Xəbər haqqında
12 Noyabr 2017 - Bazar 20:28 508 nəfər oxuyub
 
Burnundan uzağı görməyən yazıq, günəş gözlülərlə ədavət eylər...
YARADICI Xəbəri
Burnundan uzağı görməyən yazıq, günəş gözlülərlə ədavət  eylər...

Xeber365.com ənənəsinə sadiq qalaraq bu bazar gecəsi də sizə bir şeir ərmağan edir. Bu dəfə sizi Rəfiq Zəka Xəndanın (1939-1999) "Bu dünya" şeirini oxumağa dəvət edirik: 

   

      Əzəldən belədir işi dünyanın,
      Bir ömür dastanı hekayət eylər.
     

      Diləksiz yaşayan yoxdur həyatda,
      Hərə ürəyində bir niyyət eylər.


      Kimi ömür boyu tale həll edir,
      Kimi taleyindən şikayət eylər.

 

      Yüzünə vicdandan dastan deyən kəs
      Özü əmanətə xəyanət eylər.

 

      Ata var, oğluyla hörmətlənibdir,
      Oğul var atanı xəcalət eylər.

 

      Nə etsin məhəbbət nədir bilməyən,
      Nə etsə insana məhəbbət eylər...


        
      Leylini, Şirini görməyən kəslər
      Məcnunu, Fərhadı məzəmmət eylər.

 

      Adam var aləmi vecinə almaz,
      Di gəl ki, aləmə nəsihət eylər.

 

      Əsəb gərilməsə, ürək sınmasa,
      Dünyada xəstəlik nə qələt eylər?!

 

      Hamının könlündə bir cilvə olsa,
      Hamı bir məsləkə riayət eylər.


                                              
      Nə ölkə ölkəylə gələr üz-üzə,
      Nə insan insanı əsarət eylər.


    
      Gərəksiz adamlar ürəksiz yaşar,
      Nə mərhəmət eylər, nə nifrət eylər.

 

      Dünyada hər şeyi qənimət bilər,
      Ziyarət adıyla ticarət eylər.
   
      Mənliyi nəfsinə qul kəsilənlər.    
      Daima nəfini  nəzarət eylər. 

                                                                             

      Bayquş bülbül ilə qovğaya başlar,
      Qarğa tavus ilə rəqabət eylər.

 

      Burnundan uzağı görməyən yazıq.
      Günəş gözlülərlə ədavət  eylər.

 

      Adam var hələ də daş dövründədir,
      Adam var kosmosu səyahət eylər.

 

      Bəşər sərnişinli bu yer kürəsi
      Elə öz oxunda hərəkət eylər...

Mənbə: Müəllif:
Burnundan, uzağı, görməyən, yazıq,, günəş, gözlülərlə, ədavət, , eylər...,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı