The document has moved here.
|
||
Dilimizi bilməyənlərə Azərbaycan vətəndaşlığı verilməsin - Dekandan təklif | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Musavat.com və Xeber365.com saytları Türk dilinin regionda hakim dilə çevrilməsi istiqamətində yeni bir layihəyə başlayıb.
Layihə çərçivəsində növbəti müsahibimiz Xəzər Universiteti Təhsil fakültəsinin dekanı, filologiya elmləri üzrə fəlsəfə doktoru Elza Səmədlidir. O, tarixi və modern türk ləhcələri üzərində tədqiqatlar aparır.
– Elza xanım, türk dilinin regionda və dünyada yayğınlaşdırılmasını qarşısıalınmaz proses hesab olunur. Ancaq sizə də elə gəlmirmi ki, bunun üçün, ilk növbədə, türkdilli xalqlar bir-biriylə ortaq türk dilində rahat danışa bilməlidir? Bu mənada, sizin təklifiniz nədir?
– Mənim təklifim sadədir. Nə baxımdan sadədir? Məsələn, çox adam etiraf edir ki, Azərbaycan dili söz ehtiyatı baxımdan zəngin deyil, yaxud elm və texnologiya inkişaf elədikcə, biz onu ifadə edəcək sırf Azərbaycan dilində olan bir söz yaratmırıq. Biz onu olduğu kimi, yəni Avropa və ya rus mənşəli bir sözü olduğu kimi qəbul eləyirik. Amma Türkiyə türkcəsində qarşılığı tapılmış bu cür sözlər çoxdur. Ən azından belə nümunələr var, məsələn, bilgisayar. Biz “kompüter” olaraq bu sözü olduğu kimi almışıq, amma Türkiyə türkcəsində yeni bir söz yaradıblar. Ortaq bir dil yaratmaq qayəsi yerinə, ziyalılar olaraq hamımız öz sahəmizdə yazarkən, çıxış edərkən, danışarkən, yəni ortaq türk dilində olan sözlərdən istifadə edərək danışsaq, yazsaq, daha məqsəduyğun olar. Süni dil yaratmaqdansa, bir-birimizi daha aydın başa düşəcəyimiz tərzdə danışdığımız zaman bu ideya həyata keçəcək. Məsələn, hər hansı konfransda Orta Asiyadan gələn insanlar çıxışlarını rus dilində etmək yerinə, türkcə edə bilərlər. Vacib deyil ki, sırf Türkiyə türkcəsində olduğu kimi olsun. Yəni dediklərimiz aydın, başa düşülən olsun. Məsələn, “Tərcüman” qəzeti sırf Türkiyə türkcəsində deyildi, amma o, bütün türk dünyasında oxunurdu, aydın olurdu. Bu baxımdan təklifim ondan ibarətdir ki, həm yazılarımızda, həm danışığımızda ortaq türk dilində olan sözləri istifadə edək və bir-birimizi başa düşək.
Əlbəttə, türk dili deyəndə, Türkiyə türkcəsini nəzərdə tuturuq. Bu, reallıqdır. Bir konfransa gediriksə, deyirik ki, konfransın dili rus, ingilis və Türkiyə türkcəsidir, türk dilidir. Yəni türk dilində çıxış edən insanlar, istər Orta Asiyadan olsun, istərsə də dünyanın başqa yerindən olsun, çıxış etmək istəyən Türkiyə türkcəsi ilə məruzəsini göndərir. Beləcə, istər-istəməz bu qarşısıalınmaz proses gedir.
–Azərbaycan və Türkiyə türkcəsi bir-birinə daha asan qovuşa bilər, zənnimcə. Türkiyənin ucqar bölgələrinin dili ilə Azərbaycan dili daha çox oxşardır, məsələn...
– Dil siniflənmsəi ölkələrin sərhədləri kimi deyil. Yəni, dövlətlərin coğrafi sərhədləri ilə dillərin təsnifatı eyni olmur. Məsələn, Türkiyənin İstanbul türkcəsi ilə, tutaq ki, Iğdırda danışılan türkcə eyni deyil. Bu, əlbəttə ki, Azərbaycan sahəsinə aiddir. Çünki ortaq bir oğuz dili var. Türkiyənin özünün içərisində Doğu Anadolu – Şərqi Anadolu Azərbaycan sahəsinə aiddir. Dil xüsusiyyəti də bunu göstərir.
– Bəs, ümumiyyətlə, bu proses davamlı olarsa, müəyyən zamandan sonra türk dilinin beynəlxalq dilə çevrilməsi üçün əsaslar nə qədər möhkəmdir?
– Bu, dil siyasətindən asılı olan bir şeydir. Əlbəttə, bir də türkdilli ölkələrin siyasi və iqtisadi baxımdan nə qədər güclü olması ilə əlaqədar bir məsələdir. İngilis dili niyə dünya dilidir? Çünki inkişaf etmiş ölkələrin dilidir...
– Yəni bu ideyanın həyata keçirilməsi bilavasitə türk dilinin daha geniş coğrafi məkanda yayılması, istifadə olunmasına bağlı deyil.
– Əlbəttə, bu, bilavasitə dillə bağlı olan məsələ deyil. Universitetlərdə ingilis dilində təhsil alanlar araşdırma sahəsində, tutaq ki, ingilis dilli mənbələrdən istifadə edirlər. Azərbaycan dilində təhsil alanlar isə Azərbaycan dilində əlçatan mənbələr olmadığına görə türk dilində ədəbiyyatlara müraciət edirlər. Yəni o baxımdan dedim ki, türk dilinin Azərbaycanda və regionda öyrənilməsi qarşısıalınmaz bir prosesdir, çünki elmi ədəbiyyatın böyük hissəsi türk dilindədir.
Gəlin baxaq ki, bu gün o elmi ədəbiyyat Azərbaycan dilinə nə qədər tərcümə olunur? Elmi ədəbiyyatlar Azərbaycan dilinə çox az tərcümə olunur. Amma Türkiyədə elmin , demək olar ki, istənilən sahəsində türk dilində mənbə var. Və mənə elə gəlir ki, ali məktəblər baxımından xüsusilə, yəni ali məktəbdəki müəllimlər özləri bu istiqamətdə yeni elmi ədəbiyyata çıxış, yenilikləri izləmək, alternativ ədəbiyyat tapmaq istiqamətində işləməlidirlər. Çünki sadəcə Azərbaycan dilindəki ədəbiyyatla siz tələbəni çox irəli apara bilməzsiniz. Bu bir reallıqdır ki, Azərbaycan dilindəki dərsliklər ali məktəblər üçün çox deyil. Çoxu Sovet dövründə məhz Sovet pedaqogikasına uyğun yazılmış kitablardır.
– Çox haqlısınız. Ali məktəb müəllimlərinin əksəriyyətinə məlum olan, tələbəyə məsləhət gördükləri dərsliklər Sovet dövrünün məhsullarıdır. Məsələn, jurnalistikanın nəzəriyyəsi ilə bağlı ancaq V.Voroşilovun yazdığı kitablara müraciət edirlər.
– Yəni bu o deməkdir ki, gənc müəllimlər, gənc ziyalılar türk dilindəki elmi ədəbiyyatdan xəbərsizdirlər. Mənim stolumun üstündəki dərsliklərə nəzərə salsanız, üç dildə kitab görəcəksiniz. Amma çoxu türk dilindədir və bu, bizim universitetin kitabxanasında da belədir. Çünki müəllimləri yönləndiririk ki, Azərbaycan dilində ədəbiyyat tapmırsınızsa, yenilikləri türk dilində izləyin, bu kitablara müraciət edin, araşdırın. İngilis dilində kitabları oxumaq daha çətindir, başa düşmək daha çətindir. Ona görə də tələbələrin qarşısına seçim qoyuruq ki, baxın, təhsilin idarə olunmasına dair ingiliscə də kitab var, türk dilində də. Hər iki kitabdakı məlumat, yanaşma, metodologiya, demək olar ki, eynidir. Hansından istəyirsiniz, ondan öyrənin. Uşaqların əksəriyyəti istər-istəməz türk dilində olana meyillidir. Və onlar imtahan işini yazarkən baxırsınız ki, məhz ortaq türk dilində yazıblar. Çünki oxuduqları ədəbiyyatTürkiyə türkcəsindədir və tədris dilimiz Azərbaycan dilindədirsə, onlar ortaq türk dilində yazırlar. Oxuduğu mənbə ilə danışdığı dili birləşdirərək ortaq türk dilini bu şəkildə yaradırlar. Yəni, məncə, digər ali məktəblərdə də bu yöndə təbliğat olsa, nəticə əldə etmək olar.
– Layihə çərçivəsində müsahiblərimiz türk dilinin regionda hakimliyini siyasi və iqtisadi məqamlarla əlaqələndirirlər. Bu, danılmazdır. Ancaq məsələn, Aziz Sancar elm sahəsi üzrə Türkiyəyə “Nobel” gətirdi. Üstəlik, o, bu sahə üzrə Nobel mükafatı alan ilk türkdür və bu, böyük səs-küy doğurdu. Bunun özü belə, sizcə, türk dilinə, türk dünyasına maraq oyatmaqda güclü amil deyilmi?
– Əlbəttə, güclü amildir. Dilin populyarlaşması, mənə elə gəlir ki, birinci növbədə elmin inkişafı ilə bağlıdır. Yəni Türkiyə türkcəsinin regionda daha da populyar olmasının əsas səbəbi ciddi elmi ədəbiyyatın olmasıdır. Elmin inkişafı, dilin inkişafı deməkdir.
Baxın, mən özüm Türkiyədə təhsil almışam, Türkiyə türkcəsinin ortaq türk dili olmasına qarşı deyiləm, amma siz bu fikri birbaşa səsləndirdiyiniz zaman qarşı tərəfi istər-istəməz qıcıqlandırır. Amma siz başqa aspektlərdən bunu bir fakt kimi qoyduğunuz zaman qarşınızdakı şəxs başqa çıxış yolu olduğunu görmür. Görür ki, həqiqətən, bu gün Türkiyənin ən zəif universitetində belə tədris Azərbaycandakı universitetlərindən çox yüksək səviyyədədir.
Elm və təhsil ciddi faktordur. Türk dilinin regionda hakim dil olduğunu göstərəcək faktorlardan biridir. Bu gün görün nə qədər Azərbaycan gənci Türkiyədə təhsil alır. Bu, özü sevindirici haldır. Yəni “ortaq türk dilinin yaranması qarşısıalınmaz prosesdir” deyəndə bunu nəzərdə tuturuq.
– Elza xanım, bəs dünya xalqlarının Azərbaycan dilinə münasibəti sizi qane edirmi?
– Bilirsiniz, hər hansı xarici ölkədə, tutaq ki, Azərbaycan dilində danışdığınızı desəniz, onlar sizi tam olaraq başa düşməyəcəklər. Desəniz ki, bu, türk dillərindən biridir, onda daha geniş bir aspektdə başa düşülür. Biz də dilimizi tanıtmaq, sevdirmək məqsədilə universitetimizdə başqa ölkələrdən gələn xarici tələbələrə Azərbaycan dilini, ədəbiyyatını, tarixini, mədəniyyətini öyrənmə şərti qoyuruq. Yəni bu dörd fənni xarici tələbələr Azərbaycanda keçirlər. Ümumilikdə tədris dili ingilis dilindədir, bu, öz yerində, amma bu tələbələr Azərbaycanda bu dörd fənnin içərisində bizim maddi-mənəvi dəyərlərimizi öyrənmiş olurlar. Necə ki, bir xarici ölkəyə təhsil almağa getdiyimiz zaman tədris ingilis dilində belə olsa, yerli dili öyrənirik, eyni şəkildə bu siyasət bizim universitetlərimizdə aparılsa, Azərbaycan dil dünyada daha çox tanınacaq. Həmçinin, şərt qoyulsun və Azərbaycan dilini bilməyən xaricilərə Azərbaycan vətəndaşlığı verilməsin. Zənnimcə, bunun da böyük rolu olar.
Bu gün deyə bilmərik ki, Azərbaycan dili dünyada tanınır. Türk dili daha çox tanınır. Türk mənşəli sözlərin hesabına dilimizi daha da zənginləşdirə bilərik. Dilimizi bu şəkildə zənginləşdirdiyimiz zaman, mənə elə gəlir ki, regionda ortaq bir türk dili formalaşmış olacaq.
|
||
|
||
Dilimizi, bilməyənlərə, Azərbaycan, vətəndaşlığı, verilməsin, -, Dekandan, təklif, |
|