Bir neçə aydır ki, Azərbaycan kommersiya kinosunda əsl bum yaşanır. Bir-birinin ardınca filmlər çəkilir və tamaşaçıların ixtiyarına verilir. Belə filmlərdən biri də aprel ayında təqdimatı keçiriləcək “Toy 2” filmidi. Müsahibimiz filmin rejissoru və ssenari müəllifi, tamaşaçıların “Tək səbir” proqramı və “Toy” filmlərindən tanıdığı Həsən Əliyevdir.
- Həsən bəy, ilin-günün bu vaxtında, bütün diqqətlərin Avropa oyunlarına cəmləndiyi bir zamanda kino çəkmək hardan ağlınıza gəldi?
- Bu filmin ideyası hələ ötən ilin yazında yaranmışdı, danışıqlar gedirdi. Üstəlik yayda yeni televiziya layihəmizə start veriləcək. Ona da hazırlaşırdıq. Xülasə, uzandı, uzandı, uzandı, gəldik çatdıq noyabr ayına. Noyabrda filmi təcili şəkildə çəkdik. İndi də ortaya çıxartmaq istəyirik. Görək, nə alınıb, tamaşaçı kütləsi necə qarşılayacaq.
- Birinci “Toy”dan on il sonra...
- Qismət belə gətirdi. Hələ o vaxt filmin davamını çəkmək fikrimiz var idi. Sonra fikirlər dəyişdi, layihə dayandı, uşaqlar ayrıldılar. Amma o zaman davamı bu formada düşünülməmişdi. İndiki variantın ideyası bir ildi ağlımdadı və mən də onu canlandırmaq istədim. Adını da “Toy 2” qoyduq. Düzdü, birinci “Toy”la paralellər var, amma sırf o filmin davamı deyil. Burda da qayınata-kürəkən problemi var, ancaq tamamilə yeni rakursdan. İndi Azərbaycanda avropalaşma prosesi gedir. Kimisi bunun yaxşı olduğunu deyir, kimisi pis. Bəlkə bir az ağsaqqalsayağı alınacaq, amma mən tam avropalaşmanın tərəfdarı deyiləm. Çünki bizim gözəl adət-ənənələrimiz var, yeri gələndə Avropa bizdən ibrət götürməlidi. Avropada kifayət qədər olmuşam, görmüşəm. Demirəm ki, hər şey pisdi, amma biz onlara baxanda toya gedəsiyik. “Toy 2”, məhz, belə bir mesaj daşıyır. Daha qlobal götürsək - şərqləşmə, yoxsa qərbləşmə, müasir olmaq nə dərəcədə yaxşıdı, bizə nə dərəcədə uyğundu? Mesaj budu.
- Çox maraqlıdı, çünki birinci “Toy”da əksinə, milli adət-ənənələri gülüş hədəfinə çevirmişdiz. İndi isə müasirliyi...
- Birinci filmin bu xüsusiyyətini mənə irad tutmuşdular. Onda demişdim ki, hamısı həqiqətdi. Heç kim dana bilməz ki, belə şey yoxdu bizdə. Nə qədər yaxşı, ya da nə qədər pisdi, buna mən qərar vermirəm, hakim deyiləm.
- Gülüş obyektinə çevirdiyinizə görə yaxşı hesab eləmirsiz.
- Tam səmimi deyim ki, mən satiranı sevmirəm. Bəlkə paradoksaldı, amma fikirləşirəm ki, indiki çətin və dinamik bir zəmanədə həddindən çox stress var. İnsan evinə gəlir və rahat olmaq, sadəcə gülmək istəyir. Demirəm ki, mənasız bir şey göstərmək lazımdı. Yıxıldın, camaat güldü, vəssalam. Yox. Mən neçə ildi bu sahədəyəm və çalışmışam ki, yumor məntiqli olsun. Amma çox dərinə getmək və problemləri qaytarmaq... Bunun üçün tragikomediya janrı var.
- Tragikomediya başqa, satira başqa.
- Hə, satira başqa, yumor bambaşqadı. Mən yüngül yumoru da çox xoşlamıram, amma pisləyəndə də ehtiyatla pisləyirəm. Çünki sonra deyirlər, bəlkə paxıllıqdan eləyir.
- Sizə elə gəlmir ki, yumorist bu komplekslərdən azad olmalıdı, nə deyərlər deyə fikirləşməməlidi. Əks halda özü-özünə çərçivələr yaradır.
- Yox, elə deyil. Sadəcə hədd deyilən bir şey var. Məsələn, indi çox maraqlı filmlər çıxıb. Amma elə tamaşaçı var ki, deyir, mən nişanlımı, ailəmi o filmə aparmaram. Tamaşaçı “ayıbdı” deyib ailəsini o filmdən qoruyursa, bəlkə onu çəkənlər həddi keçiblər? Özü baxıb, ailəsinə icazə verməyən insan nə qədər riyakardı, bu ikinci sualdı. Ancaq güldürmək üçün mütləq qurşaqdan aşağı zarafatlar etmək, mütləq şalvarı çıxartmaq lazımdı? Bir var sağlam gülüş, bir də var heç nə qazandırmayan gülüş. Mən ikincini sevmirəm. Klassiklər var ki, danışmadan belə güldürürlər, məsələn, Çarli Çaplin. O da dediyim həddi keçməyib. Tam məsuliyyəti ilə deyirəm ki, bizim filmimiz həm güldürür, həm düşündürür. Çox güman ki, bu filmlə bağlı qalmaqallar yaranacaq, suallar doğuracaq, hər kəs özünə uyğun başa düşəcək. Necə deyərlər, hər kəs öz arşını ilə ölçəcək. Amma yenə də fikirləşəcək.
- “Toy 2”də köhnə heyətdən kimlər var?
- Bilirsiniz, ulduzlarla film çəkmək çox asandı. Tanınmış simaları ekrana doldurmaq və onların adından istifadə eləyib hansısa ucuz bir şeyi satmaq çox asan işdi və son zamanlar populyarlaşıb. Mən belə istəmirəm. Hələ “Tək səbir” layihəsindən başlayaraq istedadlı simaları bir yerə yığıb sıfırdan nəsə qurmağa çalışmışam. Birinci dəfə uğurlu alınmışdı. Bu dəfə necə alındığını zaman göstərəcək. İnsan anadan məşhur doğulmur. Bunun üçün zəhmət çəkmək lazımdı. Yaxşı kinoya gələcəklər. Orda kimin çəkildiyindən asılı olmayaraq. Mən, məhz, bunu sübut eləməkdən ötrü ulduzlu heyət yığmamışam. Amma hamısı çox istedadlı insanlardı. Kino bunu göstərəcək. İstəyirəm ki, bizim tamaşaçı ulduzlara aldanmasın, kinoya uysun. O qədər istedadlı insan var ki. İstəyirəm, onları da görsünlər.
- Hazırlıq prosesində hansısa filmlərə baxmısınızmı?
- Yox, yox. Heç bir filmə baxmamışam. Heç kimə oxşamaq istəmirəm. Belə nümunələr var. Onlara deyirlər ki, niyə öz kinonuzu çəkmirsiz, özünüzü kiməsə oxşadırsız.
- Hətta dahi rejissorlar da kimlərdənsə bəhrənələnirlər. Tarantino deyir ki, dahilərdən oğurlamaq lazımdı, onlara təzim eləmək yox.
- Oğurlamaq yaxşı söz deyil. Yenə biz Qərbə gəlirik. İnsanın öz dəsti-xətti olmalıdı. Tarantino bunu deyir, amma onun öz dəsti-xətti var. Amma bizdə “kopyalayırlar”. “Toy 2” heç nəyə və heç kimə oxşamır. Bu, sırf Azərbaycan kinosudu və sırf Azərbaycan haqqında kinodu. Amma sırf Azərbaycan üçündü demirəm. Çünki Ukraynada bu ssenarini oxuyublar və orda çəkməyi təklif eləyiblər. Məncə, bu filmin ən güclü tərəfi odu ki, onu Azərbaycanda da, Ukraynada da, Qazaxıstanda da, lap Afrikada da göstərmək olar. Süjet qeyri-adidi və hamıya doğmadı. Bu hadisə istənilən ölkədə baş verə bilər. Məsələn, “Bozbaş pikçers” layihəsi sadəcə azərbaycanlılar üçün maraqlıdı. My name is İntiqam” da həmçinin. Yeri gəlmişkən, “My name is İntiqam”ı da ukraynalılara göstəriblər. Onlar deyiblər ki, bu sırf sizin üçündü, biz başa düşmürük. Amma bizim filmimizi Hollivudda da çəkmək mümkündü.
- Həsən bəy, niyə başqa bir janr yox, məhz, komediya?
- Birincisi, mən “hamı komediya çəkir, mən də çəkim” deyə fikirləşmirdim. Sadəcə belə bir ideya yaranmışdı və beynimdən çıxmırdı. Onu reallaşdırmalı idim. Onu da deyim ki, bu filmin ideyası yarananda hələ nə “Xoxan” vardı, nə də “My name is İntiqam”. Sadəcə maliyyə məsələsi, danışıqlar uzandı və indi film indi hazır oldu. O ki qaldı komediyaya... Bu janr mənə yaxındı. Yumor allah vergisidi. İnsan bunu ya bacarır, ya da bacarmır. İnsanı ağlatmaq olar, amma durduğu yerdə güldürmək çətindi. İkincisi, bayaq da vurğuladım. Komediyaya tələbat böyükdü. İnsanların həyatı çətinləşdikcə istirahət axtarırlar, komediyaya meyllənirlər. Bizim insanlar yumoru sevirlər. Bu, mentalitetimizə də uyğundu. Mən həmişə deyirəm ki, bizdə bunu xoşlayırlar: oxumaq, ağlamaq, bir də gülmək. Mən güldürməyi seçdim. Həm də səmimi deyim ki, bu gün melodram sahəsində Türkiyə ilə rəqabət aparmaq real deyil. Çünki bu, tamamilə başqa pullar, başqa təcrübədi. Ya da mən bu gün ekşn çəksəm, “boyevik” çəksəm, Hollivudun yanında cılız qalar, gülməli görünər. Özümü də öldürsəm, Tarantino da olsam, yenə də Hollivudun büdcəsini, effektlərini ala bilmərəm. Bilirsiz, qınanılası da deyil. Biri var, otuz, qırx, əlli, yetmiş milyonluq əhaliyə kino çəkirsən. Bir də var ki, doqquz milyona. O doqquz milyonun da üç milyonu Bakıda yaşayır. Onun da yüz mini baxır, ya da baxmır bu filmlərə. Bu pulu çıxartmaq nə dərəcədə realdı? Böyük büdcəli filmlər Azərbaycanda məğlubiyyətə uğrayacaq. Tutaq ki, bir milyona film çəkdin, Azərbaycanda kim baxacaq?
- “Əli və Nino”nu iyirmi milyona çəkirlər.
- Bu, artıq siyasətdi. Belə filmlər Azərbaycanı tanıtmaq üçündü. Onu ingilislər çəkirlər. Qazaxlar da vaxtilə “Köçərilər” filmini özlərini tanıtmaq üçün çəkmişdilər. Əslində bu pis tendensiya deyil. Qoy, çəksinlər. İngilis çəksin, Hollivud çəksin, tanınmışları gətirsinlər. Niyə də yox?! Mən də yumorla seçilməyimizi istəyirəm. Amma ucuz yumorla yox. Türklərlə özümüzü niyə müqayisə edirəm? Biz qardaş ölkəyik, lap əla. Ancaq onların açıq-saçıq yumoru məni əsəbləşdirir. Məsələn, Cem Yılmaz. Gözəl yumoru var. Bizdə çoxları bəyənir. Amma bu insan səhnədə elə sözlər deyir ki, vallah, mən, yan-yörəmə baxıram ki, görən eşidən oldu?! Hələ kompyuterdə baxıram a! Mən belə şeyləri xoşlamıram. “Bəyin oğurlanması”, “Yol əhvalatı” filmlərində bir dənə söyüş, açıq-saçıq söz yoxdu. Amma indiyə qədər baxılır, sevilir. Sən kütlə qarşısına, efirə çıxırsansa, avtomatik nəyisə təbliğ eləyirsən. Kimsə sənə baxıb deyir ki, mən də ona oxşamaq istəyirəm, o, söyüş söyürsə, sabah mən də söyəcəm. İnsan ekrana çıxanda artıq nümunəyə çevrilir.
- Filmə qayıdaq. Maliyyə tapmaq asan oldumu?
- Yalandan deyim ki, çətindi, deyil. Hələ bu filmi bitirməmişəm, artıq başqa film üçün iki təklif almışam. Bəlkə tanıyırlar, hörmət eləyirlər, ona görə. Amma mən belə bir problem yaşamıram, əlhəmdülillah.
- Proses necə baş verir? Ssenarini verirsiz, oxuyurlar, sonra razı olub-olmadıqlarını deyirlər?
- Yox. Məsələn, ikinci, üçüncü təkliflər hələlik yalnız ideya formasındadı. Ancaq insan var, mənə inanır və deyir ki, problem yoxdu, maliyyə buraxaram. Ümumiyyətlə, indi çox filmlər çəkiləcək və 90-i zibil olacaq. Bu bir faktdı. Bizdə belədi, axı. Biri çəkdisə, hamı çəkməlidi, keyfiyyət barəsində fikirləşmirlər. Amma bu, normal prosesdi. Sonra yaxşılar qalacaq, pislər itəcək. Məsələn, “Toy 1” faciəvi bir film idi, çünki çox cüzi büdcə ilə çəkmişdik. O film sadəcə ssenariyə və aktyorlara görə yaşadı, dilə düşdü. Ona baxmaq mümkün deyil. Filmi bağlayın, radio kimi səsinə qulaq asın. Pisə pis deyərlər, yaxşıya yaxşı. Mən bir rejissor kimi o filmdən utanıram. “Toy 2” mənim filmimdi. Onun altına imzamı atıram. Mən bu filmi istədiyim kimi çəkmişəm. Mən, məhz, belə kino görürdüm, istəyirdim və o alındı. Ona daş atsalar, mənə dəyəcək.
|