Xəbər haqqında
29 Oktyabr 2017 - Bazar 19:27 1087 nəfər oxuyub
 
Çinarlar pöhrələmir - Zəngilansız 24 il
YARADICI Xəbəri
Çinarlar pöhrələmir - Zəngilansız 24 il

Bu gün Zəngilanın işğalından 24 il ötdü. Nə qədər qəribə olsa da, hətta buna görə mənə əsəbləşsəz də, nə deyim söyə də bilərsiniz, haqqınızdı, mən Zəngilanı Mais dayıya görə tanımışam. Zəngilan deyəndə o, yadıma düşür. O, yadıma düşəndə də, Zəngilan deyirəm. 

 

 

Mənim 28 yaşım var. Zəngilanın da 24 yaşı var. Cəmi-cümlətanı  məndən 4 yaş kiçikdi, qüssədən qəddi bükülmüş, Araz çayı ilə bizə su əvəzinə göz yaşı göndərən, özü də, ağlamaqdan bullanıq göz yaşı göndərən Zəngilanı deyirəm. Yəqin bilirsiniz, çox ağlayanda gözün damarları partlayır, partlayır, partlayır... Qanla yaş qarışır, alabula maye yaranır. Buna göz yaşı deməzlər, nənəmgil buna dərd yaşı deyirdilər... Nə isə...

 

Yaşım-başım o Zəngilanı görməyə yetməyib. Öz gördüyüm Zəngilandan danışacam. Bildiyim Zəngilandan, yəni Mais dayıdan. 

 

Mais dayı bir neçə il bundan öncə rəhmətə gedən bir qohumumuz idi. Mais dayı Bartaz kəndində doğulub, orda böyüyüb, özü dediyi kimi, Bartazda yekəlib, kişi olub, ata olub, ər olub.Sonrada...

 

Söhbətə belə başladı, dərin ah çəkərək: Çinarlar pöhrələmir!

 

Kəndimizdə üzüm sahəsi var idi. Orada traktorçu işləyirdim. Hərdən-birdən də, vaxt olanda fotoqraflıq edirdim. Kənd cammatının şəklini çəkirdim, lenti İrəvandan alırdım, şəkli Zəngilanda çəkirdim. Məni çox istəyirdilər, həm orada, həm burada(Çinarlı Zəngilanda). Çoxlu Çinar meşəliyimiz vardı, özü də əzəmətli çinar meşəliyi. Bax bu boyda enində (əli ilə diyametrin göstərməyə çalışır). Yox belə göstərmək olmaze, dədə bax sizin məhlədə, Qəbələdə şabalıd ağacı vare, ondan iki dəfə daha yoğun (enli). 


Hə, Mais dayı, yaxşı kölgəsi olardı...

 

Kölgə nədi, gün çıxmağın bilmirdi adam. Əsəd (kiçik oğlun deyir) qoyuna gedəndə yatırdı dibində. Axşam, gündüz, gecədi bilməzdi. Gəlməyəndə bilirdim ki, hansısa çinarın dibindədi. Gedib silkələyib qaldırırdım. Yaman ağır yatırdı. Bura gələndən sonra yuxusu qaçdı. Yata bilmirdi, oyaq olurdu, televizra baxırdı, ya da qablar taqqıldayırdı, Sürəyyaya (həyat yoldaşı) deyirəm ki, yenə başladı yeməyə (gülür). Deməz olaydım... Onu da qınamaq olmazdı, burda kimin yuxusu qaldı ki, onunki də qalsın. Uşağın 13 yaşı vardı bura gələndə. Dostları, qonşularımız, hələ qonşuda Şeyda arvadın nəvəsi vardı. Bir sinifdə oxuyurdular, adı Zeynəb idi. Ona salmışdı meylin. Məktəbə gedəndə, eyvandan baxırdım, həmişə Zeynəbin çantasını bizimki aparırdı. Bura gələndən sonra da karıxdı bir xeylim. Zeynəb bura gələndə yolda sətəlcəm olmuşdu. Onlar Nərmanova yerləşdilər, biz də bura, Novxanıya. Sonra üstündən 1-2 ay keçdi, şəhərə uşağın (o biri oğlunu deyir) yanına gedəndə xəbər tutdum ki, ölüb qızcığaz. Düz iki il Əsəddən gizlətdim. Gəddə mənə oxşayıb, mən də Sürəyanı elə çox istəmişdim...

Bala ot yondurdu bizə. Riyaziyyatı yaman güclü idi. Burada da yaxşı riyaziyyat müəllimi vardı. Xoşu gəlirdi müəllimdən, müəllimin də ondan. Harda görürdüsə deyirdi ki, Mais hərdən qorxuram məni çaşdırar hesabda. Nəsə axır gəlinimiz ağzından qaçırıbmış ki, Zeynəb ölüb. Ölüb də deməyim gəlmire, elə qəşəng bala idi ki, elə qəşəng, səliqəli, şeytan... Yəni dilçəkli idiye, ona görə şeytan deyirəm, yoxsa mələk idi, mələk!

 

Əsəd oxumadı ondan belə. Dedi ki, getmərəm məktəbə. Nə qədər əlləşdik, olmadı. Axır razılaşdıq. O da Zəngilan çinarları kimi uzandı köndələn. Elə bil ki, gözümə dağ olsun deyə doğdu Sürəya bunu. Bizim nəsildə belə hündür boy adam olmayıb. Sürəyanın ana tərəfi ucaboylu olub. Onlara çəkdi yəqin. Nə deyim... 

 

Zəngilanı onunla izləyirdim. O, əridikcə ora yadıma düşürdü. Əvvəl ortası daraldı, sonra beli qatlandı, qulaqları yekəlmişdi, mənim uşağıma oxşamardı. Ova getməyə yerdə yoxdu. Fikirləşirdim ki, gedəm ördək vuram gətirəm...

 

Nə isə, nə uzadıme, Əsəd də getdi. Pöhrələmədi də heç. Zəngilanın çinarları kimi.

 

Nicat Səlimov

 

 

 

Mənbə: Müəllif: XƏBƏR365
Çinarlar, pöhrələmir, -, Zəngilansız, 24, il,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı