Xəbər haqqında
13 Yanvar 2018 - Şənbə 19:41 313 nəfər oxuyub
 
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı
Nəsir Əhmədli
BAXIŞ Xəbəri
Dilçi alim AMEA-nın orfoqrafik səhvlərini üzə çıxartdı

"Yeni tərtib olunmuş “Azərbaycan dilinin orfoqrafiya qaydaları”nı təsdiqə göndərməzdən əvvəl mənim bu qeydlərimi nəzərdən keçirmənizi xahiş edirəm".

 

Xeber365.com-un məlumatına görə, bu sözləri BDU-nun Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri doktoru, professor, Əməkdar jurnalist Nəsir Əhmədli "AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ ORFOQRAFİYA KOMİSSİYASINA VƏ NƏSİMİ ADINA DİLÇİLİK İNSTİTUTUNA" adlı açıq məktubunda yazıb. 


• 2-ci bəndin əvvəli belə yazılsin: “Son səsi [x] kimi tələffüz olunan...”, çünki lüğəvi şəraitdə onlardan heç birinin son səsi [ğ] kimi tələffüz olunmur}. Burada Qazax və Yevlax sözlərinə də aydınlıq gətirmək lazımdır. Məncə, onlar etimologiyalarına uyğun olaraq Qazaq və Yevlaq kimi yazılmalı, Qazax və Yevlax kimi tələffüz olunmalıdır.


• 3-cü bəndin “Qeyd” hissəsindəki mexanik, texnik sözləri bu bəndə uyğun deyil, onların son səsi [kʹ] kimi tələffüz olunur.
• 5-ci bənd belə yazılsin: “-əng sonluqlu milli və alınma sözlər g hərfi ilə yazılır: çələng, pələng, səhəng, tüfəng, ahəng, qəşəng, nəhəng və s. Dördüncü bənddəki qayda bu sözlərə də aiddir”.


• 6-cı bənd belə yazılsin: “Son səsi [ç] kimi tələffüz olunan sözlər c hərfi ilə yazılır: kərpic, qılınc, ülgüc, künc və s. Dördüncü bənddəki qayda bu bəndə də aiddir.


• 9-cu bənd belə yazılsin: “Son hecasındakı saiti [i], bəzən də [ü] ilə tələffüz olunan ərəbmənşəli sözlər ənənəvi-tarixi prinsipə əsasən i ilə yazılır: külli (miqdarda), təsadüfi, müdir, müdrik, müflis,müxbir, müxlis, münbit, münsif, mürid, mürşid, müsibət və s. 
Qeyd: Mühüm və üfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır”.


• 11-ci bənd belə yazılsın: “a saiti ilə bitən alınma sözlər iki cür yazılır: 
a) Mənbə dildə a saiti ilə bitən aşagıdakı sözlərin sonunda a hərfi yazılmır: aksiom, anket, aptek, atmosfer, fabrik, fonem, kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, qrup, leksem, lent, maşın, perspektiv, planet, pyes, reklam, rezin, sistem, sistern, sitat, teorem, vitrin və s.


b) Belə sözlərin sonundakı a saiti atılarkən mənası anlaşılmayan və ya başqa məna verən sözlər mənbə dildəki kimi a hərfi ilə yazılır: botanika, doktrina, forma, kamera, qrammatika, norma, poetika, poeziya, respublika, taktika və s. Belə sözlərin bəzilərinin sonunda a hərfi yazılmadıqda məna dəyişikliyi baş verir. Məsələn, botanika elm sahəsi olduğu halda, botanik həmin sahə üzrə mütəxəssisdir.
• 14-cü bənd belə yazılsin: “Latın və ingilis dillərində tərkibində c, alman dilində z, rus dilində ц samiti olan Avropa mənşəli alınma sözlərin yazılışında aşağıdakı qaydalar əsas götürülür:
a) ümumi isimlər s ilə yazılır: aseton, dosent, konsert, lisey, sex, sement, senzura, sirk və s.


Qeyd: Vitse sözü istisnadır, ts ilə yazılır.


b) xüsusi isimlərdə sözün əvvəlində s ilə (Setkin, Sialkovski və s.); sözün ortasında və axırında isə ts (Motsart, Muromets, Vorontsov və s.) yazılır: 
• 16-cı bənddə verilmiş Höte sözü alman dilində h ilə deyil, g ilə yazılır. Azərbaycan dilində bu söz mənbə dildəki tələffüzə uyğun olaraq Qoythe kimi, Heyne isə Hayne kimi işlənməlidir.


• 17-ci bənddəki istisna sözlərə tambur, tamburin, müşəmbə, vampir sözləri də əlavə olunmalıdır. Bunu da nəzərə almaq lazımdır ki, dilimizdə həm Qənbər, həm də Qəmbər sözləri var.


• 21-ci bənddə verilmiş gigiyena sözü mənbə (yunan) dildə g ilə yox, h ilə başlanır: hygieinos. Deməli, bizim dildə o, higiyena formasında olmalıdır. Eyni fikir Praqa sözünə də aiddir (Mənbə dildə: Praha). Alman dilindən alınmış qalstuk sözü halstux kimi yazılmalı və deyilməlidir (almancası: halstuch. Hals – boyun, tux – mahud, parça).


• 34-cü bənd. Ssenari mənbə dildə (İtaliya) ss qoşa samiti ilə sc samitləri ilə başlanır: scenario. Ona görə də bu sözü əvvəlki formada (ssenari) saxlamaq lazımdır. Bundan başqa, dilimizdə ssuda sözü də var. Bəs o necə yazılsın?
• 35-ci bənd 30-cu bəndlə ziddiyyət təşkil edir.


• 38-ci bənddəki “Sonu saitlə bitən...”, “Sonu samitlə bitən...” deyimlərində sonu sözünə ehtiyac yoxdur.
• 43-cü bəndlə bağlı: zənnimcə, açıq-sarı, tünd-göy defissiz (ayrı) yazılsa, daha yaxşıdır.


• 45-ci bənddə verilmiş xas sözü, məncə, qoşmadan daha çox sifət rolunda çıxış edir. Qeydlərin 1-ci bəndi birmənalı olmalıdır: “İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazılır: çəkiclə, qatarla, qələmlə və s.


• “Birinci hərfi böyük yazılan sözlər” bölməsində (51-61-ci bəndlər) fakültə və kafedra adlarının necə yazılmalı olduğuna aydınlıq gətirilməlidir.


• 62-ci bənd. AzərTAC-da c sözün 2-ci hərfi olduğu üçün, məncə, kiçik hərflə yazılsa yaxşıdır.


Hörmətli həmkarlarım! “Orfoqrafiya qaydaları” çox ciddi məsələdir. Xahiş edirəm, layihəni təsdiqə verməyə tələsməyin. Geniş müzakirə olunsun, rəylər toplanıb ümumiləşdirilsin, son olaraq bir də baxılsin və mükəmməl şəkildə nəşr olunsun.

 

 

Mənbə: Müəllif: XƏBƏR365
Dilçi, alim, AMEA-nın, orfoqrafik, səhvlərini, üzə, çıxartdı,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı