Xəbər haqqında
24 Oktyabr 2017 - Çərşənbə axşamı 11:40 266 nəfər oxuyub
 
Cavidin bir arzusu vardı...
“Türklər zamanın dəyişməsini görməli, oyanmalı və yüksəlməlidirlər”
YARADICI Xəbəri
Cavidin bir arzusu vardı...

Türkçülük haqqında danışanda heç şübhəsiz ki, ağla gələn ilk adlardan biri də Hüseyn Cavid olur. Cavid Azərbaycan ədəbiyyatına novatorluq gətirərək mənzum dram janrı əsasında Azərbaycan romantizmini inkişaf etdirdi. Amma o, tarixdə bu yeniliklə yanaşı həm də türkçülük ideyalarının təbliğatçısı kimi iz qoydu. O, yalnız əsərlərində deyil, əqidəsində, həyat yolunda da sonuna kimi əsl türk olduğunu bütün bəşəriyyətə sübut etdi. 

 

1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olan Hüseyn Rasizadə əvvəlcə elə bu şəhərdəki mollaxanada oxuyub. O burada ərəb-fars dillərini öyrənir, Şərq tarixi və ədəbiyyatına dair ilkin biliklər əldə edir. Sonra Naxçıvanda açılan yeni tipli “Tərbiyə” məktəbində oxuyur, dünyəvi elmlərə yiyələnir. Elə həmin illərdə “Gülçin” təxəllüsü ilə ilk şeirlərini yazmağa başlayır. 1898-1903-cü illərdə Cənubi Azərbaycanın Təbriz və Urmiya şəhərlərində yaşayan Cavid, Təbrizdəki “Talibiyyə” məktəbində təhsilini davam etdirir, biliklərini möhkəmləndirir. Cavidin həyatında və dünyagörüşünün inkişafında, onun ədib kimi formalaşmasında İstanbul Universitetində (1909) aldığı təhsil mühüm rol oynayır. 1903-cü ildən “Şərqi- Rus” qəzetində məqalələrlə çıxış edən Cavidin İstanbulda tələbə ikən “İrşad” qəzetində “Növhə”, “Füyuzat” dərgisində isə “Bir ahiməzlumanə” adlı şeirləri çap olunur. O, İstanbul Universitetini bitirdikdən sonra 1909-1910-cu illərdə Naxçıvanda müəllimliklə məşğul olur. Cavid 1911-17-ci illərdə Tiflisdə yaşayır, ədəbi-pedaqoji fəaliyyətini davam etdirir. 1918-1919-cu illərdə Naxçıvandakı “Rüşdiyyə” məktəbində dərs deyir. Elə Müşkinaz xanımla da 1918-ci ildə ailə həyatı qurur. 


Bütün bu illərdə Hüseyn Cavid fəaliyyətində türkçülüyü təbliğ edir, əlindən gəldiyi qədər bu istiqamətdə işlər görürdü. Ədib Naxçıvanda yaradılmış Araz-Türk Respublikasının tədbirlərini rəğbətlə qarşılayırdı. O, həm də Bakıda Azərbaycan Xalq Cumhuriyyətinin ədəbi birliyi olan “Yaşıl qələm” dərnəyinin üzvü kimi fəaliyyət göstərdi. Bu illərdə “Bahar şəbnəmləri” adlı şeirlər kitabının çapdan çıxması (1918), “İblis” (1918) və “Uçurum” (1919) dramlarının yazılması və xüsusən, “İblis” pyesinin uğurla tamaşaya qoyulması Cavidin ədəbi şöhrətini daha da artırırdı.


Hələ Cavidin təhsil aldığı illərdə türkçülük ideyaları geniş yayılmağa başlamışdı. İsmayıl Qaspıralı Krımda yayımladığı Tərcüman qəzetində “dildə birlik, fikirdə birlik, işdə birlik” şüarını təbliğ edirdi. Eyni işi Əli bəy Hüseynzadə Bakıda “Füyuzat” dərgisi ilə yerinə yetirirdi. 

 

Rusiyada 1905-1907-ci il inqilabından və Türkiyədə II Məşrutənin elanından sonra (1908) türkçülük ideyaları bir fəlsəfi təlimə, ideoloji cərəyana çevrildi. Beləliklə, bu siyasi hadisələr Türk dünyasında türkçülük şüurunun inkişafına mühüm təsir göstərdi. Türkiyədə Ziya Gökalp “Türkçülüyün əsasları”, “Qızıl alma” adlı əsərləri ilə türkçülərin yoluna işıq tuturdu. Bu illərdə İstanbulda təhsil alan Cavid türkçülük fəlsəfəsini geniş mənada mənimsədi. Öyrəndiklərini, qazandıqlarını isə qüdrətli söz ustası gələcək həyat və yaradıcılığının amalına çevirdi. Cavid Əfəndi bu ideyalarla eyni zamanda gələcək nəsillərə türkçülük şüurunun aşılanmasında önəmli rol oynayacaqdı. Beləliklə, türkçülük ideyalarının təməli İstanbulda atılmış Cavid, türk xalqlarına türkçülük ideya və məfkurəsini aşılayan, onların mənəvi dünyasındakı türk ruhuna, türkçülük düşüncəsinə nəfəs verən, can verən bir işıq oldu.
Yaşayıb yaratdığı illərdə türkcülük ideyasını daha da yüksəklərə qaldıran ideoloq kimi Azərbaycan xalqının qəlbində taxt quran Hüseyn Cavid və onun məfkurəsi əbədilik qazandı. Onun yazdığı bütün şeirlərdə, əsərlərdə millətin dili, mənəviyyatı, məxsus olduğu dəyərləri bütövlük içində təsvir olunur.  Qələmə aldığı hər yazıda türkçülük ideyasını  prinsip olaraq irəli sürür. Cavid dahiliyi elə bu idi – ədib türk dünyasının qurtuluşunu, millətin tarixdə varlığının qoruyub saxlanmasını, bir sözlə, xilas yolunu türkçülükdə görürdü. O bu yoldan ilhamlanaraq, türkçülük prinsiplərinə arxalanaraq öz oxucusunu işıqlı, inamlı gələcəyə səsləyirdi:

 

Çox əzildin yetər, haydı doğrul, ər ol!
Haq sənindir bu gün, arkadaş!
Hazır ol! Haq sənin, çünki zəhmət sənin…
Güc sənin, səyü qeyrət sənin…. 
 


Hüseyn Cavid yaradıcılığı ilə tanış olan hər kəsə bəllidir ki, o, əsərlərində yalnız Azərbaycan türklərinə xitab etmirdi. Cavid bütün türk dünyası üçün yazırdı. Məhz, buna görə də ümumtürk ədəbi dilinin nə olduğunu anlamaq üçün Hüseyn Cavid əsərlərinin dilinə baxmaq bəs edir. Onun üçün vahid türk ədəbiyyatı, vahid türk mədəniyyəti prinsipi, ideyası vacib idi. O, buna inanaraq yola çıxmışdı. Cavid ömrü türklük üçün yaşanmışdı, bu yolda həyatı məhv olsa da, fəaliyyətilə əbədiyyət qazanmışdı....Türklük qüruru,  türklük şərəfi Cavid üçün hər şey idi. Əsərlərinin qəhrəmanları da türk tarixinin ən qüdrətli hökmdarları olan ədib, türklərin hər zaman öz adət-ənənələrinə sahib çıxmalarını və milli şərəflərini uca tutmalarını yorulmadan vurğulayırdı. 
Cavidin bir arzusu vardı - türklər zamanın dəyişməsini görməli, oyanmalı, özünü tanımalı və yüksəlməlidirlər. 
Bunun üçün ilk vəzifə türk millətinin tarixini, mədəniyyətini və mənəviyyatını öyrənməkdir. Amma bununla da iş bitmir - türkün adını  və şərəfini müasir dövrdə də qorumaq, yaşatmaq lazımdır. Cavid düşünürdü ki, millətin azadlığı onun birliyində, oyanışında və mübarizliyindədir. “Arkadaş, göz aç, aman! Qalx ölüm uyqusundan! Zülmə çox əydin boyun, Çox əzildin, qalx oyan” deyə hayqıran Cavid millətini oyanmağa, birləşməyə səsləyirdi.

 

“Qoca bir türkün vəsiyyəti” şeirində türkçülük fəlsəfəsi içərisində ədalət, haqq və hüququn meydana çıxardığı bir qüvvət kəlməsi var:

 

Zülmə hərgiz yaqlaşmıyın, doğru yoldan şaşmıyın,
Tanrı haqdır, haqqı sеvər, ədalətdən xoşlanır.
Yaltaqlığa imrənməyin, kibrə hiç yanaşmıyın,
Öz haqqını bilməyənlər ən sonunda daşlanır.

 

Cavid də türkün bu güc və qüdrətini yorulmadan tərənnüm edir. O, dünyada hakim güc olaraq türk qüvvət və idrakını görmək istəyir. Bunun üçün vaxtilə dünyanın türklər qarşısında diz çökdüyünü də tez-tez xatırladır:

 

Bir zamanlar şərəfli Turanın
O cihani ğəyuri qavğanın
Qəhrəman, bərguzidə evladı,
Türklərin anlı-şanlı əcdadı
Saldırıb titrədirdi yer yüzünü,
Hökm edər, dinlətirdi hər sözünü.
Nə zaman kişnəsəydi türkün atı,
Qırılırdı bir ölkənin qanatı.
Hər krallar, prenslər, xanlar,
Ulu şahlar, kibirli xaqanlar,
Papalar, həp xəlifələr hər gün
Diz çökərlərdi türkə qarşı bütün. 

 

Cavidin böyüklüyü həm də onda idi ki, Sovet Rusiyasının Azərbaycanı əsarət altında saxladığı dövrdə belə o, ideyalarından, amalından üz çevirmədi. Türkçülüyü, islamı hər zaman özünə rəhbər bildi, bu dəyərləri yaşatmağa çalışdı. Teymur obrazı türklüyün və islamın simvolu idisə, Səyavuş Azərbaycanın millilik və müstəqillik uğrunda mübarizə simvolu idi.


Azərbaycanda düşüncənin, zövqün, ədəbi inkişafın yüksəlişinə güclü təkan verən Cavid turançılığı onun dilində daha çox əks olunub. Türkçülük düşüncəsinə görə ortaq dil İstanbul ədəbi dili olmalıydı. Cavid də bütün yaradıcılığı boyu dil birliyinin bu mühüm şərtinə sadiq qalaraq onu əsərlərində tətbiq edib. Bu baxımdan Cavid yaradıcılığı ümumtürk ədəbi dilinin XX əsr Azərbaycan ədəbiyyatındakı tək nümunəsi olaraq qalır.

 

Qeyd edək ki, Cavid yaradıcılığı Azərbaycan-Türkiyə ədəbi münasibətlərini müşahidə etmək üçün xarakterikdir. Onun əsərlərinin əksəriyyətində hadisələr Türk-Turan dünyasında cərəyan edir və qəhrəmanlar bu dünyadan seçilmiş igid türk oğul və qızlarıdır. Elə bu prinsiplərə görə, türkçülük sevdasına görə daim təqiblərə məruz qalırdı. Amma qarşılaşdığı bu təzyiqlər və məhrumiyyətlər onu bütün ruhu, həyatı, varlığı ilə bağlandığı məfkurəsindən döndürə bilmədi. Əksinə, yazıçı türkün şanlı tarixini təbliğ etmənin qürurunu yaşadı, bu yolda həyatını qurban verməkdən belə çəkinmədi. İllər keçdikdən sonra Cavidin sənətinə, ideyalarına dönüş ruhu onun dühasının uzaqgörən olduğunu sübut etdi.

 

Cavid yüz ilə yaxın bir müddətdə Çar imperiyasının boyunduruğunda inləmiş, Azərbaycan xalqının qurduğu Cumhuriyyətin bu dəfə də rus imperialistləri tərəfindən yenidən məhkumiyyətə alınmasını heç cür qəbul edə bilmirdi. 

Cavid üçün vətən Azərbaycanla məhdudlaşmırdı. O, Turanı, Türk dünyasını hər bir türkün beşiyi və məzarı bilirdi. Əsərlərindəki türkçülük düşüncəsi də bundan qaynaqlanırdı. Amma Cavid romantizminin dalğaları bəzən Turana sığmır, onun hüdudlarını aşaraq Şərqə, İslam dünyasına və bütün dünyaya yayılır. Bu isə bəşər insanı olduğunu göstərirdi. 


Xalqını, türk millətini müstəqil, xoşbəxt, sivil görmək Cavid əfəndini ən böyük arzusu idi. O, bütün həyatı boyu bu amal uğrundan yorulmadan, usanmadan çarpışdı, düşmənlər ilə üzləşdi. Amma heç bir çətinlik, təqib onu qorxutmadı, yolundan döndürmədi. O öz mübarizliyi ilə əsl türk olduğunu hər kəsə meydan oxuyaraq sübut etdi. Cavid yalnız özü üçün yaşamadı - bütün xalqı üçün yaşadı, ulu türkün qürurunu yüksəklərə ucaltdı və özü də qəlblərdə ucaldı. Əsrlər keçəcək, amma Cavidin ortaya qoyduğu türkçülük fəlsəfəsinin işığı hələ çox yola nur saçacaq. 


Qeyd edək ki, Azərbaycanda sovet hökumətinin qurulmasından sonra Hüseyn Cavid müəllim kimi fəaliyyət göstərir, Müəllimlər İnstitutunda və Bakı Teatr Texnikumunda dərs deyir. “Azər” poeması (1928), “Afət” (1922), “Peyğəmbər” (1923), “Topal Teymur” (1925), “Knyaz” (1929), “Səyavuş” (1933), “Xəyyam” (1935), “İblisin intiqamı” (1936) pyesləri və dram əsərlərinin müvəffəqiyyətlə tamaşaya qoyulması görkəmli sənətkara şöhrət qazandırır. Elə düşmənləri də bu şöhrət qorxutmuş olmalı idi ki, 1931-ci ildən etibarən dövri mətbuatda onun haqqında tənqidi məqalələr dərc olunmağa başladı, o “burjua yazıçısı” kimi ittihamlarla üzləşdi. Bütün bu təxribatlar nəticəsiz qalmadı. Hüseyn Cavid 1937-ci ilin iyun ayında günahsız yerə həbs olundu - “Gizli millətçi əksinqilabi təşkilat”da iştirakı bəhanəsi ilə səkkiz illik həbs cəzasına məhkum edildi. 1938-1940-cı illər-də keçmiş SSRİ ərazisindəki ən uzaq və soyuq həbs düşərgəsi olan Maqadan şəhərində cəza çəkən ədib, 5 dekabr 1941-ci il tarixində Sibirdəki Tayşet rayonunun Şevçenko qəsəbəsində həbsdə ikən vəfat edir. 6 mart 1956-cı il tarixində Hüseyn Cavidə bəraət verilir. Cavid Əfəndinin cənazəsi isə Azərbaycanın eks-prezidenti Heydər Əliyevin təşəbbüsü və israrlı səyləri nəticəsində 1982-ci ildə Sibirdən vətənə gətirilərək Naxçıvanda torpağa tapşırılır. Cavid əfəndi üçün məqbərə ucaldılır və cavidsevərlərin ziyarətinə açılır. Yəqin ki, Cavid əfəndinin narahat ruhu bundan az da olsa dincəlir. Nədə olsa, bir neçə il sonra sevgili Vətən torpağının və Cavidin qəbri üzərində onun göz nuru olan üçrəngli bayraq dalğalanacaqdı...

 

Aynur İmran

Mənbə: Müəllif: XƏBƏR365
Cavidin, bir, arzusu, vardı...,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı