Rejissor Cavid Təvəkkül ilk təhsilini Tatarıstan Turizm Akademiyasının prodüserlik fakültəsində alıb. Daha sonra Rüstəm İbrahimbəyovun Beynəlxalq Kino Məktəbində rejissorluq kursunda oxuyub.
“Mən və şəhər”, “Ağlayan əsgər”, “Azarkeş”, “Əzizim Fellini”, “Sovqat”, “Səhərə inan...” filmlərinin müəllifidir. Bu yaxınlarda “Dəyərli adlar” adlı bədii tammetrajlı uşaq filminin çəkilişlərini başa çatdırıb. Onunla söhbətimiz də elə bu barədədir.
- Cavid, mən səni daha çox melodram janrına meylli rejissor kimi tanıyıram. Uşaq filmi çəkmək hardan ağlına gəldi?
- Səmimi olum və deyim ki, mənə etimad göstərdilər və bu filmdə co-rejissor olmağı təklif elədilər. Təbii ki, mən də bu şansı həmən dəyərləndirdim. Bilirsən, daim natürmort çəkmək bir az yorucudur, təbiətə də çıxmaq lazımdır. Həm də əsrimiz, yəni zəmanəmiz daim çalışmağı, sevdiyin işlə məşqul olmağı tələb eləyir. Bunun nəyi pisdi ki?! Əsas odur ki, sevgilinlə-yəni kinematoqrafiya ilə bir yerdəsən. Bilirəm məsuliyyətlidir, amma bacaracağıma da inanırdım. Üstəlik mən bilən, xeyli vaxt idi ki, uşaqlar üçün film çəkilmirdi Azərbaycanda. Uzun fasilədən sonra nəhayət bu tilsim qırıldı. Rafiq Əliyevlə mənə həvalə olunan “Dəyərli adlar” adlı bədii tammetrajlı filmin çəkilişinə start verildi. Artıq çəkilişlər başa çatıb. Bir müddətdən sonra montaj prosesi başlayacaq.
- Ssenari səni nə ilə cəlb elədi?
- Ssenari də, ordakı situasiyalar da.. Ən əsası balaca İNSAN!!! Onun xeyirxahlığı, alicənablığı, ağlı məni özünə çəkdi, daha doğrusu, sinif yoldaşım Zauru xatırlatdı mənə. Düzünü desəm, dramaturgiyada da xəta görmədim. Odur ki, Rafiq müəllimlə birgə qollarımızı çırmalayıb başladıq. Ardını böyük ekranda görərsiniz inşallah...
- Azərbaycanda uşaq filmlərinə nadir hallarda müraciət olunur. Üstəlik onlarla işləmək çətindi, çünki uşaqlar süni olmağı bacarmırlar. Sizdə vəziyyət necə idi, balaca aktyorlarınızı necə tapdız?
- Aktyorları tapmaq üçün çox əziyyət çəkdik. Təsəvvür elə ki, paytaxt məktəblərinin hamısında olduq. Hər gün dörd–beş məktəbə gedirdik. İkinci rejissorumuz Çingiz müəllim görürdü ki, məktəbləri gəzməkdən yorulmuşuq, bizi məcbur eləyirdi. İndi düşünürəm ki, əcəb eləyirmiş. Əgər belə olmasaydı, bu cür istedadlı uşaqları tapa bilməzdik. Əmin edirəm ki, onlar hamısı istedadlı və ağıllıdırlar. Bu filmdə mən özüm üçün üç-dörd balaca aktyor kəşf etdim. Düşünürəm ki, əgər gələcəkdə film çəksəm, onlardan istifadə edəcəm.
- Sənin hekayələrinin, ssenarilərinin əksəriyyəti melodram janrındadı. Hər halda mən oxuduqlarım elə idi. Bu janr səni nə ilə cəlb eləyir?
- Düzdür, mən melodramı sevirəm, hətta yazılarımda da hiss olunur. Mənə elə gəlir ki, bu janrın içində hansı problemi istəsən, qaldıra bilərsən. Mən “hər şey sevgidən başlayır” məntiqiylə yanaşıram məsələyə və bu mövzu altında istənilən eksperimentləri mümkün hesab eləyirəm. İstər çəkiliş prosesində, istər ssenari yazılışı dövründə, istərsə də montajda. Yanlış anlama. Bu melodram janrında işləməyin asan olduğu demək deyil. Heç ”necə istəyirəm, elə də çəkirəm” anlamına da gəlməsin, lütfən. Çünki bəziləri bu janra belə baxır. Sadəcə sevirəm. Bnüeldən, Trüffodan, Almadovardan öyrənmişəm.
- Cavid, sən kinomuzun başını aşağı salıb, filmini çəkmək istəyən rejissorlarındansan. Heç kim toxunmasın və mane olmasın. Heç nəyə qarışmayan biri kimi yerli kinonun hazırkı vəziyyətini necə dəyərləndirirsən? İstədiyin kimi olmaq, yaşamaq, çəkmək imkanı var?
- Əgər bu gün filmlərimizin premyeraları dünya ekranlarında olursa, səncə, bu nə deməkdi? Düzdür azdır, amma var. Mən əvvəl mən olmalıyam ki, sonra öz dünyamı, öz rənglərimi, məni düşündürən problemləri ekrana gətirim. Yəni özümü necəsə sübut eləməliyəm axı... Söhbət qətiyyən şəxsən məndən getmir. Bu, kinonu sevən hər kəsə aiddi. Əvvəl nə isə eləmək lazımdı. Bilmirəm necə, amma bilirəm ki, nə isə eləmək lazımdı. Heç kimdən pul gözləmə, kömək axtarma heç yerdən! Özün tap, özün elə. Ramil kimi. Axı, bu sənin vəsiqən olacaq. Yaxşı alınar, nə əcəb! Alınmasa, ikinci dəfə cəhd elə. Uzun və incə bir yol gəlməlisən. Zatən peşəni seçəndə bu haqda düşünmək lazım idi.
- Cavid, niyə üç nöqtə? Hekayə, ssenarilərin bir tərəfə, hətta dostarası yazışma zamanı da bütün cümlələri üç nöqtə ilə bitirirsən.
- Mən nöqtədən qorxuram. Ölüm kimi. Üç nöqtə isə davam deməkdi. Davam eləyir...
|