Bu gün, yəni dekabrın 30-da Türkiyənin Kayseri şəhərində Erciyəz Universiteti və xeber365.com-un təşkilati dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü geniş şəkildə qeyd olunur. “Cəngi” estrada-folklor ansamblının da dəvət olunduğu tədbiri işıqlandırmaq üçün Kayseridə olan əməkdaşlarımız Erciyəz Universitetinin rektoru Fəxrəddin Kələştemurla görüşüb sözügedən təbdir və ölkmizin təhsil ocaqları ilə müştərək layihələr, gələcəkdə görüləcək işlər haqqında söhbət ediblər.
- Fəxrəddin bəy, ilk sualım ənənəvi olaraq tanışlıq xarakteri daşıyır. Fəxrəddin Kələştemur kimdir, rektoru olduğunuz Erciyəz Universitetinin tarixi hardan başlayır və indiki durumunuz?
- Bu ilin sonunda 60 yaşımı bitirirəm, 1954-cü ilin 31 dekabrında Elağızda anadan olmuşam, ilk təhsilimi də orda almışam. 1972-ci ildə Hacettepe Universitetinin tibb fakültəsinə daxil olmuşam, 1979-cu ildə bitirmişəm. 1980-ci ildə bir müddət Elağız xəstəxanasında çalışmışam, daha sonra Erciyəz Universitetinə gəlmişəm və daxili xəstəliklər ixtisasından dərs demişəm. Növbəti il Ərzurum Marşa Çaxmaq xəstəxanasında əsgərlik keçmişəm, Kütahyanın Gəc hissəsində də o yola davam etmişəm. 1988-ci ildə yardımçı dosent olaraq yenidən Erciyəz Universitetində işə başlamışam. İki il sonra dosent oldum və Böyük Britaniyaya getdim, London Universitetində tibb fakültəsində işlədim, 1995-ci ildə professor oldum. 2008-ci ildən isə Erciyəz Universitetinin rektoruyam. 2016-cı ilin avqustunda rektorluq vəzifəm bitəcək. Sadaladığım dövrlərdə elmi fəallığım da çox olub. Avropa Endoksin dərnəyinin idarə heyətində və təhsil qurumlarında çalışmışam. Çox sayda beynəlxalq tədbirlərdə çıxış etmişəm, Oksford, Klivlend və Trier universitetlərinə dəvət olunmuşam. Bir neçə gün əvvəl Türkiyə Elmlər Akademiyasının tibb sahədi üzrə Elm Mükafatına layiq görüldüm. Bu mükafat ildə bir adama verilir. Bu mənim ömür hekayəm. Gələk Erciyəz Universitetinə. Universitetimiz tarixi baxımdan yeni təhsil ocağıdır. 1978-ci ildə təsis olunsa da, bir sıra fakültələr elə o zaman fəaliyyətə başlayıb. 500-800 illik təhsil ocaqları ilə müqayisədə bizim universitetimiz təzə sayılır. Amma Türkiyədə köhnə olmayan universitetlərdən biridir. Son 10 ildə qurulan universitetlər də var. Orta yaşlı tariximiz olsa da, çox tez inkişaf etmişik. Bunun müsbət və mənfi tərəfləri var. Tələbərin sayı baxımından çox tez inkişaf etmişik, 55 min tələbəmiz var. Bu, yüksək rəqəmdir. Ancaq elmi baxımdan da çox böyümüşük. Son 5 ildə araşdırma mərkəzləri qurmuşuq. Bunların bir qismi sosial, tibb və mühəndəslik sahələri üzrədir. Bu proses indi də davam edir. Bunlara niyə önəm veririk? Biz Erciyəz Universitetini türk-islam dünyasının təhsil ocağı kimi tanıtmaq istəyirik, əsas hədəfimiz budur. Dünyada universitetlərlə dövlətlər arasında əlaqələr var. Bu gün dünyanın ən yaxşı universitetləri inkişaf etmiş ölkələrdədir. Çünki universitetlər olmadan inkişaf mümkün deyil. Bundan ötrü hər bir sahədə inkişaf etmiş insanlara ehtiyac var. Yaxşı insanlar da universitetlərdən çıxar. Bu, dünyanın reallığıdır. Baxın, dünyanın ən yaxşı 100 universiteti ABŞ-da, Böyük Britaniyada, Almaniyada, Fransada, Yaponiyadadır. Dolayısı ilə Türkiyənin də tarixi-mədəni missiyası və öz mədəniyyətinə cavabdehliyi var. Buna diqqət etmək üçün əsas şərt inkişafdır. Söhbət elm və texnoloji bilgilərdən gedir. Bunun üçün yaxşı universitetlərə ehtiyac var. Erciyəz Universitetinin də missiyası bundan ibarətdir. Yəni biz sadəcə Türkiyənin deyil, öz mədəniyyətimizin də ən yaxşı universiteti olmağa çalışırıq. Bu arada türk cümhuriyyətlərindən, Türkiyədən yüksək ixtisas üçün ABŞ və Qərbi Avropa ölkələrinə gedirlər. Elə mən özüm də London Universitetində işləmişəm. Onu da bilirəm ki, Qazaxıstan və Azərbaycandan çoxlu elm adamları Avropaya getməyə çalışırlar. Niyə Türkiyəyə gəlmirlər? Əsas sual budur. Məsələ ondadır ki, Avropada çox qazanırlar və onların mədəniyyətindən təsirlənirlər.
- Universitetinizdə 55 min tələbənin olduğunu bildirdiniz. Bəs maddi vəziyyətiniz necədir?
- Büdcəmiz çox yüksəkdir, illik büdcə köhnə pulla 300 trilyondur və getdikcə də artır. Bəli, yeni mərkəzlər qurarkən dövlətdən maliyyə alırıq. Amma universitetimizin başqa bir özəlliyi var: Erciyəz xeyriyyəçilər universitetidir. Burdakı binaların böyük qismini xeyriyyəçilər inşa edib. Adlarına baxsanız, özünüz görərsiniz. Hətta xarici ölkələrə də elm adamlarımızı və tələblərimizi xeyriyyəçilərin qurduğu fond hesabına göndəririk. Dövlətin üzərinə yük düşməsin deyə... Əslində, inkişaf etmiş ölkələrdə də universitetləri fondlar dəstəkləyir. Araşdırma mərkəzlərini yalnız Türkiyənin ehtiyacları üçün qurmuruq. Bu bizim coğrafiyamızda və mədəniyyət sahəsində yer alan ölkələrdə elmi araşdırma aparmaq istəyən şəxsləri cəlb etmək üçündür.
- Dünyanın 100 ən yaxşı universitetindən bəhs etdiniz. Bəs Erciyəz Universitetinin dünyada və Türkiyədə yeri hansı səviyyədədir?
- Dünyada ilk minliyin içində yer almışıq. Əslində daha yaxşı yerlərdəyik. Məsələ ondadır ki, universitetimiz beynəlxalq reytinq sistemlərinə üzv deyil və həmin qurumlara haqqımızda məlumat getmir. Bu il həmin mərkəzlərlə əlaqə qurmuşuq. Odur ki, yaxın illərdə Erciyəz Universiteti haqqında yaxşı xəbərlər alacaqsınız.
- Bəs dünyanın ən yaxşı universitetləriylə mübadilə sistemini necə qurmusunuz?
- Hazırda universitetimizdə xarici ölkələrdən 1000-1500 tələbə təhsil alır. Onların bir qismi türkcə oxuyur, amma magistr və doktorluq üzrə ingilis dilində proqramlarımız var. Universitetimizin rəsmi dili türk dilidir, bu sahədə çox çalışırıq, ona görə də əcnəbi tələbələr altı aydan sonra dilimizdə danışa bilirlər. Bundan başqa xaricdən müəllimlər də dəvət edirik, xüsusən Avropa ölkələrindən gələn müəllimlər araşdırma mərkəzlərimizdə çalışırlar, sayları da getdikcə artır. Çoxlu sayda gənc araşdırmaçılarımız var. Bundan sonra əsas məqsədimiz Azərbaycandan, Türkmənistandan, Qırğızıstandan, Qazaxıstandan- bütün türk cumhuriyyətlərindən, Qafqazdan, Balkanlardan, Orta Şərq ölkələrindən magistrların, doktorların Erciyəz universitetinə cəlb olunmasına səy göstərməkdir.
- Xəzər Universiteti ilə müəyyən əlaqələrinizin olduğunu bilirik. Bəs burda Azərbaycandan nə qədər tələbə və müəllimlərin olduğunu deyə bilərsinizmi?
- Müxtəlif bölümlərdə 50-yə yaxın azərbaycanlı müəllimimiz var, sayları da artır. Hazırda Türkiyə-Azərbaycan arasında elmi əlaqələrin güclənməsindən ötrü anlaşmalar var, ortaq layihələr irəli sürülür. Artıq onlar təqdim olunub, nəticələrini gözləyirik. Bunların bir qismi azərbaycanlı müəllimlər tərəfindən verilib: konkret olaraq, bitkilər və dərmanlarla bağlı layihələr. Bizim də arzumuz budur: ortaq çalışmalarımız olsun, Azərbaycanda hansı sahələr üzrə inkişaf varsa, onları tapıb birgə işləmək istəyirik. Yəni bizim müəllimləri ora, ordakıları bura dəvət edib birgə layihələrə zəmin hazırlayırıq. Belə olan halda hər hansı tələbənin ABŞ və Avropaya getməyə ehtiyac qalmayacaq. Artıq gərəkli olanları burda qururuq.
- Erciyəz Universitetinin hansı bölümünə maraq çoxdur?
- Fərqlidir, hər sahəyə gəlirlər. Hazırda bizim üçün tibb sahəsində kök hüceyrənin molekulyar araşdırması və nano texnologiyası çox vacibdir. Azərbaycan üçün neft və qaz çox önəmlidir, yəni enerjiylə bağlı araşdırmalar aparmaq lazımdır. Bizim üçün ən önəmli peyvənd mərkəzidir, çünki Türkiyədə peyvənd və dərmanlar sahəsi öyrədilmir. Dərmanlar üzrə araşdırma mərkəzimiz 3 ay sonra işini bitirəcək, nano texnologiya mərkəzi artıq çalışır. Hazırda təməl elmləri araşdırma mərkəzi qururuq, çox böyük olacaq, fizika, kimya və bilogiya elmləri üzrə araşdırmalar aparılacaq.
- Universitetinizin ərazisi heyran edəcək qədər böyükdür, bəs tələbələrinizin sosial durumu necədir?
- Əvvəla, Erciyəz Universitetinin yerləşdiyi Kayseri haqqında danışmaq istərdim. Bu şəhər tələbələr üçün cəzbedici və 4 mövsümün yaşandığı yerdir. Düzdür, Bakı kimi dəniz sahilində deyil, amma içəridədir. Qışı bir az ağırdır və qış idman yarışlarının keçirilməsi üçün yaxşı şərait var. Türkiyənin mərkəzində olduğundan çox asan çatmaq olur, hər gün İstanbula 10-a yaxın təyyarə gedib-gəlir. Bundan əlavə Kayseri çox rahat, güvənli şəhərdir, tıxac problemi yaşanmır, havamız da çirkli deyil. Bir neçə il əvvəl Türkiyədə Avropa standartlarına yaxın şəhər seçilib. Erciyəzdə tələbə olmaq istəyənlər şəhərimizə diqqət yetirirlər, çünki tələbə və müəllimin də bütün ömrü universitetdə keçmir. Erciyəz sosial baxımdan çox sıx universitetdir, teatr, film, musiqi salonlarımız var. Odur ki, müəllim və tələbələrimizin çox xoşbəxt olduğunu düşünürük. Bununla bərabər elm bölgəmiz var, orada xarici ölkələrdən gələn müəllimlərin qaldığı 100-ə qədər mənzillər var. Eyni zamanda ətrafda tələbə yataqxanaları var. Tələbələr fakültələrinə çox rahatlıqla gedib-gələ bilirlər, dövlət təqaüdü alırlar. Bu vəsait normal yaşamaq üçün yetərlidir. Amma universitetin öz təqaüdü yoxdur.
- Tələbələr universiteti bitirəndən sonra iş tapmaq problemi yaşayırlarmı?
- İş məsələsi dünyanın hər yerində problemdir. Inkişaf etmiş ölkələrdə də bu problem var. Bu, özünü yetişdirməkdən asılıdır, əgər yaxşı məzun olmusansa, çox rahat iş tapacaqsan. Ancaq bacarıqsız olacaqsansa, universitet məzunu olmaq elə bir üstünlük sayılmaz. Bir məqamı vurğulayım ki, Erciyəz Universitetinin bir fakültəsindən məzun olan hər kəs müəyyən satandarta cavab verir, yəni rahat iş tapa bilir. Lakin seçdiyi sahə və çalışması da önəmlidir. Baxırsan ki, mühəndis sahəsi önə çıxır və orda iş tapa bilirlər. Yaxud tibb elmləri ön plana çıxır və həmin fakültəni bitirənlər daha rahat iş tapa bilirlər. Amma tibb və diş həkimi bölümlərinin məzunları üçün iş problemi yoxdur. Türkiyə hər sahədə inkişaf etməkdə olan bir ölkədir, çox böyük gənclik potensialımız var, yaxşı yetişmiş insanlar mütləq iş qura bilirlər.
- Siz həkimsiniz, bu mənada obrazlı desək, Türkiyə təhsilinin “xəstəliklər”i nələrdən ibarətdir?
- Təbii ki, dünya və Türkiyə təhsil sistemləri güclü şəkildə inkişaf edir, klassik təhsil sistemini davam etdirmək mümkün deyil. Kompüterlərin, elektronik cihazların daha geniş əhatə dairəsinə malik olması, virtual mühitin yayılması bizləri də bu sistemləri almağa və istifadə etməyə sövq edir. Bu baxımdan universitetimiz təhsil verən elmi tədqiqatları izləyir. Mümkün qədər yeni texnologiyaları əldə edə bilirik.
- Fəxrəddin bəy, xeber365.com saytı ilə birgə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qeyd edirsiniz. Belə bir tədbir keçirmək qərarı hansı zərurətdən yarandı?
- Biz qardaşıq və ailəmiz özünü Azərbaycana yaxın hesab edir. Evimizdə Azərbaycansız söhbətimiz və televiziyada haqqınızda proqram izləmədiyimiz bir gün olmaz. Qəlb yaxınlığımız da var, bu baxımdan idarəçilyim dönəmimdə mümkün olduğu qədər iki ölkə və Bakıdakı universitetlər arasında işbirliyi yaranmasını istədim. Bakıda oldum, anlaşmalarımızı gerçəkləşdirdik. Hazırda bunun daha irəli getməsinə çalışıram. Bu, həm Azərbaycan universitetləri, həm də Erciyəz Universiteti üçün önəmlidir. Çünki dil problemimiz yoxdur, bir-birimizi çox rahatlıqla anlayırıq, bəzi sahələrdə Erciyəz irəli gedib, Bakıdakı təhsil ocaqları isə yox. Ona görə də gücümüzü birləşdirməliyik. Təbii ki, bir-birimizi çox sevirik, amma bununla bərabər müsbət işlər görməliyik, yəni sevginin nəticəsini göstərməliyik. Mənim bütün məqsədim Azərbaycandakı universitetlərlə əlaqələrimizin güclənməsi, elmi əməkdaşlıqların artması, konfransların, toplantıların keçirilməsidir. Artıq Bakıdan musiqi qrupu gəlib. Hər il bu istiqamətdə tədbirlər keçiririk, Xocalı qətliamının ildönümündə gənclərə faciənin mahiyyətini açan mühazirələr deyilir. Əlaqələrimizi inkişaf etdirməyi özüm üçün görəv hesab eləyirəm.
|