Xəbər haqqında
22 Dekabr 2015 - Çərşənbə axşamı 12:20 68 nəfər oxuyub
 
Fundamental türkçülük - Yazı IX
YARADICI Xəbəri
Fundamental türkçülük - Yazı IX

Türkçülük yolumuza bu dəfə işıq saçan yaxın keçmişin önəmli fikir adamlarından biri - Nihal Atsızdır. Fəaliyyətilə  tariximizin ən qədim dövrlərinə işıq tuta bilən böyük tarixçi, həm də güclü yazıçı və şair olan Nihal Atsız bizə türkçülük mövzusunda qaynaq sayıla biləcək dərəcədə önəmli əsərlər bəxş edən türkoloqdur. 

Hüseyn Nihal Atsız 1905-ci il yanvarın 12-də İstanbulda anadan olub. Ata tərəfdən əslən Gümüşxanalı olmasına baxmayaraq, atasının dəniz zabiti olduğuna görə İstanbulda doğulub böyüyür.  Atsız, ilk və orta təhsilini Kadıköydəki Fransız və Alman məktəbində, Kadıköy və İstanbul Sultaniyyəsində alır. Litseyin onuncu sinfində - 1922-ci ildə imtahandan keçərək Hərbi Tibb Məktəbinə daxil olur. Elə bu dövrdə də türkçülüklə bağlı fikirləri formalaşmağa başlayır. Türkiyənin kommunizm, islamçılıq və kürdçülük kimi zərərli cərəyanların təsiri altında olduğu və mübarizə apardığı bir mühitdə Atsız türkçülüyü araşdırır. Və əmin olur ki, millətin varlığını qorumaq, qurtuluş türk milliyyətçiliyində - türkçülükdədir. Həyatının sonuna qədər də bu əqidəni qoruyub saxlayır. Heç bir çətinlik, təqib onu sarsıda bilmir.  
O, Ziya Gökalpın dəfn mərasimi günü türkçülük fikrinə qarşı çıxan tələbələrlə dava edir. 1925-ci ilin martında aralarında bir sıra problemlər olan ərəb əsilli Bağdadlı Məsud Sürəyya Əfəndi adlı bir leytenanta salam vermədiyini səbəb göstərərək onu Hərbi Tibb Məktəbindən çıxarırlar. Bundan sonra Atsız, Kabataş Litseyində üç ay köməkçi müəllim, sonra isə Dəniz Yollarına bağlı bir gəmidə katib köməkçisi işləyir. İstanbul Üniversitetinin Ədəbiyyat fakultəsinə daxil olduqdan bir həftə sonra hərbi xidmətə yollanır. İstanbulda hərbi xidmətini keçərək təhsilini davam etdirir və məzun olaraq eyni bölümdə fəaliyyətinə davam edir. Əhməd Naci adlı dostu ilə birlikdə hazırladığı “Anadoluda türklərə aid yer adları” adlı məqalə “Türkiyyat” məcmuəsinin ikinci cildində yayımlanır.  Bununla da müəllimi Məhməd Fuad Köprülünün diqqətini çəkir.

O, 1931-ci ilin mayından 1932-ci ilin sentyabrına qədər “Atsız Məcmuə”ni çıxarmağa başlayır.  Məhməd Fuad Köprülü,  Zəki Validi Toğan,  Əbdülqədir İnan kimi ədəbiyyat və tarix bilicilərinin də yer aldığı heyətlə nəşr olunan bu türkçü dərgi, dövrünün elm, fikir və sənət sahəsində uğurlu cığır açır. Hətta deyə bilərik ki, cumhuriyyət dövrü türkçülüyünün  qabaqcılı olur. Elə buna görə də onun çıxardığı dərgilərin çoxu bir müddət sonra məhkəmə qərarı ilə bağlanır. 

Fikirlərinə görə daima təqib edilən N.Atsızı universitetdən uzaqlaşdırmaq üçün fürsət axtarırdılar. Nəhayət, bir məqaləsi ilə bu fürsət ələ düşür və 1933-cü ilin martında onu vəzifəsindən uzaqlaşdırırlar. Bundan sonra o, üç ay Malatya orta məktəbində türk dili müəllimi, dörd ay Ədirnə litseyində ədəbiyyat müəllimi kimi çalışır.

Ədirnədə olarkən 1933-34-cü illərdə “Atsız Məcmuə”nin davamı olan “Orhun” dərgisini çıxarmağa başlayır. O dövrdə litseylərdə dərs kitabı qismində tədris edilən tarix kitablarındakı səhvləri ortaya çıxardığı üçün  dərginin nəşri dayandırılır. Bundan sonra Atsız, Qasımpaşadakı Dəniz Gədikli Hazırlama Məktəbində türk dili müəllimi işləyir. Lakin öz yolundan da dönmür. 1943-cü ildə “Türk sazı” dərgisini nəşr etmək istəyir. Qarşısına bir çox əngəllər qoysalar da, məqsədini həyata keçirir. Dərginin çıxarılması üçün icazəni alır. Lakin nəşr olunmasına baxmayaraq, Ankaradan gələn əmrlə dərginin satışı qadağan  olunur. 

Bütün çətinliklərə baxmayaraq, 1943-cü il oktyabrın 1-də “Orhun” ikinci dəfə nəşrə başlayır. Həm  “Atsız Məcmuə”, həm də “Orhun” türkçülük idealını gücləndirmək və yaymaq məqsədinə xidmət edirdi. Dərgidə dövrün baş naziri Şükrü Saracoğluna xitab edən açıq məktublarda Milli Təhsil Naziri Həsən Əli Ucalın istefası istənilir. Təbii ki, bütün bunlar nəticəsiz qalmır və Atsız mühakimə olunmağa başlayır, “Orhun” jurnalı isə bağlanır. Atsız və 22 yoldaşı “hökumətə zərbəyə təşəbbüs”də günahlandırılaraq mühakimə olunur. Nihal Atsıza 6 il 6 ay həbs cəzası verilir. Bir müddət sonra bütün türkçülər və Atsız bəraət qazansa da, Nihal Atsız uzun müddət müəllim kimi çalışa bilmir. Ona görə də Türkiyə Nəşriyyatında işləməyə başlayır. Sonradan yenidən müəllimliyə təyin edilsə də, Süleymaniyyə Kitabxanasında mütəxəssis olaraq çalışır. 

1950-1951-ci illərdə  Heydərpaşa litseyində ədəbiyyat müəllimi işləyən Atsız, bu dəfə də Ankarada verdiyi bir konfrans səbəbiylə müəllimlikdən kənarlaşdırılır və yenidən Süleymaniyyə Kitabxanasındakı vəzifəsinə qaytarılır. Burada 17 il çalışdıqdan sonra 1969-cu ildə təqaüdə çıxır. 

Qeyd edək ki, o, 1962-ci ildə qurulan Türkçülər Dərnəyinin rəhbəri olur. 1964-cü ildən vəfatına – 1975-ci ilə qədər  “Ötükən” dərgisini yayımlayır. 
Atsız, yazdığı kitablar və məqalələrlə türkçülük, türklük, Türkiyə və digər mövzularla bağlı çox mühüm təsbitlər etmiş, müxtəlif baxış bucağı müəyyənləşdirmiş, dəyərli təklif və tövsiyyələr vermişdi. O hesab edirdi ki, Türkçülük, bir fikir olduğu qədər də həm də inancdır: “İnanc olduğu üçün də müzakirə olunmadan tənqidsiz qəbul edilir. Onun müzakirə və tənqid olunacaq tərəfi təməli, əsası deyil, detallarıdır. Türkçülər həmrəylik içində yaşamağa məcburdur. Həmrəylik, az qüvvəylə çox iş görməyin tək və dəyişməz çarəsidir. Həmrəylik olmayan yerdə, demək ki, daxili bir çəkişmə var”. 

Onun fikirləri heç bir zaman köhnəlmir, günümüzdə də əhəmiyyətini qoruyub saxlayır. Bu gün yaşanan müxtəlif siyasi və sosial hadisələr bizlərə bir çox hallarda Atsızın məqalələrini xatırladır. Atsız təkcə siyasi və sosial hadisələr haqqında deyil, tarix mövzusunda da böyük töhfələr verə bilib. Türk tarixindəki yanlışlıqlarla bağlı bir çox dəqiq araşdırmalar aparıb, tutarlı dəlillər ortaya qoyub. Türk tarixinin naməlum və şərh olunmayan bölümləri ilə bağlı da müxtəlif tədqiqatları var. Ümumiyyətlə, ötən əsrə nəzər saldıqda romanlar, şeirlər, hekayələr yazan çox şair və yazıçı olsa da, onların arasından çox az ədib Atsız kimi böyük bir kütləni hərəkətə keçirə bilir. Atsızın yazılarından və mühazirələrindən təsirlənən milyonlarla türk gənci, türkçülük bayrağının daşıyıcısı kimi əqidələrinə bağlı qalıb, öz yollarından dönməyiblər. “Hər iman əxlaqa addımlayacağına görə, türkçülükdə də sağlam əxlaqın olması birinci şərtdir” deyən Atsız milyonları ardınca apara bilirdi. Bu gün də bu yolun yolçuları, türkçülük aşiqləri Atsızın romanlarını sevərək oxuyur. Atsızın inandığı gerçək bu idi: “Türkçü, təvazökar olmağa məcburdur. Çünki özünü qabağa çəkmək - etdiyinin qarşılığını gözləmək və ya təqdir olunmaq üçündür. Halbuki təqdir gözləmək eqoistlikdir. Türkçü, millətinə xidmət edərkən bunu, bəyənilmək üçün deyil, vəzifə bildiyi üçün edər. Edəcəyi ən böyük xidmətin də adsız, məzarsız yatan şəhidlərin xidməti yanında kiçik qalacağını bilir”. 

“Türkçünün ən böyük vəzifəsi Türklüyə xidmətdir” deyən Atsız bütün həyatı boyu bu prinsipə sadiq qaldı. Ən kiçik fərqliliyin insanları ayırmağa gücü çatdığını irəli sürən Atsız, türk ulusunun ancaq özünə dönə biləcəyi təqdirdə diriliş əldə edəcəyinə inanırdı. Onun üçün türkçülər, XX əsrdə türk millətinin fədakarlarıdır.

Nihal Atsız deyirdi: “Mən, əcnəbi qaynaqlı heç bir fikri mənimsəməyə tənəzzül etməyəcək qədər milli şüur və qürura malik bir Türkəm. Siyasi, ictimai məzhəbim Türkçülükdür”. Türkçülüyün liderlərindən hesab olunan Atsız, eyni zamanda  turançılar  tərəfindən güclü türkoloq kimi də qəbul edilir. Onların fikrincə, türk dilini, tarixini və ədəbiyyatını mükəmməl bilən Atsız, xüsusilə, türk tarixinin Göytürk hissəsi üzrə mütəxəssisləşmişdi. Çox sevdiyi bu dövrü “Bozqurdların ölümü” və “Bozqurdlar Dirilir” adlı iki roman şəklində bizə ərmağan edib. “Dəli qurd” adlı əsəri isə Osmanlı tarixinin ilk dövrlərinin romanlaşdırılmış şəklidir. 

Onun yazıları içində diqqət çəkənlərdən biri də 1941-ci il 4 may tarixində sonralar solçu olacaq oğlu Yağmur Atsıza xitabən yazdığı vəsiyyətdir. Bu yazı II Dünya Müharibəsinin gərgin günlərində yazılıb. 
“Yağmur, oğlum! 

Bu gün tam bir yaş yarımlıqsan. Vəsiyyətnaməni bitirdim, bağlayıram. Sənə bir şəklimi yadigar qoyuram. Öyüdlərimə əməl et, yaxşı bir Türk ol. 
Kommunizm bizə düşmən bir yoldur. Bunu unutma. Yəhudilər bütün millətlərin gizli düşmənidir. Ruslar, çinlilər, iranlılar, yunanlar tarixi düşmənlərimizdir. 
Bulqarlar, almanlar, italyanlar, ingilislər, fransızlar, ərəblər, serblər, xorvatlar, ispanlar, portuqallar, rumınlar yeni düşmənlərimizdir. 
Yaponlar, əfqanlar və amerikanlar sabahkı düşmənlərimizdir.  

Ermənilər, kürdlər, çərkəzlər, abxazlar, bosniyalılar, albanlar, pomaklar, lazlar, ləzgilər, gürcülər, çeçenlər daxildəki düşmənlərimizdir. 
Bu qədər çox düşmənlə mübarizə aparmaq üçün yaxşı hazırlanmalısan. 

Tanrı köməyin olsun!” 

Atsıza qarşı irəli sürülən irqçilik ittihamlarında bu yazını fakt olaraq istifadə edənlər də oldu. 
Atsızın ən böyük xüsusiyyəti məğlubolmaz bir xarakterə sahib olması və qərarlılığı idi. Yaşadığı bütün hadisələr onu məğlub edib yolundan döndərə bilmədi. Əksinə o, mübarizəsinə lap çox sahib çıxdı, gücünə güc qatdı. 

Nihal Atsız məlum türk-islam birliyi düşüncəsindən daha uzaq, yalnız türk soylu olanları əhatə edən birlik xəyalı quran türk irqçisi idi. Bu da onun türklərə bağlılığından irəli gəlirdi. Atsız “Əxlaqın meydana gəlməsində ən önəmli səbəb soydur. Bir cəmiyyətin əxlaqı, soyunun qarışması ilə dəyişə bilər” deyirdi.

Mənbə: Müəllif: XƏBƏR365
Fundamental, türkçülük, -, Yazı, IX,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı