The document has moved here.
|
||
Çingiz Hüseynov: “İnsan İlahinin kitabına – Qurana müdaxilə edib” | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Tanınmış yazıçı Çingiz Hüseynov əsərləriylə hələ sovet dövründə böyük ajiotaj doğurur, ədəbi-siyasi mübahisələrə meydan açırdı. Uzun illərdir Moskvada, daha sonra İsraildə yaşayan Çingiz Hüseynov mətbuata az-az danışsa da, demək olar ki, hər müsahibəsi rezonans doğurur.
Biz də qürbətdə yaşayan yazıçımızla bir az söhbətləşdik və düşünürük ki, həmsöhbətimiz yenə də mübahisə və müzakirə doğuran fikirlər səsləndirib. Hər halda cəmiyyətdə sağlam olması şərtiylə bu kimi müzakirələrə ehtiyac var.
Xəbər365 həmin söhbəti təqdim edir:
“Bakıya kitab çatmadı, Bakı susdu...”
– Çingiz müəllim, Quranın təhrifə uğradığını deyib, onu yenidən tərtib etmək istəyirdiniz. Bu işi başa çatdırdınızmı? – Bu işi hələ 2002-ci ildə tamamladım və möcüzə baş verdi: rus dilində Moskvada geniş izahatlarımla çıxdı!.. “Ибн Гасан. Суры Корана, расставленные по мере ниспослания Пророку. Москва, «Три квадрата», 2002, 496 с”. Elektron şəkildə də var. Rusiya islam dini idarələri kitabı qəti rədd elədilər, amma mübahisəyə də girişmədilər, axı nə desinlər? Quranın quruluşu, həqiqətən, pozulub, insan İlahinin kitabına müdaxilə edib. Mətbuatda müsbət-mənfi rəylər çıxdı, təqdimatı oldu, mənimlə müsahibələr çap olundu və sairə. Bakıya isə kitab çatmadı, Bakı susdu. “Quranın quruluşuna insan əli dəyib”
– Uzun illər ateist mühitdə və ölkədə yaşamış bir ziyalısınız. Dinlə maraqlanmağınızın tarixçəsi maraqlıdır… – Mühit şərtidir... Sovetlər dövründə milli toqquşmalar başlayanda erməni avantüristləri əsasən rus tərkibli Siyasi Büroya müraciətlərinin birində elan etdilər ki, avam müsəlman barbarları (yəni biz azərbaycanlılar) mütərəqqi xristianları (yəni erməniləri) qırır, “xilas edin bizi”. Bu, məni hiddətləndirdi, məndə Məhəmməd peyğəmbər haqqında roman yazmaq fikri oyandı.
Mən İlahi tərəfindən vəhy olunma yollarını (sivil aləm bu möcüzəni “ilham” adlandırır), peyğəmbərliyin yaranma prosesini izləmək istəyirdim.
Ən böyük ədalətsizlik baş verdi: ana ilə savaşmaq, onu öldürməyə çalışmaq…
Dini kitabların mətni bəşəri mədəniyyətə daxildir, dinlər tərəfindən mənimsəmiş-özəlləşdirilmiş bəşəri estetik-bədii ədəbiyyatdır, bunu mən bilirdim və Quranla, Bibliya ilə tanış olandan sonra bu fikir məndə daha da gücləndi. Və bu günə aid ən vacibi isə budur ki, dediyim kitabların məzmun-süjet baxımdan mənbəyi, özülü, kökü və sairə “Əhli-Kitab” yəhudilərin Tövratına bağlıdır, onların əlliyə yaxın kitablarından doğur... Və tarixdə ən böyük ədalətsizlik özünü göstərdi – “ananı” danmaq, rədd etmək, “ana ilə” savaşmaq, onu öldürməyə çalışmaq. Bizə aid bunu da deyim ki, Quran yəhudilərin, Musa-Moiseyə və İsa-İsusa nazil olunan Tövrat-İncil-Zəburun (bu kitabların adları dəfələrlə çəkilir) ardıdır, yekunudur.
Məhəmməd İlahinin yeganə peyğəmbəri deyil, əvvəlki peyğəmbərlərin sırasındandır. Peyğəmbərlərə inananlar, onların kitablarını qəbul edənlər heç də kafir deyillər. Əvvəl Məkkədə geniş məna daşıyan “müslim” sözünün mənası Mədinə dövründə darlaşdı, “söz tələsinə” çevrilib yalnız Qurançılara aid edildi, və beləliklə, iudeylər və xristianlar kafirlər sırasına düşdü. – Maraqlıdır, indi hansı mövzuda əsər yazırsınız? – Bu günlərdə İsraildə çıxan illik almanax-dərgidə mənim çağdaş dövrlə bağlı romanımdan bir parça çap olundu: «Огни столицы», 2016/8, rus dilində (amma, inşallah, azəricə də yazacam): «Длинные дистанции короткого пути», yəni “Qısa yolun uzun məsafələri”. “İki söz dünyasının quluyam”
– Özünüzü daha çox hansı dilin yazıçısı hesab edirsiniz? – İki söz dünyasının quluyam: həm könüllü-həvəsli Azərbaycan dilinin (beş hekayə-povest kitablarım, şeirlər – “Qafiyəsiz duyğular” (1962-1984), kiril-latın əlifbalarında “Fətəli Fəthi” 1986-2014), həm də məcburi-ilhamlı rus dilinin (altı roman, xatirələr və elmi-publisist kitablar). “Heydər Əliyev də bizimki idi, Elçibəy də…”
– Bu gün yazıçı Çingiz Hüseynovu narahat edən əsas mövzu nədir? – Milli dövlətimin gələcəyi və xalqımın taleyi... Onu da deyim ki, Heydər Əliyev-İlham Əliyev də bizimkidi, Elçibəy də bizimki idi, Əbdürrəhman Vəzirov-Ayaz Mütəllibov da bizdəndilər. Türklər demişkən, “hepimiz” bizik. “Oxucu” problemi də narahatlığa yaxındır. Ədəbiyyatı sevən azərbaycanlılar doğma dilindən savayı ən azı iki dil də bilməlidir: fars dilini – orijinalda Nizamini dərk etmək üçün (tərcümələr ləzzətsizdir), rus dilinı: orijinalda Çingiz Hüseynovun altı romanını və xatirələr kitabını oxumaq üçün (gülür). Hələ almanı-fransızı demirəm (Mirzə-Şəfi, “Əli və Nino”, Banin). “Dünyanın taleyi “Vahid İlahiyə” ən yaxın yer olan İsraildə həll olunur”
– Bəs İsrailə köçməyiniz nəylə bağlıdır? Moskvaya necə, gedib-gəlirsinizmi? – Mənim bura köçməyim internet əsrinin adicə coğrafi səyahətidir. Onu da deyim ki, dünyanın taleyi “Vahid İlahiyə” ən yaxın yer olan İsraildə, məhz Yerusəlimdə həll olunur, “Yəhudilərə zidd olanların gələcəyi yoxdur” demərəm, amma “dumanlıdır” deyərəm. – Bildiyimiz qədəriylə Şamaxıda doğulmusunuz. Orada axırıncı dəfə nə vaxt olmusunuz? – Doğulduğum yer ata yurdum Şamaxı deyil, ana yurdum Bakıdır. Hər gün ruhən Bakıdayam, amma cismən ayrıldığımız on ildən çoxdur. Ayı meşədən küsüb, meşənin xəbəri yoxdur (gülür). – Keçən il Yazıçılar Birliyindən istefa vermişdiniz. Birliyə rəhbərlik edənlərdən kiminləsə əlaqəniz, münasibətiniz qalıbmı? Çox maraqlıdır: Anarı bir yazıçı kimi necə dəyərləndirirsiniz? – Bütün bu kimi “problemlər”, həyata-mühitə bağlı olsalar da, xırda məsələlərdir. O ki qaldı Anara, təbii ki, o, bir yazıçı kimi “Qələm şəhidi” olmasa da, Azərbaycan mədəniyyətının görkəmli simalarındandır. “Kütləvi halda biz hələ çiyik, dəyməmişik”
– Yazıçı Əkrəm Əylislinin məlum-məşhur aeroport qalmaqalından yəqin ki, xəbərdarsınız, baş verənlərə münasibətinizi bilmək istərdik… – Əkrəm Əylisli əsl sənətkardır, Azərbaycanın görkəmli (ziddiyyətləri olsa da) yazıçısıdır. Dövlətin xidmətində olan və çoxluq təşkil edən cəmiyyətin Əkrəmə qarşı mənfi münasibətdən doğan hərəkətləri yaramazdır, bizim əxlaqi-fəlsəfi-insani səviyyəmizin nə qədər yaramaz olduğunu göstərir. Təəssüflər ki, kütləvi halda biz hələ çiyik, dəyməmişik. İnamsızlıq deyil bu, olumluyam-nikbinəm, dediyim quruca faktdır. |
||
|
||
Çingiz, Hüseynov:, “İnsan, İlahinin, kitabına, –, Qurana, müdaxilə, edib”, |
|