Azərbaycan dilinin yeni orfaqrafiya lüğəti çap olunacaq. Əlbəttə ki, bu iş artıq bir neçə ildir ki, 5 ildən bir həyata keçirilir. Belə demək mümkünsə, 5 il müddətində xalq dildə bəzi sözlərin deylişini dəyişirsə, dilə yeni sözlər gətirirsə, bu, sonda orfoqrafiya lüğətində öz əksini tapır. Deməli cəmiyyətdə böyük səs-küyə səbəb olan yeni orfoqrafiya lüğəti bəlli bir mexanizmə əsasən tərtib olunur. Burada qeyri-adi bir hal yoxdu.
Bəs o zaman cəmiyyətdə yaranan bu səs-sədanın səbəbi nədir?
İctimai müzakirələr elan olunandan bu yana hər kəs öz fikrini müxtəlif formalarda ictimayyətə çatdırmağa çalışır. İrad bildirənlər arasında dilçi alimlər, professorlar da var.
Sosial şəbəkələrdə gedən müzakirələrə baxanda isə bəzi sual doğuran məqamlar da çıxır ortaya??
Məsələn, Tərcümə Mərkəzi “İşlək orfoqrafiya lüğəti” adlı lüğətini hazırlayıb. İndi AMEA-nın lüğəti çap olunsa Tərcümə Mərkəzinin “İşlək orfoqrafiya lüğəti” avtomatik olaraq bir kağıza çevrilə bilər. Çünki əsas olan, dövlət tərəfindən qəbul edilən qanuni lüğət AMEA-nın lüğəti olacaq. Bu digər lüğətlərin satışını sıfıra endirə bilər. Buna görə də bu lüğətin çapını gecikdirməyə çalışırlar.
Çoxları, elə orfoqrafiya lüğətini hazırlayan Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun əməkdaşları da düşünür ki, səs-sədaya səbəb lüğətin ictimai müzakirəyə buraxılmasıdır. Araşdırmamız zamanı məlum oldu ki, bundan öncəki lüğətlərin heç biri ictimai müzakirələrə təqdim olunmayıb. Lakin bununla belə, yeni orfoqrafiya lüğətinə, bu lüğətdəki dəyişikliklərə, ümumiyyətlə lüğətin çap olunmasına qarşı formalaşan prosesin təkcə ictimai müzakirədən irəli gəlməsi real görünmür.
Xəbər365 olaraq əvvəlcə lüğətdəki dəyişikliklərə qarşı çıxanların fikri və bu fikirlərə dilçi mütəxəsislərin münasibətini sizə təqdim edirik. Məsələn, bəziləri hesab edir ki, yeni lüğətdə "kompyuter" sözü olduğu kimi saxlanılmalıdır. Buna səbəb kimi dəyişikliklərin kütləvi savadsızlıq yaradacağı göstərilir. Hesab edilir ki, bir qrup insan bu sözü əvvəlki lüğətdə olduğu kimi yazacaq. Lüğətin tərtib olunması üçün yaradılan işçi qrupu-komisiya isə bu sözün "kompüter" kimi yazılmasının doğru olduğunu hesab edir. Bəs görəsən kimin qənaəti daha doğrudur?
AMEA-nın Dilçilik İnstitutunun böyük elmi işçisi, fil. ü. fəlsəfə doktoru İlahə Qurbanlı Xeber365.com-a açıqlamasında bildirib ki, lüğətə qarşı olan hücumların başlıca səbəbi kompleks yanaşmanın olmamasıdır. İnstitutun əməkdaşı qeyd edib ki, lüğətdə göstərilən dəyişikliklər dil qanunlarına uyğun olaraq həyata keçirilir:
“Bilirsiniz, orfoqrafiya lüğəti bir neçə ildən bir çap olunur və dildəki dəyişliklər nəzərə alınır, toplanır və qeydə alınır. Orfoqrafiya lüğəti tərtib olunarkən həm dil qanunları, həm də orfoepiya qaydaları nəzərə alınır və buna uyğun olaraq tərtib olunur. Məsələn, bəziləri deyir ki, “kirpik” kiprik, “körpü” köprü kimi yazılsın. İndi, baxın bizdə kiprik, köprü yaxud da yapraq sözü işlədən varmı? Kütləvi savadsızlığı bu yarada bilər. Çünki 8 milyonun içində köprü deyən yoxdur. Əgər dildə belə dəyişiklilər olarsa onsuz da lüğətə salınacaq. “Alğı-satqı” sözünə qarşı olan fikirlərə də artıq alimlərimiz tərəfindən cavab verilib. Bir neçə cür yazılan –qı şəkilçisi ahəng qanununa tabe olur. Burada saitlərlə yanaşı samitlərin də ahəngi nəzərə alınıb. Əvvəlki illərdə çap olunan lüğətlərdə bu məsələ bəzən nəzərə alınıb , bəzən yox. Lakin 2013-cü ildə çap olunan lüğətdən əvvəlki lüğətlərdə bu söz “Alğı-satqı” idi. Bütün bu müzakirələrə baxmayaraq Azərbaycan dilinin sözlərinin yazılışında əsas mənbə hesab edilən orfoqrafiya lüğəti bir neçə aya, təxminən may ayında çap ediləcək. Yeni orfoqrafiya lüğəti əvvəlkindən fərqlənəcək. Çox güman ki, yeni lüğətdə əvvəlki lüğətdə yer alan mürəkkəb söz kimi verilən bəzi yersiz birləşmələri görə bilməyəcəyik. Alınma sözlərlə bağlı da xeyli dəyişikliklər var. Lakin ,əlbəttə, müzakirələr hələ bitməyib. Dəyərli dilçi alimlərimiz və ziyalılarımız hələ müzakirələri davam etdirirlər. Bilirsiniz, hal-hazırda sözü gedən lüğətin hazırlanmasında Azərbaycan dilçiliyinin nəhəng simaları çalışır. Akademik Möhsün Nağısoylu bu məsələyə xüsusi həssaslıqla yanaşır. Professor Qəzənfər Kazımov və başqa təcrübəli alimlərimiz də yeni orfoqrafiya lüğətinin hazırlanmasında yaxından iştirak edirlər”.
İlahə Qurbanlı hesab edir ki, müzakirələrin qızışmasının bir səbəbi də dilçi olmayanların öz subyektiv fikirlərini qanun kimi irəli sürməsidir:
“Müzakirələr imkan verir ki, hər kəs təkliflər paketini komisiyaya təqdim etsin. Əgər bu təklif ağılabatandırsa qəbul olunacaq. Təəssüf ki, dilçi olmayan insanlar yersiz iddialar səsləndirirlər. Məsələn, alınma sözlərdə qoşa “y”-nın çıxarılmasına qarşı nə qədər sərt fikirlər səslənir. Axı kimə lazımdı bu qoşa “y”? Bu dildə nə üçün saxlanılmalıdı? Əlbəttə, açıq müzakirəyə çıxardılmış orfoqrafiya lüğəti ilə bağlı ölkənin bütün ziyalıları fikir və münasibət bildirə bilərlər, lakin bu təkliflər tərtib olunub komissiyaya təqdim edilməlidir. Daha sosial şəbəkələrdə Dilçilik İnstitutuna qarşı təhqir dolu fikirlər nəyə lazımdır. Ana dilimizə olan həssaslığı alqışılayırıq, lakin bu qayğı dilçi alimlərə qarşı təhqirlə müşahidə olunmamalıdır”.
Mövzu ilə bağlı araşdırmalarımızı və mütəxəssislərin fikirlərini sizə təqdim edəcəyik.
|