Vəkil Cavad Cavadov Facebook səhifəsində Bakı İstintaq Təcridxanasında müvəkkilləri İntiqam Əliyevin, Leyla Yunusun hüquqlarının pozulduğu barədə yazıb. Biz də bu pozuntunun nədən ibarət olduğunu ətraflı öyrənmək və ümumiyyətlə, siyasi məhbusların hansı problemlərlə üz-üzə qaldıqlarından xəbər tutmaq məqsədilə Cavad bəylə əlaqə saxladıq.
-Cavad bəy, müvəkillərinizə təcridxanada problem yaratdıqlarını yazmısız. Bu problemlər nədən ibarətdi? Ümumiyətlə, müdafiə etdiyiniz şəxslərin təcridxanadakı vəziyyəti, onlara göstərilən münasibət haqqında məlumat verməyinizi istərdik.
- Müdafiə etdiyim şəxslər siyasi təqiblərə məruz qalaraq həbs ediləndə onlara qarşı münasibət xüsusi olur, müəyyən səbəblərə görə ara-sıra onlara qarşı problemlər yaradılır. 2012-ci ilin iyul ayında “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qanuna əsasən həbsə alınmış şəxslərin hüquqlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə baxmayaraq ona həmişə əməl olunmur. Adətən, qanun pozuntularını müvəkillərimlə razılaşıb ictimailəşdirmədən, təcridxana rəhbərliyi ilə təmas quraraq həll eləməyə çalışırıq. Bu, mümkün olmayanda isə məsələni ictimailəşdirməyə məcbur qalırıq. “Facebook”-da haqqında yazdığım, İntiqam Əliyevə qarşı olan qanunsuzluq artıq yeni deyil. Bu problemi də dəfələrlə sakitliklə həll eləməyə çalışsaq da, mümkün olmayıb, qanunsuzluq daha geniş vusət alıb. Vəkillə görüşə gətirilən şəxslərin vəkilləri üçün nəzərdə tutulmuş şəxsi yazışmaları senzuradan keçirilir, hamısı bir-bir oxunur, təcridxana rəhbərliyinə məruzə edilir, bəzən götürülür və görüşdən sonra qaytarılır. Biz bu faktı digər həmkarlarımın iştirakı ilə aktlaşdırdıq. Növbəti addım məhkəməyə müraciət etməkdir. İntiqam Əliyev özü hüquq müdafiəçisi olduğundan bu qanunsuz praktikanın ləğvini tələb eləyib. Leyla Yunus təcridxanaya gətirilən gündən ona “xüsusi” münasibət göstərilir və bu vəziyyət indiyə kimi davam eləyir. Yekun olaraq onunla eyni kamerada olan qadın Leyla xanıma hücum edib, lakin nədənsə təcridxana rəhbərliyi elə hücuma məruz qalana şəxsə töhmət verib.
- Müdafiə etdiyiniz şəxslərin hüquqi durumu necədir? Məhkəməyə nə vaxt cıxarılacaqlar?
- Ümumən siyasi xarakterli cinayət işlərində istintaq yubadılır və həbslərdən sonra aktiv istintaq hərəkətləri aparılmır. Hal-hazırda qanunsuz həbslərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayətlər göndərilməkdədir. Ümid edirik, onların bir hissəsinə priotet qaydada baxılacaq. Bizim yerli məhkəmələrdən hər hansı gözləntimiz yoxdur.
- Müvəkillərinizin müdafiəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq edirsinizmi?
- Xüsusən son həbslər Azərbaycanı nüfuzlu beynəlxalq təşkilatların diqqət mərkəzinə çevirib. Vəkillik fəaliyyətimizdə həmin təşkilatlarla təmaslar olur və onlar bu proseslərin gedişini yaxından izləyirlər. Son bir ayda siyasi fəaliyyətinə görə həbs olunanlar- Rəsul Cəfərov, İntiqam Əliyev, Leyla və Arif Yunuslar və digərləri “Amnesty İnternational” hüquq müdafiəsi təşkilatı tərəfindən vicdan məhbusu elan ediliblər. Bu, Azərbaycanın beynəlxalq imici üçün yaxşı hal deyil.
- Cavad bəy, az qala, hər həftə bir nəfər həbs olunur. İş o yerə çatıb ki, hər həbs özündən əvvəlkini adiləşdirir. Artıq heç bir hədd yoxdu. Yəni hər kəsin tutulmaq ehtimalı var. Bu nəticəsizlik ümidsizlik yaratmır ki sizdə?
- Son həbslər cəmiyyətdə tam ümidsizlik hissi yaratmağa yönəlib və bu dalğanın dayanacağını düşünmürəm. Buna baxmayaraq hətta ən dəhşətli gecədən sonra da səhər açılır. Sabaha ümidlə baxıram.
- Sizə də təzyiqlər olunurmu?
- Mənə qarşı açıq təzyiqlər hələ ki yoxdur. Lakin bunun hər an baş verəcəyini istisna etmirəm.
|