Xəbər haqqında
04 Yanvar 2018 - Cümə axşamı 15:05 1514 nəfər oxuyub
 
Güney azərbaycanlılar İrandakı aksiyalara ona görə qoşulmadı ki... - Müsahibə
GÜNEY AZƏRBAYCAN Xəbəri
Güney azərbaycanlılar İrandakı aksiyalara ona görə qoşulmadı ki... - Müsahibə

Artıq bir həftəyə yaxındır İranı bürüyən etiraz aksiyaları bütün dünyanın əsas xəbərinə çevirilib. 28 dekabrda Məşhəddə başlayan aksiyalar ilk olaraq iqtisadi vəziyyət və işsizliklə bağlı oldu. Lakin sonrakı günlərdə etirazçıların şüarlarının siyasi xarakter daşımağa başlaması meydana bəzi suallar çıxardı.

 

Okeanın o tayından Trampın sözügedən aksiyalara dəstək verməsi isə İranda onsuz da gərgin olan vəziyyəti daha da qarışdırdı. 

 

Sözügedən İslam Respublikası Azərbaycanla sərhəd qonşusudur. Bundan başqa, İranla ölkəmiz arasında bir sıra iqtisadi və strateji məsələlər ətrafında əməkdaşlıq edilir. Son günlər orda baş verən hadisələr ölkəmizdə də ciddi narahatlıqla izləndi.

 

Olaylarla bağlı Türkiyə mediası bir cür, Qərb KİV-i isə tamam başqa cür analizlər təqdim etdi. İran mətbuatı isə bu müddət ərzində ancaq rəsmi xəbərləri yaymaqla məşğul oldu. Bu məlumat müxtəlifliyində daha dəqiq analiz üçün Xeber365.com güney azərbaycanlı politoloq, İran və Qafqaz üzrə siyasi mütəxəssis Kərim Əsğəri ilə müsahibəni təqdim edir. 

 

 

- İranda baş verən hadisələr müxtəlif cür şərh edilir. Kimisi bunu iqtisadi etiraz, bəziləri hakimiyyət daxili qarşıdurma, başqaları isə xarici müdaxilənin nəticəsi kimi analiz edir. Sizcə etirazların səbəbi əslində nədən ibarətdir?

 

- Dünya İranda dövlətin siyasətinə qarşı keçirilən etirazlara şahidlik edir. Lakin burda bir neçə qəribə məqam var. Etiraz aksiyalarının başlanğıc nöqtəsi İranın müqəddəs şəhəri olan Məşhəd oldu. Bu məqam çox böyük əhəmiyyətə malikdir. Unutmaq olmaz ki, aksiyaların əsas təməli iqtisadi problemlər və işsizlikdən qaynaqlanır. Lakin sonradan bu məsələlər siyasi arenaya daşındı.

 

Heç kimə sirr deyil ki, İranda ciddi iqtisadi problemlər və işsizlik məsələsi var. Əhalinin 50 faizindən çoxu işsizdir. Ancaq mümkün variantlardan biri də ölkədə hökm sürən hakimiyyət daxili çəkişmələrdir. Xamenei və ona bağlı olan inqilab keşikçiləri ilə reformistlər dediyimiz kəsimin arasında ciddi çəkişmələr var. Keçən il Rəfsəncani şübhəli bir ölümlə dünyasını dəyişdi. Beləliklə, Həsən Ruhani Xamneiyə qarşı yalnız qaldı. Bu günkü məsələlərin bir ucu da İrandakı son prezident seçkilərinin əvvəlinə gedib çıxır. O zaman Xamneinin namizədi Rəisi idi. Ancaq Rəisi seçilməyincə Ruhani prezident oldu. Həmin vaxt inqilab keşikçiləri ilə Ruhani arasında ciddi bir problem yaşandı. Ona görə də bu aksiyaların arxasında inqilab keşikçilərinin olmasını da ehtimal edirlər. Ancaq bu versiyaya baxsaq görərik ki, etirazlar həddini aşdı və milli bir üsyana çevrildi. Çünki İranda iqtisadi milli gəlir təqribən 7 min dollar civarındadır. Və günümüz reallığında bu çox aşağı rəqəmdir.

 

- Müşahidələrinizə əsasən etiraz aksiyalarının keçirilməsində məqsəd nədir?

 

- Etirazların səbəbləri və məqsədləri dediyimiz kimi iqtisadi səbəblər ola bilər. Burda əsas məsələ iqtisadiyyatın yaxşılaşdırılmasıdır. Sonradan siyasiləşən bu aksiyalarda şüarlardan da göründükü iştirakçılar İrandakı dövləti hədəf alıb. “Xomneiyə ölüm” və ya “Ruhaniyə ölüm”, “İran Suriyada nə işin var? Ordan çıx” şüarları bunu göstərdi. Bu məqamda qeyd edim ki, İranın regiondakı siyasəti - Suriya, Yəmən və İraqa müdaxiləsi, ordakı şiəçi qrupları dəstəkləmək siyasəti xalqı ciddi şəkildə narahat edir. İnsanlar İranın bu kirli xarici siyasətinə son verməsini tələb edir.-

 

- Küçələrə çıxan insanların bir neçə fərqli qruplara aid olduğu yazıldı. Əslində aksiya iştirakçıları kimlər idi.

 

- Küçələrə çıxan insanları sinifləndirmək olmur. Ancaq onların tərkibi əsasən gənclərdən ibarətdir. Etiraz edənlərin çoxu universitet məzunlarıdır. Onlar arasında işsizlik səviyyəsi daha böyükdür. Ona görə də bu aksiyalarda gənclər daha aktiv oldu.

 

- Bəs xarici müdaxiləni necə, real hesab edirsinizmi?

 

- İran dövləti aksiya iştirakçılarının bir qismini xariclə əlaqədə günahlandırır. Doğrudur bununla bağlı heç bir rəsmi dəlil-sübut yoxdur. Lakin Trampın tvitləri “xarici müdaxilə” şübhələrini beyinlərə yerləşdirdi. Etirazçıların da əksəriyyəti xarici müdaxilənin tərəfdarı deyil. Mən bu olaylarda xarici müdaxiləyə qarşıyam. İranda xarici müdaxilənin olması çox da mümkün görünmür. Çünki ölkə qapalıdır.

 

- Maraqlıdır, azərbaycanlıların yaşadığı Güney Azərbaycan şəhərləri aksiyalara aktiv qoşulmadı. Bunun səbəbi nə ola bilər?

 

- Əslində, onlar haqda "aksiyalardan kənarda qaldı" demək olmaz. Çünki bir çox türk şəhərlərində - Xoyda, Zəncanda, Marağada, Ərdəbildə bəzi kiçik və orta miqyaslı aksiyalar oldu. Etirazların İranın digər şəhərlərindəki kimi kütləviləşməməsinin səbəbi isə məncə odur ki, azərbaycanlılar etirazların arxasında nə dayandığını bilmirlər. Bundan başqa əvvəllər baş verən etirazlarda mərkəziyyətçilərin azərbaycanlıları İran dövlətinə qarşı yalnız qoymaları türklərin məsələyə səssiz qalmağına səbəb oldu. Lakin ümumi mənada baxdıqda iqtisadi sıxıntılar İranda hər kəsə qarşı eynidir. Hətta Azərbaycan vilayətinə qarşı bəlkə də neçə qat daha çoxdur.

 

Ayşəm Rüstəmova

Mənbə: Müəllif:
Güney, azərbaycanlılar, İrandakı, aksiyalara, ona, görə, qoşulmadı, ki..., -, Müsahibə,
Xəbərin videosu
Şərhlər
Haber Yazılımı