Xəbər haqqında
11 Sentyabr 2017 - Bazar ertəsi 18:14 2541 nəfər oxuyub
 
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?
Prof. Qafar Çaxmaqlı
BAXIŞ Xəbəri
Ermənilər Ağdamı özününküləşdirir, bəs Əbülfəs Qarayev nə edir?

Bir daha Qarabağ “Tiqranakerti”təxribatı barədə

 

 

Bir neçə il əvvəl mən bu məsələ ilə bağlı fikirlərimi bildirmiş, həyəcan təbili çalmışdım. Azərbaycan cəmiyyətinin “daha vacib işləri” olduğundan buna yetərincə diqqət verməmişdi.  İndi yenidən bunu ictimailəşdirmək istəyirəm. Çünki Ağdamda ermənilərin qazıntı aparması, oranı erməni yurdu adlandırması, burada muzey qurması elə-belə məsələ deyil və bizim heysiyyatımıza toxunan məsələ olmalıdır. Söhbət ermənilərin “Tiqranakert” təxribatından gedir.

 

Son zamanlar sosial şəbəkələrdə ermənilərin Ağdamda muzey yaratdıqları barədə məlumatlar verilərkən təəccübləndim. Ona təəccübləndim ki, ermənilər artıq burada neçə illərdir çalışırlar, hələ biz indi xəbər tuturuq.  Onlar burada 2005-dən bəri beynəlxalq ekspedisiya qurub qazıntılar aparıblar,  lap çoxdan burada muzey yaradıblar. Məgər bundan biz indi xəbər tuturuq?

 

 

Ermənilər niyə bu məkana, Ağdam ərazisinə əhəmiyyət verirlər. Birinci səbəb odur ki, işğal etdikləri bu əraziləri qalıcı etsinlər. İkinci səbəb buraya iddalarının əsasını qoysunlar, üçüncü, dördüncü…yüzüncü səbəblər də var ki, biz bir millət olaraq onların fərqinə varmırıq və elə bir zaman gəlib yetişir ki, atdığımız  daşlar ən uzağı erməninin topuğuna dəyir, yəni gec qalırıq və erməni təbliğatı öz işini görür. İndi də gec qalmışıq. Mən bu işdə bizim mədəniyyət nazirliyini suçlaya bilərəm. Bilmirəm, hörmətli nazir Əbülfəs Qarayevin işi nədən ibarətdir? Bəyəm o bilmir ki, ermənilər burada əməlli-başlı iş aparmaqdadırlar ki, Ağdam və çevrəsinin Azərbaycan türklərinə heç bir aidiyyatı yoxdur.  Hanı bizim dövlət qurumunun  adekvat tədbirləri? Burada bir haşiyəyə çıxım. Öz davasını eləmək kimi çıxmasın, 2014-cü ilin sonlarına doğru dostlardan biri mənim Türkiyədə çıxan “Erməni düşüncə sistemi və ideologiyaları” (İstanbul, Ekim yayınları-2015) adlı kitabımı oxuyandan sonra mənə məsləhət görmüşdü ki, onu Mədəniyyət Nazirliyinə təqdim edim, Azərbaycan türkcəsində də çap edilsin. Baş nazirin müavini Elçin Əfəndiyevin dərkənarı ilə kitab nazirliyə göndərildi. Bu kitabda mən ermənilərin ən qədim zamanlardan bu günə qədər saxta mədəniyyət, din, əxlaq anlayışlarını ifşa etmişəm. Türkiyədə bu kitab ikinci dəfə basılıb. Amma nazirliyimiz ermənilərin “xətrinə dəymək istəmir” və kitabın çapı tamamilə gündəmdən qaldırılıb.  Söhbət məndən getmir. Müəllif hər kimdirsə, burada söz konusu bizə düşmən münasibəti bəsləyən ermənilərdir, cənab nazir. Buna belə biganə qalmaq ən azı məsuliyyətsizlikdir. Onu da nəzərə çatdırım ki, nazirlik aşağı səviyyəli şairlərin güldən-bülbüüldən bəhs edən kitablarını çap etməkdədir.  

 

Ermənilərin “kəşflərinə” görə, “Aknada (Ağdamda) ikinci bir “Tiqranakert” şəhəri varmış və “onu aşkar edəndən sonra buranın ermənilərə aidliyi artıq sübuta ehtiyacı olmayan tarixi həqiqət olacaq”. Qafqazdakı bu “Tiqranakert”in “tapılıb” ortaya atılması da əslində o məqsədi güdür ki, ermənilərin bu ərazilərdə, yəni Qarabağda yaşamasını daha irəli əsrlərə götürsünlər. Axı tarix elmi bu gerçəyi ortaya qoymaqdadır ki, ermənilər Qafqaza, o cümlədən Qarabağa kütləvi şəkildə yalnız 1828 Türkmənçay anlaşamasından sonra köçürülüb. Başqa sözlə desək, ermənilər Qafqaz xalqı deyillər,  bu bölgələrə gəlmədirlər.

 

Ermənilər burada hələ Sovet dövründə aparılan arxeoloji qazıntılar zamanı aşkarlanan alban abidələrini erməni abidələri kimi qələmə də verə biliblər.  Açıq-aşkar Azərbaycan xalqına aid qalanı kilsəyə çevirmişdilər. Hələ mən sahib çıxmadığımız alman abidələrini demirəm. Qarabağ “Tiqranakerti” adlı bir şəhərin də “aşkar edilməsi” növbəti bir erməni uydurması deyimli? Amma bunu yalanlayıb ortaya fakt qoya bilirikmi? Ermənilər xaricdə yeni Tiqranakertin aktiv təbliğatını da qurublar. Demək, işğalın arxasını doldurmaq üçün görülən erməni tədbirləri bu ərazilərə iddiaları bərkitmək və onların ermənilərə aidliyini isbat etməkdir. Dəstəkçiləri də kimlərdir? Misir, İngiltərə, İtaliya, Amerika və Fransadan… gələn arxeoloqlar, elm adamları, daha nə bilim kimlər...  

 

 

Ermənilər adını dəyişdirərək “Aqna” qoyduqları Ağdamda “erməni sür-sümüyü” axtarmağa, dediyim kimi, çoxdan  başlayıblar. Bir vaxtlar İrəvan Dövlət Universitetinin tarix fakültəsinin dekanı,  Edik Minasyanın Ağdamla bağlı fikrini oxuyarkən adamda belə bir sual doğurdu ki, görəsən, bu xalqın tarixçilərinin hamısımı  belə saxtakardır, yoxsa içərilərində obyektiv olanı da var? Və yenə  istər-istəməz adamda haqlı bir sual da yaranırdı: Axı nədən bu vandallara belə imkan verildi ki, onlar gəlib bu torpaqlara yerləşdilər, kök atdılar, sonra sənin hər şeyinə göz dikdilər və buranı “tarixi vətən” elan etdilər? İndi də  min illər boyu Türk yurdu olduğuna heç kəsin  şübhə  etmədiyi Qarabağın mərkəzi olan Ağdama iddia ortaya qoyurlar. Artıq neçə illərdir ki,  Ermənistan "alimləri" indiki Ağdam ərazisində yerləşmiş tarixi Gövürqala şəhərini "Tiqranakert" kimi tanıtdırırlar. 2006-cı ildə ermənilər bir qrup dünya alimləri ilə birgə Ağdam rayonu ərazisində yerləşən və Qarabağ xanlarının yay imarəti olan Şahbulaq Qıfılı saray kompleksində “qədim Tiqranakert” (Tarixi Tiqranakert şəhəri guya “Böyük Ermənistan”ın paytaxtı olub və xarabalıqları hazırda Van şəhəri yaxınlığındadır) şəhərinin xarabalıqlarını tapmaq üçün qazıntılara başladılar. Bu qazıntılar zamanı guya saray xarabalıqları arasından əldə edilən çoxlu sayda xaçkarlar ortaya çıxarıldı. Bundan sonra müxtəlif ölkələrdən olan alimlər dərhal ekspedisiyanı tərk edərək qazıntıdan uzaqlaşdı. Çünki burada da erməni hiyləsi üzə çıxmışdı. Ən savadsız tarixçiyə belə bəllidir ki, Tiqranakert (yəni Diyarbakır) şəhərinin mövcud olduğu dövrdə hələ xristianlıq yox idi, ən azından hələ buralarda təsirli deyildi. 2007-ci ildən başlayaraq Ağdam ərazisində yerləşən bu tarixi arxeoloji məkanı qazmağa başlayıblar və  2006-cı ildən  guya burada bir şəhərin qalıqlarını tapıblar, adı da “Tikranakert”dir. Qazıntılar zamanı məlum olub ki, bu tarixi tapıntılar,  qazıntılar erkən xristianlığa aiddir. Dini kompleksin bir parçasıdır, oyulmuş mağarada və onun yan-yörəsindəki  hörgü divar xristian dinini andırır. 2007-ci ilin  aprel ayında burada qazıntılar daha intensiv  başlasa da  və guya  maddi çətinliklər səbəbiylə dayandırılmışdı. O zaman bəzi dünya alimləri bunun yalana söykəndiyini söyləmişdilər, qazıntı və “yeni kəşfləri” şübhə altına almışdılar  Həm də burada erməniliyə aid heç bir bilgiyə rast gəlinməmişdi. İndi yenidən  Tiqranakert təxtibatı işə düşüb. Ağdamın ərazisində olan bu tarixi məkan indi qonşu Əskəranın inzibati-ərazisinə daxil edilib (http://www.tigranakert.am). Bilə-bilə ki, dünya alimlərinin rəyi budur, Azərbaycan ərazisində bu adda şəhər olmayıb. Məqsəd bəllidir. Ermənilər Dağlıq Qarabağ ərazisini işğal etdikdən bəri müxtəlif vasitələrə əl ataraq çalışırlar ki, bu işğala haqq qazandırsınlar. 

 

 

Ermənilər işğal ərazilərində qazıntı apara bilərlərmi? Bu, nə dərəcədə beynəlxalq qanunlara uyğundur. Ermənistan silahlı münaqişələr gedən ərazidə qazıntı işlərinin aparılmamasına aid beynəlxalq Konvensiya protokulunu bu təşkilatın üzvü kimi, hələ 1954-cü ildə imzalasa da, hazırda işğal altında olan dünya tarixi üçün əhəmiyyətli Azıx mağarasında erməni izləri axtarmaqda davam etdirir. Azərbaycanla siyasi və iqtisadi rəqabətdə uduzmuş Ermənistan hakimiyyəti tarixi saxtalaşdırmaqla nəsə əldə etmək niyyətlərindən əl çəkmir.  İlk dəfə burada qazıntıların aparılması və  “Artsax Tigranakertinin” tapılması məlumatını duyuran ekspedisiya rəhbəri  Hamlet Petrosyanın özü də etiraf edir: “Bunu etmək ona görə lazımdır ki, işğal olunmuş bu ərazilər geri qaytarılmasın”. Deyə bilək ki, bura da bizim tarixi vətənimizdir və onu azad etmişik. Ac Ermənistanda bu işin aparılmasına  30 milyon dram pul ayırdılar. Sonra Misirdə havadarlar taparaq buradakı İskəndəriyyə muzeyində  təqdimat edilib, ona beynəlxalq rəng vermək üçün Misir- Ermənistan birgə ekspedisiyası yaradılıb.  Sonra bunu daha geniş coğrafiyada yaymaq üçün Los-Ancelosda mətbuat konfransı keçirilib. Həmin zamandan indiyədək bu təxribat davam edir. İşğal etdikləri digər ərazilərdə olduğu kimi, burada da “erməni izi” axtarılması davam edir.

 

Misir və ABŞ-da “Tiqranakert”in tanıtımı

 

Hazırda Ermənistan "Hərbi münaqişələr zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasının və "Mədəni sərvətlərin qeyri-qanuni dövriyyəsi haqqında" Paris Konvensiyasının müddəalarını kobudcasına pozaraq Azərbaycanın mədəni sərvətlərini talamaqda davam edir.

 

Bu xəbər,  yəni “Tiqranakertin tapılması” əslində ermənisayağı bir sensasiya olmalı idi ki, erməni arxeoloqları Dağlıq Qarabağın ürəyi sayılan Ağdam ərazisində qədim erməni yaşayış məskənləri tapmaq üçün arxeoloji qazıntılar aparıblar və nəticədə guya "qədim erməni şəhəri Tiqranakert"in qalıqlarını tapıblar. Hazırda da bu saxta tapıntını bütün dünyaya yaymaqla məşğuldurlar. Tiqranakert haradır? Belə bir məkan olmuşdumu? Biz ermənilərin yolu ilə getmədən gerçəyi soyləməlik. Əlbəttə, olmuşdu. Tarixi mənbələrə görə, mifik "Böyük Ermənistan" dövlətinin paytaxtlarından biridir "Tiqranakert" şəhəri.  Şərqi Anadoluda, Van ərazisində yerləşib. Amma o zaman da bağımsız bir erməni dövləti mövcud olmamışdı. Demək, bu şəhərin ermənilərə heç bir aidiyyatı olmayıb. Əvvəl romalıların, sonra isə Bizansın tərkibində vassal statuslu bir dövlət quruluşu mövcud olmuşdu. Ermənilər  həm də iddia edirlər  ki, Tiqranakert indiki Diyarbəkir şəhəridir. Bu da yalan və saxta fikirdir. Ermənilərin bir çox alimləri  özləri isə bu yaxınlaradək "Tiqranakert"in Yaxın Şərqdə, Mesopotamiyada yerləşdiyini bildirirdilər. Əgər ermənilərin “Tiqran Metsin torpaqları”   Şərqi və  Cənub-Şərqi  Anadolunu əhatə edirdisə, nədən indi  Tiqranakerti Ağdamda axtarırlar? Məlum xəstəlik səbəbindən. Bura guya ikinci Tiranakertdir. Hələ üçüncüsü də var. Ehtimal ki, bu, indiki Krasnodar şəhəridir...

 

 

Hazırda isə bu "Tiqranakert"in qalıqlarının Ağdam ərazisindən tapılmasını demələri və bu ərazinin onlara aid olduğu iddiası ilə çıxış etmələri bir daha ermənilərin yalan danışdıqlarını sübut edir. Hətta erməni tarixçilərindən də bu iddialarının əsassız olduğunu söyləyənlər var.  Tarixçi Kərəm Məmmədov deyir ki,  tarixi mənbələrdə indiki Ağdamın adı maksimum dərəcədə "haylaşdırılsa" da, Musa Kalankaytuklunun "Ağvan (Aluank yox) tarixi" əsərində "Ağuen" şəklində işlənir. Faktiki olaraq indi Azərbaycan türkcəsində "ban" və "dam" eyni məna daşıyır. "Ağ ban" və "Ağ dam" toponimikası sadəcə sinonimdən başqa bir şey deyildir. Amma erməni tarixçi Minasyan deyir ki, Ağdamın əsl adı Akn-dır, özü də erməni məskənidir və yazdığı məqalədə də sübut etməyə çalışır ki, azərbaycanlılar (o bizi  türk-tatar köçəri  qəbilələri adlandırır) buraya gəlmədirlər. “Şəhərin (Ağdamın) əsas əhalisini ermənilər təşkil edirdi, yalnız XIX əsrin sonlarında  və XX əsrin əvvəllərində  burada türk-tatar qəbilələri yerləşdilər. Sonra ermənilər buradan çıxarıldılar. İndi Akna yeniden erməni yurdudur”( HayNews.am). Onun sözündən belə çıxır ki, Ağdam vaxtilə erməni şəhəri olub. 1993-də ermənilər onu yenidən ermənilərə qaytardılar.

 

Qondarma “Dağlıq Qarabağ Respublikası”nın turizm şöbəsi ilə Livanın “Menagement Mix” şirkəti arasında müqavilə imzalanıb. Şirkət uydurma "Tiqranakert" şəhərində arxeoloji qazıntılar aparmaqla yanaşı, şəhərin bərpası ilə də məşğul olacaq.  Ən dəhşətlisi odur ki, onlar bütün beynəlxalq qanunları saya salmadan  Ağdamda “Tiqranakert” muzeyi qurublar,

işğal etdikləri Azərbaycan ərazilərindəki azərbaycanlılara məxsus maddi və mənəvi dəyərləri mənimsəməklə erməniləşdirmək, bu ərazilərdəki Azərbaycan türklərinə məxsus əşya və dəlilləri məhv etmək istiqamətində çox ciddi və təhlükəli iş aparırlar. 

 

 

 


Onlar Azərbaycan ərazilərində törətdikləri bu cinayət əməllərinə İngiltərə, Amerika və Fransadan da əməkdaşlar cəlb edərək, bu qazıntı işlərini beynəlmiləlləşdirərək ona hüquqi don geyindirməyə çalışırlar. Ermənilər xarici turistlərin diqqətini bura çəkmək məqsədilə Ağdam rayonu ərazisindəki Şahbulaq saray kompleksini təmir edərək kompleksin içərisində “Tiqranakert” adlı tarix muzeyinin yaradıldığını təntənəli şəkildə elan edib, bu barədə xəbərləri xarici internet şəbəkələrində yerləşdiriblər. Eyni zamanda, Ağdam ərazisində apardıqları bu qazıntılar zamanı ərazidə 15-dən çox Xocalı Mədəniyyətinə aid məşhur kurqanları (torpaq qəbirləri) dağıdaraq əldə etdikləri maddi sübutları Ermənistana daşıyıb aparıblar. O cümlədən buradakı toponim və yer adlarını dəyişdirərək Şahbulaq saray kompleksinin adını Surenavan adlandırmağa başlayıblar. Qeyd edək ki, Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəzi kimi tikilib. Müdafiə tipli tikili olan qala müəyyən bir dövr ərzində Qarabağ xanlığının iqamətgahı kimi istifadə olunsa da, sonralar xanlığın yay iqamətgahlarından birinə çevrilib. Tarixi mənbələrdə göstərilir ki, Qarabağ xanı Pənahəli xan Ağdam şəhərindən 10 km aralıda indiki Şah bulağı adı ilə məşhur olan bulağın yaxınlığında bir saray kompleksi tikdirməyi öz şəxsi təşəbbüsü kimi irəli sürmüşdü. Lakin sonralar Pənahəli xan bu qalanın düşmən təcavüzünə davam gətirə bilməyəcəyini düşünərək bundan bir az sonra Bayat qalasını, daha sonra isə Şuşa qalasını inşa etdirərək sonuncunu xanlığın mərkəzinə çevirib,  indi isə bura ermənilərin “Tiqranakert” muzeyidir. Burada onlar bayram tədbirləri keçirirlər. Bu fotoların bəziləri də  o muzeydən görüntülərdir.  Dünyaya erməni mədəniyyətinin qədim örnəkləri kimi tirajlanır. Biz isə bunlara yabançı ölkə və erməni saytlarından baxıb əsəbiləşirik. Əlimizdən başqa heç nə gəlmir. Hələlik heç nə gəlmir!

 
 
 
 

 

 
 
 
 
 

 

 

 

 

 

 

 

 

 

 

Mənbə: Müəllif:
Ermənilər, Ağdamı, özününküləşdirir,, bəs, Əbülfəs, Qarayev, nə, edir?,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı