Xəbər haqqında
22 Oktyabr 2017 - Bazar 22:47 470 nəfər oxuyub
 
Gəlməyin, qayıdın, geri qayıdın, qayıdın atları çimizdirməyə...
YARADICI Xəbəri
Gəlməyin, qayıdın, geri qayıdın, qayıdın atları çimizdirməyə...

Xeber365.com ənənəsinə sadiq qalaraq bu bazar gecəsi də sizə bir şeir ərmağan edir. Bu dəfə sizi İsa İsmayılzadənin (1941-1997) "Güllələr demədi…" şeirini oxumağa dəvət edirik:

 

Getdilər. Getdilər fit çala-çala,
Getdilər atları çimizdirməyə –
Bizi aparmadılar,
Qulançar yığmağa, moruq dərməyə
Bizi aparmadılar.

 

Yalvarıb-yalvarıb, dil tökəndə biz
onlar üstümüzə od ələdilər,
qışqırıb-təpinib, hədələdilər:
«Hələ uşaqsınız… nə yaşınız var…»

 

Bir gün xəbər gəldi: dava başlanıb…
Onlar əsgərliyə çağırıldılar.
Nə tütək çaldılar, nə fit çaldılar,
fikirli  oldular, ağır oldular…

 

Yola salanlara qoşulanda biz
yalvarıb-yalvarıb, dil tökdü onlar:
«Gəlməyin, qayıdın… geri qayıdın…
Qayıdın atları çimizdirməyə,
Qulançar yığmağa, moruq dərməyə».

 

Biz getdik atları çimizdirməyə,
qulançar yığmağa, moruq yeməyə:
düşüb arxamızca gəldi uşaqlar.
Dilimiz gəlmədi bir söz deməyə.

 

Onların yoxluğu düşdü araya,
Oyunlar, «məclislər» qaldı yarımçıq.
Toylar da seyrəldi, toyxanalar da,
aşıq da havanı çaldı yarımçıq.

 

Kəndimiz yamanca uralanmışdı,
hərdən korun-korun yanırdı ocaq.
Bir ağzıgöyçək də qaralanmışdı:
«Deyəsən, gedənlər qayıtmayacaq» 

 

Mərmilər, güllələr fit çala-çala
Hey böyür-başından ötdü onların.
Kətmən vura-vura, ot çala-çala
baxdıq yollara.

 

Getdilər, getdilər Berlinə sarı,
getdilər, getdilər ölümə sarı.
Güllələr demədi: geri qayıdın.
Lülələr demədi: geri qayıdın,
qəlpələr demədi: geri qayıdın,
hələ uşaqsınız, nə yaşınız var…

 

1971

Mənbə: Müəllif:
Gəlməyin,, qayıdın,, geri, qayıdın,, qayıdın, atları, çimizdirməyə...,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı