The document has moved here.
|
||
"Dirçəlişdən Yüksəlişə” mövzusunda zoom-konfrans keçirilib | ||
GÜNEY AZƏRBAYCAN Xəbəri | ||
![]() |
||
|
||
Dekabrın 29-da Azərbaycanın Tarixi Torpaqlarının Araşdırılması və Öyrənilməsi Mərkəzinin (ATTAÖM) təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş "Dirçəlişdən Yüksəlişə” adlı zoom-konfrans keçirilib.
"Xəbər365" bu barədə AY Partiyanın rəsmi saytına istinadən xəbər verir.
Konfrans iştirakçıları ilk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçənlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirin moderatoru Elşad Abdullayev konfransda Azərbaycanın bölünmüş əraziləri ilə bağlı 4 nəfərin məruzə ilə çıxış edəcəyini bildirib.
İlk məruzəçi folklorşünas Əli Şamil “Azərbaycan-İran əməkdaşlığının Güney-Quzey müstəvisindən baxaraq incələnməsi” mövzusunda çıxış edib. Onun çıxışının əsas məğzi bundan ibarət olub, keçən əsrin sonlarında Sərhəd Hərəkatı və onun ardından gələn müstəqilliyimizin ilk illərində İranın qeyri-dost yanaşması hər sahədə hiss olunub: “İş o yerə çatdı ki, İran rəsmiləri Rusiyanı özlərinə qardaş, ona qarşı çıxanı isə düşmən ölkə elan edirdilər. Fəqət buna baxmayaraq, İranın ayrı-ayrı din adamları rəsmi mövqenin əksinə olaraq Azərbaycana dəstək verməkdən çəkinmirdilər”.
Təbriz Araşdırmaları Mərkəzinin Başqanı dr. Rza Heyət “Türkiyə-Azərbaycan yaxınlaşmasının Güneydəki milli düşüncəyə təsiri” mövzusunda məruzə ilə çıxış edərək, Azərbaycan ilə Türkiyənin ortaq keçmişə, xüsusilə Səlcuqlu imperiyasının mirasına sahib olmalarına diqqət çəkib: “Bu o deməkdir ki, ortaq keçmişi olan bu iki dövlət gələcəyi də ortaq planlarla qurmalı və inşa etməlidir”.
Ankara Universitetinin müəllimi, prof. dr. Nəsib Nəsibli “Siyasi tariximizdə anlayışlar problemi” mövzulu məruzəsində bir çox termininin xarici qüvvələr tərəfindən leksikonumuza daxil edildiyini və bizim bundan qurtulmağımız gərəktiyini vurğulayıb. Onun fikrincə, hər bir termin müəyyən məna daşıyır: “O məna isə həmin terminlə adlandırılan prosesə yüklənir və doğru termin istifadə edilmədikdə, prosesin mənası dəyişdirilir. Misal üçün, 20 Yanvar hadisəsi matəm günü deyil, əslində Dirəniş günüdür. Matəm deməklə onun mahiyyəti dəyişdirilir. Həmçinin, Dağlıq Qarabağ münaqişəsi sözü doğru deyil, bu, açıq-aşkar müharibədir”. Professorun fikrincə, xaricilərin bu oyununa gəlməməli və hər şeyi özümüzün dəyərləri bucağından adlandırmalıyıq.
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi sözçüsü Məhsa Mehdili “Qarabağ savaşındakı zəfərin Güney Azərbaycanın gələcəyinə təsiri” mövzusunda məruzə ilə çıxış edib. Onun fikrincə, Qarabağ məsələsi Güney Azərbaycan siyasi qüvvələrinin hər zaman gündəliyində olub: “Son 44 günlük müharibə isə onu göstərdi ki, Güneydə insanlar hər kəsi təəccübləndirə biliblər. Çünki heç kim belə bir izdihamlı ruh yüksəkliyinin nümayişini gözləmirdi. Demək ki, milli dayanışma duyğusu və bu yolda insanların fədakarlıq əzminin miqyası çox dərindir və qüvvətlidir”.
Məruzələrdən sonra müzakirələr başlayıb və ilk sözü Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn alıb. O bildirib ki, Həmrəylik gününün əhəmiyyəti milli birlik və bütövlük xəttinin mahiyyətində gizlidir: “Tarixi Azərbaycan torpaqlarında ərəb-kürd dövlətlərinin yaradılmasına ciddi cəhdlə qarşı çıxmaq lazımdır. Azərbaycanın bütövlüyü ilə bağlı AXC-nin Nizamnaməsində də maddə var idi."
Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu vurğulayıb ki, Güney-Quzey milli qüvvələrinin birlikdə fəaliyyəti üçün ortaq ictimai-siyasi platforma yaradılmalıdır. Fəaliyyət istiqamətlərinin ana xəttindən biri isə Güneyli tələbələrin Quzeydə universitet təhsillərini xüsusi güzəşt və imkanlarla almasını təşkil etmək olmalıdır.
Jurnalist Ceyhun Musaoğlu bir çox siyasi bəyanatda terminləri və ifadələri diqqətlə işlətmək tərəfdarı olduğunu deyib: “Misal üçün qonşumuz olan İrana qarşı son dərəcə düşməncə təbirlərdən istifadə olunmamalıdır”.
Hələb (Suriya) Türkmənlərindən dr. Muxtar Beydili Azərbaycanı özlərinin ata yurdu kimi gördüklərini deyib. Ən böyük arzusunun isə bir gün Türk Birliyini görmək olduğunu vurğulayıb. O müraciətində isə deyib ki, Hələbli Türkmən tələbələrin Azərbaycanda təhsilinə yardım etmək lazımdır - eynən Türkiyədə olduğu kimi.
Ankaradan konfransa qatılan dr. Şahin Ahmetoğlu isə tarixi yaxınlığa baxmayaraq, İranın Azərbaycanın varlığını heç bir şəkildə həzm edə bilmədiyini, yaxşı mənada mənimsəyə (doğmalaşa-red.) bilmədiyi vurğulayıb. O təəssüflə qeyd edib ki, Sərhəd Hərəkatına aid nə bir ədəbi bədii əsər var, nə də bir tarixi kitab. Bu mənada konfransı təşkil edən Mərkəzin öhdəsinə çox iş düşür.
Daxili Qoşunların sabiq komandanı Fəhmin Hacıyev, hüquqşünas Nicat Gözəlov, “Aydınlar" Partiyasının sədr müavini Qorxmaz İbrahimli politoloq Oqtay Qasımov müzakirələrə qatılaraq, mövzularla bağlı fikirlərini bildiriblər və bəzi təkliflərlə çıxış ediblər. Çıxışçılar qeyd ediblər ki, bütün hallarda Azərbaycan xalqı öz tarixi torpaqları üzərində suveren haqqını qurmalıdır və bunu dünyaya qəbul etdirməlidir. Müzakirələr zamanı konfrans iştirakçıları adından qAzərbaycanın Güneyində soydaşlarımızın hüquqlarının müdafiəsi məqsədilə qətnamə qəbul edilməsi təklif olunub.
Sonda Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli çıxış edərək, konfrans iştirakçılarına təşəkkürünü bildirib. O qeyd edib ki, Partiyanın və Mərkəzin fəaliyyəti Azərbaycan xalqının maraqlarını daha yüksək səviyyədə təmin etmək istiqamətində aparılacaq. “Quzey Güneyə hazırdırmı? sualı günümüzün əsas sualı olaraq ortaya çıxır, dedi. Bu, heç də ritorik sual deyil və ona veriləcək cavabdan çox şey asılıdır. Ümumiyyətlə, Güney məsələsi daim quzeyin ictimai-siyasi gündəliyində durmalıdır. Digər natiqlərin konfrans adından bəyanat qəbul etmək təklifini dəstəkləyirəm. Xüsusi qeyd edim ki, hər şeyi dövlət orqanlarından gözləmək olmaz, QHT və partiyalar öz üzərinə düşən işləri görməlidir”.
Konfransın sonunda Azərbaycanın Güneyində baş verən hadisələr və İranda Qarabağa dəstək məqsədilə keçirilən aksiyalarda iştirak edən soydaşlarımızın üzləşdiyi repressiyaları qınayan qətnamə qəbul olunub.
Qətnamədə bildirilir ki, Azərbaycan Respublikasının ərazi bütünlüyü bütün dünya azərbaycanlılarını narahat etdiyi kimi, İranda yaşayan soydaşlarımızın da fəaliyyətinin əsas istiqamətlərindəndir: “Azərbaycan Ordusunun müzəffər yürüşünün şahidi olduğumuz kimi, Güney Azərbaycanda da biz milli ruhun yüksəlişinin şahidi olduq. Lakin, İranın rəsmi rejim qüvvələri "Qarabağa dəstək" aksiyalarının bir çox iştirakçısını həbs edib. Məlumatlarda həbs edilənlərin sayı 300 nəfəri keçir.
Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik Günü gəlir. Bu, bizim üçün bir bayram, şadyanalıq günü deyil. Yüzlərlə soydaşımız milli şüur və ruh həmrəyliyi göstərdikləri üçün həbsə atıldıqları bir vaxtda bayram etmək bizə düşməz. Biz qətiyyətlə İran rejiminin əməllərini pisləyir və bütün soydaşlarımızın azad edilməsini tələb edirik. Yaşadığı ölkədən asılı olmayaraq, bütün yurddaşlarımızı və soydaşlarımızı bizim tələbimizə dəstək verməyə dəvət edirik. Həmrəylik günü ərəfəsində bir-birimizə və birlikdə həbsdə olan insanlarımıza dəstək verək.
Vətənimizin, millətimizin düşmənləri ilə mübarizəmizi davam etdirəcəyimizi bəyan edirik.
Yaşasın, o taylı-bu taylı Azərbaycan!”
|
||
|
||
"Dirçəlişdən, Yüksəlişə”, mövzusunda, zoom-konfrans, keçirilib, |
|