The document has moved here.
|
||
"Elçibəyin başlatdığı xalq hərəkatının dövründə İranda türklük mübarizəsi zirvə nöqtəsinə yetişdi" | ||
Əgər İran inqilabı baş verməsə, Pəhləvilər hələ hakimiyyət başında qalsaydı, biz türklər İrandan tamam silinib assimilyasiya ediləcəkdik. Beləliklə, İran inqilabı, istəmədən də olsa, türklərə ikinci nəfəs verdi. Rəfsəncaninin 80-lərdə hakimiyyətə gəlməsi panfarsizmin yenidən güclənməsinə gətirib çıxardı, onunla paralel dövrdə Azərbaycanda milli lider Əbülfəz Elçibəyin başlatdığı xalq hərəkatının da təsiri ilə İranda türklük mübarizəsi öz zirvə nöqtəsinə yetişdi. | ||
MÜSAHİBƏ Xəbəri | ||
![]() |
||
|
||
Tanınmış güneyli fəal, araşdırmaçı yazar Rahim Cavadbəyli milli fəal kimi fəaliyyətlərindən sonra İrandan mühacirət edib. Hal-hazırda Türkiyənin Ankara Universitetində hüquq təhsili alan həmyerlimiz, həm də Türkiyədə çap olunan müxtəlif dərgilərdə Güney Azərbaycan Milli Hərəkatı ilə bağlı politoloji, analitik məqalələr yazır, İranda ana dilinin, milli kimliyin qorunması ilə bağlı fəaliyyət göstərir. İlk günlərindən İrandakı azərbaycanlıların milli hərəkatında iştirak etmiş Rahim Cavadbəyli xəbər365.com–a milli hərəkatın tarixçəsi, İranda türk milli kimliyi və dili ilə bağlı mübarizənin başlaması, ana dilinin güney azərbaycanlılar üçün önəmi, İran-Azərbaycan münasibətlərindən danışıb.
- Rahim bəy, lütfən, bizə bir qədər İranda azərbaycanlıların azadlıq hərəkəatında fəaliyyətinizdən, hərəkatın ortaya çıxma tarixçəsindən danışın. - Mən 1976-cı ildə Təbrizdə doğulmuşam, məktəbi və universiteti Təbrizdə bitirəndən sonra İranda milli məsələlərdə fəaliyyəti ilə tanınan böyük alim Doktor Zehtabinin yanında çalışmışam. 1991-ci ildən etibarən professor, Doktor Məhəmməd Tağı Zehtabi ilə bərabər mədəni fəaliyyətlər göstərməyə başladıq. Biz türkcənin öyrədilməsi, ana dilinin təbliği ilə məşğul olurduq. 1994-cü ildə Təbrizdə “Gəlin təbiəti təmizləyək” adlı bir fəaliyyətə başladıq. Xalqın çox toplaşdığı yerlərə gedib zibilləri yığardıq və həm də bu fəaliyyətdən istifadə edərək cəmiyyətə açılır, türklüyü və milli kimliyi insanlara çatdırmağa çalışırdıq. 1996-cı ildə Doktor Çöhrəqanlıyla birgə yeni, daha güclü fəaliyyətə başladıq, məhz, o illərdə də ilk dəfə Doktor Zehtabinin təşəbbüsü ilə “Babək” qalasına yürüşlərə başladıq. Bu hərəkat ilk dəfə 30-40 nəfərlə başlanmış, 2000-ci illərdə hərəkatda iştirakçıların sayı bir milyonu aşmışdı. 1996-cı ildə Çöhrəqanlı ilə birgə qurduğumuz ilk təşkilatın adı MHQ (Milli Hərəkat Quruluşu) idi. Bu təşkilatlanma uğurlu olmayınca MİH (Milli İslami Hərəkat) adlı ikinci bir təşkilat yaratdıq. Onun ardınca AMAC (Azərbaycan Milli Azadlıq Cəmiyyəti) adlı bir təşkilat da qurduq. Təəssüf ki, o zaman İranda gedən proseslər üzündən təşkilatlarımızın heç biri uğurlu olmadı, biz təşkilatlanmağı bacarmadıq.
- İranda türk milli kimliyinin yüksəlişi nə zamandan başladı? - Qacarlar imperiyası süquta uğrayandan sonra, 1921-ci ildən 1980-ci illərə qədər İranda türklərin hegemonluğuna qarşı İran hökuməti Rusiya və İngiltərə ilə birgə ortaq iş aparırdı, çünki uzun müddət avropalı və rus işğalçılar Türkiyədən, İrandan, Qafqazdan, Misirdən, Hindistana qədər hara getsələr, qarşılarında türk dövlətləri görürdülər. Onun üçün də 1980-lərə qədər İranda qurulan heç bir təşkilatda türklük ruhu olmayıb. Məsələn, Seyid Cəfər Pişəvəri bizim milli hökumətin başçısı idi, bu hökumət 4,5 milyon türk əhaliyə hökm etməsinə baxmayaraq, dövlət səviyyəsində türk sözü yasaqlanmış və xalq türk yerinə azərbaycanlı adlandırılırdı. Ondan sonra da bizim İrandakı ziyalılarımız ya farsyönümlü liberal olmalıydı, ya da solçu-tudəçi, iran-farsyönümlüsü olmalıydı, onlar özlərini İran-fars azərisi adlandırırdılar, Azərbaycan türkü demirdilər. Ancaq 1979-cu il inqilabından sonra dəyişən şərtlər bizim türklüyümüzün gündəmə gəlməsinə şərait yaratdı. Bir-birinin ardınca baş verən təsadüfi hadisələr: İran-İraq savaşının bitişi, İran inqilabının lideri Ayətullah Xomeyninin ölümü, onun yerinə Ayətullah Seyid Əli Xameneyinin dini lider seçilməsi, Rəfsəncaninin prezident seçilməsi, Sovet İmperiyasında, özəlliklə də Azərbaycanda xalq hərəkatlarının start götürməsi, SSRİ-nin dağılması və Azərbaycanın müstəqil olması İranda türk milli-kimliyinin yüksəlişinə gətirib çıxardı. Xamneyi vəzifə başına gələndə Amerikaya və İsrailə qarşı nifrət püskürən çıxışları ilə yeni dövrün başlanğıcına işarə verdi. Beləliklə, İranın içindən türklüyün partlayıb ortaya çıxmasına şərait yarandı. Əgər İran inqilabı baş verməsə, Pəhləvilər hələ hakimiyyət başında qalsaydı, biz türklər İrandan tamam silinib assimilyasiya ediləcəkdik. Beləliklə, İran inqilabı, istəmədən də olsa, türklərə ikinci nəfəs verdi. Rəfsəncaninin 80-lərdə hakimiyyətə gəlməsi panfarsizmin yenidən güclənməsinə gətirib çıxardı, onunla paralel dövrdə Azərbaycanda milli lider Əbülfəz Elçibəyin başlatdığı xalq hərəkatının da təsiri ilə İranda türklük mübarizəsi öz zirvə nöqtəsinə yetişdi.
- Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların da ana dili uğrunda müəyyən mübarizə təcrübəsi var, ancaq bizim üçün artıq ana dilində danışmaq yasağı yad kimidir. Bəs İranda yaşayan güneyli azərbaycanlılar üçün ana dili nə deməkdir? - Sovet dövrünün dərsliklərində ideoloqlar dilin sosial-psixoloji təsirini kiçiltmək üçün “Dil ünsiyyət vasitəsidir” deyib keçiblər. Ancaq güney azərbaycanlı türklər üçün dil həyat hekayəsidir, bir toplumun minlərcə il öz mədəniyyətini, ənənələrini saxlamaq yoludur. Belə ki, bizim üçün dil təkcə ünsiyyət vasitəsi deyil. Biz İranda ya öləcəyik, ya da var olacağıq. Bizim var olma şərtimiz də dilimizdir. Türk dili varsa, biz də varıq, türk dili yoxsa, biz yoxuq. Bizim mübarizəmizin əsas hədəflərindən biri türk dilinin İranda fars dili ilə bərabər haqlara sahib olması və istifadə edilməsidir. Farslar İranın 12 əyalətində, türklər isə 31 əyalətinin hamısında yaşayır. Ona görə də türk dili parlamentin dili olmalıdır, idarəetmədə işlənən dil olmalıdır.
“Elçibəy Saakaşvilinin etdiklərini ona görə bacarmadı ki, qonşuluğunda bunu istəməyən İran kimi dövlət vardı”
- Birincisi, Azərbaycanla İran arasında münasibətlər həmişə çox gizli olub. İstər Heydər Əliyevin dövründə olsun, istərsə də indi. Azərbaycan həmişə İranla münasibətlərini sabit saxlamağa çalışıb. Hal-hazırkı prezident İlham Əliyev də strateji münasibətləri qoruyur və bölgədəki keçici dəyişikliklərə görə hərəkət etmir. Məncə, doğru da edir. Ancaq Azərbaycan nədənsə İranın verdiyi fürsətlərdən axıra kimi yararlanmır. İrandakı siyasi sistemdə çoxlu fərqliliklər var ki, onlardan istifadə etmək olar. Məsələn, İranda çoxlu qeyri-hökumət təşkilatları var ki, Azərbaycan QHT-lər vasitəsilə onlarla əlaqə qurub mədəni, maarifçi fəaliyyət göstərə bilər. Məsələn, İran erməniləri hər il “1915-ci il sözdə erməni soyqırımı”nın ildönümünü İranın müxtəlif bölgələrində qeyd edirlər, bəs niyə İranda heç vaxt Xocalı soyqırımı ilə bağlı tədbir keçirilmir? Bunu hökumət deyil, QHT-lər edə bilər. Əminəm ki, Təbrizdə həmin QHT-lərlə əməkdaşlıq etməyə hazır çoxlu QHT-lər tapa bilərlər. İnanın ki, təmkinlə, ağılla davranaraq Təbrizdə, Ərdəbildə, Tehranda də Xocalı soyqırımına abidə qoya bilərik. İranda Azərbaycan ədəbiyyatı, musiqisi, demək olar ki, təbliğ olunmur, halbuki buna heç kim qadağa qoymayıb və inanmıram ki, İran hökuməti belə layihələrə qarşı fəal mübarizə apara.
"Rusiya İran üçün həyati-əhəmiyyət daşıyır, elə İran da Rusiya üçün”
- Sizcə, Azərbaycanın İranla qonşu olması onun taleyində nə kimi dəyişikliklərə gətirib çıxarıb? - Baxın, 2008-ci ildə Saakaşvili kimi gənc və təcrübəsiz bir siyasətçi Gürcüstanda prezident seçildi. Saakaşvilinin söylədiklərindən yüz qat daha dəyərlilərini ondan da 20 il qabaq Elçibəy söyləməmişdimi? Onda Elçibəy niyə bacarmadı, Saakaşvili bacardı? Axı, Azərbaycan potensialına görə istənilən sahədə Gürcüstan və Ermənistandan çox-çox irəlidədir. Saakaşvilinin hakimiyyətə gəldiyi Gürcüstanın düz yanında NATO üzvü olan, illərdir, Avropa Birliyinə girməyə çalışan Türkiyə vardı. Azərbaycanın qonşuluğunda isə Rusiya ilə ittifaqda olan İran vardı. İran təkcə Azərbaycanın deyil, Ermənistanın, Türkmənistanın, Tacikistanın, Əfqanıstanın Rusiyadan qopmaması üçün əlindən gələn hər şeyi edir. Rusiya İran üçün həyati-əhəmiyyət daşıyır, elə İran da Rusiya üçün. Özü də İranda Rusiya ilə münasibətlərin yüksək səviyyədə qorunması, məhz, dini lider Ayətullah Xameneyi və onun ətrafının hesabına baş verir. Ona görə də Azərbaycanın Qərbə yaxın, demokratik dövlətə çevrilməsi İranın olduğu yerdə mümkünsüz kimidir.
Söhbətləşdi: Namiq Hüseynli |
||
|
||
"Elçibəyin, başlatdığı, xalq, hərəkatının, dövründə, İranda, türklük, mübarizəsi, zirvə, nöqtəsinə, yetişdi", |
|