədə proqnozlaşdırılan artımın 96,8 faizi neft gəlirlərinin hesabına təmin ediləcək. Göründüyü kimi,  neft gəlirləri iqtisadi artımda, büdcə artımında aparıcı rola mailkdir. Bu illər ərzində bizim hazırkı kursu dəyişmək imkanlarımız çox olub. Təəssüf ki, ondan lazımı qədər faydalana bilmədik. Soruşa bilərsiniz ki, bu nəyə lazımdır. Bilirsiniz, davamlı artım və dayanıqlı iqtisadi inkişaf bir mənbəli ola bilməz. Bir resursa bağlılıq riskləri  çoxaldır,  təhlükələri artırır, manevr imkanlarını azaldır və iqtisadiyyatı bir sözlə  müəyyən müddətdən sonra da tələyə salır. Artıq Azərbaycan belə bir tələyə düşüb.

 

Diqqət edin, 2014-cü ildə bazar qiymətləri ilə Ümumi Daxili Məhsul (ÜDM)  75 milyard 239 milyon dollar olub,  ötən il  bu göstərici ondan  2 dəfə az, 37 milyard 847 milyon dollar təşkil edib. Eyni zamanda, son 3 ildə əhalinin sayında da 200 min nəfərədək atrım qeydə alınıb. Beləliklə də, əgər 2014-cü ildə adambaşına milli gəlir 7920 dollar təşkil edirdisə, 2016-cı ildə müvafiq göstərici 2 dəfədən də çox, 3901 dollaradək azalıb. Proqnoz hesablamaları göstərir ki, biz infidi sürətlə 2014-cü il səviyyəsinə ən yaxşı halda 10 ildən sonra 2024-cü ildə çata biləcəyik.  

 

– Bakı-Tbilisi-Qars dəmiryolu xətti və neft kontraktı: bunların Azərbaycan üçün siyasi-iqtisadi baxımdan oxşar və fərqli tərəfləri nələrdən ibarətdir?

 

 

– Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti layihəsi infrastruktur layihəsidir, nəqliyyat sektoruna aiddir. Bu layihəni neft kontraktlarından BTC və BTƏ və yaxud TANAP və TAP  ilə müqayisə etmək daha düzgün olardı. Bu layihələr məhsulun A məntəqəsindən  B  məntəqəsinə çatdırılmasını təmin edir. BTQ ilə müxtəlif cinsli mallar, o cümlədən də neft məhsulları,  BTC ilə yalnız  bircinsli xam neft və yaxud BTƏ ilə təbii qaz daşınır. Bu layihələrin bir fərqi də ondan ibarətdir ki,  neft və qaz kəmərləri ilə daşınmanın tarifləri və  həcmi layihə iştirakçılarının sövdələşmə qiyməti ilə müəyyən olunur,  BTQ-də isə daşınma tariflərini, məhsullarının çeşidini və həcmini bazar müəyyən edir. Odur ki, mən BTQ-dən əhəmiyyətli gəlirlər gözləmirəm. Birincisi, bu sektorda  bazarın tələbləri və konyukturası heç də ürəkaçan deyil. Qloballaşma şəraitində nəqliyyat bölməsinin rentabelliyi, gəliriliyi aşağı düşür. Hazırda informasiya texnologiyalarının sürətli tətbiqi bu sahənin rolunu da aşağı salıb.

 

İkincisi isə, BTQ layihəsi xeyli  baha başa gəldi. Hələ onun xərclərini çıxarması üçün on illiklər lazımdır. Amma istənilən halda layihənin coğrafiyası və iştirakçı ölkələri Azərbaycanın strateji maraqlarına uyğundur.  Sentyabrın 14-də  Azəri-Çıraq və Günəşli yatağının istismarı üzrə mövcud sazişin 2050-ci ilədək uzadlıması nəinki yaxın, hətta orta və uzunmüddətli dövrdə Azərbaycan iqtisadiyyatını neft bağlamaq deməkdir. Bu layihənin taleyi dünya bazarlarında neftin qiymətindən çox asılıdır. Proqnozlar isə ürəkaçan deyil. Hətta bu günlərdə nüfuzlu  “Bloomberg” agentliyi  dünya bazarında neftin 1 barrelinin  qiymətinin  2020-ci ildə 20 dollara, 2024-cü ildə  isə 10 dollara qədər ucuzlaşacağını proqnozlaşdırdı. Hazırda böyük şirkətlər və banklar neft sektoruna investisiya qoymaqdan çəkinirlər. Bu günlərdə Dünya Bankı elan etdi ki, 2019-cu ildən sonra  neft və qazın kəşfiyyat və hasilat işlərinin maliyyələşdirilməsini dayandıracaq. Norveç Pensiya Fondu artıq gələn ildən  sərmayələrini neft sektoruna  deyil,  alternativ enerji sektoruna qoyacaq.  Dünyada alternativ və bərpa olunan enerji mənbələrinin  yaradılması və inkişafı uğrunda ciddi rəqabət başlayıb. Odur ki, Azərbaycanın da yaxın və orta müddətli dövr üçün strategiyası alternativ və bərpa olunan enerji sektorunun inkişaf etdirilməsi üçün sahibkarlıq mühitinin yaxşılaşdırılması olmalıdır. Amma  qəbul olunan 10 Yol Xəritəsindən heç biri o sahəyə həsr olunmayıb.  

 

– Qubad bəy, beynəlxalq reytinqlərə görə, biz əsas hesab olunan çox sahədə geridəyik. Təbii, dünyada belə ölkələrin sayı az deyil. Bəzilərinin pulu yoxdur. Bəzilərininsə pulu var, ancaq yenə də geridədirlər. Azərbaycan bunların hansına aiddir? Deyirlər ki, biz pulluyuq. Şəxsən mənim pulum çox deyil. Bütün hallarda əgər pulluyuqsa, bizim pulumuz nələrə yetər, yaxud da yetə bilər?  

 

– Hazırda başlıca məsələ pulu nə qədər  və hardan qazanmaq deyil, onu hara və necə xərcləməklə bağlıdır. Azərbaycan 2001-ci ildən indiyə qədər yalnız neft və qaz satışından 150 milyard dollara qədər vsəait əldə edib. Onun 125 milyardı Neft Fonduna, yerdə qalanı isə büdcəyə yönəlib. Büdcə illik planlaşdırıldığına görə, ora yönələn vəsaitlər elə həmin təqvim ilində də xərclənib. Neft Fondunda isə hazırda 36 milyard dollar vəsait müxtəlif qiymətli kağızlar, əmlak, qızıl və sair aktivlərdə saxlanılır.  Əhalisinin sayı bizdən 2 dəfə az olan  Norveçin  Pensiya (Neft) Fondu aktivlərinin dəyəri artıq 1 trilyon dolları ötüb. Yəni pul müqayisədə  həmişə azdır, bu kontekstdə Azərbaycan maliyyə resursları zəif olan ölkələr qrupuna aid edilə bilər. Burada bir məsələyə də diqqət yetirmək lazımdır. Ölkəyə daxil olan vəsait nə qədər davamlıdır. Yəni bundan əvvəl Bloombergə istinadən səsləndirdiyim proqnozlar özünü doğruldarsa, onda ölkədə, ilk növbədə,  müflisləşən Dövlət Neft Şirkəti və Neft Fondu olacaq.

 

 

Növbəti iln büdcəsinin gəlirlərində neft sektorundan  birbaşa daxilolmalar 55 faizdən çoxdur, dolayı mənbələrdən gələn vəsaitləri də nəzərə alsaq, onda  büdcəyə gələn hər 3 manatdan 2 manatı neft sektoru ilə əlaqəlidir. Növbəti ilin büdcəsinin gəlirlərinin  artımının  96,8 faizini dövlət Neft Fondunun transferlərinin çoxaldılması hesabına təmin ediləcək. Qiymətlər aşağı olacağı təqdirdə neft pullarının bu sürətlə xərcləsək, yəqin ki, onda Fondda  mövcud vəsaitlər 2030-cu ilədək tükənə bilər. 2004-cü ildən 2017-ci ilədək “Regionların sosial-iqtisadi inkişaf proqramları” çərçivəsində 62,8 milyard manat vəsait xərclənib. Bu,  hər il orta hesabla 5 milyard manat, hər rayona isə 1 milyard manat vəsait deməkdir.  Bu gün  regionlarda orta səviyyədə  infrastruktur olsa da, iqtsiadiyyat və biznes  heç aşağı səviyyədə  də yoxdur. Əgr olsa  idi, heç olmasa, o vəsaitin 10 faizi büdcəyə qayıdardı. Amma gələn ilin büdcədə yerli gəlirlər 650 milyon manat proqnozlaşdırılır  ki, bu da regionlara xərclənmiş vəsaitin 1,03 faizini təşkil edir. Ən pisi də odur ki, 2015-ci ildən bəri  büdcədə  yerli gəlirlər mütləq ifadədə   azalır. Yenə artım olsaydı, fikirləşərdik ki, növbəti illərdə regional iqtisadiyyatın büdcədə rolu artacaq. Odur ki, pulun hara xərclənməsini düzgün müəyyən etməliyik, qeyri-məhsuldar və qeyri-kommersiya sektorlarına yatırılan pullar nəinki əlavə dəyər yaratmır, hətta  onların saxlanılması hər il artan əlavə xərclər tələb edir. Birdə ki, pullar gərək səmərəli və korrupsiyasız xərclənsin ki, sahibkar, istehlakçı və dövlət ondan faydalana bilsin.

 

 

– Siyasi baxımdan bizim ölkəmiz Şərqlə Qərbin arasında yerləşir. Bu yerləşmə iqtisadi sferada istiqamətə necə təsir edir? Ümumiyyətlə, Azərbaycanın iqtisadi istiqaməti hansı yönədir?  

 

 

– Coğrafi mövqeyimiz əlverişli olsa da, dünya okeanına birbaşa çıxış imkanlarının olmaması inkişafı əngəlləyin obyektiv faktorlaran hesab oluna bilər. İndi dünyanın iqtisadi güc mərkəzləri Qərbdən Şərqə doğru hərəkət edir. Çin, Hindistan, Cənubi Koreya dünya iqtisadiyyatının nəhənglərinə çevrilib. Əslində,  biz beynəlxalq inteqrasiya imkanlarından az faydalanırıq. İndiyə qədər nə Dünya Ticarət Təşkilatına üzv olmuşuq, nə də ki, Avropa Birliyi ilə dərin və hərtərəfli ticarət sazişi imzalamışıq, Avrasiya İqtisadi İttifaqına da deyilik.  Bayaq qeyd etdiyim kimi, istiqamətini bilmirsənsə hansı sürətlə qaçmağın fərqi yoxdur. Odur ki, bizim  istiqamətimiz məlum deyil. Bəlli olan odur ki, sivil dunyanın yolu ilə getmirik, onun əskinə gedirik. Yenə müasir dünya ilə bir ailədə addımlasaydıq, bu halda sürətimizin az və çox olmasını müzakirə edərdik. İndiki halda hətta sürətimiz çox olsa da, o, bizi məlum olmayan başqa istiqamətə aparacaq.

 

 

– Bir müddət əvvəl prezidentin tapşırığı ilə yoxlamalar bir neçə il müddətinə dayandırıldı. Lakin kiçik və orta sahibkarlıq yenə də inkişaf yoluna adlaya bilmədi. Sizcə, kiçik və orta sahibkarlığın yaranmasına, inkişaf etməsinə mane olan başqa nələrdir?

 

 

– Bu qərar yaxşı qərardır, amma gecikib, icrası da şübhə doğurur. Azərbaycanda kiçik və orta sahibkarlıq  son illərdə obyektiv (manatın devalvasiyası) və subyektiv (rüşvətxorluqla müşahidə olunan haqsız müdaxilələr, yersiz yoxlamalar) səbəblərdən çox zəifləyib. Bu sektor inhisarçılıqdan, bazarda haqsız rəqabətdən çox əziyyət çəkib və hələ də çəkir. Dövlətin bütün qərarları rəqabətin dəstəklənməsinə yönəldilməlidir. Dövlət iqtisadiyyata bu səviyyədə  və formada qarışmamalıdır. Dövlətin rolu tənzimləmə olmalıdır, nəzarət yox. Bunun üçün də yaxşı qanunlar qəbul və icra olunmalıdır. Rəqabət Məcəlləsi 8 ildir ki, parlamentdə “yatır”, hələ də qəbul olunmayıb.

 

Birinci təklifim odur ki, parlament yaz sessiyasında Rəqabət Məcəlləsini qəbul etsin və müstəqil anti-inhisar institutu yaradılsın. İkincisi də məhkəmə hakimiyyətlərinin müstəqilliyi təmin edilsin, hüquq-məhkəmə  və məhkəmə qərarlarının icrasına nəzarət sistemində rüşvətxorluq aradan qaldırılsın.

 

 

– Qubad bəy, Azərbaycanda özəlləşmə lazımi səviyyədə aparıldımı? Bəzi müəsissələrin hələ də dövlətin balansında saxlanılması və datasiya ilə işləməsi nə dərəcədə doğru qərardır?

 

 

– Özəlləşdirmə labüddür, çünki iri dövlət şirkətləri bir tərəfdən büdcədən subsidiya alır, inkişafdan və rəqabətdən geri qalır, digər tərəfdən də, xarici banklardan küllü miqdarda kredit alır və onun da qeyri-səmərəli istifadə edir. Nəticədə belələrinə subsidiya ayıran büdcə həm də onların xarici kreditorlar qarşısında borc öhdəliklərini yerinə yetirir. Gələn ilin büdcəsindən transferlər, dotasiya və subsidiyaların birlikdə həcmi 1 milyard manata yaxın, xarici borclara xidmət xərcləri  isə 2,2 milyard manatdan çox vəsaitin ayrılması proqnozlaşdırılıb. Bax bu 3 milyarddan çox vəsait itkidir. Hər il davamlı olaraq həmin xərclərin  dövlət şirkətlərinin əvəzinə vergi ödəyiciləri tərəfindən ödənilməsinə son qoymaq üçün üçüncü özəlləşdirməyə start verilməlidir. Beynəxlalq Bank vaxtında özəlləşdirilsəydi, orda milyardlarla oğurluq olmazdı.  

 

 

– Növbəti sualım banklar və dövlətin pul siyasəti ilə bağlıdır. Necə düşünürsünüz, Azərbaycanda banklarla bağlı vəziyyət necədir? Niyə bizim ölkədə kredit faizləri, məsələn, Gürcüstanda 4 il bundan öncə tətbiq olunan kredit faizlərindən daha yüksəkdir? Azərbaycan Beynəlxalq Bankın ətrafında bir müddət əvvəl baş verənlər və hələ də davam edən məsələlər siyasi, yoxsa iqtisadi problemdir?  

 

 

– Azərbaycada banklar həm daxildə, həm də xaricdə etibarlılığını itiriblər. Beynəxalq Bankdakı oğurluqlar Azərbaycan banklarının nüfuzuna xaricdə, devalvasiya nəticəsində valyuta ilə olan  kreditlərə görə əlavə xərclərin müştərilərin hesabına ödənilməsi də  Azərbaycan banklarının nüfuzuna daxildə böyük zərbə oldu. Banklar hələ də böhrandan çıxa bilmirlər. Onların bəziləri buna səy göstərsə də, ümumi iqtisadi vəziyyət və müştərilərin inamsızlığı problemin həllini çətinləşdirir.  Yola saldığımız il üçün iqtisadiyyatın sektorları arasında daha çətin durum maliyyə-sığorta və bank kredit bölməsində  müşahidə olunur. Ötən il 11 bankın bağlanması bank sektorunun böhrandan çıxara bilmədi. Onların hər 3-dən biri hələ də ziyanla işləyir.  2017-ci ilin 9 ayında  12  bank zərərlə işləyib. Son 1 il 9 ayın ən çox ziyan Accessbankda (127,5 milyon manat), Bank of Bakuda (69,6 milyon manat), Unibankda (39,2 milyon manat), Bank  Respublikada (37 milyon manat), AGbankda (24,2 milyon manat) və Dəmirbankda (20,3 milyon manat) qeydə alınıb. ABB ətarında baş verənlərə gəlincə, o  yalnız siyasi və iqtisadi deyil, daha çox  idarəetmə məsələsidir.  

 

 

– Siz xarici ölkədə universitetdə çalışırsınız. Azərbaycanda, bildiyiniz kimi, universitetlərə özünüidarə hüququ verilib. Buna başqa adla maliyyə muxtariyyəti deyirlər. Lakin məndə olan məlumata görə, onlar büdcələrində olan pulu xərcləyə, yaxud da idarə edə bilmirlər. Sizcə, Azərbaycanda 30 milyon manat maliyyə rezervi olan universitet bu pulu necə idarə etməlidir?

 

 

– Universitetlər, ilk növbədə, infrastruktunu yaratmalı və onu müasirləşdirməlidirlər. Onlar işçilərin professional inkişafına vəsait ayırmalı,   yeni elmi axtarışları və müasir tədqiqatları maliyyələşdirməlidirlər. Təbii ki, universitetlərdə müəllim-professor heyətinin əmək haqqı da layiqli və rəqabətli olmalıdır. Tələbələrin, müəllimlərin   elmi potensialının, bilik və bacarıqlarının  artırılması ilə yanaşı, onların sosial inkişafına da vəsait qoyulmalıdır.  Universitetlərarası əməkdaşlıq genişlənməli, xaricdən ziyarətçi professorlar  dəvət olunmalı, onların tərdis metodikası və üsulları mənimsənilməlidir. Amma bütün bunlar üçün maliyyə muxtariyyəti ilə yanaşı, açıq debatlar və müzakirələrdən ötrü müəllim və tələbələrə akademik azadlıqlar verilməlidir.  Universitetlərdə rəhbər  orqanlar  seçkilər yolu ilə formalaşdırılmalıdır.

 

 

– Azərbaycanın vergi sisteminin işini necə qiymətləndirirsiniz? Yeni naziri nələr gözləyir?

 

 

– Azərbaycanda bu məsələlərə qəribə yanaşma var. Bəzi mətbu orqanlar yazırdı ki,  Fazil Məmmədov 18 il vergilər naziri işləyib, onu niyə çıxarmırlar, çoxdan işləyir, çıxaranda isə yazırlar ki, onu niyə çıxardılar, pis nazir olsa idi 18 il işləməzdi. Fazil Məmmədovun rəhbərliyi dövründə Vergilər Nazirliyi informasiya texnologiyaları mənimsənilməsi dövründə önə çıxdı. Həqiqətən də, vergilər nazirliyi internet və online xidmətlərinə görə başqa nazirliklərlə müqayisədə çox irəli çıxıb. Təbii ki, bu nazirliyin fəaliyyətində sistemin naqisliklərindən qaynaqlanan və idarəetmədən doğan neqativ hallar da müşahidə olunurdu. Bu  problem demək olar ki, bütün nazirliklərdə var.  Yeni nazirin ən başlıca işi vergilər nazirliyində mövcud olan müsbət təcrübəni  saxlamaqla, yeni  və müasir  təşəbbüslərlə  vergi idarəetməsini  və inzibatçılığını təkmilləşdirmək olmalıdır. 

 

 

– Qubad bəy, son sualım büdcə ilə bağlıdır. Milli Məclisdə 2018-ci ilin büdcəsi təsdiq olundu. Çatışmazlıqlar varmı?  

 

 

– 2018-ci ilin büdcə gəlirlərinin formalaşdırılmasında narahatlıq yaradan məqamlardan biri də cərimə və sanskiyaların, aksiz vergiləri və gömrük rüsumlarının, həmçinin ictimai xidmətlərə görə ödəniləcək rüsumların payının artırılmasıdır. Əsasən, sahibkarlar və istehlakçıların cərimələri və digər ödəmələri hesabına nəzərdə tutulan artımlar son nəticədə məhsul və xidmətlərin bahalaşmasına gətirib çıxaracaq ki, bu da gələn ilki büdcənin inflyasiya yaradıcı amilləri fəallaşdıracağını da deməyə əsas verir.
Dövlət büdcəsinin xərclərinin struktur təhlili göstərir ki, 2018-ci ilin büdcəsi daha ədalətsizdir və səmərəsiz quruluşa malikdir. Belə ki, gələn il üçün proqnozlaşdırılan büdcənin hər 100 manatından 38 manatı tikintiyə, 19 manat 50 qəpiy müdafiə, milli təhlükəsizlik, hüquq mühafizə, məhkəmə və prokurorluq orqanlarının saxlanılmasına, 10 manat 80 qəpiyi xarici borclara xidmətə, 10 manat 50 qəpiyi sosial müdafiəyə, 9 manat 60 qəpiyi təhsilə, 6 manat 30 qəpiyi mənzil-kommunal, kənd tərərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq, nəqliyyat və rabitəyə, 5 manat 90 qəpiyi idarəetməyə, 3 manat 50 qəpiyi səhiyyəyə, 1 manat 50 qəpiyi mədəniyyət, incəsənət, bədən tərbiyəsi və informasiyaya, 60 qəpiyi elmə, 7 qəpiyi isə ekologiyaya xərclənəcək.
Növbəti ilin büdcəsində təsnifatı verilməyən, şəffaflıq və hesabatlılığı aşağı olan tikinti, müdafiə, əsas bölməyə aid edilməyən sair xərclərin birlikdə payı 60 faizdən çox olacaq ki, bu da büdcə xərcləmələrində mövcud olan korrupsiyanın daha da genişlənməsinə gətirib çıxaracaq. Eyni zamanda, dövlət büdcəsindən gizli subsidiyaların və cari transferlərin birlikdə payının 1 milyard manata qədər artırılması da korrupsiyanın inkişafına xidmət edən neqativ dəyişikliklərdən hesab oluna bilər.

 

2018-ci ilin büdcə xərclərinin səmərəsizliyini artıran dəyişikliklərdən biri də xarici borca xidmət xərclərinin büdcə xərclərinin 10 faizindən çox olması və 2,2 milyard manatı ötməsidir. Dövlət təminatı ilə alınan və iri vergi tədiyəçiləri sayılan icraçı şirkətlərə verilən xarici borcların səmərəsiz istifadəsi onun qaytarılmasının məsuliyyətini büdcənin, “xərci”ni isə vergi ödəyicilərinin və istehlakçlların üzərinə qoyur. Bu və digər səmərəsiz bölgü nəticəsində 2018-ci ilin dövlət büdcəsindən insanın inkişafına yönələn vəsaitlərin həcmi daha da məhdudlaşacaq. Yenə də Azərbaycan büdcədən maliyyələşən adambaşına düşən təhsil və səhiyyə xərclərinə görə qonşu Gürcüstandan da geri qalacaq.

 

 

Nicat Abdulla

Mənbə: Müəllif:
Bu,, büdcə, xərcləmələrində, mövcud, korrupsiyanı, daha, da, genişləndirəcək, -, Qubad, İbadoğluyla, müsahibə,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı